525.Az

Kişi bərbəri: “Çalışın, səbirli olun!..” - Müsahibə


 

“ÇOXLU ZƏNGLƏR OLUR, SALONUN NƏ VAXT AÇILACAĞINI, NƏ VAXT İŞƏ QAYIDACAĞIMIZI SORUŞURLAR”

Kişi bərbəri: “Çalışın, səbirli olun!..” - <b style="color:red"> Müsahibə</b>

Ölkə daxilində koronavirus infeksiyasına yoluxmasının qarşısının alınması ilə əlaqədar fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılan obyektlər sırasında bərbərxanalar və kişi salonları da var.

Uzun illərdir bərbər kimi fəaliyyət göstərən Aydın Ağayev kişi salonlarının fəaliyyətinin dayandırılmasından sonra müştərilərin ona çoxlu zənglər etdiyini bildirir:

“Bir müddədir, bərbərxanalar, kişi salonları bağlanıb. Bu, bizdən asılı deyil, hökumət tərəfindən verilən qərardır və hər birimiz bu qərarlara əməl etməliyik. Əsas özümüzü yox, insanları fikirləşirik ki, onlar təhlükəyə girməsinlər. İnşallah, tezliklə bu çətinliklər arxada qalar, biz də işimizə geri qayıdarıq”.



A.Ağayev müştərilərin yaranmış vəziyyətdən narahat olduqlarını da bildirib: “Xeyli müddətdən bəri bərbərxanalara gedə bilməmək müştərilərin özlərini narahat hiss etmələrinə səbəb olur. Bu da anlaşılandır. Mənə çoxlu zənglər olur, salonun nə vaxt açılacağını, nə vaxt işə qayıdacağımızı soruşurlar. Mən də deyirəm ki, nə vaxt rəsmi icazə verilsə, o zaman da fəaliyyətimizi davam etdirəcəyik. İnsanın gözəlliyi bir dişdir, bir də saç. Hər kəs təmiz, baxımlı olmaq istəyir. Bu şəraiti də onlara biz bərbərlər yaradırıq. Eyni zamanda, insanlar psixoloji rahatlıq almaq istəyəndə də saçlarında dəyişiklik etməyə, səliqəli olmağa çalışırlar. Adətən, gərginlik, əsəb keçirəndə bir çox insanlar salonlara üz tuturlar. Bu günlər də insanlar üçün gərgin zamandır.
Bərbərxanalar, gözəllik salonları demək olar ki, ən gec bağlanan obyektlər oldular. Əslində, bu addımın atılacağı gözlənilən idi. Virusun yayıldığı ilk vaxtlarda da insanlar artıq yavaş-yavaş azalmağa başlamışdılar, bərbərxanalarda seyrəklik hiss olunurdu, amma təmizliyindən qalmaq istəməyənlər də var idi. Bəziləri elə bilirdi, işləmirik, öncədən maraqlanıb sonra gəlirdilər”.
O, bu günlər həm öz işi, həm də müştəriləri üçün darıxdığını bildirib: “1988-ci ildən bu sənətdəyəm, daimi müştərilərim var. Onlar da darıxıblar. Bəzən müştərilər olur, zəng edir ki, heç olmasa deyin, evdə necə edə bilərəm, saçımı, üzümü qırxım. Onları da başa düşürəm. Evdə bunu az-çox bilən ata, qardaş, oğul varsa, yenə onlar birtəhər öhdəsindən gəlirlər. Amma eləsi var ki, ömründə əlinə nə saçqırxan maşın alıb, nə qayçı. Çalışıram onları başa salım, izah edim. Müştərilərə sözüm odur ki, çalışsınlar, səbirli olsunlar. Belə qalmayacaq ki. İnşallah hər şey yoluna düşəcək”.

ŞAHANƏ

 

 





07.04.2020    çap et  çap et