525.Az

“Biz bu təhlükəni çoxlarından tez duyduğumuz üçün sevinməliyik” - Sorğu


 

ŞAİRLƏRİMİZİN PANDEMİYA BARƏDƏ FİKİRLƏRİNİ VƏ KARANTİN TƏƏSSÜRATLARINI TƏQDİM EDİRİK

“Biz bu təhlükəni çoxlarından tez duyduğumuz üçün sevinməliyik” - <b style="color:red">Sorğu </b>

Karantin rejimində vaxtı səmərəli keçirmək bu gərgin günlərin yükünü üzərimizdən atmaq üçün əsas şərtlərdən biridir. Bir çox dövlət qurumları və özəl şirkətlər onlayn şəkildə çalışırlar. Bəs şairlər bu pandemiya günlərini necə dəyərləndirirlər?

Qəşəm Nəcəfzadə sualımıza cavabında bildirdi ki, karantin ona çox ağır təsir edib: “Şəhəri, dostlarımı çox sevirəm, onlardan ayrı düşmüşəm. Eşidəndə ki, metronu bağlayıblar, kövrəldim, xeyli ağladım. Metro şəhərin ayaq səsləri, marşrutlar ürək döyüntüləridir. Üz tutduğum mövzu da da elə şəhərlə bizim aramızda olan həsrət, kövrəklik, insanlığın birləşməyidir. Bu mənim ağrılı tərəfimdir”.

Ancaq şair bunu da dedi ki, dövlətin qoyduğu qaydalara, karantin rejiminə əməl etmək mütləq şərtdir: “Çünki bütün bu qərarlar bizim sağlamlığımız, təhlükəsizliyimiz üçündür. Bir növ dövlətə, xalqa əsgər kimi xidmət etməkdir. Qaldı karantində nə etməyimə, elə “525”in saytında gedən yazıları oxuyuram. Digər media orqanlarını, sosial şəbəkələri izləyirəm. Eyni zamanda, yenidən Mayakovskinin, Nazim Hikmətin şeirlərinə qayıtmışam. Yazılarımın üzərində işləyirəm. İki hekayə, xeyli şeir yazmışam”.

Q.Nəcəfzadə evdə çalışanda o qədər də məhsuldar ola bilmədiyini vurğuladı: “Gəzəndə, yorulanda, şəhəri, insanları görəndə daha rahat yazıram, nəinki evdə oturanda. Bir məsələni də deyim. Bəziləri deyirlər ki, beynim yazıyla doludu, amma yazmağa vaxtım yoxdur. İnanın, yalan söhbətdir. Bir ay da boş-bikar qalsa o adam yaza bilməyəcək. Çünki hamısı bəhanədir. Təb gəlirsə, insanın həyatındakı vaxtını özü təyin edir. Yox, təb gəlmirsə, heç nə kömək edə bilməz”.

Ağacəfər Həsənli də karantin günlərini evdə, əsasən mütaliə ilə keçirir: “Kifayət qədər kitabım da var, mütaliə üçün şərait də. İnternetdən istifadə edərək gündəlik xəbərləri də izləyirəm, hər şeydən xəbər tutmağa çalışıram. Koronavirusun yaratdığı  xofdan dolayı yaradıcılıqla ciddi məşğul olmasam da, yazıram. Müxətlif dövrlərdə bu tip hadisələr baş verib. Kütləvi tələfatlar, amansız xəstəliklər...”

A.Həsənliyə görə, biz bu təhlükəni çoxlarından tez duyduğumuz üçün sevinməliyik: “Ölkənin rəhbərliyi vaxtında lazımi addımlar atmağa başladı. Təsəvvür edin, səhiyyənin çiçəkləndiyi Avropa hazırda diz çöküb. Hadisələrə çevik reaksiya verilməsəydi, Allah göstərməsin, bizdə də indi vəziyyət qat-qat ağır olardı”.

Sayman Aruz karantini bağda, təbiətlə iç-içə keçirir, başını gül-çiçək, ağaclarla qatır: “Bu müddətdə təkcə yaradıcılığa yox, özümə, səhhətimə də vaxt ayırdım. Bir qədər dincəldim, rahatlaşdım, demək olar ki, beynimi format etdim. Bundan əlavə, bəzi bitmək üzrə olan əsərlərimin üzərində işləyirəm. “Ədəbiyyat nəzəriyyəsi”, “Praktik irfan nəzəriyyəsi” kitabları, hekayələr, eləcə də məqalələr toplusu ilə məşğulam. Yəqin ki, karantin bitəndən sonra çap etdirəcəyəm. Mənim üçün ən vacib adını çəkdiyim ilk iki kitabın ərsəyə gəlməsi idi. Onu da demək olar ki, bitirmişəm”.

S.Aruzun sözlərinə görə, Mövlananın “Məsnəvi”si və Şəms Təbrizinin “Üçüncü xətt”i stolüstü kitablarıdır: “Bu iki kitabı hər gün oxuyuram, vərəqləyirəm, hər dəfə yeni nələrsə əxz edirəm. Hamıya da mütləq oxumağı məsləhət görürəm”.

O nəzərə çatdırıb ki, bu il Xaqani Şirvaninin 900 illiyidir: “Çalışıram, ustadın yaradıcılığına yenidən qayıdım. Bir çox tanınmış alim onun əsərlərini Azərbaycan dilinə çevirib, haqqında araşdırmalar aparıb. Mən də böyük mütəfəkkirin poeziyası haqqında tədqiqat əsəri yazıram”.

Cavid QƏDİR

 





07.04.2020    çap et  çap et