525.Az

"Azadlıq" radiosu və Kauzlariçin "həqiqətlər"i nəyə xidmət edir?


 

"Azadlıq" radiosu və Kauzlariçin "həqiqətlər"i nəyə xidmət edir?<b style="color:red"></b>

"Azadlıq'' qəzeti və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kauzlariç Azərbaycana münasibətdə eyni dərəcədə qərəzli, hətta, bəzən bu açıq görünür, düşmən münasibət bəsləyirlər. Onların hər ikisi ən kiçik fürsətdə belə ehtiyacın olub-olmamasından, əllərində tutarlı arqumentin olub-olmamasından asılı olmayaraq, Azərbaycana mütləq qara yaxıb ona hücum etməkdən çəkinmir, bunu açıq şəkildə nümayiş etdirirlər.

Hər halda, son günlərdə "Azadlıq'' radiosu "Azərbaycana indi hansı tərəfdən zərbə vurmaq olar'' planı çərçivəsində gecə-gündüz götür-qoy edərək səy göstərsə də, deyəsən, ağlına bir şey gəlmirmiş. "Altılığın'' İranla məlum razılaşması isə lap göydəndüşmə olub. Tez bir dahi sual düşünüb Kauzlariçə zəng ediblər: "Siz ekstrasenssiniz, deyin görək, indi Azərbaycanın taleyi necə olacaq? Neçə gündür gözümüzə yuxu getmir. Azərbaycana aşağıdan yuxarı zərbə vurmaq üçün bir imkan yaranıb''. Amma başqa bir mənbə məlumat verir ki, Kauzlariç özü zəng edib ki, "yaman fürsətdir, mən Azərbaycan üzrə ekspertəm, bu sualı mənə ünvanlayın, cavab verim''.

Heç bir tərəfin ağlına da gəlməyib ki, bəlkə elə "DEAL'' haqqında ("Altılıq''-İran razılaşması), yəni o sıfır vəziyyətdən sıfır nəticəyə gəlmək haqda danışsınlar. Axı heç nədən bu problemi yaratmasaydılar, indi də əvvəlki vəziyyətə qayıtmazdılar. Amma "Azadlıq'' radiosu və Kauzlariç heç gözləmək də istəmirlər ki, görəsən, bu "DEAL''-in sonu necə olacaq. Çünki onlar üçün bu vacib də deyil. Əsas məsələ Azərbaycana bir zərbə vurmaqdır.

Əslində, bu, "Azadlıq'' radiosu ilə Kauzlariçin Azərbaycanla bağlı ilk "işbirliyi'' deyil. Keçmiş səfir əvvəllər də bu radioya verdiyi müsahibələrdə Azərbaycanla bağlı müxtəlif tənqidi fikirlər səsləndirib. Onun bu cür çıxışları artıq lap şizofrenik səviyyəyə çatıb. Görəsən onu hərəkətə gətirən nədir: şəxsi maraqlar, yoxsa kənardan verilən təlimatlar? Lakin maraqlıdır ki, Azərbaycan üzrə "ekspert'' rolunda çıxış edən bu şəxs özünün də dediyi kimi, "2002-ci ildən sonra Bakıda olmayıb və o vaxtdan bəri Azərbaycanda çox şey dəyişib''. Onun bütün iddiaları isə yalnız birtərəfli mənbələrə əsaslanır.

"Azadlıq'' radiosunun yuxarıda qeyd olunan sualına dahi ekstrasens özünəməxsus şəkildə cavab verib. Onun söylədiyi fikirlər arasında bir neçə məqamı qeyd etməyi zəruri hesab edirik.

Birincisi, guya "son illərdə Azərbaycan özünü inandırıb ki, ABŞ-ın Azərbaycana, Azərbaycanın ABŞ-a olduğundan daha çox ehtiyacı var''. Kauzlariçin sözlərindən belə çıxır ki, ABŞ-da heç kim heç nəyi başa düşmür. Guya ABŞ xarici siyasətinin mahiyyətindən, onun son illərdə dünyanın bir sıra ölkələri ilə münasibətlərindən, bu münasibətləri hansı əsaslar və hansı maraqlar üzərində inkişaf etdirməsindən heç kimin xəbəri yoxdur. ABŞ kimi qlobal gücün dünya geosiyasətinin onurğası hesab edilən Avrasiyadakı maraqlarının ciddi dəyişikliklərə məruz qaldığını isə yalnız Kauzlariç kimi "təqaüdçü diplomat'' iddia edə bilər. ABŞ-da hər administrasiya dəyişikliyi ilə bu ölkənin maraqlarında yalnız taktiki dəyişikliklərin baş verdiyi hər kəsə məlumdur.

İkinci fikir də bundan ibarətdir ki, guya "Vaşinqton məhz İranla hər hansı siyasi və ya hərbi münaqişədə Azərbaycanı strateji məkan kimi görür'', yəni Azərbaycanın əhəmiyyəti yalnız ABŞ-ın İranla əlaqələrinin səviyyəsi ilə ölçülür. Bunların fikrincə, Azərbaycanın strateji məkan olması guya belə bir yanaşmadan asılıdır. Sanki burada əsas amil coğrafi, geostrateji, siyasi, iqtisadi reallıqlar yox, məhz ABŞ-ın bu reallıqları necə qəbul etməsidir. Amma "Azadlıq'' radiosu və Kauzlariç elə bil fil qulağında yatıblar. Cənubi Qafqazın necə bir siyasi məkan olması haqda onilliklər ərzində deyilənlərin sanki heç bir mənası yoxmuş.

Kauzlariç iddia edir ki, "əgər iranlılar dediklərinə əməl etsələr, onda Azərbaycan Xəzər regionunda çox dramatik çətinliklərlə və Avropa və Türkiyə bazarlarına qaz çıxaracaq rəqib ixracatçı ilə üzbəüz qalacaq''. Kauzlariçə xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan öz enerji siyasətini kiminləsə rəqabət üzərində qurmur, bunu başqaları kimi geosiyasi alver predmetinə çevirmir. Avropanın qaz bazarı isə kifayət qədər böyükdür. Bu mənada Azərbaycan və İranın bu bazar uğrunda rəqabətə girəcəyini düşünmək sadəlövhlük olardı.

Kauzlariçin "vəziyyəti dramatikləşdirmək'' cəhdi daha çox siyasi şantaj alətinə bənzəyir. Belədə isə onun kimlərsə tərəfindən "danışdırıldığı'' ehtimalı ön plana çıxır. Qeyd etmək lazımdır ki, ABŞ-İran dialoqunun Azərbaycana mənfi təsir edəcəyinə dair bənzər fikirlər bir müddət əvvəl də səsləndirilmişdi. Burada ümumiyyətlə ABŞ-Azərbaycan münasibətlərinin ABŞ-İran dialoqundan asılı vəziyyətə salınması məntiqi istehza doğurur. Azərbaycan öz qonşusu olan İrana qarşı hər hansı əməliyyatlara qoşulmayacağını və öz ərazisindən belə əməliyyatlarda istifadə olunmasına icazə verməyəcəyini dəfələrlə bəyan edib.

ABŞ-la İran arasındakı ziddiyyətləri yalnız nüvə məsələsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu ziddiyyətlər 1979-cu ildən davam edir və nüvə problemi bunun yalnız bir təzahürüdür. Əslində, ABŞ-la İran arasındakı ziddiyyətlərin kökü daha dərindədir və bunun belə asanlıqla həlli inandırıcı görünmür. İndi əgər ABŞ hansısa müəyyən taktiki dəyişikliklərə gedərək, hansısa maraqlar naminə İranla münasibətlərini normallaşdırmağa çalışırsa, bunu Azərbaycana xüsusi bir qeyd-şərt kimi təqdim etməyə heç bir ehtiyac yoxdur. Kauzlariç özü də yaxşı bilir ki, ABŞ və Azərbaycanın bir-biri üçün əhəmiyyəti iki ölkənin ümumi dəyərlərinə və ortaq strateji maraqlarına əsaslanır.

Mövcud geosiyasi proseslərin inkişafı fonunda, Azərbaycanın qlobal siyasətdəki əhəmiyyəti, yeri və rolu haqda "Azadlıq'' radiosu və Kauzlariçin yeni-yeni fikirlərini gözləyək. Çünki belə fikirlər onların – Azərbaycana qarşı qərəzli münasibət bəsləyənlərin əsl simasını açıq şəkildə ortaya qoyur.

Newtimes.az

 





06.12.2013    çap et  çap et