525.Az

Musa Quliyev: “Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb”


 

 Musa Quliyev: “Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb”<b style="color:red"></b>

“Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb. İki həftəlik sərt karantin rejimi bəşəriyyətin ümumi bəlasına çevrilmiş bu pandemiyanın ölkəmizdə sabitləşməsinə və idarə olunan həddə enməsinə təminatlar yaratmaqla yanaşı, həm də bizim milli birliyimizin, xarakterimizin indikatoru kimi də əhəmiyyətli olacaqdır “.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib. O bildirib ki, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə kompleks şəkildə bütün parametrlər nəzərə alınmaqla aparılır. Prezident İlham Əliyevin  müəyyən etdiyi qabaqlayıcı tədbirlər ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısını almağa yönəlib və öz müsbət nəticələrini göstərməkdədir: “Dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus pandemiyası ilə mübarizənin effektli nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından çox asılıdır. Prezidentin tapşırığı ilə ölkəmizin bütün resursları səfərbər olunub və koronavirus epidemiyası ilə ardıcıl, sistemli, çox şaxəli mübarizə aparılır.

Sərhədlərin bağlanması, xaricdə olan 15 mindən çox vətəndaşımızın ölkəyə gətirilməsinin və karantin rejiminə keçirilməsinin təmin edilməsi, müayinə test və laboratoriya ləvazimatlarının, eləcə də müalicə vasitələrinin alınıb gətirilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, koronavirus infeksiyasının mənfi təsirlərinin azaldılması məqsədi ilə dövlət büdcəsindən başlanğıc olaraq 1 milyard manat vəsaitin Hökumətə ayrılması , iki həftəlik sərt karantin rejiminə keçilməsi və s. kimi tədbirlər Azərbaycan dövlətinin bu ümumbəşəri bəla ilə mübarizədə nə qədər güclü və əzmkar olmasının, dövlət başçısının siyasi müdrikliyinin və qətiyyətinin göstəricisidir”.

O qeyd edib ki, koronavirus dövlət sərhədlərini tanımır, sosial sədləri tanımır, alim-nadan, varlı-kasıb, qoca-cavan tanımır: “Bu bəladan heç kəs sığortalamayıb. Bu bəladan hamımız birlikdə qoruna bilərik, bir- birimizi qorumqla.

Sosial təcrid tədbirlərinə ciddi əməl etməklə! Hamımız anlamalıyıq və bir- birimizi anlatmalıyıq ki karantin qaydalarını pozmaqla təkcə özümüzü və yaxınlarımızı xəstələnmək riski ilə üz-üzə qoymuruq, həm də cəmiyyətə qarşı sayğısızlıq göstərir, onun dəyərlərinə qəsd etmiş oluruq!

Xalqın mədəniyyəti və xarakteri ekstremal vəziyyətlərdə özünü daha qabarıq şəkildə büruzə verir. Mədəniyyətin ən mühüm göstəricilərindən biri də intizamlı olmaq və özünü təşkil etmək keyfiyyətidir. Xalqımızın bir məqsəd naminə səfərbər olunması keyfiyyəti olduqca yüksəkdir və biz bunun dəfələrlə şahidi olmuşuq. Böyük təhlükələri böyük mütəşəkillklə, böyük birliklə, böyük intizamla önləmək mümkündür.

Çəkicimizi bir zindan vurmaq zamanıdır. Biz birlikdə güclüyük”.

S.QARAYEVA

 





08.04.2020    çap et  çap et