525.Az

Professor Qəzənfər Paşayev: “Bu günlərdə yeni kitab üzərində işləyirəm” - Açıqlama


 

Professor Qəzənfər Paşayev: “Bu günlərdə yeni kitab üzərində işləyirəm” - <b style="color:red">Açıqlama </b>

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevlə əlaqə saxlayıb pandemiya zamanında karantin günlərini necə keçirtdiyi ilə maraqlandıq. Hər zamanki kimi gümrah, həyat dolu olan professor bu günlərdə də ciddi yaradıcılıqla məşğul olduğunu dedi:

“Bağda həyat yoldaşımla birgə oturmuşuq, gləndən, keçəndən söhbət edirik. Görünür, 50 il, yoldaşımın dili ilə desəm, yarım əsr birlikdə olmaq bəs eləməyib bizə (gülürük).

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu üç cildlik “Qəbələnin tarixi”, “Qəbələnin etnoqrafiyası”, “Qəbələ folkloru” adlı kitab çap edib. Təəsüf ki, kitabların təqdimatında iştirak edə biməmişdim.

SEBA Assosiasiyasının sədri xanım Ruhəngiz Heydərova bu kitabların həm ideya müəllifi, həm təşkilatçısı, həm də maddi-mənəvi dəstəkçisidir. Kitablar haqqında çıxış edə bilmədim, ona görə də dedim ki, məqalə yazacağam. İndi fürsət düşüb, oxuyuram və oxuduqca görürəm ki, bir dəryadır. Təkcə məqaləylə kifayətlənmək olmur, böyük bir kitaba çevrilir. Hazırda həmin kitab üzərində işləyirəm. “Qəbələ tarixi”ni və “Qəbələ etnoqrafiyası”nı qurtarmışam, bircə sonuncu cild folklor qalıb. Folklor da mənimçün ən rahat “meydandır”. Mən əsasən folklorçu olmuşam. Ona görə də bunu işləmək mənə çox rahatdır.

Birinci kitab olan “Qəbələ tarixi” haqqında “Bənzərsiz yer haqqında abidə bir əsər” deyə bəhs edirəm.
Bir dənə də günümüzün aktual mövzusu haqqında zarafatyana hekayə yazmışam, “Telefon dəstəyi və koronavirus” adında. Bu günlərdə zəng eləməyən bəzi yoldaşlara sataşıram ki, deyəsən, bunlar elə zənn edir telefon dəstəyindən də koronavirus keçir, ona görə də zəng eləmirlər (gülürük). İnşallah, çap üçün sizin “525-ci qəzet”ə verəcəyəm.

Hələlik bunlara can qoyuram. Yoldaşım da deyir ki, böyük bir həyat yolu keçmisən, xatirələrini yaz. Həqiqətən də geriyə baxıram, görürəm 50-dən çox kitabım var və fikirləşirəm ki, İlahi, mən bunları necə yazmışam, necə eləmişəm. Mən ingilis və Azərbaycan dilləri və ədəbiyyatı fakültəsini bitirmişəm. Həm də ingilis dili üzrə mütəxəssisəm. Otuz ilə yaxın institutuda işlədim, onun iyirmi ilə yaxınını kafedra müdiri kimi. İngilis dilində də kitablarım var. Beləcə, mənim yaradıcılığım məndən asılı olmadan çoxşaxəli oldu. Görünür, bu, taledən gələn qismətdir. Nə qədər ömrümüz var, yenə də yazmağa, yaratmağa davam edirik. İnşallah, bu pis günlər tezliklə arxada qalsın, biz də normal həyatımıza geri dönək. Hər kəsə səbr və güc-qüvvət arzu edirəm”.


Şahanə MÜŞFİQ

 





08.04.2020    çap et  çap et