525.Az

Tanıyaq və tanıdaq: Şərifə Cəfəri


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Şərifə Cəfəri </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
 
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Şərifə CƏFƏRİ

1977-ci ildə Miyana şəhərində anadan olub. Orta məktəbi Miyanada bitirib. Zəncan Universitetinin Ədəbiyyat fakultəsində ali təhsil alıb.

Tələbəlik illərində şeirləri qəzet və dərgilərdə yayımlanıb, müxtəlif şeir axşamlarına və şeir toplantılarına qatılıb, həftəlik poeziya məclislərinin yönəticisi, oyrənci yataqxanalarının mədəni işlər üzrə məsulu olub.

2004-cü ildə İran İrşad İdarəsinin iznilə “Pinar” yayınevini açıb. Lakin pantürkistlikdə və kommunistlikdə ittiham olunaraq rəsmi basqılara məruz qaldığından millət üçün faydalı olan bu işini davam etdirə bilməyib.
Zindanların küncünə atılmadan, necə olursa-olsun, İrandan çıxıb Türkiyəyə getmək qərarına gəlib... Öncə İstanbulda, daha sonra isə Almaniyada məskunlaşıb. Hazırda ədəbi və siyasi çalışmalarını Almaniyada davam etdirir. 

“Mən atamın qızıyam” və “Gizli məhəbbətim” topluları Azərbaycan türkcəsində,  “Delem pervaz mixahed” fars dilində yayımlanıb.
 
Düşdüm yola

Düşdüm yola
Yaz sabahı
Sevinirdim uşaq kimi
Çırpınırdı vurğun ürək
Könlündəki arzularım
Güllərilə gülüşümdə
Döngə-buruq küçələri
Tikanlı dərələri
Soruşurdum sənə çatam
Yorğun çağı yetişəndə
Şaxtalı qış
Bürümüşdü küçələri
Güldən bir iz qalmamışdı.
Amma sənə ürəyimdə
Bir qızıl gül becərmişdim
Pəncərənin qırağına
Yetişərkən gülüm soldu.
Şüşələrin üzərini
Gül naxışlı qırov basıb
Qurutmuşdu şaxta məni
Əlim əsir, dırnaqlarım titrəyirdi
Qırovları qazanmadım
Bircə baxış səni görüm.

Məhəbbət yeli

Yenə közləndi ocağım
Yenə də qəmli yel əsmək fikrində
Boğulur tüstüdən ancaq
Yana bilmir
Çalışır azca dayansın
Bəlkə yorğunluğun alsın.
Süngülər sinəni dəlməkdədir amma...
Bu məhəbbət yolunun yolçusuyam mən
Qoymaram qəlbimi sinəsin
Hər zaman vaxlı-bivaxt əssə də, əssin
Böylə qurban olum mən
Anamın qasididir bu
Ürəyim yaz, buludun da betərdi
Yağsa, gözdən axacaq sel
Gözümün dadına gəlsə
Qurtular gözdə dumandan
Elə bil yandı ocağım
Göz kasasında su qaynar
Qoy tökülsün üzümün arxına getsin
Su ürək bağına yetsin
Bağda minlər ağacım var
Bilirsən hansı ağaclar
Bu həmən xatirələrdir
Ki, anamla mən əkərdik.

***

Könlümün hər yeri ağrayır sənsiz.
Sənzislik ən çətin işgəncə imiş.
Yanında qədrini bilirdim, amma
Ayrılıq anlatdı vusal nə imiş.
Sürür dadsız-dadsız gündüzüm, gecəm.
Özüm ayrılığa qərar vermişəm.
Gəlmişəm özümə min yol anladam:
Mən səni nə üçün, nədən sevmişəm?
Mən aldım göylərin qatını bir-bir,
Çayları, çölləri, dağları aşdım.
Tanrının əllərin aldım əlimə,
Doyunca qoxladım, doyunca içdim.
Tərtəmiz aynasan, yaşam aynası,
Sənin gözlərində özümə baxdım.
Mən səni tapanda itirdin məni,
Məndəki dərdlərin peşin buraxdım.
Səndən ayrı qalmaq çox çətin, çox zor,
Sanki dəryasından ayrılır balıq.
Sənin həsrətin də vətən həsrəti
Ölsəm də ölmüşəm, canına sağlıq.

***

Dərdə alışqandı mənim ürəyim,
Mənim ürəyimin yazısı budur,
Gerçək bir yalandır mənim ürəyım.

Ən yanğın çağımda yetişdim sənə,
İnandım dünyanın kədəri bitdi.
İçdikcə susuzdum, içdikcə yandım,
Sən getdin, həyatın nədəni getdi.

Kimsənin qoynunda rahatlayırsan,
Rahatla, kimsəni sevirsən də sev.
Daha dözənmirəm, nə yalan deyim,
Məni sankı yeyir bu otaq, bu ev.

Gedibsən, hər şeyi unut, məni də!
Nə özünü incit, nə mən inciyim.
Yanğınlıq mənimdir, yalnızlıq mənim,
Bu mənim yazımdır, nədən inciyim?!

Sarıl mənə

Üzündəki mehribanlıq mənə elə xoş gəlir ki,
ürəyinə sahıb olmaq istəyirəm.
Ulduzların toy gecəsi, ay doğulan bir gecədə…
unudarkən dünyaları, sənlə qalmaq istəyirəm…
Gözlərinin dənizində çimib-çimib,
sonra yorqun durna kimi
qanad salıb sinən üstə nəfəs almaq istəyirəm...
Çin duvarı boydasın nə çəkirsən aramızda,
Kəskin qıınc əllərində kəsirsələr yolumuzu,
Desələr ki, ulduzumsan, neynim ağrır ürəyim də...
Yalnız sənə mən inanmaq istəyirəm...
Vazkeçilməz bir arzusan, əllərinlə can isinir...
...Sən də yorğun, mən də yorğun,
sarıl mənə, sarıl mənə doya-doya...
Darıxmışam, sənin olmaq istəyirəm...
Sənin olmaq istəyirəm...

Adım dəniz

Adım dəniz, amma özüm yanğınam,
Quruyubdur yağmır gözüm, yanğınam.
Ay hərəni bir dil ilə dindirən -
Ürəyimi dəlir sözüm, yanğınam.

Şeir qızı

Nə toy tuta bildik, nə yas saxladıq.
Alışa-alışa kِönül dağladıq
Şənlik diləyincə, qüssə haxladıq
Susduq içimizdə, ay şeir qızı.

Ustakar əlində, mahir əlində,
Sihirkar, füsünkar şair əlində,
Günahsiz quş kimi kafir əlində,
Qaldı ِölümüz də, ay şeir qızı...

Yanında titrədik, çıxarımız tək,
Tapıldıq əlində damarımız tək,
Bir anda əzilmiş vüqarımız tək,
Kِöçdü dinimizdə, ay şeir qızı...

Behiştə də çatdıq, cəhənnəmə də,
Aləmi qənimət sanan dəmə də,
Keyfə də baş əydik, dərdə, qəmə də,
Susdu dilimiz də, ay şeir qızı...

Bu kişi - dağdır

Bu kişi  - dağdır,
dayaqdır.
İnqilabdır bu kişi.
Milli marşımızdır,
istiqlaldır,
Bu kişi - qalandır,
qalanlardandır.
Bu kişi - bir böyük Azərbaycandır.

 





08.04.2020    çap et  çap et