525.Az

Limon saflığında misilsiz bir səs - Mina Rəşid yazır


 

ŞƏHİD XANƏNDƏ ŞAHMALI KÜRDOĞLUNUN ƏZİZ XATİRƏSİNƏ

Limon saflığında misilsiz bir səs - <b style="color:red">Mina Rəşid yazır </b>

Müharibə hələ başlamamışdı, onda mən uşaq idim. Bizim həyətimizlə üzbəüz qonşumuz kənddə başqalarından fərqlənirdi: Şahmalı əminin gözəl səsi vardı. Hərdən onun şirin avazı gələrdi. Uşaq olsam da, bu səsi qəlbimdə hiss edərdim... Sonra başa düşdüm ki, o, tanınmış, çox sevilən bir xanəndədi.

Şahmalı günbəzlərlə bəzədilmiş daş hasarı və limon bağı ilə də kəndçilərindən fərqlənirdi. Axı kim həyətində onun kimi gözəl bağ sala bilərdi? Bu bağda öz əli ilə becərdiyi nar, armud, fyexoa, zəfəran və daha nə naz-nemətlər vardı... Həyətinin bizimlə üzbəüz olan darvazasından başqa evinə yaxın başqa bir qapısı da vardı... Şahmalı Kürdoğlu yaşı əllini çoxdan keçmiş, saçları ağappaq olsa da, uca boyu, işıqlı siması ilə diqqət çəkən, yaraşıqlı bir kişiydi... Anama həmişə “Xurma bacı” deyərdi, adı Durna olsa da... Atam onun xətrini çox istəyərdi. Qardaşımın toyuna gələndə becərdiyi limondan da gətirmişdi. Onun limonları da səsi kimi başqa daddaydı... Gənc, gözəl xanımı və Şahiməli adında balaca oğlu da yaxşı yadımdadı... Amma onun əvvəlki ailəsində iki oğlu və bir qızı olduğunu da eşitmişdik...

İllər ötdü, hələ dərk edə bilmədiyim müharibə başladı. Deyirdilər, ermənilər illərlə üzərində çalışdıqları çirkin planlarını həyata keçirməyə başlayıblar. Nankor, amansız ermənilər dinc əhalimizə hücum çəkir, günahsız qanlar, qırğınlar edirdilər. Bilməzdim ki, bu soysuzlar bir gün ata-anamı əlimdən alıb, yurdumuzu talayacaq və mən ömrüm boyu qanımı mürəkkəbə çevirib belə nisgilli xatirələrin şəklini çəkəcəyəm...

Artıq Ağdam şəhəri, onun yaxın kəndlərindən olan Qiyaslı da müharibənin gerçəklərini yaşayırdı. 1992-ci ilin yazında Ağdam şəhərinə atılan mərmilərdən atam şəhid oldu... Həmin ilin payızında isə qonşumuz, o səsi limonlu, unudulmaz xanəndə Şahmalı Kürdoğlu balaca oğlu ilə öz bağında şəhid edildi...

Deyirlər, uşağın yadından söz çıxmaz. Həmin gün indiki kimi yadımdadı. Onda mərmi səsinə, ölüm-itim xəbərinə çoxdan öyrənmişdik. Amma o günkü mərminin uğultusu hələ də yaddaşımı silkələyir. İndi bu sətirləri yazarkən həmin uğultudan yenə həyəcan keçirir, olanları ürək ağrısı ilə xatırlayıram. O gün dəhşətli bir səs eşitdik, səs o qədər yaxın və o qədər vahiməliydi ki, tez qaçıb evimizin zirzəmisinə doluşduq. Aradan bir az keçdi, uşaq sadəlövhlüyü ilə darvazanı açıb küçəyə çıxdım. Elə sol tərəfə baxınca Şahmalı kişinin həyat yoldaşının qucağında al-qanına bulaşmış balası qışqıra-qışqıra özünü küçəyə atdığını gördüm... Onda mən dünyanın bütün rənglərini unutdum. Dünya qan rənginə dönmüşdü... Elə sarsılmışdım ki, donub qalmışdım... Sonra nələr oldu, bir də baxmağa cəsarətim çatmadı. Axı nə yaşım vardı ki... O gün başqa kənddə gecələdik. Səhər açılan kimi evimizə qayıtdıq. Kənd camaatı xanəndənin faciəli ölümündən sarsılmış, ağacları, gülləri, limonları güllələnmiş o dillər əzbəri olan həyətə toplanmışdılar. Beləcə, xanəndə böyük el məhəbbəti ilə son mənzilə yola salınaraq, Qiyaslı qəbiristanlığında dəfn edildi...

1993-cü il iyulun 23-də Ağdam şəhəri ilə birgə bizim kəndimiz də işğal edildi. Elə o işğal günündə, lap düşmən kəndimizə yaxınlaşanda anam, balaca bacımla mən evimizdən ayrıldıq. Anamın üzünüdən az qala düşmənə əsir düşəcəkdik. Onu evindən, yurdundan qoparmaq olmurdu... Sonra da Bərdənin Kətəlparaq deyilən kəndində neçə ev dəyişəndən sonra, minnətsiz olsun deyə, dəmir vaqonlardan birində yerləşdik. Neyləsək də, anamı Bakıya, yataqxanaya apara bilmədik. Deyirdi ki, mən buradan kəndin havasını alıram, üstəlik, iki oğlu da müharibədə idi... Bir neçə ildən sonra anam o dözülməz dəmir vaqonda ağır xəstəliyə düşərək dünyasını dəyişdi...

Sonra taleyin hökmü ilə Bakıya gəlib çıxdım. Yaddaşım isə bəzən səssiz, bəzən də tufan qopararaq öz yerində qalırdı... Odur ki, gözlərimlə görüb uşaq yaddaşımda saxladıqlarımdan əlavə, qonşumuz, o istedadlı xanəndə Şahmalı Kürdoğlunun ömürlüyü ilə daha geniş tanış olmağa başladım. Öyrəndim ki, şirin avazını qonşudan dinlədiyim Ş.Kürdoğlu bir vaxtlar səsi ilə Filarmoniyanı lərzəyə gətirmiş, Opera və Balet teatrında xüsusi tamaşaçıları olan, ürəyə yatan, coşğun səsiylə yanaşı, savadı, dünyagörüşü ilə də olduğu məclislərin yaraşığı imiş... O, böyük Füzulinin aşiqi kimi onun qəzəllərini ürəkdən, ayrı bir şövqlə oxuyarmış. Xanəndə, musiqişünas alim Vəli Məmmədovla görüşüb, Ş.Kürdoğlu ilə bağlı mətbuatda yazılar da yazdım. Vəli müəllim deyirdi ki, onun səsində Xan əminin səsinin çalarları var. Səsindən Qarabağ nəfəsi duyulurdu... Ş. Kürdoğlu musiqi ilə yanaşı, ədəbiyyatı, rəssamlığı gözəl bilir, hüquq təhsili almışdı. Əgər istəsəydi doğma Bakıda yaşayar və sənəti ilə daha uca zirvələri fəth edərdi... Ona dəfələrlə demişdilər ki, evini, Qiyaslını bu müharibə şəraitində tərk eləsin. Amma doğulduğu ocaq, Qarabağ onu elə ağuşuna almışdı ki, özünü unutmuşdu...

O gün də, nar ağacının yanında sanki ölümünü gözləyirmiş... Deyirlər, xanəndə qan qırmızı, cənnət meyvəsi narın rənginə bürünüb o dünyaya köç edərkən qonşudan onun gözəl avazı gəlirmiş... 

Fəsillər ötüşüb keçdikcə zaman,
Vaxt olur həyatda dəyişir insan.
Mən səni unudan deyiləm, inan,
Sən də, ey gözəl yar, xatırla məni...
Sən də ey gözəl yurd, xatırla məni!

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





09.04.2020    çap et  çap et