525.Az

“Qrant haqqında” qanuna dəyişikliklər müzakirələrə səbəb oldu


 

“Qrant haqqında” qanuna dəyişikliklər müzakirələrə səbəb oldu<b style="color:red"></b>

 Parlamentin İqtisadi siyasət komitəsinin dekabrın 6-da keçirilən iclasında «Qrant haqqında» qanuna dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.

Qeyd edək ki,  qanunun preambulasına təklif olunan dəyişikliyə əsasən, artıq bu qanun Azərbaycanda qrantların (o cümlədən, subqrantlar, qranta əlavə, habelə qanunun 1-ci maddəsində göstərilmiş yardımlaq (ianələr istisna olmaqla) verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyəcək.


Digər dəyişiklikdə göstərilir ki, Azərbaycanın hüquqi və fiziki şəxsləri, habelə Azərbaycanın hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün donorlar tərəfindən təqdim olunur.

 

Azərbaycanın resipiyentlərinin aldığı qrantlar haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün həmin resipiyentlər tərəfindən təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim edilir.


Həmçinin, qrant müqaviləsinin (qərarlarının) qeydiyyatı ilə bağlı göstərilmiş tələblər müqavilə üzrə əlavə müqavilələrin, habelə müqavilələrin müddəti, məqsədi, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.


Qanuna edilən əsas dəyişikliklərdən biri isə, qeydə alınmayan qrantların verilməsi və ya alınması haqqında müqavilələr üzrə bank və hər hansı digər əməliyyatlar aparıla bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, KİV-də ümumiləşdirilmiş məlumat verməlidir.

 Sözügedən komitənin üzvü Vahid Əhmədov bildirib ki, bu sənədlə bağlı fikirlər cəmiyyətdə birmənalı qarşılanmaya bilər:

 “Ona görə də düzgün şəkildə izah olunmalıdır. Bu qanunun qəbulu ciddi məsələdir. Bu, Azərbaycan üçün əhəmiyyətli məsələdir”.

Millət vəkili Əli Məsimli isə bildirib ki, “Qrant haqqında” qanun çox həssas qanundur:

 “Burada beynəlxalq amil də olduğuna görə nəzərə alınmalıdır ki, izah səhv başa düşülməsin”.

Müzakirələrdən  sonra qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.


K.Həmzəoğlu

 





06.12.2013    çap et  çap et