525.Az

“Mən sazı, aşıqlığı yox, saz, aşıqlıq məni seçib” - İlham Aslanbəyli ilə müsahibə


 

“AŞIQ NƏ QƏDƏR ELLƏ, CAMAATLA BİR OLSA, O QƏDƏR YAXŞIDIR”

“Mən sazı, aşıqlığı yox, saz, aşıqlıq məni seçib” - <b style="color:red">İlham Aslanbəyli ilə müsahibə </b>

Müsahibimiz tanınmış aşıq İlham Aslanbəylidir. Aşıq İlhamla müxtəlif mövzulardan – karantin günlərindən, sazdan, sözdən, xalq musiqisindən danışdıq.

- İlham bəy, pandemiya, karantin dövrü, “evdə qal” çağırışı yaradıcılığınıza, mütaliənizə necə təsir edib?

- Dövlətimizin rəhbərliyinin verdiyi qərarlar hər bir nümunəvi vətəndaş kimi, mənim üçün də müzakirəsiz əməl ediləmli qaydalardır. Ona görə də bugünlər maksimum evdə olmağa çalışıram. Bir məsələ də var ki, biz ozanıq. Baxırıq ki, Ay yerində, Günəş yerində, gecə-gündüz yerində, fəsillər yerində... Elə bu da kifayətdir ki, hər şeyin yaxşı olacağına, işıqlı sabaha inanaq. Biz ruh adamlarına qorxu yaddır. Millətimizin, xalqımızın yanında olmaq, dərdinə şərik çıxmaq işimizin bir hissəsidir. Arzum odur ki, hamımız bu çətin günlərdən salamat çıxaq. Övladlarımız, nəvələrimiz, əzizlərimizin halı kefi yaxşı olsun. Gecə-gündüz etdiyimiz dua da budur ki, bu sınaqdan alnıaçıq, üzüağ çıxaq. İnşallah, hər şey yaxşı olacaq. Azərbaycan, türk dünyası bu imtahandan da uğurla keçəcək.

Əlbəttə, mütaliə də edirəm, araşdırmalar da aparıram. Sosial şəbəkələrə vaxt da ayırıram. İstedad yetərli deyil, oxumaq, öyrənmək, inkişaf etdmək lazımdır. Yoxsa elə yerində sayacaqsan. Bir vacib məqam da budur ki, kimdənsə nəsə öyrənmisənsə, gərək qədrini biləsən, ona xor baxmaq olmaz. Aşıq sənətində ustad və şagird münasibətləri çox vacibdir.

- Yeri gəlmişkən, tələbələrinizdən ustadına xor baxan olub?

- Hamısı gəncdir. Ona görə də bəzi məsələlərə göz yumuram. Çünki hələ cavandırlar. Özlərini sübut etməyə, “mən də varam” deməyə can atdıqları dövrdür. Hamımızın gəncliyində belə şeylər yaşanıb. Ona görə də belə nüanslara fikir vermirəm. Amma kamilləşəndən, yetişəndən sonra xor baxan olsa, o başqa.

- Bir halda ki, söhbət tələbələrdən düşdü... Sazına-sözünə ən çox güvəndiyiniz tələbələriniz kimlərdir?

- Əvvəlcədən demək olmaz ki, filankəs böyük sənətkar olacaq. Çünki ola bilsin, gözəl istedada malikdir, amma iradəsi zəifdir. Sona qədər getməyə gücü çatmaya bilər. Bu, Allahın yazdığı qismətdir. Bizim kənddə elə aşıqlar vardı ki... Hamısı məndən də istedadlı, güclüydülər. Amma heç biri axıra qədər davam etdirmədi bu sənəti. İradələri çatmadı, həyatın şərtləri başqa oldu və s. Mən isə şəhərə gəldim. Çalışdım ki, arzumun, məqsədimin üzərində möhkəm dayanım...

Qaldı tələbələrə, Mehdi var - barmaqları qızıldır, Murad var - istedadlı oğlandır, Ruslan da həmçinin. Nabat xanım var, atası da aşıqdır, özü də. Özü də atasını yox, məni ustad hesab edir (gülür). Çoxdur, hamısının adını çəksəm, xeyli vaxt gedər.

- “Aşıq gördüyünü çağırar” deyimi var. Sizcə, bu karantin günləri, pandemiya aşıq yaradıcılığında nə dərəcədə ifadə olunacaq?

- Pandemiya gözə görünmür, axı (gülürük).

- Onda aşıq hiss etdiyini də çağırmalıdır (yenə gülürük)...

- Allah bizə bu pandemiyanı hiss etdirməsin. Amma əlbəttə, yəqin ki, aşıq yaradıcılığına da yansıyacaq.

- Əvvəllər aşıqlar xüsusi geyimlərlə ortaya çıxardılar. İndi müasir geyimlərə üstünlük verirlər. Bununla bağlı narazılıq yaşanıbmı, qarşılaşmısınızmı belə vəziyyətlə?

- Aşıq nə qədər ellə, camaatla bir olsa, o qədər yaxşıdır. Bax, məsələn, Aşıq Ələsgər dövründə ozanlar arxalıq, çuxa geyirdilər, qurşaq bağlayırdılar. Yəni dövrə uyğun davranırdılar. Sovet dövründə isə hərbçi geyiminə bənzər paltar, qalife şalvar geyinirdilər. Daha doğrusu, o cür geyindirirdilər. Çünki kökündən uzaq salmağa çalışırdılar xalqı. Amma aşıqlar o geyimdə olsalar da, buxara papaqdan əl çəkmədilər. Etiraz edənlər, qarşı çıxanlar da vardı. Biri elə Mikayıl Azaflı, onu heç vaxt qalife şalvarda görməmişəm. Bəlkə də geyinib, amma o qədər cüzi sayda olub ki, xatırlanmır. İndi müstəqillik dövründə yenə xalqın içinə qayıdır aşıq sənətinin nümayəndləri. Hamı kimi geyinir, hamı kimi davranırıq.

Qaldı etirazlara, əlbəttə, etiraz edənlər olub. Amma kütlənin istəyi qanun ola bilməz. Çoxluğun istəyi həmişə doğru olmur. Eləsi də var ki, irad kimi bildirib. Söhbətləşmişik, izah etmişəm, məsələ nə yerdədir. Ondan sonra mənə haqq qazandırıb. Bəzən də olur ki, heç nə təsir etmir. Nə qədər desən də, izah da etsən, tutduğunu buraxmır. Beləsinə nə başa salasan?! Demişəm ki, yaxşı, gələn dəfə nəzərə alaram (gülür).

- Qadın aşıqlara münasibətiniz necədir?

- Əla. Ümumiyyətlə, bütün türk xalqlarında qadınla kişi tarixən bərabər tutulub. Qadın mətbəxə, evə aid edilməyib heç vaxt. Kişilərlə qoşa at çapıb, ox atıb, qılınc çalıblar. İndi də XXI əsrdə yaşayırıq. Kiməsə hansısa qadağanı qoya bilməzsən. Qadın aşıqlarla münasibətim də əladır, hamısı ilə də dostam.

- Bəzi aşıqlar estrada musiqisi, ya da muğamlarla sintezlər edirlər. Bu sintezlərə necə baxırsınız?

- Bəzən muğam yarışmalarında münsiflər heyətində aşıq da olurdu, yaxud aşığın konsertinə xanəndə dəvət olunurdu. Belə bir müqayisə aparaq. Kabab da gözəl yeməkdir, pörtləmə də. Gör kababı pörtləmənin içinə atsan, eyni ləzzəti verəcək (gülür)? Muğamın da, sazın da öz yeri, öz gözəlliyi var, amma ayrı-ayrılıqda. Qarışdırmaq olmaz. Aşıq konsert verir. Ora gələnlər də hamısı saza köklənir. Bir də baxırlar ki, səhnədəki muğam oxuyur. Mümkün deyil ki, insan ruhu, insan intusiyası bunu qəbul etsin. Əks vəziyyət də eynən bu cür... Üstəlik, bu iki sənət çox fərqlidir. Məni siz aşıq kimi tanıyırsınız. Amma gəlin idman zalına, ordakıların hər özündən deyəni bu yaşımda – 55 yaşım var – mənimlə yarışa girə bilmirlər. Bu, muğam sənətində elə deyil. Oturum, oxuyum, vəssalam. Bircə İlkin Əhmədov elə deyil.

Sonda bunu da deyim ki, mən ruha, enerjiyə, taleyə inanan adamam. İnanıram ki, mən sazı, aşıqlığı yox, saz, aşıqlıq məni seçib.

Cavid QƏDİR

 





09.04.2020    çap et  çap et