525.Az

Milli teleməkanda səviyyə və auditoriya problemi


 

Milli teleməkanda səviyyə və auditoriya problemi<b style="color:red"></b>

Televiziyanın ictimai fikrə birbaşa təsir göstərməsi, təkcə ayrı-ayrı fərdlərin deyil, ümumən cəmiyyətin dünyagörüşünün formalaşmasında müstəsna rol oynaması günümüzün şəksiz gerçəkliyidir.  Auditoriyasına təsir müstəvisində elə ilk vaxtlardan əldə etdiyi statusu indiyə qədər qoruyan televiziyanı hətta son onilliyin ən aktiv fenomeni  sayılan  internet də hələlik üstələyə bilməyib.  Əksinə, təsir dairəsinin durmadan genişləndirən, dövrün tələbinə uyğun yeni-yeni imkanlar qazanmaqda olan televiziya bu sahədə bəlli mövqeyini də get-gedə möhkəmləndirməkdədir.  Bu baxımdan, Əməkdar jurnalist Xalid Niyazovun ifadələrilə desək, “televiziyanın indi sırf professional öhdəliklərə uyğun şəkildə çeşidli xəbər daşımaqla, maarifləndirən kütləvi informasiya vasitəsi olmaqla kifayətlənməməsi” də artıq təbii qarşılanır.  Eləcə də televiziyanın toplumun mənəvi səhhətinin, mənəvi ekologiyasının məsuliyyətini bölüşməsi barədə mütəxəssis qənaəti tamamilə yerində səslənir. Çünki “informasiyanın strateji məhsula çevrildiyi müasir cəmiyyətdə orta statistik tamaşaçı, sövq-təbii şəkildə, televiziya ekranında gördüyünün total psixoloji təsirinə düşür, özünü “efir qəhrəmanı” ilə bütövləşdirir, hərəkət və dünyaduyumunu ona uyğunlaşdırır. Heç şübhəsiz, münasibətlərin belə bir düzülüşündə televiziyadan umulanların ictimai çəkisi qat-qat artır”. Bütün bunlar da, öz növbəsində, “televiziyanın bütövlükdə cəmiyyət qarşısındakı sosial məsuliyyətini, müasir tamaşaçının dünyagörüşünün, əxlaqi və estetik dəyərlər sisteminin biçimlənməsindəki rolunu artırır”. Üstəlik, ekspert Həyat Şamıyevanın doğru qənaətinə əsasən, “televiziya, sadəcə, müəyyən yayım funksiyalarını həyata keçirən kütləvi informasiya vasitəsi deyil: o, həm də düşünən, düşündürən, öz fəaliyyətini bəlli bir istiqamətdə quran, bu istiqamətin ideya müəllifi, daşıyıcısı, icraçısı və səlahiyyətlisi olan bir qurumdur”.

Sözsüz ki, sadalanan xüsusiyyətlər onilliklər ərzində formalaşmış təcrübə və ənənələri əks etdirməklə yanaşı, hər halda, daha çox nəzəri səciyyəlidir. Təcrübədə isə televiziyanın sözügedən missiyanı, qeyd olunan funksiyaları doğrultması heç də asan başa gəlmir. Həyata keçirilən işlər ya istənilən nəticəni vermir, ya da çox aşağı effekt üzündən kölgədə qalır.  Məhz bu məqamda, televiziyanın, televiziyaçıların qarşısına çox ciddi, qaçılmaz bir problem – səviyyə və auditoriya arasındakı tarazlıq problemi  çıxır. İş o yerə çatıb ki, televiziyanın başı üzərindən “Domokl qılıncı” kimi, hətta ondan da amansız tərzdə asılan bu problem artıq onun “ölüm-qalım” məsələsinə çevrilib. Məlumdur ki, televiziyanın ümdə məqsədlərinə çatması, yəni yuxarıda xeyli dərəcədə toxunulan funksiyalarını yerinə yetirə bilməsi üçün müəyyən bir auditoriyaya – tamaşaçı kontingentinə malik olması ilkin şərtdir. Tamaşaçı auditoriyası televiziya üçün təkcə ünvan deyil, eyni zamanda, bir qədər qəribə də səslənsə, hədəfdir. Başqa sözlə, televiziya ilə tamaşaçı auditoriyası arasında istehsalçı-istehlakçı münasibəti həlledicidir. Deməli, təbii olaraq, televiziyanın özünə auditoriya qazanmaq, tamaşaçı toplamaq, sonra da onu qoruyub saxlamaq, mümkün qədər genişləndirmək, artırmaq kimi taleyüklü qayğısı var. Səviyyə və baxımlılığın ya toqquşaraq, ya da düyünlənərək problemə çevrildiyi nöqtə də elə budur.

Mədəniyyətin digər sahələrində də bu və ya digər şəkildə özünü göstərən bu problem, televiziyada daha hökmlü, daha təsirli görünür. Çünki o biri sahələrdən fərqli olaraq, burada işin özü “göstərmə”, “görünmə” ilə bilavasitə bağlıdır . Başqa sözlə, “televiziyada inkişaf, yayım siyasətindəki tendensiyalar, efir məhsulunun keyfiyyəti, səviyyəsi daim göz önündədir”. Səviyyə ilə tamaşaçı kütləsi arasındakı münasibətdə tarazlığın pozulması, gah birinin, gah da o birinin xeyrinə güzəştə gedilməsi öz əlamətlərini də, nəticələrini də dərhal büruzə verir. Daha çox baxılma, dolayısı ilə, auditoriya dərdinə qalanda səviyyədən kəsməmək, məzmun-ideya planında güzəştə getməmək hardasa mümkünsüzdür. Səviyyəni prioritetə çevirdikdə isə hər dəqiqə tamaşaçı kütləsinin azalması riski var. Mədəniyyətin, mədəni düşüncənin tarixi qədər qədim olan “elitarlıq, yoxsa kütləvilik” dilemması burada bəlkə heç bir sahədə olmadığı qədər aktual görünür.  Çox qəribə, olduqca da təzadlı məqamdır, bəlkə televiziyaçılıq kimi olduqca maraqlı, əyləncəli  işi əməlli-başlı sıxıntıya, az qala dözülməz əziyyətə çevirən yeganə cəhət də elə budur. Vəziyyətdən çıxış yolu tapmaq, problemi imkan daxilində ağrısız ötüşdürmək üçün, əlbəttə, dünya televiziya məkanında çeşidli üsullar sınaqdan keçirilir, müxtəlif “telefəndlər”ə əl atılır. Ancaq hazırda bizi ən çox öz televiziyalarımızın durumu, milli teleməkanda bu yöndə nələrin baş verdiyi maraqlandırır.

Müşahidələr, təhlillər ümumən belə deməyə əsas verir ki, son illər Azərbaycan televiziyaçılığı da bu istiqamətdə cəhdlərini artırmaqdadır. Telekanallarımız yaradıcılıq axtarışlarının miqyasını və əhatə dairəsini genişləndirməkdədir. Aydın məsələdir ki, ilk növbədə, işin zahiri cəhətindəki, formal və texniki tərəflərindəki irəliləyişlər diqqəti çəkir. Bir rəyə görə, son illərdə əksər televiziyalarımız “özünün zəngin efir siyasəti, səviyyəli verilişləri, maraq doğuran başlanğıcları və kreativ layihələri ilə” efir məkanındakı mövqeyini xeyli möhkəmləndirib. Proqramlar müasir standartlar cavab verən studiyalardan efirə çıxır, hətta “yaxın xaricdəki bir sıra ölkələrin telekanalları yüksək texnologiya ilə təchiz edilmiş studiyalara, azərbaycanlı həmkarları üçün yaradılmış  şəraitə, sözün əsl mənasında, həsəd apara bilərlər”. Təbii ki, bu kimi müsbət yeniliklərin siyahısını daha da genişləndirmək olar. Eyni zamanda, həmin pozitiv cəhətlərin hər telekanalda fərqli ölçülərdə gözə çarpdığı da qeyd edilməlidir. Sadalanan cizgilər milli teleməkandakı kanalların hazırkı inkişafını ümumən səciyyələndirsə də, onların hər birində özünü müxtəlif miqyasda göstərir. Məsələn, ədalət naminə, AzTV, ATV, İTV, ANS və “Xəzər TV”nin buradakı payını, iştirakını xüsusi qeyd etməyə dəyər. Bu telekanallar istər kadr-struktur- texnika cəhətindən, istərsə də ideya-məzmun-keyfiyyət baxımından vəziyyəti önəmli dərəcədə öz xeyrinə dəyişmiş kimi görünür. Həmin kanalların efir siyasətinin çevikliyi, proqramlarının forma rəngarəngliyi, məzmun zənginliyi qabarıq görünən cəhətlərdir. Xəbərlərin təqdimatından teleşoulara, proqram siyasətindən efir dinamikasına qədər  bir çox parametr üzrə müşahidə olunan bu keyfiyyət fərqləri baxılma yönündən də öz sözünü deyir.

Milli teleməkanın mövcud mənzərəsi sübut edir ki, hətta cəmiyyətin mühüm bir qisminin ağrılı nöqtə saydığı, birmənalı yanaşmadığı şou-proqramlar məsələsində də peşəkar yanaşma əsas, həlledici meyardır. Çağdaş televiziyaçılıqda bunlarsız keçinmək hələlik mümkün görünmədiyi üçün yeganə çıxış yolu belə proqramları daha peşəkar, yəni mümkün qədər keyfiyyətli, səviyyəli, dinamik formada hazırlayıb təqdim etməkdir. Əlbəttə ki, baxımlılığı təmin etmək, qaçılmaz reallıq olan reytinq yarışında önə çıxmaq üçün teleşouların auditoriyanın istəklərinə, maraq dairəsinə, hissiyyatına hesablanması zəruridir. Bundan qaçmaq, ən azı indi və yaxın gələcək üçün, mümkün deyil. Misal üçün, normal tamaşaçı nəzərlərilə baxmaq kifayət edər ki, ATV kanalının son dövrdə milli teleməkanın ən baxımlı, reytinqli proqramı sayılan “Səni axtarıram” teleşousunun, məhz bu prinsiplər və parametrlər əsasında hazırlandığı aydın olsun. Ola bilsin, sözügedən proqram cəmiyyətin müxtəlif zümrələri arasında, populyarlığın labüd nəticəsi olaraq, ziddiyyətli rəylər doğurub. Ancaq danılmaz gerçəklikdir ki, ATV-nin “Səni axtarıram”ı məhz yerli psixologiyaya, dünyagörüş və maraq elementlərindən qaynaqlanıb. Elə bunlara da hesablanıb. Üstəlik, optimal hazırlanma və təqdimat üslubu sayəsində yüksək baxılma göstəriciləri əldə edilib.

Telekanallarımız və onların proqramlarının cəmiyyətdə doğurduğu təəssüratları daha da konkretləşdirmək üçün aparıcı televiziyalardan ikisi – AzTV ilə ATV barədə son aylar ortaya qoyulan rəy və mülahizələrə istinad etmək, yəqin ki, yerinə düşər.

 AzTV ilə bağlı fikirlərini açıqlayarkən X.Niyazov haqlı olaraq bildirir ki, Azərbaycan Televiziyasının hazırladığı verilişlərdə maarifçilik xətti üstünlük təşkil edir: “Bu istiqamət siyasət, fəlsəfə, dil, ədəbiyyat, tarix, folklor, kino, tamaşa, musiqi və hətta intellektual oyunlara həsr olunmuş bütün veriliş və proqramlarda özünü qabarıq şəkildə göstərir. Son illər Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Dostları Fondunun təşəbbüsü ilə keçirilən Muğam televiziya müsabiqəsi milli musiqimizin incisi sayılan, Dünya Mədəni İrs Siyahısına daxil edilmiş muğamın təbliği ilə yanaşı, həm də gənc istedadların seçilib üzə çıxarılması kimi nəcib bir məqsədə xidmət edir... AzTV-də sanballı intellektual oyunların artması da sevindirici haldır. MDB məkanında məşhur olan “Nə? Harada? Nə vaxt?”, “Breyn rinq” oyunlarının məhz ölkənin birinci kanalında yayımlanması ölkə intellektuallarının üzə çıxarılmasına yönəlib... “

Bu yaxınlarda yayımlanan bir müsahibəsində telekanallarla bağlı qənaətlərini bölüşən tanınmış şair, esseist və tərcüməçi Səlim Babullaoğlu AzTV və ATV-nin xəbərlərini mütəmadi izləməyə çalışdığnı önə çəkib. Onun fikrincə, son dövrlər milli teleməkanda ən böyük dəyişiklik məhz ATV-də müşahidə olunur: “Məsələn, ATV-nin Xəbərləri çox fərqlidir, müxtəlif bloklar, bloklararası keçidlər çox orijinaldır, dinamik təqdim olunur, aktual və çağdaş görünür. Orxan Fikrətoğlunun “Nə xəbər?”dəki şərhləri, cəlbedici telepublisistikası, Ceyhun Əlinin xüsusi reportajları mənim üçün maraqlıdır. Lalə Əliyevanın “Günlərin bir günü” proyekti, baxdığım iki buraxılışına əsasən deyə bilərəm ki, uğurlu sayıla bilər. Yaxud, Mir Səmədin səyahətlərlə bağlı verilişi də mənə xeyli maraqlı gəldi”. S.Babullaoğlu bu gün dünya televiziyaçılığında geniş tətbiq olunan təcrübə – xarici teleproyektlərin yerli versiyalarının hazırlanması kimi maraqlı bir mövzuya da toxunub: “Məncə, bunlar uğurlu proyektlərdir. Xüsusən, ATV-nin təqdimatında “Fort Boyard” bu mənada ciddi maraq doğurdu. Belə proyektlər həm aparıcıların, həm rejissorların, həm də prodüsserlərin yetişməsi üçün geniş fürsət yaradır”.

Sözsüz ki, qeyd edilən, həmçinin, ola bilsin, diqqətdən kənarda qalan inkişaf meyllərilə, bir sıra müsbət tendensiyalarla yanaşı, hələ də televiziyalarımızda keyfiyyət naminə görülməli çox işlər var. Ən əsası isə, yaradıcılıq axtarışlarını davam etdirmək, milli teleməkan üçün “səviyyə, yoxsa auditoriya“ dilemmasında “qızıl orta”nı tapmaq və qoruyub saxlamaqdır.

S.ABDULLAYEVA

 





07.12.2013    çap et  çap et