525.Az

Sən kimsən axı? - Məhsəti Musa yazır


 

Sən kimsən axı? - <b style="color:red"> Məhsəti Musa yazır </b>

12-13 yaşım olardı. Anamın bir rəfiqəsi var idi, başqa rayondan köçüb gəlmişdilər. Rayonumuzda “təzə məhlələr” deyilən ərazidə yaşayırdılar. Onun övladları bizdə, mən də onlarda tez-tez olur, günlərlə bir-birimizin evində qalırdıq. Yay fəsli idi. 10 gündən artıq idi ki, onlarda idim. Anamın rəfiqəsinin məndən bir yaş böyük olan qızı Sevda və altı yaşlı oğlu ilə öz uşaq həyatımızı yaşayırdıq. Həmin ərazidə xeyli sayda qaçqın ailə məskunlaşmışdı. Qonşuluqdakı laçınlı ailənin bizimlə həmyaşıd bir oğlu var idi. Aylarla qırxılmadığı üçün gicgah hissələrində və başının ortasında topalanmış, üç böyük təpəyə bənzəyən cod, qıvrım saçı, günəşdən yanıb qaralmış dərisi, çirkli üst-başı olan, baxımsız, arıq, qabırğaları sananan, sakit bir oğlan idi. Qonşu uşaqlar daim onunla duzsuz zarafatlar edir, ələ salırdılar. Təəssüf ki, o uşaqların arasında mən də var idim. O, bizim zarafatlarımızdan incimir, atmacalarımıza cavab olaraq həmişə eyni tərzdə gülümsəyirdi. O yaşda olan uşaqlar, “dişi batanın” qənimi olur. Biz də onun sakitliyindən istifadə edib gündən-günə həyasızlaşır, onu daha çox cırnatmağa çalışırdıq.

Bir gün qonşu uşaqlarla Sevdanın anasından xəlvət toplaşıb evdən bir qədər aralıdakı kanalın yanına getdik. Dayaz yer tapan uşaqlar bir-bir kanala girdilər. Ömrüm boyu belə yerdə olmamış və sudan həmişə qorxmuşdum. Amma uşaqların kanalın içərisində sərbəst gəzdiklərini  görüncə həvəsləndim və suya girib kanalın eni boyunca irəliləyirdim ki, iti axan su  qəfildən məni arxası üstə çevirib 15-20 metr aralıdakı körpünün altına tərəf apardı. Körpüdən sonra kanal dərinləşirdi və bu səbəbdən yuxarıdan aşağı zərblə tökülən su sürətlə axaraq nə varsa özü ilə aparırdı. Amma yıxıldığım anda bunun fərqində deyildim. Hər şey elə gözlənilməz və ani oldu ki... Sadəcə arxası üstə çevrildim, qulaqlarım batdı, gözlərim yumuldu və qara-boz bir səssizliyə düşüb nə baş verdiyini anlamadan, çabalamadan axına qarışıb gedirdim. Nəfəs alıb-almadığımı da bilmirdim. Sanki donmuşdum. Hissiyatsız bir bədən idim. Və birdən yumulu gözlərimə işıq düşdü. Nəfəsim genişləndi. Burnumun yuxarı hissəsindəki acı göynərti ilə gözlərimi açdım. Qolumdan kiminsə yapışmış olduğunu hiss etdim. Nəhayət, içində olduğum bu qarışıq, yuxu kimi aləmdən tam ayılarkən qarşıda həmin oğlanı gördüm. Həmişəkindən fərqli olaraq üzündə təbəssüm olmasa da, gözlərinin dərinliyində səbəbini bu gün də çözə bilmədiyim qəribə bir gülüş var idi. Ətrafa baxdım. Sevda da, digər uşaqlar da həyəcanlı idilər. Sevdanın dodaqları ağappaq olmuşdu. Geri boylandım. Körpünün altına keçməyimə az bir məsafə qalıbmış. Körpünün digər tərəfinə axmış olsaydım, bu cocuqlardan başqa ins-cins görünməyən çöllükdə məni kimsə xilas edə bilməzdi. Demək, mən hələ boğulmağa başlamamış xilas edilmişdim. Uşaqlar hərəkətə keçib məni kanaldan kənara çıxartdılar. Heç birimiz ona minnətdarlıq etmədik. Bilmirəm, uşaq olduğumuz üçün ağlımızamı gəlməmişdi, ya bir eqo idimi?.. Heç o da minnətdarlıq gözləmirdi. Eləcə, yaş paltarları əynində, boz rəngli, üstündə böyük “M” hərfi yazılmış rezin şəpitləri əlində, ayaqyalın torpaq yolla evlərinə yollandı. Həmin gün evimizə qayıtdım. O oğlanı bir də heç vaxt görmədim. İllər sonra bu hadisəni xatırlamağıma səbəblər oldu. Çünki böyüdükcə müxtəlif sifətlər, müxtəlif adamlar gördüm. Vəzifəsinə, puluna, varına arxayın olub başqalarını əzən, təhqir edən, fəqir-füqəranı adam hesab etməyən, danışığı üfunət qoxuyanları müşahidə etdim. Mən, 13 yaşımda etdiyim yanlışın acısını bu gün də yaşayırkən, saçı-saqqalı ağarmış, amma içində ağ bir nöqtə tapılmayanlarla üz-üzə gəldim. Və nəhayət, bu günlərdə mübahisə edən iki şəxsin birinin digərinə verdiyi sual qulağıma sillə kimi dəydi: “Sən kimsən axı?“

Sən kimsən axı... Bəlkə də biz də nə vaxtsa fərqinə varmadan işlətmişik bu ifadəni... Amma...
Adam, sən nə bilirsən ki, məsələn, o skamyada gecələyən, üst-başı cırıq, çirkli kimsəsizin içində nə boyda dünya var? Nə bilirsən onu tərki-dünya edən səbəb nədir? Bəlkə sənin kimilərinin girə bilmədiyi bir EŞQ ümmanıdır onun qəlbi? Bəlkə girsən, batıb qalarsan o ümmanın içində? Nə bilirsən, bu gün aşağıladığın hansısa bir fəqir sabah sənin xilaskarın olmayacaq? Ayağının altını təmizləyən insanlarla, fəhlələrlə, öz zəhməti ilə yaşamaqlarına baxmayaraq, sənin heçlik hesab etdiyin adamlarla eyni şəkildə gəldin dünyaya, eyni şəkildə də gedəcəksən. Bu həqiqəti hamımız bilirik. Amma sən bunu qəbul etmək istəmirsən... Hələ utanmaz-utanmaz soruşursan: “Sən kimsən axı?!”

Bu gün qazandıqlarıma görə öz zəhmətimlə bərabər, valideynlərimə borcluyam. Amma mənim böyük borcum, həyat borcum olan daha birisi var. Aylarla qırxılmadığı üçün gicgah hissələrində və başının ortasında topalanmış, üç böyük təpəyə bənzəyən cod, qıvrım saçı, günəşdən yanıb qaralmış dərisi, çirkli üst-başı olan, baxımsız, arıq, qabırğaları sananan həmin sakit oğlan...


 

 





14.04.2020    çap et  çap et