525.Az

Siçovul ölümündən başlanan böyük fəlakət - Bəsirə Əzizəli yazır


 

NOBEL MÜKAFATÇISI ALBER KAMÜNÜN “TAUN” ƏSƏRİNDƏKİ BİR ÇOX MƏQAM GÜNÜMÜZLƏ YAXINDAN SƏSLƏŞİR

Siçovul ölümündən başlanan böyük fəlakət - <b style="color:red"> Bəsirə Əzizəli yazır</b>

“Hamı eyni tale ilə yaşayır və eyni hissləri keçirirdi. Ən böyük hiss isə ayrılıq və əsir düşmə hissi idi, qorxu və etirazı yaradan da elə o idi” – bu fikir fransız yazıçısı, Nobel mükafatı laureatı Alber Kamünün 1947-ci ildə nəşr olunan məşhur “Taun” romanındandır.

Əsərdə hadisələr karantinə alınmış bir şəhərdə cərəyan edir. Əlcəzairin Oran şəhərində yayılmış epidemiya günlərində çalışan fədakar həkim Ryönün dilindən söylədiyi “demək lazımdır ki, bu mikrobun bəzi xüsusiyyətləri keçmişdəki mikrobdan fərqlənir” sözləriylə yazıçı bu epidemiyaların dünyada zaman-zaman təkrarlansa da, hər dövrdə fərqli özəllikləri ilə ortaya çıxması fikrini önə çəkirdi. Bu sadəcə xəstəliyin siptomlarında müşahidə olunan cəhətlər deyildi, insanların düşüncəsində də, xəstəliyin yayıldığı cəmiyyətin ona reaksiyasında da müxtəlif təzahürlərlə bağlı idi.



Faşizmin Fransanı işğal etdiyi dövrün siyasi mənzərəsini epidemiyaya bürünmüş şəhərin fəlakətləri ilə ifadə edən A.Kamü onu “öz evlərinə sürgün edilmiş insanların”, sərhədləri bağlanmış şəhərin timsalında qələmə almışdır: “Kitabda söylənilən qəribə əhvalatlar 194...-cı ildə Oran şəhərində baş verib. Əslində əhvalatlar adilikdən çıxarılıb və yerləri dəyişdirilib. İlk baxımda Oran doğrudan da adi bir şəhər, Əlcəzairin dəniz sahilində yerləşən fransız əyalətidir”. Həmin tarixdə Əlcəzairdə epidemiyanın yayılması faktı tarixi reallıq deyil, A.Kamü onu simvolik mənada istifadə etmişdir. Əsər bütün insanlıq tarixinin otraq dərdini dilə gətirirdi.

Bir yaz günündə, aprelin 16-da həkim Bernar Ryönun ölmüş bir siçovulu görməsi ilə gizli şəkildə xəstəliyin başlandığına işarə edən A.Kamü iki gün sonra şəhərin hər küncündən tapılan siçovul ölülərinin “şəhər camaatının nigaranlğının başlanmasına” səbəb olduğunu göstərir: “Elə bil evlərimizin sancıldığı bu torpaq öz eyiblərini büruzə verir, həmişə onu içəridən qazımış kifir canlıları çölə çıxarıb, hamıya göstərirdi. Həmişə sakit həyat sürmüş, indi bir neçə gün ərzində çaxnaşmaya düşmüş şəhərimizin vəziyyətini təsəvvür edin. Elə bil həmişə soyuqqanlı olmuş sağlam bir adam birdən-bərə coşub qaynamağa başlamışdır”.

Varlılar da öləndə epidemiyanın yayıldığı bəlli olur

Epidemiyaların, xəstəliklərin yayılması ilə cəmiyyətin ona münasibətinin, insanların davranış və psixoloji aləmində doğurduğu təbəddülatların incə məqamlarını yazıçı tədrici yüksəliş yolu ilə verir. Siçovulların qəribə və kütləvi şəkildə qırılmasına bəzən təəccüblü, bəzən sevindirici, bəzən də hətta əyləndirici hadisə kimi yanaşan insanlar ilk qurban kimi verilmiş ev xidmətçisinin ölümünü anlaşılmaz şəkildə qarşılasalar da, ölümün varlı təbəqəyə yetişməsi ilə sanki “ayılırlar”: “İş elə gətirdi ki, şəhərin ev xidmətçiləri də, varlı sakinləri də cənab Mişelin getdiyi yolla həyatdan getməyə başladılar. Elə həmin vaxtdan da qorxu və həyacan şəhəri bürüdü”.

İctimai rəyin müqəddəsliyi: küy qaldırmaq olmaz...

A.Kamü “bir neçə gün ərzində ölənlərin sayı lap artdı, bu qəribə xəstəliklə məşğul olanlar anladılar ki, əsl epidemiya ilə üzləşiblər” nəticəsini ifadə etdikdən sonra şəhərdə yaranmış çaşqınlığa diqqəti yönəldir. Yazıçı, ilk növbədə, xəstəliyin epidemiya olmadığına özünü inandırmağa çalışan zümrələri maraqlı şəkildə təsvir edir. Mətbuat, həkimlərin bir qismi, sadə insanlar ölüm qarşısındakı qorxunu inkarçılıq mövqeyindən yenməyə çalışırdılar. Mətbuat haqqında A.Kamü yazır: “Siçovul əhvalatı zamanı dil boğaza qoymayan mətbuat indi susmuşdur. Çünki siçovullar küçələrdə qırılırdı, adamlar isə evlərdə ölürlər. Mətbuat da ancaq küçələrdən yazır”. Burada epidemiyanın ictimaiyyətə çatdırılması haqqındakı fikirlər, digər ölkələrin təcrübələri tarixi keçmişdə baş verən və günümüzdə də bəzi hallarda təkrarlanan məsələlərə nəzər yetirmək baxımından çox önəmlidir. Romanda qarşımıza bir Çin faktoru da çıxmaqdadır. Həkim Kastelin dilindən eşidirik: “Mən xeyli vaxt Çində işləmişəm, iyirmi il əvvəl də həmin xəstəliyə öz adını verməyə cürət etmədilər. İctimai fikir müqəddəs şeydir: küy qaldırmaq olmaz, əsas məsələ əhalini küyləməməkdir. Hələ həmkarlardan biri belə deyirdi: Hamı bilir ki, bu xəstəlik Avropadan təmizlənib. Bəli, hamı bilirdi, təkcə ölənlər bilmirdilər”.

Nigaranlıqla ümid arasında

Epidemiyanın məlum olduğu ilk gündən cəmiyyətin müxtəlif təbəqələrində nigaranlıq, qorxu, inkar edərək müqavimət göstərmək və bununla da ümidi ifadə eləmək meylərini Kamü məharətlə təsvir edir: “Doğrudan da bəla elə bir şeydir ki, hamının başına gələ bilər, amma bəla başının üstünü alanda belə, adam onun varlığına inana bilmir. Dünyada müharibələrin sayı qədər taun xəstəliyi olub. Taun da, müharibə də adamları həmişə qəfildən yaxalayır. Həkim Ryö də bütün şəhər əhalisi kimi qəfildən yaxalanmışdı və onun şübhələrinə səbəb də elə bu cəhət idi. Həkim nigarançılıqla ümid arasında qalmışdı”. Həkimin ümidinin bir səbəbi də şəhər əhalisinin böyük bir qisminin xeyirxahlığına inamı idi. Fəlakətlərin, epidemiya və xəstəliklərin mistik tərəflərinə inam hər zaman baxış bucağının bir zərrəsində özünə yer almışdır, bu romanda da eyni tendensiya müşahidə olunur: “O (həkim) xeyirxahlığın taunla əhatə olunduğunu təsəvvürə gətirə bilmir, fikirləşirdi ki, taun bizim şəhər camaatına güc gələ bilməz”.

Nə qədər ki, bəlalar var...

Şəhər sakinlərinin xəstəliyə ilkin münasibəti də fransız yazıçısının diqqət mərkəzindədir. Görünür, zaman insanın psixologiyasını, daxili yaşantılarını, təhlükə və fəlakətlərə ilk reaksiyasını, bəzən laqeydliyi, bəzən də yenə bilmədikləri eqolarını dəyişmir, çünki romanda əks olunan bu təəssüratlar günümüz üçün də çox aktual səslənir: “Bizim şəhərin camaatı da bu mənada başqalarına bənzəyirdi, ancaq özlərini fikirləşirdilər. Onlar bəlanın mövcudluğuna inanmırdılar. Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur”. A.Kamü keçib gedən adamlar arasında ilk pillədə yer alan humanist insanları fəlakətlərə biganə yanaşanların qurbanı, “azad”lıqlarının boğulması çaşqınlığında qalanların tədbirsizliyində görürdü: “Bizim şəhər camaatının günahları başqalarından çox deyildi, sadəcə olaraq, təvəzökarlığı unudub, güman edirdilər ki, hələ hər şeyə qadirdilər və bəla onlara toxuna bilməz. Onlar yenə də işgüzarlıq edir, səfərlərə hazırlaşır, yeni fikirlər irəli sürürdülər. Axı nə biləydilər ki, gələcəyi, səfərləri, mübahisələri yoxa çıxaran bir taun da var? Onlar özlərini azad sayırdılar, amma nə qədər ki, bəlalar var, heç kəs heç vaxt azad olmayacaq”.

Epidemiyanın acı xəritəsi

A.Kamü epidemiyaların tarixdə yaşanmış ağır günlərini həkim obrazlarının xatirələrində canlandırır, sanki xəstəliyin xəritəsini çızırdı. Eyni xəritə dövrümüzün də acı reallıqları ilə analogiya təşkil etməkdədir: “Keçmiş bəlaların tutqun mənzərələri isə, heç fikirləşməyə aman tapmamış, sakit-sakit göz qabağına gəlirdi; quşların taun yayıb xarabazara çevirdiyi Afina, əhalisi dinməzcə can verən Çin şəhərləri, çürümüş cəsədləri quyulara tökən Marsel dustaqları, qorxulu taun küləyinin qarşısını kəsmək üçün Provəncdə tikilmiş uca barı, Caffanın idimsiz dilənçiləri, Konstantinopol xəstəxanasının quru yerə düzülmüş nəm və çürük çarpayıları, qarmaqla çəkilib evdən çıxarılan xəstələr. Qara taun vaxtı maskalanmış həkimlərin karvanı, Milan qəbirsanlıqlarına yığışan camaat, London küçələrində meyitlər yüklənmiş arabalar, gecə və gündüz hər yandan eşidilən sonsuz şivən səsləri”.

Əsas məsələ bu xəstəliyin adı deyil...

Romanda çox mühüm məsələlərdən biri xəstəliyin çoxalmasının qarşısını almaq üçün lazımı tədbirlərin vaxtında reallaşdırılması ilə bağlıdır. Burada fədəkar həkim Ryö obrazı yenə də ön plana çıxır. Həkimlər ilə prefekt rəisi arasındakı söhbətlərdə əvvəlcə Ryö istisna olmaqla digərləri xəstəliyin məhz taun epidemiyası kimi təsdiq olunmasından sonra ciddi tədbirlərin görülməsinə başlanılması gərəkliyini söyləyirlər. Hər gün xəstələrlə ünsiyyətdə olan, şübhələrinin doğru olacağına daha çox əminlik ifadə edən və gündəlik baş verən insan ölümünün qarşısının alınması üçün ediləcək işlərin laboratoriyadan gələcək təsdiq qərarının zamanına buraxmağı düzgün hesab etməyən Ryö üçün insan amili daha önəmlidir: “Xəstəliyin yayılma sürətinin qarşısı alınmazsa, iki ay ərzində şəhər əhalisinin yarısını qıra bilər. Əsas məsələ bu xəstəliyə taun, yaxud artan qızdırma adı verməkdə deyil, əhalinin yarısını ölümdən qurtarmaqdadır. Söhbət qanun üzrə görüləcək tədbirlərin ağırlığından deyil, əhalinin yarısının qırılmasına mane olmaq üçün həmin tədbirlərin vacibliyindən gedir”.

Sanitariya qaydalarına ciddi riayət etmələri tapşırıldı

Epidemiyaların, infeksiyon xəstəliklərin bədii ədəbiyyatda təsviri onları qələmə alan əsərlərdə oxşar təfərrüatlara gətirib çıxarır. Psixoloji sarsıntılar, qorxu və təlaş, ümidsizlik və biganəlik, mənəvi böhran və depressiya, stres və gərginlik məqamlarında uyğun vəziyyətlər yaşandığı kimi xəstəliklərə qarşı görülən tədbirlərdə də oxşar, hətta eyni cəhətlər çoxdur. Belə əsərlərdə fərq müəlliflərin sözügedən məqamları önə çəkmək üçün hansı ədəbi formadan istifadə etməsindədir. Epidemiya günlərini bəzən bir jurnalistin gündəliyindən örnəklər, bəzən müəllif təhkiyəsi, bir sıra hallarda obrazlarının xatirə və düşüncələrində canlandıran Kamü tədbirlər haqqında birbaşa və aydın şəkildə məlumat verir: “Məsləhət görüldü ki, təmizliyə ciddi nəzarət olunsun, bit-birəlilər şəhər dispanserlərinə müraciət etsinlər. Həm də xəstəsi olan ailələrin həkim göstərişlərinə əməl etmələri məcburdur və xəstələrin xüsusi izolyator otaqlarında saxlanılmalarına razılıq verilməlidir. Belə otaqlar xəstələrin az müddətdə sağaldılmasına və şəfa tapmalarına daha çox imkan yaradır. Əlavə qeydlər xəstələrin otaqlarının və nəqliyyat vasitələrinin dezinfeksiya olunmasının məcburiliyini göstərirdi. Xəstələrin qohum-əqrabasının sanitariya qaydalarına ciddi riayət etmələri də məsləhət görülürdü”.

Ölüm və xəstəlikdən qorxan şəhər

Hər bir dövrün gözlənilməyən hadisələrə hazırlıqlı olmadığı problemi vardır. Yüksək texnologiyaların kosmik surətə malik olduğu zamanımızda pandemiya milyonların ölümünə səbəb olursa, bu sadəcə xəstəlyin gücü yox, onu əngəlləyəcək, sağaldacaq imkanların zəifliyi ilə də bağlıdır. Oran şəhərindəki epidemiyanı qələmə alan A.Kamü hələ əsərin əvvəlində bu şəhərin ölüm və xəstəliyə uyğun olmadığına işarə edirdi: “Bizim şəhərin ən maraqlı cəhəti budur ki, burada ölüm də çətinliklə başa gəlir. Əslində, bu çətinliyi narahatlıq adlandırmaq daha düzgün olardı. Xəstəliyi heç kim xoşlamır və hamı xəstəlikdən qorxur. Amma elə şəhərlər və ölkələr var ki, orada xəstələrə xüsusi qayğı göstərirlər. Belə yerdə rahatca ölmək də olar”. “Qorxduğu başına gələn” Oran şəhəri də epidemiyanın qarşısında çox gücsüzdür. Xüsusilə, şəhərin kasıb əhalisinin vəziyyəti daha acınacaqlı idi. Epidemiya varlı və kasıb fərqi qoymasa da, xəstəxanalar bu fərqi yetərincə ayırd edə bilirdi. Buna görə də ailələr öz xəstələrini verməkdən qorxurdular: “Çoxu xəstəxanaya aparılmalı idi və kasıblar üçün xəstəxananın nə olduğu da aydın məsələdir. Xəstələrdən birinin arvadı ona demişdi: “İstəmirəm ki, ərim onların təcrübə alətinə dönsün. Əslində, xəstə təcrübə alətinə dönməyəcəkdir, öləcəkdir... Xəstəlik özü-özünə dayanmasa, şəhər rəhbərliyinin gördüyü tədbirlərlə ona qalib gəlmək mümkün olmayacaqdır”.

“Daşürəkli” həkimin fədakarlığı

Romanın qəhrəmanı həkim Ryödur. O insan həyatının xilası uğrunda çalışan, “özündən itirərək” digərlərinin həyatına qazandıran həkimləri təmsil edir. “Xəstələrin mənzilləri dərmanlanıb bağlanmalı, onların ailə üzvləri karantinə salınmalı, dəfn mərasimləri şəhər idarəsinə tapşırılmalıdır” sözləri ilə vəziyyətin kəskinləşdiyi ifadə olunan əsərdə bütün gərgin durumlar Ryönün fəaliyyəti və fikirləri ilə həll olunur. Şəhərdə qonaq olan və bağlı qapı elan edildikdən sonra oranı tərk edə bilmək üçün “hörmət”, “vasitə” və digər yollar axtarsa da, boşa çıxan jurnalist Ramberdən fərqli olaraq həkim Ryö bütün şəxsi istəklərini, dincliyini, rəhmdilliyini insanların xilasına, fəlakətin sonlanmasına yönəldir: “Bu ağır həftələrin sonunda, ağır axşamlardan sonra Ryö hiss eləmişdir ki, onun rəhmdilliyi öz-özünə yox olmağa başlayıb. Rəhmdillik əhəmiyyətsiz bir şeyə dönəndə gözdən düşürmüş. Bu ağır günlərin Ryö üçün yeganə təsəllisi ürəyinin belə sərtləşməsi oldu. O bilirdi ki, sərt ürəklə öz vəzifəsinə daha yaxşı əməl edə biləcək”. Roman “müqəddəsliyə çatmasalar da, həkimlik etməyə çalışıb əzab çəkmiş adamların fədakarlığına şahidlik” edərək gələcəyin insanlarına da önəmli bir mesaj verir: “Bu mikroblar... gizlənib səbrlə gözləyər və ola bilsin ki, günlərin birində insanlara bəla və ya dərs vermək üçün oyanar, xoşbəxt bir şəhərin siçovullarını qırmağa başlar”.
A.Kamü öz şəhərinə, evinə “sürgün edilmiş” insanları qəlblərinə gömdükləri arzularına qaytarır, onların içindəki insanlığı oyatmağa çalışır, bəlkə də xilası bunda görürdü: “Onlar beləcə həm əsirlikdə qalmışların, həm sürgünə düşmüşlərin əzabını çəkir, xəyallarla dolu boş bir aləmdə yaşayırdılar. Çoxu indi görə bilmədikləri əzizlərinə, yolunu gözlədikləri yaxın adamlara vaxtında deyə bilmədikləri xoş sözlərin, göstərə bilmədikləri mehribançılığın xiffətini çəkirdilər... Buradakıların əksəriyyəti öz evində sürgünə məruz qalmışlar idi... Adamlar günü-günə sata-sata, səma ilə göz-gözə yaşamağa adət edirdilər”.

 

 

 





15.04.2020    çap et  çap et