525.Az

İran azərbaycanlıları: "Kaş ki, bizdə də Azərbaycandakı kimi vəziyyət yaxşı olardı"


 

İran azərbaycanlıları: "Kaş ki, bizdə də Azərbaycandakı kimi vəziyyət yaxşı olardı"<b style="color:red"></b>

Koronavirus pandemiyasından ən çox zərər görən ölkələrdən biri də İrandı. Çindən sonra ilk olaraq qonşu dövlətdə virus özünün nəyə qadir olduğunu göstərdi.

Ümumdünya Səhiyyə Təşkilatının aprelin 17-ə olan məlumatına görə, İranda 79494 nəfər virusa yoluxub, onlardan 4958-i dünyasını dəyişib. İran yoluxma sayına görə dünyada 8-ci, ölüm sayına görə isə 6-cı yerdədi. İlk günlər virusun yüksək sürətlə yayılması İran dövlətini radikal addımlar atmağa məcbur etdi. Martın 26-dan etibarən ölkədə xüsusi karantin rejimi qüvvəyə mindi, qadağalar tətbiq olundu. Aprelin 13-dən isə virusa yoluxma təhlükəsinin tam sovuşmamasına rəğmən, hökumət bəzi qadağaları aradan götürmək barədə qərar verdi. Amma hələ də bir çox yasaqlar qüvvədə qalır - kütləvi tədbirlər, idman yarışları keçirilmir, məktəblər və universitetlər bağlıdır... Hər halda insanlar küçəyə-bayıra rahat çıxa bilirlər. Sanki həyat yavaş-yavaş öz əvvəlki axarına qayıdır. Bəs, karantindən sonra insanlar bədii obrazla ifadə etsək, yeni-köhnə həyata necə alışırlar?  

"Bir azərbaycanlı kimi bunlar məni sevindirir" 

Tehranda yaşayan azərbaycanlı Kuşa Bəhayipur vəziyyətin yavaş-yavaş normallaşdığını söyləyir. Kuşa futbol üzrə İranın 1-ci dəstəsində çıxış edən "Niroo Zamini"nin kapitanıdı. Bir neçə il əvvəl Azərbaycanda legioner həyatı yaşayıb, 1-ci Divizionda çıxış edən "Şuşa"nın şərəfini qoruyub. Onun sözlərinə görə, insanlar iş-güclərinə qayıtsalar da, əksəriyyət çətin durumdadı: "Hələ də koronavirusa yoluxma halları var. Amma ötən ayla müqayisədə xeyli azalıb. Tehran İranın ən böyük şəhəridi. Ona görə burada vəziyyət digər şəhərlərlə müqayisədə hər mənada nisbətən daha yaxşıdı. Karantin insanların dolanışığına böyük ölçüdə zərbə vurdu. Belələri həddən artıq çoxdu. Təəssüf ki, dövlət əhaliyə istənilən yardım göstərmir. Məsələn,  banklar sahibkarlara 1 milyon tümən həcmində güzəştli kredit təklif edirlər ki, bizneslərini yenidən qaydaya salsınlar. Onu da illik 12 faizlə. Bu da çox yüksəkdi. Televiziyada, mətbuatda deyirlər ki, əhaliyə yardım edirlər. Yardım olur, amma bir qədər şişirdilir. Bu gün hökumətin etməli olduğunun bir hissəsini camaat öz öhdəsinə götürüb. Yaxşı, imkanlı insanlar köməyə ehtiyacı olanlara əl tuturlar".

Kuşa deyir ki, artıq insanların bəziləri virus təhlükəsinə baxmayaraq, işləməyə məcburdular: "Yoxsa, koronavirusdan çox, aclıqdan ölərlər. Koronavirus çox qorxulu virusdu. Bunu ona görə deyirəm ki, anam Tehranda hospitalların birində işləyir. Geridə qalan 1-2 ayda onun nə əziyyət çəkdiyinin şahidi oldum".

Həmsöhbətim doğma dilində fikirlərini izah edə bilsə də, azərbaycanca oxumağı bacarmadığını və bu üzdən ölkəmizdə baş verənlər haqqında geniş məlumatının olmadığı deyir: "Dilimizdə danışa bilirəm, yazılanları oxumaqda isə çətinlik çəkirəm. Azərbaycanla bağlı məlumatları Bakıdakı dostlardan alıram. Kaş ki, bizdə də Azərbaycandakı kimi vəziyyət yaxşı olardı. Eşitmişəm ki, virusa yoluxanların, ölənlərin sayı azdı. Üstəlik, dövlət vətəndaşlara yardım ayırıb. Adi insanlar da bir-birlərinə dəstək olurlar. Bir azərbaycanlı kimi bunlar məni sevindirir". 

"Ərdəbildə də koronavirusa yoluxanların, ölənlərin sayı çoxdu"

Kuşa kimi Azərbaycanda legioner həyatı yaşamış Şahin Baleljai də ölkəmizdəki vəziyyətin yaxşı olmasına görə sevinir: "Azərbaycanın virusla necə mübarizə apardığını izləyirəm. İranla müqayisədə sizdə vəziyyət qat-qat yaxşıdı. Üstəlik, dövlətiniz vətəndaşları naümid qoymur".

Şahin 2015-ci ildə Kuşa ilə eyni vaxtda "Şuşa"da oynayıb. Daha sonra 1-ci Divizionda "Şəmkir" və "Xəzər" komandalarının formasını geyinib. Bir ara "Keşlə"yə keçməyə yaxın olan futbolçu Bakı klubu ilə müqavilə bağlayıb. Lakin müəyyən problemlər üzündən Premyer Liqada debüt edə bilməyib. Hazırda İran çempionatının 1-ci Liqasında çıxış edən Tehranın "Sorkh Poshan" komandasının üzvüdü. Ərdəbildə doğulub, boya-başa çatsa da, karyerası ilə əlaqədar Tehranda yaşayır. Şahin doğma şəhərində vəziyyətin heç də ürəkaçan olmadığını söyləyir: "Ərdəbildə də koronavirusa yoluxanların, ölənlərin sayı çoxdu. Tanıdığım insanların neçəsində bu virus tapılıb. Aralarında dünyasını dəyişənlər də var".

Şahin xəstələrin sayının hər gün artdığını, amma insanların bundan təşvişə düşmədiklərini deyir. Onun sözlərinə görə, belə olsaydı, əhali karantin rejimindən sonra evdən çıxmağa qorxardı: "Ümumiyyətlə, İranda vəziyyət yaxşı deyil. Düzdür, bəzi qadağalar ləğv edildi. İnsanlar iş-güclərinə qayıda bildilər. Bu gün-sabaha digər qadağalar da aradan qaldırılacaq. Səbəbsə, vətəndaşların çoxunun vəziyyətinin ağır olmasıdı. Koronavirus insanlara çox ziyan vurdu".

Soydaşımız deyir ki, hökumət əhaliyə hələki istənilən yardım göstərməyib: "Köməksiz qalanlar var. Əhalinin 1 hissəsinə müəyyən yardımlar nəzərdə tutulub. Artıq bir neçə gündür ki, bəzi şəxslərin hesabına 1 milyon tümən köçürülüb. Amma bu məbləğ hissə-hissə dövlətə qaytarılacaq və bu hadisələrə qədər hər bir vətəndaşa verilən 40 min tümən aylıq puldan tutulacaq. Burada insanları 2 hissəyə bölmək olar. Dövlətin gördüyü təbdirlərdən razı qalanlar və qalmayanlar. Kobud dildə desəm, imkanı olanlar razıdı. Pulu olmayanlar isə yox".

Çətin vəziyyətə baxmayaraq, maaşlarını vaxtında aldıqlarını deyən Şahin İranda çempionatın nə vaxt başlayacağının sual olaraq qaldığını da söylədi: "Başqa komandaları deyə bilmərəm, amma "Sorkh Poshan" futbolçuların və işçilərin pulunu hesablarına köçürdü. Bu mənada hansısa problem yaşamadıq. Hələlik məşqçilərin verdiyi xüsusi proqram əsasında evdə fərdi məşq edirik. Məşqlərin 1 aydan tez başlayacağına inanmıram. Yerli futbol federasiyası da dəqiq bir söz demir".

Bakı üçün çox darıxdığını söyləyən Şahin vəziyyət normallaşan kimi Azərbaycana baş çəkəcəyini dedi: "Sərhədlər bağlıdı, gediş-gəliş yoxdu. Amma bu, çox çəkməz, tezliklə hər şey əvvəlki axarına düşər. Bakıdan, oradakı dostlarımdan ötrü çox darıxmışam. Birinci fürsətdə mütləq Bakıya gedəcəm".

İlqar TAĞIYEV

 





18.04.2020    çap et  çap et