525.Az

Uzun sözün qısası: "Dəli Kür"


 

Uzun sözün qısası: <b style="color:red">"Dəli Kür" </b>

Bu gündən gənc yazar Aytac Sahədin təşəbbüsü ilə "Uzun sözün qısası" rubrikasına başlayırıq. Rubrikanın məqsədi tanınmış klassik əsərlərin qısa süjetinin təqdim olunmasıdır.

Niyyətimiz gənc nəsli məşhur əsərlərin, heç olmasa, qısa məzmunu ilə tanış etmək, eyni zamanda, gənclərin diqqətini bu əsərlərə çəkmək, maraq oyatmaqdır.

Əsasən, Azərbaycan ədəbiyyatını əhatə edəcək bu layihənin uzunömürlü olacağına inanır, müəllifə uğurlar arzulayırıq!

"525"

Uzun sözün qısası

"Dəli Kür"

“Dəli Kür” Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunələrindəndir. İsmayıl Şıxlı bu əsəri 1957-1967-ci illərdə qələmə alıb. Roman XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında yaratdığı əsaslı dəyişikliklərdən bəhs edir... Əsərdə xalqımızın milli oyanış dövrü hadisələri, eyni zamanda, ailə-məişət məsələləri geniş təsvir olunur.

“Dəli Kür” əsərində hadisələr Kürün sahilində yerləşən Göytəpə kəndində cərəyan edir. Roman kəndin sayılıb-seçilən adamlarından olan Cahandar ağanın başqasının arvadı olan Mələyi götürüb qaçması ilə başlayır. Bundan sonra isə hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın evli olduğu halda Mələyi qaçırması, Mələyin özünün də evli olması vəziyyəti mürəkkəbləşdirir. Belə ki, Cahandar ağanın arvadı Zərnigar ərinin onun üstünə ikinci arvad gətirməsini qəbul edə bilmir, oğlu Şamxalı Mələyin üstünə qaldırır. Şamxal Mələyi xəncərləmək istəyəndə Cahandar ağa Şamxalı vurur. Bu hadisədən sonra qüruru sınan Şamxal evi tərk edir. Daha sonra o, özünə ev tikir və dostunun bacısı Güləsərlə evlənir. Cahandar ağa Şamxalın onun sosial statusuna layiq olmayan bir ailənin qızıyla evlənməsini oğluna bağışlaya bilmir. 

Cahandar ağanın Şamxaldan savayı bir qızı, bir oğlu da var. Qızı  Salatın anası ilə atasının arasında qalsa da, Şamxaldan fərqli olaraq atasının üzünə ağ olmur. Cahandar ağanın digər oğlu Əşrəf isə Qori Müəllimlər Seminariyasında təhsil alır.

İsmayıl Şıxlı “Dəli Kür” | Kitabı Karandaşla Oxuyanlar

Oğlunu Qori Müəllimlər Seminariyasına oxumağa göndərməsi Cahandar ağanın elmə-təhsilə verdiyi dəyərin göstəricisidir. Kəndə uşaqları təhsilə cəlb etmək üçün gələn Çernyayevski ilə Molla Sadığın arasındakı mübahisə zamanı Cahandar ağanın Çernyayevskiyə dəstək olması da bunu bir daha təsdiq edir. Molla Sadıq demişkən. O, Cahandar ağanın əzəli düşmənlərindədir. Ancaq Çernyayevski ilə mübahisəsində Cahandar ağanın ona qarşı çıxması düşmənçiliyin daha da dərinləşməsinə səbəb olur. Bu hadisədən sonra Molla Sadıq Cahandar ağadan intiqam almaq üçün onun dul bacısı Şahnigarı meyxanaya gətirdir. Bundan xəbər tutan Cahandar ağa bacısını öldürür. Ancaq bu ölüm də Molla Sadığı sakitləşdirmir. O, “düşmənimin düşməni mənim dostumdur” deyərək Allahyarla birləşir. Allahyar Mələyin birinci əridir. Allahyar arvadını Cahandar ağanın qaçırdığını biləndə ondan qisas almaq istəyir. O, Cahandar ağanın ot tayalarını yandırır, atının quyruğunu kəsir, qızı Salatını qaçırır. Bu işdə ona yardımçı olan Həsən ağa Salatının Cahandar ağanın qızı olduğunu biləndə onu evindən qovur, qızı isə ailəsinə qaytarır. Bu düşmənçilik Cahandar ağanın Allahyarı öldürməsi ilə nəticələnir. Əsərin irəliləyən səhifələrində isə Cahandar ağa kazaklara qarşı mübarizə aparmalı olur. Maraqlısı budur ki, kazaklara qarşı mübarizədə Molla Sadıqla eyni cəbhədə qərar tutur. Yazıçı burada mövzunun torpaq, milli mənafe olduğu zaman insanların bir bayraq altında birləşməsini göstərir. Ümumilikdə isə əsərdə adət-ənənə, el qaydalarının təsvirinə geniş yer verilir. Romanın uğur qazanmasının əsas səbəblərindən biri də Cahandar ağanın taleyi fonunda bütöv bir epoxanın təsvir edilməsidir.

Cahandar ağa mühitinin bütün cəhətlərini özündə cəmləşdirən mürəkkəb, ziddiyyətli və güclü bir xarakterdir. Bəlkə də, bu obrazı bizə sevdirən məhz bu ziddiyyətdir. O ziddiyyət ki, biz hələ də Cahandar ağanın müsbət yoxsa mənfi qəhrəman olduğunu müəyyənləşdirə bilmirik. Kiminə görə bu obraz bacısının, atının, Allahyarın qatilidirsə, bir başqasına görə mərd, cəsur, öz ideallarına sadiq qəhrəmandır. İsmayıl Şıxlının da bir yazıçı kimi böyüklüyü bu məqamda özünü göstərir. O, yaratdığı obrazın müsbət yoxsa mənfi qəhrəman kimi dəyərləndirməsini oxucunun ixtiyarına buraxır. Hər oxucu isə bu obrazı öz həqiqəti ilə dəyərləndirir.

Aytac SAHƏD

 





19.04.2020    çap et  çap et