525.Az

“Ən isti təbriki dünyanın ən soyuq yerindən aldım” - Qulu Ağsəslə müsahibə


 

“Ən isti təbriki dünyanın ən soyuq yerindən aldım” - <b style="color:red">Qulu Ağsəslə müsahibə </b>

Bu gün tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin ad günüdür.

Mövcud pandemiyayla əlaqədar karantin rejimindən Qulu müəllimlə görüşüb söhbət edə bilməsək də, virtual məkanın yaratdığı imkanlardan istifadə edərək həm ad gününü təbrik etdik, həm də suallarımıza cavab aldıq:

“İndi bizim təklikdən təkliyə qapıldığımız günlərdir”

“Belə bir ifadə var, deyir “Sənətkar ömrü onun özünün içinin türməsidir”. Yəni biz istər-istəməz yazanda, özümüzə qapılanda ətraf aləmdən təcrid olunmağı bacarırıq. Bu, bizim xislətimiz, təbiətimizdir. Yanımızda istər yüz, istər min adam olsun, xüsusən qələm adamı təcrid olunmağı bacarır. Sadəcə işimiz, həyatımız belə gətirib ki, biz hər zaman qələbəlikdə olmuşuq. Ona görə də düşünürəm ki, bu günlər yazı adamı üçün elə də çətin olmamalıdır. İndi bizim təklikdən təkliyə qapıldığımız günlərdir. Hər kəsin yanında ancaq öz ailəsi var. Görünür ki, ailəyə ayırmadığımız vaxtı bu virus bizdən alır. Hamını ailəsiylə vaxt keçirməyə vadar edir.

Son zamanlarda bütün dünyada ekoloqlar qlobal istiləşmənin siqnallarını verirdilər. Bütün dünyada qlobal istiləşmə olduğu, günəş öz işini artıqlamasıyla gördüyü halda insanlar bir-birindən soyuqlaşıb. Bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Və bu paradoks bu virusu ortaya çıxartdı. Belə ki, deyilənə görə virus istidə məhv olur. Ona görə də gəlin, təkcə günəşin hərarətinə ümid bağlamayaq, özümüz də isti olaq. Sentimental hisslər yaşayan insanlara ki gülürdülər, humanizmi ki aparıb arxivə gömmüşdülər, bu virus bunların hamısının heyfini aldı. Virus bizə anlatdı ki, sənin amerikan, çinli, türk, rus, azərbaycanlı olmağının fərqi yoxdur, sən uzaqbaşı insan ola bilərsən. Virus yadımıza saldı ki, sən fövqəlbəşər deyilsən, məzlum, zavallı varlıqsan.

Baxın, hazırda bütün dünyanın suları durulmağa, səması təmizlənməyə doğru gedir. Heç vaxt rastımıza çıxmayan, “Qırmızı kitab”a salınan heyvanlar şəhərlərin parklarında, küçələrində gəzir. Bizim qəfəsə saldığımız heyvanlar indi çöldədirlər, insan isə qəfəsdədir.

Əlbəttə, bütün viruslar kimi, bu virus da ötüb keçəcək. Məni pandemiyadan çox, pandemiyadan sonrakı dövr maraqlandırır və narahat edir. İnsan unutqan varlıqdır. Mən çox istərdim ki, post pandemiya dövründə biz bu günləri unutmayaq, münaqişələrə son verək.

Bu günlərdə məni təlaşa salan müşahidələrimdir. İnsanlıq sanki iki yerə ayrıldı: pandemiyanı heçə sayanlar- onlar həddindən artıq optimistdirlər, eləcə də pandemiyanı olduğundan artıq qəbul edib, qorxanlar- bu da kütləvi psixoza gətirib çıxara bilər. Yəqin ki, pandemiya bitəndən sonra əsas iş nevroloqların üzərinə düşəcək. Mən istərdim qorxaqlar qorxularından bir az optimistlərə, optimistlər də cəsarətlərindən bir az qorxaqlara versinlər ki, müəyyən balans yaransın.

“Bu dönəmdə koronavirusla bağlı iki şeir yazmışam”

Yazıçı üçün bu günlər yazmağa fürsətdirmi, deyə bilmərəm. Çünki yazmaq üçün ruhi müvazinət deyilən bir şey var, o, yerində olmalıdır. Orda birazca əyilmə olanda yaza bilmirsən. Hər gün eşitdiyimiz xəbərlər, dünyanın harasında olursa olsun insan itkiləri, ölümlər bizim o müvazinəti əyir. Amma toparlanmağa çalışmalıyıq. Bu dönəmdə koronavirusla bağlı iki şeir yazmışam. Olsa bilsin ki, yenə yazaram. Çünki bilmirəm, bu hisslər, düşüncələr məni hara aparacaq. Ümumiyyətlə, mən hadisələrə ədəbiyyatın sonradan qiymət verməyinin tərəfdarıyam. Qarabağdan da illər sonra yazdım, bir vaxt sevmişəm, indi yazıram və sair. Amma bu anı da qaçıra bilmədim. Çünki bu, qərinədə baş verən hadisədir ki, gəlib bizim bəxtimizə düşüb. Əgər mən yadplanetli olsaydım, bu günlərdə Yer kürəsinə baxsam, elə bilərdim burda insan yaşamır. Böyük şəhərlərin 2-3 ay öncəki görüntülərinə və bu gününə baxanda bu nəticəyə gəlmək olur.

"Evdə bütün gücümüzü “Ulduz” jurnalına yönəltmişik"

Mart sayımız çıxıb, amma yayım mərkəzləri işləmədiyindən oxuculara çatdıra bilmədik, təəssüf ki. Məhəmməd Hadiyə həsr olunan sayımızı isə İnşallah çatdıracağıq. Aprel sayını hazırlamışıq, son tamamlama işləri gedir. Yəqin ki, bu həftə ərzində hazır olacaq və biz onu “pdf” formatında Azərbaycan Yazıçılar Birliyinin saytına qoyacaq, karantindən sonra da çap edəcəyik.

Bu günlərdə karantinlə bağlı yazılar da gəlir “Ulduz” jurnalına. Simran Qədimovun yazısı, Vəfa Mürsəlqızının “Paranoya” adlı hekayəsi, Həyat Şəminin və Vaisf Əlihüseynin şeirləri var, göndəriblər, biz də jurnalımızın səhifəsində paylaşmışıq. Koronavirus virus kimi artıq ədəbiyyatımızda da yayılmaqdadır.

Amma bu, elə də önəmli deyil. Məncə, Azərbaycan ədəbiyyatındakı əsas virus kütləvi yazmaqdır. Klavyaturada hərflərin yerini tanıyan, soldan sağa yazmağı bacaran hər kəs yazmaq sevdasına düşür. Bunların arasında uğur qazananlar var deyə, bu tendensiya artmaqda davam edir. Ədəbiyyat spesifik sahə olduğuna görə, mən kütləvi axının əleyhinəyəm. Hətta yaxşı yazanların belə çox, durmadan yazmağını istəmirəm. 

Evimdə mini studiya yaratmışam. “Ulduz”un sosial şəbəkələrdəki səhifələrində müxtəlif layihələr keçiririk. “Ulduzla şəkil”, ədəbiyyatla bağlı intellektual suallar, “şeir dinlə, şeir oxu”, yazıçıların “evdə qal” çağırışlarından ibarət “Evdə qal”, “Ulduzlu qonaqlar” layihələrimiz var. İki həftəyə yaxındır ki, mənim instagram profilimdə “Ulduz” jurnalının “Ulduzlu qonaqlar” layihəsi davam edir. Hər gün 20:00-da 1 saat ərzində bizim çox dəyərli ziyalılarımız, sənətçilərimiz bu verilişin qonağı olurlar. İspaniya, Almaniya, Türkiyə və sair ölkələrdən də qonaqlarımız olur. Amma təkcə sənətçilər deyil, ilk qonağımız həkim-nevroloq olmuşdu. O cümlədən, heç zaman ağlıma gəlməyən bir sənət sahibi də qonağımız oldu. Təyyarə bələdçisi Gülşən İslamlı sənəti haqqında çox maraqlı şeylər danışdı.

Beləcə hər vəchlə çalışırıq ki, insanlar evlərində darıxmasınlar, özlərini tənha hiss etməsinlər, depressiyaya qapılmasınlar. İnşallah, yəqin ki, may ayına karantin bitəcək. Amma biz “Ulduzlu qonaqlar” layihəsini davam etdirəcəyik. Bu, tamaşaçıların xahişidir. Bu layihə məni də ayaqda saxlayır, tənbəlləşməyə izin  vermir. 

“Bunu insanlıq borcu kimi yerinə yetirsək, tez qurtularıq”

Həbsxanada belə bir qayda var, əgər məhkum orda cinayət törədərsə işi uzanar, yox, özünü yaxşı aparar və qaydalara əməl edərsə, cəza müddəti qısala da bilər. Bunu indi özümüzə də tətbiq etməliyik. Bu gün biz sosial izolyasiya qaydalarına necə uyarsaq, virusla mübarizəmizin nəticəsi də elə olacaq. Bunun artıq Çin formulu var. Onlar ilk yoluxdular, onlar da sərt qaydalara tabe olub, tez zamanda xilas oldular. Bunu insanlıq borcu kimi yerinə yetirsək, tez qurtularıq. Şükür ki, sağalanların sayı da gün-gündən artmaqdadır.

Başa düşürəm, insanlar darıxır, sıxılırlar. Bahar heç gəlmədiyi qədər gözəl gəlib. Quşlar da həmişəkindən daha gözəl oxuyur. Hər şey insanı çölə çağırır. Amma biz hər şeyə rəğmən evdə oturmalıyıq. Baharın təbəssümünü evdə ailəmizin üzündə axtarmalıyıq. Baharı evimizə köçürək ki, həbs müddətimiz azalsın.

Mən Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri polislərimiz, həkimlərimiz heç olmadıqları kimi gərgin rejimində işləyirlər. Onlara kömək olmalıyıq.

"Ad günlərimi heç vaxt xüsusi bir gün kimi qeyd eləməmişəm"

Əgər imkan olsa, əslində, istərəm ki, ad günümdə tək olam. Ya da uzaqbaşı ailəm və iş yoldaşlarımla. İnsanları yığım, özümə xüsusi ad günü keçirim, heç vaxt ağlıma gəlməyib. İndi də adi ad günlərindən biridir. Heç bir xüsusi fərq yoxdur. Hətta bu gün tort da olmayacaq (gülürük).

Ən yaddaqalan və qeyri-adi ad günüm 2 il bundan qabaq oldu. Skandinaviya ölkələrindən birindən ad günümdə zəng gəlmişdi. Orda çox az sayda azərbaycanlı yaşayır. Mənə həmin gün video zəng elədilər, gördüm ki, gölün qırağında azərbaycanlılar yığışıb, mənim ad günümü qeyd edirlər. Ora elə bir yer idi ki, az qala Şimal qütbünə yaxın idi. Bu, mənimçün çox gözlənilməz olmuşdu. Ən isti təbrikimi dünyanın ən soyuq yerindən aldım. Belə bir şey heç ağlıma da gəlməzdi”.

Şahanə MÜŞFİQ

Qulu Ağsəsin koronavirusla bağlı şeirlərini təqdim edirik:                                                

Koronavirus dövrünün sevgisi

- Əgər doğrudan sevirsənsə,
şərtim budur:
çəkilək bir hücrəyə,
amma məndən uzaq dur ...
Sabun köpüyü partlatsın
qoxusu sarımsağın,
Kefli əllərin doqquz yazsın
on barmağı ...
Çölə çıxma!
Telefona baxma!
Darıxma!
... Başqa şərtlərin də olsaydı, kaş:
Maskasız olmazsa,
maska da olmasın,
Yas olmazsa,
ölüm də olmasın,
Toy olmazsa,
sevgi də …olsun!-
sözləri çıxsaydı dodağından…
Asacam özümü!-
şərt cümləsinin budağından… 

***

Zivələrindən
yaş əllər asılan –
Bakım!
Pakım!
Bu dəmdə:
quşlar səkidə gəzir
adamlar damda...
Çıxardı insanların bütün maskalarını
eyni maska taxdı cahana virus:
ağac – virus,
maşın – virus,
bina – virus,
bir yandan koronovirus,
bir yandan karantinavirus...
İlahi, özün bax –
ya eyvandan şəhər sal,
ya da küçələrə qanad tax!..

 





20.04.2020    çap et  çap et