525.Az

“Həsrət Yolu” Ümumdünya İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib


 

“Həsrət Yolu”  Ümumdünya İnsan Hüquqları Günü münasibətilə tədbir keçirib<b style="color:red"></b>

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 10 dekabr- Ümumdünya İnsan Hüquqları Gününün 65-ci ildönümü münasubətilə Mehdiabad qəsəbəsində tədbir keçirib.  İctimai Birliyinin sədri Esmira Orucovanın verdiyi məlumata görə, tədbiri keçirməkdə məqsəd Mehdiabad qəsəbəsində məskunlaşmış və insan hüquqları pozulmuş qaçqın və məcburi köçkünlərə, əsir-girovluqdan azad edilmiş, həmçinin ailə üzvləri hələ də əsirlikdə olan və itkin düşmüş şəxslərə baş çəkmək, onlara diqqət yetirmək, problemləri ilə yerində tanış olmaq və həllinə kömək etmək olub.

Tədbir çərçivəsində əsir-girovluqdan azad edilmiş şəxslərə və əsir-itkin ailələrinə ictimai birlik tərəfindən qeyri-ərzaq yardımı paylanılıb. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin baş məsləhətçisi Xəlil Vəliyev də iştirak edib. Sonda təşkilat adından beynəlxalq təşkilatlara müraciət qəbul edilib. Müraciətdə bildirilir ki, BMT-nin Baş Assambleyası 10 dekabr 1948-ci ildə ilk dəfə hamı və hər kəs üçün prinsipi ilə ümumbəşər mahiyyəti olan, geniş əhatə dairəsi üçün nəzərdə tutulmuş insan hüquqlarını müəyyən edən bir sənədi – İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul edib.

İrqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların ləyaqət və bərabərliyini təmin edən bu Bəyannamənin qəbul olunmasının 65-ci ildönümündə Ermənistanın xalqımıza qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 1 milyondan artıq soydaşımız hüquqları pozulmuş halda, öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub. 100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qoyularaq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 4035 nəfər soydaşımız itkin düşüb, 900 nəfərə yaxın soydaşımız şahid ifadələrinə əsasən əsir və girov götürülərək qarşı tərəfdə hüquqları pozulmuş şəkildə ağır fiziki və mənəvi işgəncələrə məruz qalaraq saxlanılır. Erməni əsir və girovluğunda beynəlxalq hüquq normalarına, konvensiyalara və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 1, 3, 4, 5 və 6 - cı maddələrinə zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani alçaldıcı hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş 1402 nəfərdən çox soydaşımız mənəvi-psixoloji gərginlik şəraitində yaşayır, onların 177 nəfəri uşaq (64 nəfər azyaşlı qız), 289 nəfəri qocadır (112 nəfər yaşlı qadın). Onlarla şəxs əsirlik dövründə məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə vəziyyətində qayıdıb. 150 nəfər (50 nəfər qadın) girovluqdan qayıtdıqdan sonra məruz qaldıqları mənəvi və fiziki iztirablara dözməyərək dünyasını dəyişib. 550 nəfər isə əsir və girovluqda qəddarcasına qətlə yetirilib ki, onların 104 nəfəri qadındır.

Dünyada Azərbaycanın mövqeyi dəstəklənsə də, BMT-nin Azərbaycanın işğal altındakı ərazilərinin vəziyyətinə dair 4 qətnaməsi-822, 853, 874 və 884 saylı qətnamələri qəbul edilsə də, İslam Konfransı Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə etsə də, təəssüf ki, hələ də bir nəticə yoxdur. Azərbaycanın maraqlarına xidmət edən qəbul olunmuş bütün qərarlar bu günə kimi kağız üzərində qalır və icra olunmur, nədənsə, dünya ictimaiyyəti də buna göz yumur.

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi İnsan Haqları Günündə beynəlxalq təşkilatları Ermənistandan əsir və girovlarımızın qaytarılmasını, itkinlərimizin taleyinə aydınlıq gətirilməsini tələb edir və 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinin müddəalarını kobudcasına pozduğuna görə işğalçı dövlətə qarşı sanksiyaların tətbiq olunmasına çağırır.

Qeyd edək ki, müraciət Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşliq Təşkilatına, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə ünvanlanacaq.

 

 





10.12.2013    çap et  çap et