525.Az

“Adam sonradan musiqiçi olmur, musiqiçi doğulur” - Müsahibə


 

İBRAHİM BABAYEV: " MƏN HİSSLƏRİMİ PEŞƏKARLIĞA QURBAN VERMİRƏM"

“Adam sonradan musiqiçi olmur, musiqiçi doğulur” -<b style="color:red"> Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar...


O, Azərbaycan musiqisini və öz yaradıcılığını dünya brendinə çevirmək iddiasındadır. Söhbət gənc tar ifaçısı İbrahim Babayevdən gedir. Rubrikamızın budəfəki qonağı da odur. İbrahimlə söhbət zamanı bir çox maraqlı məsələlərə toxunduq. Oxusanız, peşman olmazsınız.


"...ona olan sevgimi sözlərlə ifadə etmək mənim üçün çətindir"


- İfalarınızı sosial şəbəkələrdə paylaşmağa nə zamandan başlamısınız?

- Sosial şəbəkələrdən uzun müddətdən bəri istifadə etməyimə baxmayaraq, yaradıcılıq işlərimi yaxın bir il ərzində paylaşmağa başlamışam. Düşünürəm ki, bu platformalar gördüyümüz işləri üzə çıxarmaq üçün bir şansdır. Ona görə də, sosial media tək mənim yox, bütün yaradıcı insanların fəaliyyətində mühüm yer tutur.



- Tar sənətinə olan marağınız nə vaxtdan yaranıb?


- Bu sual mənə hər ünvanlananda böyük bir həyəcanla cavab verirəm. Uşaqlıq illərimdən tara, musiqiyə qarşı xüsusi marağım olub. Orta məktəb dərslərimdə uğurlu olsam da, məni ən çox dünya səviyyəsində tanınan bir musiqiçi olmaq istəyi cəlb edirdi. Həmişə böyük səhnələrdə çıxış etmək arzusunda olmuşam. Məncə, adam sonradan musiqiçi olmur, musiqiçi doğulur. Musiqi elə fəlsəfi bir düşüncədir ki, ona olan sevgimi sözlərlə ifadə etmək mənim üçün çətindir.

"Dərslərdən qaçıb tarda ifa etməyi öyrənirdim"

- Ailənizdə sizdən başqa musiqiçi varmı?

- Atam həm tarda, həm də pianoda ifa etməyi bacarır. Amma musiqi sahəsində fəaliyyət göstərmir. Məni də balaca vaxtlarımdan fortepiano təhsili almaq üçün musiqi məktəbinə yazdırıblar. Bəlkə bu, mənim musiqi zövqümün formalaşmasında böyük rol oynayıb. Amma hər dəfə dərslərə ağlaya-ağlaya gedirdim. Hərdən dərslərdən qaçıb tarda ifa etməyi öyrənirdim. Axırda bir yolla evdəkiləri də tar ifaçılığı təhsilini almaq üçün razı saldım.



"Hərdən yorğunluqdan ağlayırdım"

- Bir çox yerlərdə ölkəmizi təmsil etmisiniz və gənc olmağınıza rəğmən uğur qazanmısınız. Bu mərhələyə çatmaq üçün nələrdən keçmisiniz?

- Musiqi məktəbini bitirəndən sonra Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olundum. Həmin il - 2012-ci ildə Ulu öndər Heydər Əliyevin 90 illik münasibətilə keçirilən Respublika müsabiqəsində birinci yerə layiq görüldüm. Bu illərdə Özbəkistana müsabiqədə iştirak etmək üçün getmişdim. Beynəlxalq müsabiqədə 45 ölkə içərisində tarda ifa etdiyim milli musiqi ilə birinci yerə layiq görüldüm. Bu, həm mənim, həm də Azərbaycan musiqisinin uğurudur. 2017-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatına layiq görülmüşəm. Bu uğurlar məni dünya səviyyəsində musiqiçi olmaq istəyimə çatmağa ruhlandırır. İstədiyimə çatmaq üçün bütün həyatımı musiqiyə həsr etməyə hazıram. Elə olub ki, qaranlıq otaqda saatlarla musiqi ilə məşğul olmuşam. Hərdən yorğunluqdan ağladığım vaxtlar da olub (gülür). Amma heç vaxt vaz keçməmişəm. Hazırda ali təhsilimi də davam etdirirəm. Azərbaycan Dövlət Konservatoriyasının dördüncü kursunda təhsil alıram və bundan sonra magistratura pilləsinə də qəbul olacağam.

- Tar sənətinin elə bir xüsusiyyəti varmı ki, bunu mütləq hər bir ifaçı bacarmalıdır?

- Məncə, hər bir ifaçının özünəməxsus xüsusiyyəti var. Tar sənətində müəyyən texniki məşğələlər var ki, onu bütün ifaçılar bacarmalıdır. Digər məsələlər hiss etməklə və tərzlə bağlıdır. Bu da hər musiqiçidə fərqli olur.



- Məşhur tarzənlərimizdən kimlərin ifasını dinləyirsiniz?


- Ən çox rəğbət bəslədiyim tarzənlər Hacı Məmmədov və Əhsən Dadaşovdur. Klassik tar ifaçılığına daha çox maraq göstərirəm. Elə öz müəllimlərim - Ağasəlim Abdullayev və Ələkbər Ələkbərovdan da klassik tar ifaçılığının sirlərini öyrənmişəm.

"Heç kimi müşayiət etmək istəmirəm"

- Kimləri müşayiət etmək istəyərdiniz?

- Əslində, heç kimi müşayiət etmək istəmirəm (gülür). Çünki həmişə solo ifaçısı olmaq istəmişəm. Amma müşayiət etdiyim sənətçilər də olub. Dünya səviyyəsində keçirilən tədbirlərdə Fərqanə Qasımova və Qoçaq Əsgərovla birlikdə çıxışlarım çox olur. Ona görə ki, onların musiqi zövqü bəzi qaydalarımdan kənara çıxmağa icazə verir. Qoçaq Əsgərovun fikirlərimin formalaşması və solo ifaçılıq karyeramda çox böyük əməyi var.



"Milli musiqiləri özünəməxsus şəkildə ifa etməyə çalışıram"

- Gənclərin tar sənətinə və ifalarına olan biganəliyindən tez-tez gileylənirlər. Sizcə, bu, nədən qaynaqlanır?


- Məncə, gənclər bir o qədər də mara qsız deyil. İfalarımı yaşlı nəsildən daha çox gənclər sevirlər. Bəzən sosial şəbəkələrdə canlı yayım zamanı da bunun şahidi oluram. Yəqin ona görə ki, ya mənim ətrafımdakı gənclər zövqlüdür, ya da onlara uyğun tərzdə çıxış edirəm. Gənc nəslə milli musiqini ötürmək üçün müasir görkəmin və ifanın da rolu var. Tarda milli musiqiləri zövqlü və özünəməxsus şəkildə ifa etməyə çalışıram.
 

"Mən hisslərimi peşəkarlığa qurban vermirəm"

- Tarda ifa etdiyiniz musiqilər ürəyəyatımlı alınır. Hər biri də ayrı-ayrılıqda dəyərli mahnılardır. İfaları seçməkdə sizə kömək edən olur, yoxsa özünüz seçirsiniz?

- İçimdə hansı musiqini duyuramsa, onu da ifa edirəm. Bu məsələdə heç kimdən kömək almıram. Motsart deyir ki, nə ilə ifa etməyinin fərqi yoxdur, əsas odur ki, o ruhu insanlara çatdırasan. Çox vaxt çalışıram ki, dinləyicilərlə musiqinin ilk ifa etdiyim versiyasını bölüşüm. Çünki ilk ifada olan duyğular da fərqli olur. Ola bilsin, ilk dəfə ifa edəndə texniki səhvlər olur, ancaq mən hisslərimi peşəkarlığa qurban vermirəm. İndi danışdıqlarımı ikinci dəfə danışmaq istəsəm də, eyni səmimilik yaranmaz.



- Öz bəstələdiyiniz mahnılardan "Portret" ifanızla tanışıq. Başqa mahnılarınız da varmı?


- "Portret" əsərim hələ ki, böyük kütlə arasında məşhur deyil. Amma ümid edirəm ki, yetərincə tanınacaq. Yaxın günlərdə "The portrait" adlı CD albomum işıq üzü görəcək. Cızma-qara etdiyim bir sıra əsərlərim var, amma onları dinləyici qarşısına çıxarmaq istəmirəm. Məncə, hələ o musiqilər yetişməlidir.

"Karantin dövrünü öz xeyrimə çevirməyi bacarmışam"

- Bir çox sənətçilər bu günlər onlayn konsertlər verirlər. Siz karantin günlərini necə dəyərləndirirsiniz?

- Müxtəlif səhifələrdən və öz hesabımdan canlı yayımlar edirəm. Karantin dövrünü öz xeyrimə çevirməyi bacarmışam. Bu müddətdə mənə və milli musiqiyə bələd olmayanlara yaradıcılığımı daha çox göstərməyə çalışıram. Nə qədər ki, insanlar evdədir, onları incəsənətə daha yaxşı cəlb edə bilərik. Bu günlər yalnız səhnə üçün darıxıram. İşlərdən geri qalan vaxtımı isə səmərəli dəyərləndirməyə çalışıram.

"Azərbaycan milli musiqisini və öz yaradıcılığımı dünya brendinə çevirmək arzusundayam"

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Plan qurmağı sevirəm, çünki bu, uğurun yarısıdır. Ona görə də plan quranda bunu bir-iki il üçün nəzərdə tuturam. Bütün fikirlərimizi komanda üzvləri - produser Rəşadət Fərzəliyev, pianoçu Pərviz Məmmədov və ritm alətləri ifaçısı Vəfadar Ramizlə birlikdə paylaşırıq. İdeyalarımız həyata keçəndən sonra dünya səviyyəsində səfərlərə də dəvət alacağımızı düşünürəm. Təbii ki, hər şey düşündüyümüz kimi olmaya da bilər. Yenə də hadisələrə yaxşı tərəfindən baxmağı sevirəm. Azərbaycan musiqisini və öz yaradıcılığımı dünya brendinə çevirmək arzusundayam.

Günel ABBAS

 





22.04.2020    çap et  çap et