525.Az

Nifrətin mühakiməsi - Mir Çingiz Ağazadə yazır


 

Nifrətin mühakiməsi - <b style="color:red">Mir Çingiz Ağazadə yazır</b>

İnsanların sevmək hüququ var. Eşqini platonik, yaxud qarşılıqlı sərgiləmək onun öz seçimi və haqqıdır. İnsanlığa yönəlik hüquq bəyannamələrindən tutun, ta bəşəri dəyərlərdən dəm vuran istənilən fəlsəfi ideya məcmularınadək bir çox sahədə bənzər fikirlərlə rastlaşa bilərsiniz.

İnsanların sevişmək haqqı var. Bura təcavüzkar, yaxud təvazökarca alternativləri əlavə etməsək, təbii, həmin sevişmə haqqı barəsində də oxşar ideya və fikirlər görə bilərik.

İnsan sevirsə - nəzəriyyə, sevişirsə - praktikadır. Hər iki seçimin dəstəklənməsinə rəvac verən situasiya çoxalma instinktidir. Bir davranış bəşəriyyətin instinktiv ehtiyaclarını ödədiyi qədər dəstəklənir, zidd olduğu qədər rədd edilir.

Fəqət, son vaxtlar, min illərdən bəri insanların bir-biriylə mübarizə aparıb, təbii seleksiya süzgəcindən keçməsində əsas vasitə olan nifrət - əməllicə düşmən toplamağa başlayıb.

Nifrətə qarşı nifrət nitqi...

Məlum nitqin əsas müddəalarından birincisi və ən əsası şiddətdir.

“Nifrət varsa, şiddət də var və belə şiddət təcavüzkarlıqla nəticələnir”. Halbuki nəzəriyyədə həmin iddianın doğruluğuna dair, az qala, heç bir örnək tapmırıq.

Misal üçün, düşmənlərimizə nifrət edir, onlarla mübarizə aparırıq. Ancaq şiddət mübarizənin harasındadır?
Şiddət kəşf edildikdə onun sevgiyə xas olmadığını nədən bilirik və şiddəti hansı əsasla tənqid edirik?
Məgər ana pişik balasını qorumaqçün, son anda caynaqlarına arxalanmırmı? Sevdiyimizi əldə etmək uğrunda bəzən qəddarca davranmırıqmı? Özünümüdafiə instinktiv reaksiya deyilmi? Eyni prinsiplə, niyə qorunmaq naminə şiddətə yönələ bilmərik? AxıŞ bütün hücumlar qorxudan törəyir.

Beyinqurcalayan suallardır. Çünki bizə sülh aşılanıb. Feilin bütün zamanlarında döyüşə qarşı nifrət oyadılıb və iddia edilib ki, müharibə ancaq nifrətdən doğur. Nifrət və eşq yerin qütbləri kimi zidd anlayışlardır. Hərçənd, belə mülahizə yürüdənlər planetimizin məhz həmin qütblər sayəsində həyata yiyələndiyini diqqətdən qaçırır. Çıxdığımız yolun elə zaman dilimi yoxdur ki, hansısa köşəsində Dostoyevski, Nitşe, Karako, Şopenhauer kimi fikir adamları müharibənin vacibatından bəhs etməsin.

Vur ki, vurulmayasan! Vurulmaq – daim eşq nişanəsi deyil! Eros öz oxlarıyla intihar etmişdi çünki. Zamandan rədd cavabı aldığı üçün.

Nifrətin yolverilməzliyini aşılayanlarla razılaşmadığımız təqdirdə aqressiya ilə üzləşirik. Lakin həssas təpki bu baxış bucağının özünü də dolaşığa salır.

“İnsanlar sadəcə sevməli və hörmət etməlidir. Çünki nifrət qadağandır”.
Sizi and verirəm Allaha, mənə deyin görüm, kim uydurub bu yalanı? Sevdiyini manyakca qətlə yetirən xəstə təfəkkürlü adamlarla eyni dünyanı bölüşdüyümüzü unutduqmu?

İlahi və insani müşahidə altındayıq. Di gəl, İlahinin qayəsi məlumdur, lakin insanların niyyətinə bələd deyilik. Fanat ordusu içində milyonlardan ibarət vampir sürüsüylə üzbəüz dayanmışkən, kiminsə Məsihi təqlid etməsinə dözmək mənasızdır. Axı, fırıldaqçıları dünyanın istənilən nöqtəsində, istənilən məcəllə qibləsinə görə rahatlıqla cəzalandırmaq mümkündür. Məgər Cinayət Məcəlləsi də nifrətin təzahürü deyilmi; xaosa qəzəb, nizama sevgi? Yeri gəlmişkən...

Qəzəb – nifrətin üstünlük dərəcəsidir.

Nifrət – eşqin immun sistemidir.

Bu hissi ram etməyi bacarmayanlar “imtina” etməklə kifayətlənir. Çünki nifrətsizlərin qəbuletmə kimi lüksü yoxdur. Baxmayın siz Mövlanə, Ərəbi, Qəzzali kimi şəxsiyyətlərə. Belə dühaların ən şiddətli nifrəti Allahdan qeyrisinə ünvanlıdır – Yoxluğa.

Nifrət tərəzinin o biri gözündən götürüləndə, insanın aşiqliyi havadan asılı qalır.

...Günəş buludlara təslim olur. Yağışın mülayim rayihəsi burnumuzu acışdırır. Rəngarəng küçələrə tuşlanmış evlərin pəncərələri taybatay açılır və qəfildən, “əksəriyyət” adlı insan kütləsi nifrətin bətnində nəhəng bir yarıq açır. Sonra bu yarıq böyüdükcə böyüyür və nəhayət, dünyaya elə əcaib ideyalar gəlir ki, əqidə axtarışına çıxmış milyonlarla şəxs liberal xarüqələr dəryasında yeni körpənin səsindən kar olmağa başlayır. Təbiri uyğundursa əgər, müasir bəşəri dəyərlər kompasın qütblərindən birini sıradan çıxarmaq şərtilə, vəhdət yaratmaq eşqinə düşüb. Amma və lakin belə eşqin özü də dayaq nöqtəsi olmayan şübhədən fərqsizdir...

Konfutsi deyərdi ki, ya bir yol aç, ya bir yol çək, ya da yoldan çəkil. Bəs çəkilməyənlər necə? Onları aradan qaldırmaq şiddət hesab oluna bilərmi?

 

 

 





22.04.2020    çap et  çap et