525.Az

Anamın yorğanı - Esse


 

Anamın yorğanı - <b style="color:red">Esse</b>

Varımız, dövlətimiz sözdü, bilirəm ki, yaradıcı insan pulunu itirməyə razı olar, yazdığı yazını yox! Elə mən də. Amma itirdim, bu dəcəllərin ucbatından, bir az da öz günahımdan. Şeir olsa işim tamam müşkülə dirənərdi, ikinci cəhdim necə alınacaq bilmirəm, başlayaq, ya qismət...

Xatirələr, xüsusən də uşaqlıq çağlarıyla bağlıdırsa, bütün ömrünü, həyatını zəbt edir, fikrini daim məşğul edir, beynində dominant ocaq əmələ gətirir bir sözlə. Ha istərsən unudammazsan, çəkər səni canına, qarışqa şirniyə uyduğu kimi alışarsan ona. Nə artar, nə azalar, amma elə hey danışmaq istəyərsən. Yaddaşımı arada bir varaqlayıram mən də, orda nə tapsam qiymətlidir, təzədir, insanı ömrün yaz vaxtına, atalı-analı çağlarına bağlayan gözə görünməz tellərdir xatirələr...

Bax yenə xatirələr...
Bir az naxoş, bir az xoş
Yenə o saf uşaqlıq...
Bir az quru, bir az yaş
bir ağ duman, ağ bulud
arxasından boylanır.
Susayır dodaqlarım...
Ah, nainsaf uşaqlıq...

Kəndin şəhərdən çox fərqi var, biri də kənddə mal-qara saxlanmasıdı. Mən də gözümü açandan həyətimizdə inək, buzov, qoyun-quzu görmüşəm. Qoyunları, xüsusən körpə quzuları çox sevirdim, ayaqlarını yuyub gətirirdim evə, öpürdüm, sığallayırdım, xırda, qıvrım yunu necə gözəl idi!.. Sonralar biləndə ki, quzuların dərisinə görə həyatlarına qəsd olunur, sarsıldım. Dərsdən gələndən sonra kitablarımı da götürüb qoyunlarımızı otarmağa aparırdım, onlar Kür çayı ilə kəndlərin arasına çəkilmiş bəndin yamyaşıl sinəsinə dağılıb şirin-şirin otlayır, mən də dərslərimi öyrənirdim. O vaxt indiki kimi Avropaya zada "inteqrasiya" etməmişdik, bu da uşaq əməyinin istismarı sayılmırdı. Tək mən yox, qonşu uşaqları da bu, ya başqa formada ev işlərinin qulpundan tutur, böyüklərə kömək edirdilər, dərslərini də yaxşı oxuyurdular. Bu işlər həm də uşaqlara məsuliyyətli olmağı öyrədirdi. O vaxtın adamları yaxşı bilir, aranda yaşadığımızdan hələ dərs ilinin əvvəlində yuxarı sinif şagirdlərini düz iki aydan artıq pambıq yığımına aparırdılar, məktəblər də bağlanırdı. Bir də ikinci rüb başlayanda qayıdırdıq, dərsləri də çatdırmalı olurduq və çətin də olsa öhdəsindən gəlirdik...

... Bilən bilir, qoyunu ildə iki dəfə qırxırlar və bunun bir dəfəsində güzəm, digərində  yun əldə edilir. Amma anam qoyunlarımızı ildə bir dəfə, həm də özü qırxırdı, çünki bu zaman yun daha uzun, sıx və keyfiyyətli olurdu. Sonra anam yunu yuyur, qurudur, çırpır, didir və bundan yorğan-döşək salır, sap əyirib boyayaraq özümüz üçün xalça-kilim toxuyurdu. Bir də yun corablar toxuyurdu anam, rəngbərəng, qalın və yaraşıqlı...
Anamın saldığı yorğan-döşək pərqu kimi yupyumşaq olurdu, onların arasında xüsusi komfort, rahatlıq hiss edirdi adam... Qonaq üçün ayrıca yatacaq dəstləri salırdı anam, hə, bir də o zaman mələfədən az istifadə edirdilər, ona görə də Novruz Bayramı gələndə ev-eşik atılıb dərindən təmizlənir, yorğan-döşəklərin də üz-astarı çıxarılıb yuyulurdu. Eh, o vaxt bu işlər bir başqa dad-tam qatırdı bayram ovqatına, adamlar bayrama bir ay qalmış işə başlayırdılar, həyət-baca, ev-eşik təmizlənir, ağacların gövdəsi əhənglə yarıyadək  ağardılırdı... Baharın gəlişilə təbiət kimi evlər, həyətlər, hasar və darvazalar da görkəmini dəyişir, yenilənir, gözəlləşirdi!..

... Hərdən anamgilə gedib gecəni onunla qalırdım, İlahi, bu balaca, qom ev mənə iri saraylardan geniş və rahat gəlirdi..! O zaman artıq bizim də hündür evimiz var idi, qardaşım tikdirmişdi, amma anam gündüz o evdə yaşasa da, gecəni öz evində yatırdı. O geniş otaqlar bu kiçik otaqların yerini vermirdi, öz toxuduğu xalçanın üstə oturub iki gözlü elektrik peçinin qabağında "yırtıq-yamaq" edir, yatanda da özünün dəmir, yaylı çarpayısında yatırdı... Mən gedəndə anam çarpayısını mənə verir, özünə isə yerdə, xalçanın üstündə yer salırdı. Artıq olan yatacaqlar yükə yığılır, qonaq gələndən-gələnə istifadə olunurdu. Bir yorğanı vardı anamın, onu çox sevirdim, anam da o qədər yatacağın içindən bir tək onu çıxarıb sərirdi üstümə. Üzü-astarı saya qırmızı və güllü sətindən olan bu yorğan sanki özündə bir ayrı enerji saxlayırdı. Nə qədər çalışsam da, yorğan üstümə "yapışmırdı", əzilmirdi, amma isti idi, əsəbləri sakitləşdirən xüsusi ətri də vardı, anlaya bilmədiyim qarışıq bir qoxu idi nəsə, təmiz parça və yun qarışıq bir iy gəlirdi, onu yuxuya gedənədək üzümə sıxıb çoxlu-çoxlu iyləyirdim, hər dəfə də çox qəribə hisslər çulğayırdı içimi. 
 
... Uşaqlıqdan nə qalırsa safdı, pakdı, təmizdi. O yorğan anamdan sonra necə oldu, bilmirəm, amma anam kimi onu da unutmadım, üşüyəndə üstümə çəkdim, yorulanda bağrıma basıb anamın ətrini aldım ondan. Anladım ki, əşyalar da əziz, unudulmaz ola bilir, elə anaların özləri kimi...

... Kola ilişib qaldı,
Toza bulaşıb qaldı.
Ha səslədim gəlmədi.
Üfüqün o üzündə
Tülə ilişib qaldı.
Qaldı gözümdən uzaq,
Könlümə yaxın yerdə...

Bir nəfəsdə bitirdik.
Bir həvəsdə, bir səsdə
Bir atəşdə bitirdik...
əlimizdə nə qaldı... -
bir xəfif xatirələr,
Bir insafsız uşaqlıq...

 





22.04.2020    çap et  çap et