525.Az

Google Drive, Dropbox kimi bulud saxlancları nə qədər güvənlidir? - Araşdırma


 

Google Drive, Dropbox kimi bulud saxlancları nə qədər güvənlidir? - <b style="color:red">Araşdırma </b>

“Təxmin etdiyim kimi, biz Vebi hələ tam görməmişik. Gələcək hələ də keçmişdən çox daha böyükdür.” 

– Tim Berners-Li (Ümumdünya Hörümçək Torunun banisi) 

Bu gün sahib olduğumuz kompüter, telefon və ya planşet, habelə, demək olar ki bütün evlərdə görülən məişət əşyaları və, hətta, evlərin öz daxili strukturlarında (çox zaman belə evləri “ağıllı” yaxud ingiliscə eyni mənaya gələn “smart” evlər adlandırırlar) belə gördüyümüz İnternetin 1 yanvar 1983-də yaradılışından bəri, modern texnologiya qarşısıalınmaz bir sürətdə inkişaf edir.  

Bu inkişafın “meyvələrindən” biri də bulud saxlama texnologiyalarıdır. İndiki zamanda, insanlar bu texnologiyalar vasitəsilə müəyyən məlumatlarını USB fləş kart və ya xarici hard disk kimi daşınmalı olan qurğular yerinə özlərinə məxsus olan elektron məkanlara yükləyə bilirlər. Hətta, Statista.com saytının 2020-ci il üçün verdiyi qrafik məlumata əsasən, təxminən 2 milyard 309 milyon insan bulud saxlanclarından istifadə edir. 

Təəssüf ki, bir çox texnoloji innovasiyalar kimi, bulud saxlancları da bəzi insanlarda narahatçılıq doğurur. 

Bulud saxlanclarının tam olaraq nə olduğuna gəlincə isə, onlar müəyyən informasiyaları onlayn şəkildə depolamaq və bu informasiyaları lazım olduqda əldə etmək, başqaları ilə paylaşmaq və s. məqsədlər üçün istifadə olunan texnologiyalardır. 

Bu texnologiyalar, nəinki fərdi şəxslər, həmçinin şirkətlər tərəfindən də istifadə olunur. Faktiki olaraq, baş mərkəzi Teksas ştatında yerləşən Spiceworks şirkətinin 8 mart 2016 tarixində nəticələri açıqlanan araşdırmasına əsasən, təşkilatların 93 faizi ən azı bir bulud xidmətindən istifadə edir.  Beləliklə, bu texnologiyalar hamı üçün nəzərdə tutulmuşdur. 

Bulud saxlanclarının bəzi insanlarda narahatçılıq yaratmasının səbəbi isə budur ki, məntiqi nöqteyi-nəzərdən baxıldıqda, bu texnologiyalar fiziki olaraq sizin “əllərinizdə” deyil. Yəni, məlumatlarınız kağız kimi toxunulan və hiss edilən bir yerdə depolanmır. Bu məlumatları evinizdə olan hər hansı fləş kart və ya xarici hard diskə yükləmirsiniz. Məlumatlarınızı kilometrlərlə uzaqda olan şirkətlərə göndərirsiniz və həmin məlumatların məxfi saxlanılması bu şirkətlərin məsuliyyətidir. 

Təbii səbəbləri ilə yanaşı, insanlarda narahatçılıq yaradan digər bir faktor bulud saxlanclarının daşıdığı risklərdir.  

Məsələn, kiberkriminallar saxlanclarda depolanan faylları, ya həmin faylların bağlı olduğu akkauntların şifrələrini qırmaqla, ya da onları təxmin edərək (“qwerty” və ya “123456” kimi təxmin edilməsi çox asan olan şifrələrdən istifadə edən kifayət qədər insan var) ələ keçirə bilərlər. Techcrunch.com xəbər saytının verdiyi məlumata əsasən, Avqust 2014-də 100-ə yaxın qadın məşhurların şəkilləri İnternetə yayılmış və bu şəkillərin Apple şirkətinin bulud servisi iCloud-dan sızdırıldığı iddia edilmişdi. 

İddianın doğru olmadığı, sadəcə, həmin məşhurların öz akkauntlarına asan şifrələr qoymuş olduğu və bu yolla şəkillərinin sızdırıldığı bəzi şəxslər tərəfindən söylənsə də, təqdir edərsiniz ki, iddianın böyüklüyü bir çox insanı bu servisləri istifadədən çəkindirmiş olması yetərincə mümkündür. 

Əvvəl qeyd edilən riskləri ilə yanaşı, bulud saxlanclarının bir çox faydaları da mövcuddur. 

Məsələn, sizə aid olan bir çox informasiyanı heç bir vəsait ödəmədən onlayn şəkildə depolaya bilərsiniz, və, həmçinin, İnternet bağlantınız olduğu müddətcə hər zaman və hər yerdən bu depolanan məlumat(lar)ınızı əldə etmək imkanınız var. Əgər hər hansı bir səbəbdən müəyyən məlumatlarınızı itirsəniz, (həmin məlumatları əvvəlcədən depoladığınız halda) onları bu saxlanclar vasitəsilə geri əldə edə bilərsiniz. 

Həmvətənlərimizin də fikrini öyrənmək məqsədilə, araşdırma qrupumuz 15-25 yaş aralığında olan 107 azərbaycanlı ilə bu mövzu haqqında sorğu apardı.

Sorğuda iştirak edən 107 azərbaycanlıdan 25-i bulud saxlanclarına tamamilə güvəndiyini və heç bir riski olmadığını düşündüyünü bildirdi. 56 nəfər isə bulud saxlanclarına güvənsə də riskləri olduğu fikrində idi. Qalan 26 nəfər isə bulud saxlama texnologiyalarına ümumiyyətlə etibar etmədiyini qeyd etdi. 

Beləliklə, araşdırmada yararlanılan resurslar və sorğuda iştirak edən həmvətənlərimizin də fikirləri nəzərə alınaraq demək olar ki, bulud saxlancları ümumiyyətlə güvənlidir, amma onları qüsursuz adlandırmaq olmaz. Məxfiliyinizlə bağlı çox böyük narahatçılıqlarınız yoxdursa, bu texnologiyalardan yararlana bilərsiniz.

Başçılıq etdiyim tədqiqat qrupunun üzvləri Fərid Ramazanov, Xəyalə Musazadə, Vahid Rəşidli və Nailə Əhmədovaya bu araşdırmaya verdikləri böyük töhfələrə görə onlara təşəkkürlərimi çatdırıram.

Əli MƏMMƏDXANOV 

 





22.04.2020    çap et  çap et