525.Az

"Ən çətin müştəriyə kitabı özüm aparıram" - Şahbaz Xuduoğlu ilə müsahibə


 

"BU DÖVR İNSANLARIN YADDAŞINDA TAM FƏRQLİ RƏNGDƏ, TAM FƏRQLİ BİÇİMDƏ QALACAQ"

"Ən çətin müştəriyə kitabı özüm aparıram" - <b style="color:red">Şahbaz Xuduoğlu ilə müsahibə </b>

Bir aydır ki, ölkədə karantin rejimi elan olunub. Bir çox iş yerləri bağlanıb, insanlar onlayn şəkildə işlərini davam etdirirlər.

Evdə qalmaq vaxt bolluğuna, vaxtın bolluğu isə müəyyən zamanlarda darıxmağa səbəb olur. Darıxmağın qarşısını alan əsas vasitələrdən biri isə, şübhəsiz, kitabdır, mütaliədir.

İnsanların bu günlərdə mütaliə faizinin artdığı müşahidə olunur. Buna görə də onlara bu gün kitab əvvəlkindən daha çox lazımdır.

Uzun illərdən bəri Azərbaycanda insanların kitab ehtiyacını ödəyənlərdən biri "Qanun" nəşriyyatıdır. Əvvəlki kimi, indi də nəşriyyat məhz bu ehtiyacı ödəmək üçün iş başındadır.

Bu gün onlayn şəkildə fəaliyyətini davam etdirən nəşriyyatın direktoru, yazıçı, tərcüməçi Şahbaz Xuduoğlu hətta kitab sifarişlərini ünvanlara özü çatdırır. Eyni zamanda, Şahbaz bəy sosial şəbəkə hesablarından videolar, canlı yayımlar paylaşaraq insanlarla ünsiyyətdə olur, onlara kitablar tövsiyə edir, suallarını cavablandırır.

Biz də bu günlərdə Şahbaz Xuduoğlu ilə əlaqə saxlayıb, bütün bunlar və digər məsələlərlə bağlı həmsöhbət olduq:
 

- Şahbaz bəy, karantin elan olunsa da, siz işləyirsiniz. Bu, ən çox sizin işinizə həvəsinizdəndir, yoxsa insanların kitaba?

- Biz 1/3 tərkiblə işləyirik. Çalışırıq ki, kitab çatdırmaları edək. Yeni bir vəziyyətdir. Bu vəziyyətin şərtləri ağırdır. Hələ ki, öhdəsindən gəlirik. Kitab oxuyanların sayı artıb.

- "Qanun"un işçiləri bəs necə, karantindədirlər, yoxsa onlar da gəlirlər işə?

- İşçilərimizin çox böyük hissəsi evdə qalır, amma kitab çatdırılması ilə məşğul olanlar işdədirlər. Eyni zamanda çalışırıq ki, işimizi online, internet üzərindən quraq. Əsas işçilərimizlə də bu şəkildə əlaqə saxlayırıq. Amma əməkdaşlıq etdiyimiz çox adam evdən işləyir-tərcüməçilər, redaktorlar, hətta kitab dizaynerləri də.

- Uzaq məsafələrə kitab sifarişlərini özünüz çatdırırsınız. Bu zamanda nələr müşahidə edirsiniz? Bu günlərdə maraqlı hadisələr də yəqin az olmur.

- Ümumiyyətlə, karantin elan olunan ilk gündən mən bütün kollektivlə söhbət etdim və vəziyyəti dəyərləndirdik. Onda dedim ki, ən çətin müştəriyə, ən uzaq yerə kitabı özüm aparacam. Hələ ki, sözümün üstündə dururam. Maraqlı müşahidə odur ki, sifarişlər daha çox Badamdardan gəlir və Milli Məclisin yaxınlığına sifariş edirlər. Amma gedəndə bəlli olur ki, evləri Teleqüllədən də o tərəfdədir. Ümumiyyətlə, özümçün Badamdarı kəşf elədim bu dönəmdə. Orda çox böyük villalar, evlər, küçələr, məhəllələr varmış, sən demə. Bir sifariş isə tam qeyri-adi oldu. Mənə link atmışdı və naviqatorla ünvana doğru hərəkət edirdim. Getdim, bu naviqator məni Badamdar qəbiristanlığına apardı. Girişdə şlaqbaum var idi. Yaxınlaşan kimi öz-özünə açıldı. Sən demə, qəbiristanlıq Badamdarın ən son nöqtəsi imiş. Ondan sonra Bayılın üstündəki yamac gəlir. Qəbirlərin arası ilə gedirəm, ancaq nə bir insan var, nə də bir ev. Qəbiristanlığın sonuna çatdım, gördüm ki, böyük bir qreyder yol düzəldir. Qreyderin böyük cüssəli sürücüsü kabinədən başını çıxarıb dedi ki, burdan o tərəfə yol yoxdur. Amma mənim naviqatoruma görə sifarişçi bax elə o ətrafda olmalı idi. Məsələnin pis olan tərəfi o idi ki, sifarişçinin telefonu cavab vermirdi. Birdən telefon səsi eşitdim. Dönüb səs gələn tərəfə baxdım. Təzə qəbir üstündə üzü tüklü, bükülmüş halda bir nəfər oturmuşdu. Mən özüm də çaşdım ki, yəni həqiqətən də kitabı sifariş verən odurmu. Yaxınlaşıb sual verməyə özümdə cəsarət tapmadım...

Əslində, maraqlı deməzdim. Yeni təcrübələr qazandım bu günlərdə. Biz insanlara daha yüksək xidmət yolunu öyrənməliyik. Demək olar ki, kitab apardığım hər kəs məni tanıyırdı. Özümün kitab çatdırmağım oxucuların çox xoşuna gəlir.

- Sizcə də, bu pandemiya və karantin insanları kitaba yaxınlaşdırdı?

- Əlbəttə, öz təcrübəmizdən bunu görürəm. Hər gün iki-üç çatdırma edirəm. Əsasən sifarişçilər gənclərdir. Hətta onların arasında azyaşlılar da var. Sifariş olunan kitablarla artıq sifarişçinin xarakteri müəyyən olur. Bu mənada bəzən onlarla rahatlıqla ünsiyyət qurub, nələrisə müzakirə edirik.

- Bu günlərdə insanlar daha çox hansı kitabları sifariş edirlər?

- Daha çox motivasiya, özünüinkişaf kitablarını sifariş edirlər. Bu arada uşaq kitablarının da satışı xeyli artıb.

- Bir neçə gün öncə canlı yayımla insanlara nələri oxumalı sualına cavab verdiniz. Maraqlıdır, ondan sonra sifarişlər dəyişdimi? Adlarını çəkdiyiniz kitablara maraq necə oldu?

- Dərhal nəticəsi olur. Haqqında danışdığın, məlumat verdiyin kitablar diqqət görür. Bəzən mənə kitab tövsiyəsi ilə bağlı yazırlar, mən də məmnuniyyətlə onlara geniş izahat verirəm. Ümumiyyətlə, istəyirəm ki, oxucularla daha intensiv, daha interaktiv əlaqədə olum. Onlarla oxu mübadiləsi edək, kitablar haqqında söhbətlər təşkil edək. Bu, həm seçim etməyə, həm də hər hansı bir kitab haqqında müəyyən bir qənaətə gəlməyə kömək edir.

- Bir neçə gün ard-arda günlük müşahidələrinizi şəhərdən reportaj kimi yazdınız Feysbukda. Amma axır günlərdə bunu görmürük. Niyə dayandırdınız?

- Əslində, paylaşmadığım günləri də yazmışam. Amma vaxt edib qol-budağını düzəldib, Feysbuka qoya bilmədim. Mən şəhərdə maşınla hərəkət edirəm. O gündəliklər də həmin o ritmlə yazılır. Çalışıram təkrar olmasın. Həm də yazdıqlarımla insanların özünütədric şəraitində onlar üçün bir panoram yaratmaq istəyirəm. Hər gün gördüklərini təsəvvürlərində canlandırmaq fərqli bir yanaşmadır.

- Bunları yazarkən gördüyünüz, amma müəyyən səbəblərdən yazmadığınız, ya da yazıb sildiyiniz hadisələr oldumu heç?

- Əlbəttə, olub. İnsanların əhvalını korlayan, onların indiki durumuna ağırlıq gətirən məqamlarolanda yazmamağa çalışıram. Bəzən də yazıb, sonra silirəm.

- Sizcə, bu pandemiya insanlarda nəyi dəyişəcək?

- İlk növbədə münasibətlər sistemi dəyişəcək, biznes aləmində çox böyük dəyişikliklər baş verəcək. Pandemiyaya qədər zəngin olan bəzi insanlar, ondan sonra müflis də ola bilərlər. Dəyərlər sistemində dəyişiklik baş verəcək. İnsan faktoru önə çıxacaq. İnsanlıq yenidən dəyər qazanacaq.

- Dünyanın, əsasən də Bakının bu günləri sizə hansı əsərləri xatırladır?

- Karantin yeni elan olunanda mən "İbn Sina" filminə baxdım. Eyni zamanda, əlimdə Əlif Şəfəqin "Ustam və Mən" əsəri vardı. Orda bir səhnə var, İstanbulun pandemiyaya qarşı dirənişi haqqında. Amma bu pandemiyanın yayılma üsulu mənə daha çox "Korluq" əsərini xatırlatdı. Axı orda da hər şey bir nəfərin kor olmasıyla başlayır və bütün ölkənin korlaşmasıyla nəticələnir. Hərşey çox qısa zamanda və çox sürətlə baş verir. Bir anlıq təsəvvür edin. Hər kəs kordur. Kor insana nə lazımdır? Ona işıq lazım deyil, ona heç yaşayış yeri də lazım deyil. Ona sadəcə bir şeylazımdır - yemək. Və itlər ulaşan bir şəhərdə insan sürüsü bir qarın yemək axtarır... Kamyunun "Taun", Markesin "Vəba günlərində eşq" - bu əsərlər əslində, pandemiyanın dəhşətindən bəhs edir, onun necə qorxunc düşmən olması haqqındadır.

- Bir naşir kimi dünya ədəbiyyatını yaxından izləməkdəsiniz. Pandemiyanın ədəbiyyata ciddi təsiri olacaqmı, sizcə?

- Belə hadisələr ədəbiyyata və incəsənətə həmişə təsir edib. Məncə, insandan yazan ədəbiyyat nümunələri çoxalacaq. Təsəvvür edin ki, 42 gün evdən bayıra çıxmayan insanlar var. Mən belə ailələri tanıyıram. Baş çəkdiklərim də var. Asan deyil. Bu, istər-istəməz özünütədric, həm dəözünüyaratmağa gətirib-çıxarır. Məhz bu səbəbdəndir, sosial şəbəkələr arxiv fotolarıyla dolub, hər kəs xatirə janrında yazır. Kədərlidir hər gün pəncərədən canlı həyata tamarzı nəzərlərlə baxmaq. Kədərlidir, ən yaxın insanları həm də virus daşıyıcısı kimi görmək. Və ən qorxuncu odur ki, sən o virusu kiməsə aparıb ötürəsən. Bu dövr insanların yaddaşında tam fərqli rəngdə, tam fərqli biçimdə qalacaq.

Şahanə MÜŞFİQ

 





25.04.2020    çap et  çap et