525.Az

“Qavaldaş” festival-müsabiqəsi: dünyanın hər yerindən musiqiçilər Azərbaycana təşəkkür edir!


 

“Qavaldaş” festival-müsabiqəsi: dünyanın hər yerindən musiqiçilər Azərbaycana təşəkkür edir!<b style="color:red"></b>

COVİD-19 koronovirus pandemiya infeksiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi gənc istedadları sevdikləri “Qavaldaş” zərb alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin festival-musabiqəsində iştirak etmək sevincindən məhrum etməyə səbəb deyil!

Artıq üçüncü ildir ki, Azərbaycanın hər bir yerindən gənc istedadları toplayan festival-musabiqənin təşkilatçıları məhz belə qərar verdilər. Məhz buna görə, təşkilatçısı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi olan müsabiqə bu il onlayn platformada keçirilir. Azərbaycanın milli ritm sənətini layiqincə təmsil edən, musiqi mədəniyyətinin inkişafında, mədəni irsimizin qorunmasında əvəzolunmaz rolu olan, səsi qərinələrdən süzülüb gələn qədim zərb musiqi aləti olan nağara ilə xalq lap qədim dövrlərdə həyatın hər anında, təbiətdə mövcud olan hər bir səsdə ritmin olduğunu bəşəriyyətə çatdırmağa çalışmışdır. Daş dövründə yaşamış insanlar tarix və mədəniyyətimiz üçün müstəsna əhəmiyyətə malik olan Qobustan Dövlət Tarix-Bədii Qoruğu Muzeyinin ən maraqlı abidələri sırasında olan böyük qaya parçası qavaldaşdan zərb musiqi aləti kimi istifadə ediblər.Qədim zərb musiqi aləti “Qavaldaş”ın çağdaş zərb musiqi alətlərində səsləndirmək istəyi də “Qavaldaş” festival-müsabiqənin yaranmasına təkan oldu. Köklərimizə qayıdış, birlik və bərabərlik simvolu olan “Qavaldaş”dan ilhamlanaraq keçirilən festival-müsabiqə gənc nəslin musiqi dili ilə bəşər mədəniyyətinin ilkin ruhunu müasir dövrdə canlandırmağa sövq etdi. Festival-musabiqə ilk dəfə 2018-ci ildə təşkil edilib. Bu layihənin müəllifi və rəhbəri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadədir. Tədbirin əsas məqsədi xalq zərb alətlərinin, o cümlədən nağaranın musiqi ənənələrinin canlandırılmasıdır.

“Xalq zərb alətlərində ifa ənənələrinin canlandırılması mənim ücün çoxdan aktual bir mövzu idi, nağarada ifaçılığın bütün gözəlliklərini, ən əsası isə təcrübəli ustadların və virtuozların bu alətdə ifa sirlərini gənc nəslə ötürməyin vacibliyini göstərməyi çox istəyirdim. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan və şərq mədəniyyətinə aid olan musiqi alətlərinin ifası və nümayişi, Azərbaycanın bütün istedadlı musiqiçilərinin, musiqi məktəblərinin və ali təhsil müəssisələrinin müəllimlərinin, eyni zamanda Heydər Əliyev Fondunun bu sahədə böyük təbliğatı və beynəlxalq aləmdə işinin uğurudur. Onların əməyi sayəsində musiqi sənətimiz qorunub saxlanılacaq, Azərbaycan xalqının musiqi mədəniyyətinin bənzərsiz gözəlliyi beynəlxalq səviyyədə bizə dünya şöhrəti gətirəcəkdir.Musiqi sənətimizi, musiqi alətlərimizi qorumağımızdan qürür duyuruq.Buna görə də qərara gəldik ki, gələcək “Qavaldaş” müsabiqəsində milli zərb alətimiz nağarada hər bir beynəlxalq iştirakçının ifası təqdim edilsin, beləliklə, o bütün dünyada təbliğ olunar, həmçinin ayrıca bir nominasiyada məcburi bir proqram olaraq Azərbaycan xalq musiqisinin və ritmlərinin müəyyən hissələri ifa edilsin” - Firuzə Sultan-zadə müsahibəsində qeyd etdi.

Bu il təşkilatçılar zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin I Beynəlxalq onlayn festival-müsabiqəsini təşkil edərək müsabiqənin əhatə dairəsini genişləndirmək qərarına gəldilər. Təşəbbüs digər ölkələr tərəfindən də təqdir olundu və dəstəkləndi.

““Qavaldaş” hamımıza əla bir onlayn-məkan təqdim etdi, öz milli mədəniyyətimizi tanıtmaq, iştirakçı ölkələrin xalq zərb alətlərinin çalğı sənəti ilə tanışlıq və ən əsası yeni dostlar qazanmaq imkanı verdi” - bu sətirlər festival-müsabiqənin xarici iştirakçılarından birinin məktubundandır. Bu il, özünü təcrid günlərində, hamımız evdə oturanda, “Qavaldaş” festivalı dünya xalqlarının parlaq səsləri və ritmləri ilə həyatımıza daxil oldu. Festivalın şüarı “Evdə qal, ritmdən qalma!”ruha və zamana və müsabiqənin özünə tam uyğundur! Özbəkistandan "Barkamol Avlod" uşaq məktəbinin direktoru Tamarkhon Mirsaqatova qeyd edib.

“Müsabiqənin təşkilatı üçün sizə minnətdarıq! Aramızda məsafə olsa da birlikdəyik. Gənc nəslin ünsiyyət qurması, dostluq etməsi, fərqli mədəniyyətləri mənimsəməsi çox vacibdir. Düşünürəm ki, tezliklə bütün problemlər aradan qaldırılacaqdır. Hamıya sağlamlıq, firavanlıq və məqsədə çatmağı arzulayıram. Bütün uşaqlar gözəldilər və hamısı öz sənətlərində möhtəşəmdirlər. Görüşənədək” Minsk musiqi məktəbinin müəllimi Aleksey Zemlyakov bildirib.

7-30 aprel tarixlərində baş tutan festival-müsabiqədə Azərbaycanın hər yerindən, eyni zamanda İsveçrə, Malayziya, Türkiyə, Rusiya, Belarusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistandan 150 gənc ifaçı, əsl peşəkar artist kimi, yenə də öz yaradıcılığı ilə bizi sevindirməyə hazırdır! Müsabiqə musiqi məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin tələbələri arasında dörd yaş qrupu üzrə (7-11, 12-16, 17-21 və qarışıq yaş kateqoriyası) keçirilir.

Festival iştirakçıları hər hansı bir milli və müasir zərb alətində (nağara, qoşa nağara, baraban, litavra, tambur, bonqos, djembe, kahon, darbuk, konqa, dohlak, ksilofon) fərdi və ya kollektiv olaraq ifa etmək istedadlarını nümayiş etdirir və ifasının videosunu müsabiqənin rəsmi elektron poçt ünvanına göndərirlər.

Hər yaş kateqoriyası üzrə qaliblər kubok və diplomlarla təltif ediləcək, həmçinin bütün iştirakçılara serifikatlar təqdim olunacaqdır. Firuzə Sultan-zadənin sözlərinə görə, ümumilikdə 20 mükafat və iki Qran-prinin verilməsi planlaşdırılır.

İştirakçıları Azərbaycan, İsveçrə, Türkiyə, Özbəkistan, Ukrayna, Tacikistan, Belarusiyanın zərb alətləri ifaçıları, xalq və əməkdar mədəniyyət və incəsənət xadimləri, müəllimlərdən və yaradıcı qrupların rəhbərlərindən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirir.

Onların arasında – Xayrullo Dadoyev (Tacikistan) - ənənəvi tacik çərçivə baraban doyra ifaçısı. Doyranı virtuoz çalma texnikası sayəsində Xayrullo təkcə vətənində deyil, xaricdə də çoxsaylı festivalların konsertlərin məşhur iştirakçısı olub: Almaniya, Niderland, Fransa, Hindistan, Çin, Kuveyt, Oman, Dubay, Qətər, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycan. 2019-cu ildə ilk dəfə dünyanın ən böyük çərçivə zərb alətləri Tamburi Mundi (Almaniya) festivalına dəvət olunub və burada əsl sıçrayış edib. Hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olur və bütün dünyada fəal çıxış etməyə davam edir.

Efraim Zaltsman (İsveçrə) uşaqlıqdan musiqiyə, xüsusən də zərb alətləri və dünya alətləri sahəsinə həvəs göstərir. Efraim, gənclərin musiqidə öz yerlərini tapdığı bir musiqi platforması olan “Spillerüm Naters”ın yaradıcısı və direktorudur. 2006-cı ildən etibarən dərs deyir, kurslara rəhbərlik edir və musiqi təcrübəsini paylaşır. İnkişaf yönümlü musiqidə bir sənətçi olaraq İsveçrənin müxtəlif müəssisə və məktəblərində çalışır, insanlara ritm və səsi duymağı öyrədir, yaradıcılığını və özünü ifadə etməsini təşviq edir. Efraim 5 Qitə Festivalının Qlobal Mükafatının və Kultur Prize -Mədəniyyət və Musiqiyə xüsusi töhfə mükafatının sahibidir.

Deniz Vasilyev (Ukrayna) - musiqiçi, bəstəkar “Baraban3A” Musiqi aləti tarixi muzeyinin direktoru, “Sound Art Space” musiqi alətləri iştirakçılarının art rezedenturası proqramının direktoru, “Baraban 3A” qrupu və çalma məktəbinin yaradıcısı və bədii rəhbəri, “Çervono Ruta” orijinal Ukrayna falklor janrı ümumukrayna festivalının Birinci mükafatı laureati.

Vohobjon Tursunov (Özbəkistan) - peşəkar doyra ifaçısı. Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının məzunu. Musiqi fəaliyyətinə Özbəkistanın çox məşhur mədəniyyət və incəsənət xadimləri ilə başlıyıb, xalq artistləri Yıldız Osmanova və Nəsibə Abdullayeva ilə qastrol səfərlərində çıxış edib. O, Özbəkistan və bütün Avropa ölkələrində, eləcə də Amerika, Afrika, Çin, Türkiyə və bir neçə dəfə Azərbaycanda qastrol səfərlərində olub, çıxışlar edib.

Kamran Kərimov (Azərbaycan) - nağara üzrə ustad, Asəf Zeynallı adına Musiqi kollecinin və Bakı Musiqi Akademiyasının məzunu. 1998-ci ildə Fikrət Əmirov adına “Zərb alətləri” müsabiqəsinin laureatı olub. Dünyanın bir çox ölkəsində müxtəlif musiqi qruplarında çıxış edib. Fəaliyyətdə olan virtuoz ifaçı və Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi, 2015 –ci ildə “Əməkdar Artist” fəxri adını qazanıb.

İsgəndər Ələsgərov (Azərbaycan) – zərb alətləri ifaçısı, Moskvada keçirilmiş "12-ci Ümumdünya Gənclər" festivalının diplomantı, Oktau şəhərində keçirilmiş "Xəzər Dəniz Dostluğu" festivalının "Qran Pri" mükafatının sahibi, Bakıda keçirilmiş "Rock Panarama" festivalının diplomantıdır. "Şən və hazırcavablar" (Parni iz Baku) komandası ilə çalışıb, komanda ilə birgə "20-ci əsrin komandası" tituluna layiq görülüb. Dünyanın bir çox ölkəsində vətənimizi təmsil edib. 2015-ci ildə “Əməkdar Artist” fəxri adına layiq görülüb. Hal-hazırda Rəşid Behbudov adına Dövlət mahnı teatrında çalışır.

Eyni zamanda Azərbaycandan iştirakçıları nağara ifaçısı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov və nağara ifaçısı Bakı Xoreoqrafiya Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi Azər Məlikov qiymətləndirirlər.

“Hər kəsi iştirak etməyə dəvət edirik. Biz birlikdə daha güclüyük, evdə qal, ritmdən qalma!

Sevinc Cefer

 





25.04.2020    çap et  çap et