525.Az

Dominant və zəif ölkələr - Telman Orucov yazır


 

Dominant və zəif ölkələr - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr 

(Əvvəli ötən şənbə sayımızda)

Erkən XX əsrdə isə Birləşmiş Ştatların köməyi ilə Panama kanalı tikildi. Kanal Panama dövlətinin mülkiyyəti olsa da, işləməsi ABŞ-ın böyük təsiri altında idi və o, rəqib dövlətlərə kanaldan istifadə imkanını bağlaya bilər.

Malakka və Hörmüzd boğazları dəniz ticarətində əsas təbii keçid olaraq qalırlar. Hörmüzd boğazına, əsasən, İran nəzarət edir, Omanın və Birləşmiş Ərəb Əmirliklərinin boğaza şərik olmasına da məhəl qoymur. Son illərdə Səudiyyə Ərəbistanı ilə münasibətlər kəskinləşdikdə, İran boğazı blokadaya alacağı ilə hədələmişdi.

Malakka boğazı Hind okeanı ilə Sakit okeanı birləşdirir, əgər Hörmüzd boğazı əsasən dünya neft ticarəti üçün böyük əhəmiyyət kəsb edirsə, dünya ümumi dəniz yolunun 50 faizi Malakkada cəmlənmişdir. 

Son vaxtlar Arktika "qısa yolu" uğrunda mübarizə start götürmüşdür. Bu yol çox iri məbləğə başa gələcəkdir. Lakin Süveyş və Panama kanallarından istifadə xərci daha bahadır. Təkcə onu göstərmək kifayətdir ki, Panama kanalına girmək üçün hər gəminin lövbər salıb gözləməsi orta hesabla 150 min dollara başa gəlir.

Arktika yolu ilə Avropadan Asiyaya keçmək üçün səfər vaxtı indiki 31 gündən 21 günə qısaldılacaqdır. Panama və Süveyş kanalların bir mənfi cəhəti, onlardan çox iri tonnaja malik olan gəmilərin keçə bilməməsidir. Arktika yolunda isə bu məhdudiyyət olmayacaqdır. Həmin kanallardan keçə bilməyən gəmilər indiyədək Vasko da Qamanın açdığı yolla, Xoş Ümid burnunu dolanıb keçməklə Avropadan Çin, Yaponiya və Cənubi Koreya kimi Asiya ölkələrinə üzür, çünki onlar qabaritinə görə əllə yaradılan kanallara sığmırlar.

Rusiyanın fövqəldövlətə çevrilmək ambisiyalarını görən ABŞ güman edir ki, Arktika yolunun böyük hissəsinin onun ərazisinin yaxınlığından keçdiyinə görə Rusiya bu amildən də istifadə etməyə çalışacaqdır. Rusiya ilə müqayisədə ABŞ-ın hərbi üstünlüyünə baxmayaraq, SSRİ-nin varisi olan bu ölkə ən yeni silahlar vasitəsilə öz hərbi qüdrətini möhkəmləndirməklə, öz siyasi və hərbi mövqelərini saxlamaqda davam edir. ABŞ-ın illik hərbi büdcəsi Rusiyanınkından on dəfə çoxdur. Amerika okeanın o tayındakı ölkələrdə 766 bazaya malikdir, 200 min amerikan əsgəri həmin ölkələrdə yaşayır. Bəzi Avropa şəhərlərinin küçələrində amerikan hərbçiləri yerli sakinlərə nisbətən daha çox gözə dəyir.

Dominant və zəif ölkələr

Qüdrətli dövlətin ilk əlaməti iqtisadiyyatdan başlayır. Çünki möhkəm iqtisadi baza qısa müddətdə onu hərbi relslərə keçirməyə şərait yaradır. İkinci Dünya müharibəsində Amerika iqtisadiyyatında gedən səmərəli transformasiya Müttəfiqlərə hərbi texnika, sursat və materiallarla nəhəng yardım göstərilməsində mühüm rol oynadı, almanlar və yaponlar üzərində qələbənin yaxınlaşmasına şərait yaratdı. Hansısa bir dövlət böyük iqtisadi və dənizçilik qüdrətinə yiyələndikdə, onunla rəqabət aparmaq çox çətinləşir. Fövqəldövlətə çevrilən dövrdə Britaniya proqressə görə dünyanın ona borclu olduğu barədəki qənaətə gəlmişdi: Britaniya buna məhz Sənaye inqilabına görə nail olmuşdu və qonşu rəqiblərindən, xüsusən Niderlanddan iqtisadi sahədə çox irəli getməklə aralanmışdı.

Britaniya, Sənaye inqilabının başlandığı həmin XVIII əsrdə Fransanı məğlub edib, özünü dünya fabriki kimi qurdu və böyük iqtisadi gücə yiyələndi. Bundan xeyli əvvəl isə İngiltərə yun manufakturalarını inkişaf etdirmiş, Avropanı yun parça və paltarla təmin edən ölkəyə çevrilmişdi. Yun ən çox tələb olunan xammal olduğuna görə ölkədə qoyunçuluq iti sürətlə inkişaf etdirilirdi, baronlar otlaq əldə etmək üçün kəndli ailələrini öz yaşayış yerlərindən köçürürdülər. Böyük mütəfəkkir Tomas Mor XVI əsrdə yazırdı ki, qoyunun ayağı dəyən qum parçası qızıla dönürdü. O, kəndlilərin zorla köçürülməsi prosesinə biganə qalmayıb, bu dəhşəti "qoyunlar adamları yeyir" kimi ifadə edirdi. XVIII əsrin 60-cı illərindən isə manufakturalar maşınların köməyi ilə istehsala keçdi və sənayeləşmənin bünövrəsi yarandı. Fövqəldövlətə çevrilən Böyük Britaniya XIX əsrdə iqtisadi və hərbi güc hesabına öz müstəmləkələri ilə kifayətlənməyib, dünyaya ağalıq etmək iddiasına düşdü.

İngilis tacirləri kommersiya inhisarından varlanırdılar, malları ucuz alıb, yüksək qiymətlərlə satırdılar. Napoleon ingilisləri "dükançı millət" adlandırırdı. İri məbləğdəki mənfəətlər ölkənin sənayeləşməsinə investisiya şəklində qoyulurdu və müstəmləkələr əsir bazarlar kimi xidmət edirdi. Donanma iki dəfə böyüdü və İngiltərə başlıca dəniz dövlətinə çevrildi.

Maşınların köməyi ilə istehsal, mexanikləşmə Britaniyanı sənaye məhsulları üzrə qlobal təchizatçı etdi, ölkə beynəlxalq ticarətin liderinə çevrildi və özünə heç bir rəqib tanımadı.

Dominant ölkələr çalışırlar ki, qonşuları zəif və yoxsul olsun. Bu strategiya əsasında danışıqlar guya qarşılıqlı fayda götürməyə xidmət etsə də, qüdrətli dövlətlər istənilən bölgüdə, məşhur təmsildə deyildiyi kimi, "şir payına" sahib olurlar. Yoxsul dövlətlərin belə şəraitdən qaçması da elə asan deyildir.

Peloponnes müharibəsi də (b.e.ə. 431-404-cü illər) münaqişəyə qayıtmaq nümunəsi idi. Afina demokratiyası Sparta oliqarxiyasına tam zidd idi. Toqquşma iqtisadi rəqabət üstündə meydana gəldi, hansı ki, 14 il əvvəl bu iki dövlət "30 illik sülh" barədə müqavilə imzalamışdı. Sparta yarımadada dominant olaraq qalacaq, Afina isə öz dəniz qüvvələrini inkişaf etdirəcəkdi. Belə görünürdü ki, Afina Aralıq dənizi üzərində ağalıq etmək istəyir, bu isə Spartanı narazı salmaya bilməzdi. Afina həm də Delos Liqasından Persiya müdaxilələrinə qarşı müdafiə vasitəsi kimi istifadə edirdi. Ümumi fonda isə Liqa üzvlərindən nəhəng məbləğdə daxil olan pul  Afinanın sərəncamında olurdu. Lakin Liqa yaranandan 25 il sonra, b.e.ə. 453-cü ildə koalisiyanın bəzi üzvləri Afinanın tələb etdiyi təzminatı verməkdən imtina etdi. 

Peloponnes müharibəsinə cəlb olunduqda Afina öz donanmasını və xeyli torpaqlarını itirdi, taxılla təchizatında çətinliyə düşdü. Spartalılar afinalıları çörəyin çatışmamasından aclığa məruz qoydu və şəhəri mühasirəyə aldı. Afina özünün müharibədən əvvəlki iqtisadi potensialını itirdi. Şəhər viran qaldı və yoxsulluq regiona hakim kəsildi.

Peloponnes Liqası üzvlərinin əksəriyyəti Persiyadan borc pul götürməyə məcbur edildi və bu, persiyalıların öz tarixi düşmənləri üzərində qələbə qazanmasına səbəb oldu. Ticarət də xeyli geri atıldı, həlak olanların çoxluğuna görə tarlalarda işləməyə işçi qüvvəsi də yox idi.

Həmin müharibənin acı dərsləri bu gün də öz əhəmiyyətini itirmir. Müharibənin təşəbbüsçüləri başqalarını haqlayan uğursuzluğun bir gün onların da qapısını döyəcəyini yaddan çıxarmamalıdırlar.

1871-ci ildə Prussiya ilə müharibədə Fransa, bu müharibəni Bismarkın şantajı nəticəsində onun özü başlamışdı, acı məğlubiyyətə düçar oldu, prezident III Napoleon Sedanda prussiyalılar tərəfindən əsir götürüldü. Versal sarayının Güzgülü salonunda birləşmiş Almaniya dövləti yarandı və Prussiya kralı I Vilhelm Kayzer - alman imperatoru, Bismark isə Almaniya kansleri elan olundu. Varlı fransız əyalətləri olan Elzas və Lotaringiya məğlubiyyət haqqı kimi Almaniyaya verildi, ölkəyə ağır təzminat qoyuldu və bu, Parisdə iğtişaşlara səbəb oldu və qısa ömürlü Paris Kommunası hakimiyyətə gəldi.

"Bismark sistemi" adlanan ittifaqlar vasitəsilə Fransa izolyasiyaya uğradıldı və Üçüncü Fransız Respublikası meydana gəldi. Bismarkın strategiyası praqmatik idi, bu görkəmli siyasi xadim hər cür mənəvi dəyərləri kənara atan "Realpolitik"in ixtiraçısı idi. 1890-cı ildə yeni imperator II Vilhelm Bismarkı baş nazirlikdən uzaqlaşdırdı. Almaniyanın rəqabətdə qalib gəlmək yanğısı və ekspansiya ambisiyaları bu vaxt böyüyürdü və bu, Birinci Dünya müharibəsinə aparan yola çevrildi.

Liqalar, ittifaqlar nə qədər çətinliklə yaransa da, onların sökülməsi, azacıq da olsa, dağılması ciddi problemlər yaradır. Avropa İttifaqı 1993-cü ildə dünyaya gələndə Böyük Britaniya onun üzvlüyünə keçsə də, başqa üzvlərdən fərqli olaraq özünü müstəqil aparmağa çalışdı, ittifaqın yeganə valyutası olan avronu qəbul etməyib, öz valyutası olan funt sterlinqi saxladı. İngiltərə hökumətləri Avropa İttifaqının möhkəmləndirilməsi üçün heç nə etmir, özünü ittifaqın problemlərinə münasibətdə yad kimi aparırdı. Nəhayət, Britaniyanın Avropa İttifaqından ayrılması məsələsi qalxdı və ölkədə keçirilən referendum "breksit" adlanan bu tədbirin lehinə səs verdi. Onun qatı tərəfdarlarından biri London meri Boris Conson idi, lakin seçkiləri uduzduğuna görə vəzifəsindən uzaqlaşmışdı. Tereza Meyin başçılıq etdiyi hökumət təşkil olunanda Conson Xarici İşlər naziri oldu və sonralar İttifaqdan ayrılmada baş nazirin zəif hərəkət etdiyini əsas gətirib, nazir vəzifəsindən istefa verdi. Meyin özü istefa verdikdə isə partiyadaxili demokratik qaydalar əsasında Conson baş nazir seçildi və o, 2019-cu il 31 oktyabrına qədər heç bir sövdələşmə olmasa belə, İttifaqdan İngiltərənin çıxacağını vəd etdi. Bu isə bəzi ekspertlərin rəyinə görə, İngiltərə iqtisadiyyatına ağır ziyan vuracağı ilə yanaşı, ölkə ərazisinin parçalanmasına da səbəb ola bilərdi. Şotlandlar Böyük Britaniyadan ayrılmaq və Avropa İttifaqında qalmaq istəyirlər. 5 oktyabr 2019-cu ildə Şotlandiyada bu məqsədlə 100 minlik mitinq keçirilmişdi. Consonun hərəkətləri müxalifətin ciddi qəzəbinə səbəb oldu və onun vəzifədən getməsi tələbləri səsləndi. Parlamentin işinin əsassız olaraq dayandırılıb, onun kanikula göndərilməsini məhkəmə qanunsuz hesab etdi. İşə başlayan parlamentin iclasında Conson özünü Prometeyə bənzətdi, yunan mifologiyasının qəhrəmanı insanlara odu bəxş etdiyinə görə Qafqaz dağlarında qayaya mıxlanmış və qartal hər gün gəlib, onun bərpa olunan qaraciyərini dimdikləyib yeyirdi. Boris Conson isə breksitin necə iqtisadi və sosial problemlər yaradacağını, əhalinin maddi vəziyyətinin pisləşəcəyini, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşəcəyini nəzərə almır, öz inadkarlığını davam etdirirdi. Onun ziyan verəcək breksit variantının həlli sahəsindəki fəaliyyəti ilə Prometeyin qəhrəmanlığının heç bir əlaqəsi yoxdur və natiq bu vaxt olduqca uğursuz paralelə əl atmışdı.

Conson barədə Ezopun bir təmsili yada düşür: dolaşa uçan vaxt qartalın şığıyıb sürüdən quzunu caynaqları ilə götürüb göyə qaldırdığını görəndə, onun əməlini təkrar etmək istədi. Şığıyıb sürüyə yaxınlaşanda quzunun balaca olduğuna görə qoçu götürüb qaçmağı qərara aldı. Göydən aşağı enib, bir qoçun bədəninə zəif caynaqlarını soxmaq istədikdə, onlar qoçun yununa ilişdi, ordan xilas ola bilmədi və ağzı aşağı qoçun böyrünə sallandı. Çoban onu azad edib ayaqlarını bağladı və evinə, uşaqlarına gətirdi. Övladları bunun nə olduğunu soruşduqda, ataları dedi ki, bu quş dolaşadır, ancaq özünü qartal hesab edir. Özünü Prometeylə müqayisə edən Conson da gülünc lovğalığı ilə həmin dolaşanı yada salır.

Britaniya parlamentinin müqaviməti nəticəsində Consonun planları baş tutmadı və inadkarlığının əbəs olduğu qənaətinə gəlməklə, breksitin 2020-ci ilin 31 yanvarınadək təxirə salınması barədə onun xahişi ilə Avropa İttifaqı razılaşdı. Fakt orasındadır ki, Conson ruhdan düşmədi, breksit uğrunda mübarizəsini daha güclü qaydada davam etdirdi və onun səyləri öz parlaq nəticəsini verdi. 12 dekabr 2019-cu ildə keçirilən parlament seçkilərində başçılıq etdiyi Mühafizəkarlar partiyası inandırıcı qələbə qazandı və ümumən 650 yerdən 365 parlament kürsüsü və ya əsas rəqibi olan Leyboristlər partiyasından 1,8 dəfə artıq yer əldə etməyə nail oldu.

(Ardı var)

 





26.04.2020    çap et  çap et