525.Az

1920-ci ilin 28 aprelinə bu günümüzdən bir baxış - Müsahibə


 

SUALLARA TARİX ELMLƏRİ DOKTORU SOLMAZ RÜSTƏMOVA-TOHİDİ CAVAB VERİR

1920-ci ilin 28 aprelinə bu günümüzdən bir baxış - <b style="color:red">Müsahibə </b>

Tanınmış alim və fədakar tədqiqatçı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi milli tariximizin 28 aprel 1920-ci il səhifəsilə bağlı bu günlərdə "Azadlıq" radiosundan ünvanlanan suallara verdiyi bu cavabları sosial şəbəkədə paylaşıb.

Mövzunun aktuallığını və S.Rüstəmova-Tohidinin bu yöndəki düşüncələrinin maraq doğurmasını nəzərə alaraq, sözügedən sualları və alimin cavablarını diqqətinizə çatdırırıq.
 

- Məhəmməd Əmin Rəsulzadənin diliylə deyilsə, "böyük faciə"nin - bolşevik işğalının 100 illiyi tamam olur. Sizcə, bu qanlı tarix niyə unudulmamalıdır?

- 28 Aprel 1920-ci il həqiqətən faciəvi tarixdir. Belə ki, o zaman dövlətçilik tariximizdə ilk milli müstəqil Azərbaycan dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyulub, azərbaycanlıların müsəlman Şərqində ilk dəfə tamamilə yeni dəyərlər sisteminə - dünyəvilik, demokratiya, millilik, bərabərlik, qanunilik və digərləri - əsaslanan ilk hüquqi respublika qurması prosesi dayandırılıb, işğal zamanı və sonrakı illərdə Azərbaycan əhalisinin müxtəlif zümrələri saysız fiziki, maddi, mənəvi itkilərə məruz qalıb. Milli-Azərbaycançılıq ideologiyasının sinfilik nəzəriyyəsinə əsaslanan beynəlmiləlçilik və kommunist ideologiyası ilə əvəz edilməsi, müstəqilliyini itirmiş ölkənin sonrakı 70 il ərzində formal suveren respublika qismində federativ əsaslar üzərində təşkil edilmiş yeni dövlətçilik sistemində - SSRİ tərkibində - mövcud olması Azərbaycan xalqının və cəmiyyətinin siyasi, iqtisadi, mədəni-mənəvi həyatında əsaslı dəyişikliklər yaradıb. Odur ki, "28 aprel işğalı" yalnız tarixi deyil, Azərbaycan dövlətçiliyi və cəmiyyətinin müasir durumunun mövcud problemlərinin köklərinin öyrənilməsi baxımından da ciddi əhəmiyyətə malikdir.

- Sizcə, "28 Aprel olmaya bilərdimi" sualının cavabı doğruları üzə çıxarmaq baxımından nə dərəcədə önəmlidir?

- Sualın belə qoyuluşu 28 Aprel işğalının ilk növbədə subyektiv səbəblərinə - Cümhuriyyət rəhbərliyinin və dövlətinin müvafiq strukturlarının işğalın qarşısını almaq hazırlığına və imkanlarına diqqət çəkir. Sənədlər AXC xadimlərinin, ilk növbədə Azərbaycan hökumətinin və Parlamentinin şimaldan gələn təhlükənin lazımca fərqinə vardığını və bunun qarşısını almaq yolunda bir sıra tədbirlər gördüyünü göstərir. Bu tədbirlər üzərində durmadan subyektiv səbəblər arasında həmin dövr Cümhuriyyətin siyasi həyatında baş verən müəyyən proseslər - Parlamentdə bəzi fraksiyaların və siyasi qrupların, ilk növbədə "İttihad" partiyasının və solçu qüvvələrin çox vaxt əsassız, bəzən hökumətin fəaliyyətini iflic vəziyyətə salacaq və nazirlər kabinəsinin istefasına gətirəcək həddə iddiaları, işğal ərəfəsində hökumət böhranı, uzun müddət yeni kabinənin formalaşmaması, Parlamentin bu prosesləri tənzim etmək imkanlarının xeyli məhdudlaşması  göstərilməlidir. 1920-ci ilin yanvarından başlayaraq ölkədə sol qüvvələrin xeyli fəallaşması, gizli şəraitdə təşkilatlanması, onların bolşevik Rusiyası ilə əlaqələri və çevrilişə hazırlıq tədbirlərindən xəbərdar olan Azərbaycan Hökumətinin ölkə daxilindəki bu qüvvələri zərərsizləşdirmək üçün vaxtında zəruri radikal addımlar atmaması, müvafiq strukturların bu istiqamətdə sonradan gördüyü işlərin isə artıq gecikmiş olması, ordu quruculuğu sahəsindəki ciddi problemlər də həmin subyektiv faktorlar sırasındadır. Bütün bu amillərin subyektiv sayılmasının səbəbi isə odur ki, istənilən halda, yəni bu qüsurlar olmasaydı belə, Azərbaycan hökuməti ən yaxşı halda XI Qızıl Orduya güclü müqavimət göstərə, böyük qan və itkilər bahasına işğalın müddətini uzada bilərdi. Çünki 28 Aprel işğalının obyektiv səbəbləri vardır və Sovet Rusiyasının bu əməliyyata ciddi hazırlığına dair sənədlər işğalın yalnız zaman məsələsi olduğundan xəbər verir. 1920-ci il geniş strateji anlamda Sovet dövlətinin yeni, sosialist-kommunist şüarları altında Rus imperiyasını keçmiş hüdudlarında bərpa etmək və "dünya inqilabı" şüarı ilə "Oktyabr" təcrübəsini bütün Avropa və əsasən qonşu Şərq ölkələrində sınaqdan keçirmək cəhdləri ilə səciyyələnir. Bu sonuncu məqsədlə hələ 1919-cu ildə yaradılan Kommunist İnternasionalının Şərq siyasətində Azərbaycana xüsusi yer ayrılır, ona "Şərqdə ilk müstəqil sosialist respublikası" olmaq "şərəfi" verilirdi. Təsadüfi deyil ki, işğaldan cəmi 4 ay sonra, 1920-ci ilin 1-8 sentyabr tarixlərində artıq Sovet Azərbaycanının paytaxtı Bakıda Kominternin təşkilatçılığı ilə möhtəşəm bir tədbir - Şərq xalqlarının I qurultayı keçirilir, bu qurultayda 40-a yaxın ölkəni təmsil edən 1000-dən artıq nümayəndə, əsasən də Şərq ölkələrindən olmaqla, toplanır. Məhz bu qurultayın qapalı iclaslarında yaxın zamanlar üçün Ermənistanın və Gürcüstanın sovetləşdirilməsi məsələləri, İranda və Türkiyədə isə "Azərbaycan təcrübəsinin" uğursuzluğunun səbəbləri müzakirə olunur.

(Yeri gəlmişkən deyim ki, bu il həmin qurultayın 100 illiyi tamam olur və AMEA Rəyasət Heyəti akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə birlikdə bu tarixi qurultayın yeni yanaşma və Şərqin müasir durumu kontekstində "Şərq xalqlarının Bakı qurultayı. Sentyabr, 1920-ci il. Şərq ölkələri 100 il əvvəl və sonra" mövzusunda beynəlxalq konfrans keçirməyi planlaşdırırdı).

Əlbəttə, 28 aprel işğalının obyektiv səbəbləri arasında bu qlobal məqsədlərdən başqa konkret planlar - ilk növbədə neft Bakısına sahib olmaq - da dururdu. Əldə olan sənədlər bu işğalın ən yüksək səviyyədə, Sovet dövlətinin başçıları Lenin və Trotskinin bilavasitə rəhbərliyi, Stalin, Orconikidze, digər qafqazlı bolşevik xadimlərinin iştirakı, Azərbaycanın azsaylı solçu qüvvələrinin icraatı ilə hazırlandığını və birbaşa Qızıl Ordunun müdaxiləsi ilə başa çatdırıldığını göstərir. Bu baxımdan, zənnimcə, Azərbaycan dövlətinin istənilən halda bu işğalın qarşısını alacaq qüdrəti yox idi.

Amma burada tam əminliklə bunu da vurğulamaq lazımdır ki, həmin dövr üçün AXC artıq öz başlıca missiyasını - milli müstəqil Azərbaycan dövlətçiliyini yaratmaq və onun yaşar qabiliyyətini təmin edəcək bütün dövlət strukturlarını müəyyənləşdirmək - vəzifəsini yerinə yetirmişdi.

- Azərbaycanın işğalına o vaxtlar hələ Atatürk adlandırılmayan Mustafa Kamal paşanın xeyir-dua verməsi nə dərəcədə düzdür? Belə bir xeyir-duaya rusların nə ehtiyacı vardı?

- Artıq qeyd edildiyi kimi, Azərbaycanı işğal etmək və bu neft məmləkətində sosialist yönlü bir dövlət qurumu yaratmaq planlarına Sovet rəhbərliyi bu dəfə çox ciddi hazırlaşmışdı. "Bu dəfə" ifadəsi burada mühüm açar sözdür, çünki 1918-ci ilin mart hadisələri və azərbaycanlı-müsəlman əhalisinin kütləvi qırğınları fonunda hakimiyyətə gələn Bakı Sovetinin acınacaqlı sonluğu, Nərimanovun təbirincə, "Qafqaza hansı şüarla getməli" sualını yenidən gündəmə gətirmişdi. Əslində, bolşeviklərin 1920-ci ilin "Qafqaz yürüşünün" yenə də həmin şüar, silah və zor gücünə həyata keçirilməsi nəzərdə tutulurdu. Çünki Azərbaycanın hələ 1918-ci ildə Sovet hakimiyyətini qəbul etməmiş "müsəlman" əhalisinin bu dəfə - artıq iki il öz müstəqil milli dövlətində yaşadıqdan sonra - Nərimanovun sosialist şüarlarını qəbul edəcəyi barədə Sovet rəhbərliyinin hər hansı illüziyaları yox idi.  

Həmçinin, 1918-ci il təcrübəsi Azərbaycanı o dövr işğaldan qurtarmış Türk ordusu faktorunu da nəzərə almağı tələb edirdi. Odur ki, sovetlərin də əsas xarici düşməni olan ingilislərə qarşı öz ölkəsinin varlığı uğrunda ölüm-dirim mücadiləsi aparan Mustafa Kamal paşa ilə müvafiq şərtlər daxilində razılığa gəlmək, Qafqazda, xüsusən Azərbaycanda olan türk zabitləri və əsgərləri vasitəsilə Azərbaycan xalqını aldatmaq taktikasını 28 aprel işğal planlarının müəlliflərinin ən "uğurlu" tapıntısı hesab etmək olar. Kamal Paşanın və Bakıdakı türk zabitlərinin buna getməsinin səbəbləri, haradasa "anlaşılan" olsa da, heç bir halda təqdir edilə bilməz. Belə ki, ən azı Məhəmməd Əmin Rəsulzadənin şəhadətinə görə, o, şəxsən bolşevik işğal qatarının önündə gələcək Xəlil Paşa ilə əvvəldən rusların planlarına uymamaq barədə dəfələrlə söhbətlər aparmış, amma onu bu yoldan çəkindirə bilməmişdi. XI ordunun Azərbaycandan keçərək Anadoluya gedəcəyinə dair şüarla Bakıya girməsinin Müstafa Kamalın özündən tutmuş digər bolşevik rəhbərliyi ilə razılaşdırıldığına dair konkret sənədlər vardır və bu baxımdan burada həmin faktla bağlı "düzdür, ya yox" sualı ola bilməz. Bu da məlumdur ki, işğalın ilk günləri Türkiyənin bayraqları ilə bəzədilmiş şəhərə çıxan və "Türk qardaşlara köməyə gedən Sovet qoşunu" haqda divarlara vurulan elanları oxuyan Bakı əhalisi, küçələrdə şütüyən və hamını sakitliyə riayət etməyə səsləyən maşınlardakı türk zabitlərini böyük ruh yüksəkliyi ilə "Anadoluya yola salırdı". Xalq aldadıldığını az sonra biləcək və Azərbaycanı bolşevik işğalına qarşı üsyanlar dalğası bürüyəcəkdi.

Türk zabit və əsgərlərinin bolşeviklərlə bu işbirliyində öz həddlərini aşaraq Azərbaycan hökumətinin və rəsmilərinin Bakını tərk etməsinə mane olduğu və bununla da onların həbsdən və ölümdən xilas olunmalarına imkan vermədiyi kimi faktlar isə həmin illər Türkiyə və qismən də Azərbaycan dövlətçiliyinə qarşı cinayətlərdə təqsirləndirilən türk zabitlərinə qarşı 1926-cı ildə Ankarada qurulan "İstiqlal məhkəməsi"ndə yer almışdır.  Rəsulzadənin həmin məhkəmə və orada Bakının işğalında iştirak etmiş türk zabitlərinin mühakiməsinə dair məqaləsini "Yeni Qafqaziyə" jurnalında oxumaq olar.

- "Qara qızıl və ağ pambıq!.. Bax bu üzdən "sovetləşdirilib" Azərbaycan!" Bu sözləri Mirzə Bala Məmmədzadə işğaldan bir müddət sonra söyləyib. Yəni doğrudanmı qara və ağ qızıl olmasaydı, işğala ehtiyac qalmazdı?

- Mən bu suala artıq yuxarıda cavab verdim. Burada yalnız onu əlavə edə bilərəm ki, bolşevik qüvvələri Azərbaycanı işğal edərkən 1918-ci il ssenarisinin bir "uğurlu təcrübələrindən" yenə də bəhrələnmişdilər. Bakı və Şamaxıdan başlayaraq 1918-ci ildə kütləvi qırğınların törədildiyi bütün Azərbaycan qəzalarında bir qayda olaraq yerli erməni əhalisindən istifadə olunmuş, bu əhali qrupu hər dəfə hələ qoşun gəlməmiş müsəlman əhalisi ilə kiçik münaqişələr, daha sonra silaha sarılaraq bolşevik-erməni silahlı qüvvələri ilə birlikdə müsəlman əhalisinə qarşı cınayətlər törətmişdilər. 1920-ci ilin işğal planlarında da həmin ssenariyə qayıdılmış, mart ayının ortalarında Qarabağ erməniləri qiyam qaldırmış, Azərbaycan ordusunun Əskərandakı qüvvələrinə hücum etmiş, hərbi münaqişə böyümüş və Azərbaycan hökuməti demək olar ki, bütün ordu hissələrini Qarabağa cəlb etməyə məcbur olmuşdu. Qiyam yatırılsa da, Şimal sərhədlərinin boşaldılması, Yalama polkunun müqaviməti istisna olmaqla, XI Ordunun, demək olar ki, maneəsiz Bakıya girməsinə səbəb olmuşdu.

Qarabağ ermənilərinin nümayəndələri özlərinin bu "şücaətləri" - Azərbaycanın sovetləşdirilməsində "müstəsna xidmətləri" haqda dərhal Mərkəzə, Kremlə məlumatlar göndərmiş, "Jizn nasionalnostey" qəzetində bu barədə geniş bir məqalə dərc etmişdilər. Ermənistan dövləti və onlarla bir hərəkət edən Qarabağ ermənilərinin bu məsələdə xüsusi gözləntiləri vardı: onlar Qarabağın, Zəngəzur və digər Azərbaycan ərazilərinin Ermənistan dövlətinə veriləcəyinə əmin idilər.

Lakin Azərbaycan sovetləşdiriləndən dərhal sonra Cənubi Qafqazın digər respublikalarının, Ermənistan və Gürcüstanın da sovetləşdirilməsi planlarının hazırlanmasına başlandı. Şərq xalqlarının I qurultayında erməni bolşevikləri qurultaya "Ermənistan zəhmətkeş kütlələrini daşnak hökumətindən xilas etmək" barədə müraciət təqdim etdilər və cəmi 2 aydan sonra bu "müraciət" yerinə yetirildi.

Beləliklə, 28 Aprel işğalının arxasında təkcə "qara və ağ qızıl" niyyətləri durmurdu. Böyük dövlətlər tərəfindən yalnız de-fakto deyil, de-yure tanınan, Almaniyanın hərtərəfli dəstəklədiyi Gürcüstan dövlətinin mövqeləri Azərbaycan və Ermənistan respublikalarından qat-qat möhkəm olsa da, bir neçə cəhddən sonra 1921-ci ilin fevralında onun da hərbi yolla devrilməsi Cənubi Qafqazın müstəqil respublikalarının işğala və sovetləşməyə məhkum olduqlarının bariz nümunəsidir.

Burada bir məqama da diqqət yetirilməlidir ki, bu işğal faktından bir qədər əvvəl, Azərbaycanın və Gürcüstanın müstəqilliyinin tanınmasından dərhal sonra Qərb dövlətləri tərəfindən yaradılan və Cənubi Qafqaz respublikalarının bolşevik təcavüzündən müdafiə potensıalını araşdıran Hərbi komissiya regionun öz gücü ilə bolşevik Rusiyasının işğalına davam gətirmək və hərbi yardım edildikdə belə, öz qüvvələri ilə müstəqilliklərini qorumaq imkanında olmadığı kimi qərara gəlmişdi. Odur ki, Avropanın bolşeviklərlə vətəndaş müharibəsində geniş maddi və hərbi dəstək verdiyi ağqvardiyaçı rus qoşunlarının məğlubiyyəti, I dünya müharibəsinin yenicə bitdiyi və dünya ölkələrin müharibələrdən yorulduğu kimi bir reallıqda bu regiona xarici hərbi qüvvələrin göndərilməsi həmin nüfuzlu Komissiya tərəfindən mümkün sayılmamışdı.  

- Bir əsr öncənin hansı ibrət dərsləri var, sizcə?

- Əsas dərs birdir - Azərbaycan dövlətçiliyini qorumaq! Sovet İttifaqının süqutu, müstəqilliyimizin bərpası xalqımıza yenidən öz müstəqil dövlətini bərpa etmək şansı verdi. Bu müstəqillik yenə də itkisiz başa gəlmədi. Yenə də torpaqlarımızda erməni qiyamı ilə üzləşdirk, yenə də mərkəzi rus-sovet rəhbərliyi bu işdə erməniləri dəstəklədi. Lakin Azərbaycan xalqının tarixində ilk dəfə möhtəşəm bir hadisə baş verdi. İlk dəfə olaraq ayrı-ayrı görkəmli xadimlər, ziyalılar deyil, bütün xalq ayağa qalxdı. 1988-ci il Meydan hərəkatında, 1990-cı il yanvar faciəsində milyonlarla azərbaycanlı meydanlara, küçələrə axışaraq müstəqil yaşamaq, öz dövlətini qurmaq əzmini nümayiş etdirdi.

Lakin təəssüf ki, 1920-ci il aprel işğalından lazımınca ibrət dərsləri almadıq. Əks təqdirdə dövlətçiliyimizin bərpasından keçən 30 ildən sonra da torpaqlarımızın 20 faizi hələ də işğal altında olmadığı, Cümhuriyyət xadimlərimizin xatirələrinin hələ də layiqli şəkildə əbədiləşdirilmədiyi, cəmiyyətimizin məlum mənəvi durumu və başqa bu kimi reallıqlarla üz-üzə qalmazdıq. Hazırda ölkənin siyasi müstəvisində ifrat solçuluq təmayüllərinin baş qaldırmaq cəhdləri, şimaldan gələn "SSRİ-nin yeni formatda bərpası" çağırışları, bu çağırışların cəmiyyətdə - az sayda da olsa - həmrəylər tapması da ciddi narahatlıq törədən məqamlardır. Odur ki, fikrimi Üzeyir bəyin hələ 1919-ci ildə mart hadisələrinin bir illiyi münasibətilə yazdığı, lakin bu günümüz üçün də aktual olan çağırışı ilə bitirirəm:

"... Bu gün istiqlal ilə yaşayıb da bu neməti-üzəmadən istifadə ediriksə də özümüzü xaricən əmin-amanlıqda bilmək və istiqlalımızın ibqasını təmin etmək üçün müdafiəyə hər an hazır və amadə olmalıyıq. Biz indi öz müqəddəratımızı öz əlimizə aldıq, borcumuz bu müqəddəratı gələcəkdə zühuri möhtəməl olan hər növ təcavüzətdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır!"

 





28.04.2020    çap et  çap et