525.Az

"20 ildən çox olar, sosial şəbəkə istifadəçisiyəm" - Nəsir Əhmədli ilə müsahibə


 

PROFESSOR NƏSİR ƏHMƏDLİ: "İNTERNET İNDİ HƏM KİNOTEATR, HƏM KONSERT SALONU, HƏM DƏ BİTİB-TÜKƏNMƏYƏN İNFORMASİYA MƏNBƏYİDİR"

"20 ildən çox olar, sosial şəbəkə istifadəçisiyəm" - <b style="color:red">Nəsir Əhmədli ilə müsahibə </b>

65-i keçənlərin qadağasız məkanı

Sosial media platformaları, xüsusən də, Feysbuk gənclərlə bərabər, yaşlı nəslin nümayədələrinin də maraq dairəsindədir. Onlar sosial məkanlardan həm uzaqdakı ailə və dostları ilə əlaqə saxlamaq üçün istifadə edir, həm də bu yolla bir növ zəmanə ilə ayaqlaşırlar.

Biz də yaşca yuxarı nəslin yeni media ilə ünsiyyəti barədə həm sosial şəbəkə izləyicilərini, həm də oxucuları daha yaxından bilgiləndirmək niyyətilə "525-ci qəzet"də "65-i keçənlərin qadağasız məkanı" adlı rubrika açmaq qərarına gəldik.

Rubrikamızın ilk qonağı kimi jurnalistlərin müəllimi, Bakı Dövlət Univeritetinin professoru, filologiya elmləri doktoru Nəsir Əhmədlini seçməyi qərarlaşdırdıq. Canlı ünsiyyətin məhdudlaşdığı bu karantin günlərində onunla onlayn əlaqə saxlayıb suallarımızı verdik, cavablarımızı aldıq. Hörmətli müəllimimizə cavablarına görə təşəkkürümüzü bildirir, oununla söhbəti oxuculara təqdim edirik. 

"Demək olar ki, bütün boş vaxtımı burada keçirirəm" 

- Nəsir müəllim, nə vaxtdan sosial şəbəkə istifadəçisiniz?

- Yəqin ki, 20 ildən çox olar. İlk vaxtlar "Moy mir" ("Mənim dünyam") və "Odnoklassniki" ("Sinifdaşlar") şəbəkələrindən istifadə edirdim. İndi isə daha çox Feysbukdan bəhrələnirəm.

- Feysbukdan başqa da hansısa platformada fəaliyyətiniz varmı?

- Hərdən son məlumatları almaq üçün inandığım xəbər saytlarına, portallara daxil oluram.

- Hər gün vaxtınızın nə qədərini sosial şəbəkədə keçirirsiniz?

- Demək olar ki, bütün boş vaxtımı burada keçirirəm. Qəzetləri izləyirəm, canlı yayımlara baxıram, dostlarla yazışıram, Quqldan lazım olan elmi və bədii əsərləri tapıb oxuyuram, öz maraq dairəmdə olan müzakirələrə qoşulub fikirlərimi bildirirəm. Bu, həm karantin müddətində xüsusilə faydalıdır, həm də adamı darıxmağa qoymur.

- Nisbətən yaşlı nəsil yeni kommunikasiya texnologiyaları ilə bir qədər çətin ayaqlaşır. Bu sahədə siz hansısa çətinliklərlə üzləşmisinizmi?

- Çox mürəkkəb əməliyyatlarla məşğul olmuram. Özümə lazım olan səviyyədə istifadə edə bilirəm. 

"Sosial media artıq məişətimizə də daxil olub" 

- Sosial şəbəkələrin, yeni medianın müasir cəmiyyətdə, insan həyatında rolu və yeri haqda nə deyərdiniz? Yəqin ki, üstünlüklər də var, çatışmazlıqlar da.

- Təbii ki, indiki şəraitdə yeni mediasız keçinmək olmaz. Sosial media artıq məişətimizə də daxil olub. İnternet indi həm kinoteatr, həm konsert salonu, həm də ən əsası bitib-tükənməyən informasiya mənbəyidir. Düşünürəm ki, üstünlükləri daha çoxdur, çatışmazlıqları da tədricən aradan qalxır.

- Sosial şəbəkələrin belə bir özəlliyi də var ki, şəxsən tanıdığımız insanlara dostluq göndərməyimiz üçün qarşımıza çıxarır. Burada uzun müddətdir görmədiyiniz dostlarınızı tapdığınız olub?

- 1962-1965-ci illərdə Şərqi Almaniyada (ADR-də) hərbi xidmətdə olmuşam. Orada Vasili Pesterev adında çox yaxın bir dostum var idi. Əslən Perm vilayətindən idi. Təxminən 35-40 ildən sonra onu axtarıb tapdım. Keçən il rəhmətə getdi. O vaxta qədər yazışırdıq. 

"Mən Feysbukun korrektoruyam, hərf səhvi görəndə əsəbiləşirəm"

- Bir neçə müddətdir, Feysbuk platforması üzərindən Azərbaycan dilinin orfoqrafik qaydaları ilə bağlı maarifləndirici postlar paylaşırsınız. Bu, ixtisasınızla bağlıdır, yoxsa Feysbuk istifadəçiləri dil qaydalarını pozduğuna görə bu qərara gəldiniz?

- Bir dəfə Feysbukda yazmışdım ki, mən Feysbukun korrektoruyam, hərf səhvi görəndə əsəbiləşirəm. Həmçinin, Jurnalistika fakültəsində "Jurnalistin nitq mədəniyyəti" fənnini tədris edirəm. Yəni həm ixtisasımla bağlıdır, həm də ədəbi dil normalarının pozulmasına dözə bilmirəm. Çalışıram ki, əlimdən gələn köməyi göstərim. Keçmiş və indiki tələbələrim tez-tez məsləhət almaq üçün müraciət edirlər: filan söz necə yazılmalıdır, filan sözün mənası nədir və s. Əlbəttə, mən ixtisasca dilçi deyiləm, jurnalistəm, amma orta səviyyəli jurnalist dili necə bilməlidirsə, o qədər bilirəm və bildiklərimi ehtiyacı olanlarla bölüşməkdən zövq alıram.

"Yeni nəslin intellektual səviyyəsi çox yüksəkdir"

- Yəqin gənclərin də Feysbukdakı paylaşımları ilə qarşılaşırsınız. Yeni nəslin hadisələrə yanaşma tərzinə və fikirlərinə münasibətiniz necədir?

- Bütövlükdə götürsək, yeni nəslin intellektual səviyyəsi çox yüksəkdir. Hətta onlardan öyrəndiyim bəzi məqamlar da olur. Əlbəttə, sıralarında zəiflər də var. Bu da təbii haldır, hamı eyni səviyyədə ola bilməz. 

"Feysbukda düzgünlük etalonu yoxdur"

- Sizcə, gənclər Feysbukdan düzgün istifadə edirmi?

- Hərə öz səviyyəsində və maraq dairəsində istifadə edir. Feysbukda düzgünlük etalonu yoxdur. Əgər istədiklərini ala bilirlərsə, demək, düzgün istifadə edirlər.

- Feysbuk istifadəçiləri arasında daha çox kimlər sizin maraq dairənizdədir?

- Keçmiş və indiki tələbələrim, çoxsaylı dostlarım, jurnalist həmkarlarım, yaradıcı şəxslər və başqaları.

Günel ABBAS

 





28.04.2020    çap et  çap et