525.Az

"Çəkib paylaşdığım videolarla öz içimi boşaldıram" - Müsahibə


 

VİDEOBLOQER RƏFİN CƏFƏROV: "DÜŞÜNDÜKLƏRİMƏ BİR AZ YUMOR QATIB İNSANLARLA BÖLÜŞÜRƏM"

"Çəkib paylaşdığım videolarla öz içimi boşaldıram" -<b style="color:red"> Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar...

Budəfəki həmsöhbətimiz İnstaqram üzərindən paylaşdığı videolardan tanınır. Gənc bloqer hazırladığı videoroliklər vasitəsilə müxtəlif problemləri izləyicilərlə bölüşməyə çalışır.

Videobloger Rəfin Cəfərovla söhbəti təqdim edirik.


"Ailəm bu işimə son qoymağımı istəsə də, öz istəyimdən əl çəkmədim"

- Sizə ilk uğuru gətirən hansı paylaşımınız oldu?

- Bütün fəaliyyətim sosial şəbəkələrlə bağlıdır. Sosial media olmadan işimi təsəvvür edə bilmirəm. İlk dəfə çəkdiyim videolar hərbi xidmətlə bağlı idi. Elə məni tanıdan da həmin videolar oldu. Hətta gəzməyə çıxanda gənc oğlanların təbəssümlə məni işarə etdiklərinin şahidi olurdum.

- Videobloqer olmaq qənaətinə necə gəldiniz?

- Hərbi xidmətdən sonra içimdə bir boşluq yaranmışdı. Düşündüm ki, bu boşluğu doldurmaq üçün bir məşğuliyyətim olmalıdır. Nəticədə belə videolar çəkmək qərarına gəldim. Get-gedə həvəsimin daha da artdığını hiss etdim və bu işlə davamlı məşğul olmağa başladım.



- Azərbaycan Dövlət Neft Akademiyasını bakalavr və magistratura pillələri üzrə bitirmisiniz. Ailəniz ali təhsilli övladlarının bloqerliklə məşğul olmasına necə reaksiya verdi?

- Magistratura təhsili aldığım müddətdə fəaliyyətimə neytral yanaşırdılar. Amma təhsilimi bitirdikdən sonra bu işə son qoymağımi istədilər. Reaksiya zaman keçdikcə sərtləşsə də, öz istəyimdən əl çəkmədim.

"O videoları çəkməsəm, içimdəki səs məni rahat buraxmaz"

- Çəkəcəyiniz videoların ideyasını necə müəyyənləşdirirsiniz?

- Ya gündəmdə olan mövzularla, ya da özümü qıcıqlandıran məsələlərlə bağlı videoroliklər hazırlayıram. Əgər, o videoları çəkməsəm, içimdəki səs məni rahat buraxmaz.

- Bu videolar vasitəsilə insanlara nələri çatdırmaq istəyirsiniz?

- Əslində, kiməsə nəsə çatdırmağı düşünmürəm. Sadəcə, çəkib paylaşdığım videolarla öz içimi boşaldıram. Bəzən insanın bir dərdi olur və onu kimləsə bölüşmədən rahatlana bilmir. Məndə də bu vəziyyətin bir qədər kütləviləşmiş halıdır. Düşündüklərimə bir az yumor qatıb insanlarla bölüşürəm.



- Bir dəfə demişdiniz ki, mənasız videolar çəkən adamlarda günah görmürsünüz, çünki kütlə belə videolara maraq göstərir. İnsanları belə mənasız videolara sövq edən nədir?

- Əslində, bu sualın cavabı mənə də qaranlıqdır. Yəqin bu, zövqlə, insanın böyüdüyü mühitlə əlaqədardır.

"Zövqsüz videoları müzakirə etməklə onlara məşhurluq qazandırırıq"

- Bəzən çəkilən videolar insanları nəinki zövqsüzlüyə, hətta əxlaqsızlığa sürükləyir. İstər-istəməz həmin videolar sosial şəbəkə istifadəçilərinin də qarşısına çıxır. Sizcə, bununla bağlı hansı tədbirlər görülməlidir?

- Doğrusu, bəzən sosial mediada qarşıma çıxıb məni də narahat edən insanlar var. Hər dəfə düşünürəm ki, bu, niyə mənim qarşıma çıxır? Bəlkə də, həmin videoları müzakirə etməklə onlara məşhurluq qazandırırıq. O videolara baxan insanları cəlb edən başqa heç nə olmadığı üçün bunu edirlər. Onları tənqid etmək üçün yox, lağlağı obyektinə çevirmək üçün izləyirlər. Hətta paylaşılan belə postlara söyüş yazanlar da var. Amma düşünmürlər ki, belə narazılıqlar bildirməklə bir tərəfdən də onlara uğur qazandırırlar. Bu cür mənasız paylaşımların yayılmaması üçün ya internet kəsilməlidir, ya da qanunla müəyyən edilmiş qaydada həmin videoları filtrdən keçirmək lazımdır (gülür).



- Heç düşünürsünüzmü ki, nə vaxtsa siz də özünüzü kütlənin maraq göstərdiyi belə videolara yönəldəsiniz?

- Kütlənin böyük hissəsi mənim bəyənmədiyimə pərəstiş etsə də, o istiqamətə yönəlmərəm. Bu yolu, öz işimə xəyanət etmiş oluram. Ona görə də, öz yolumla davam edəcəyəm.

"Heç kimi özümə rəqib görmürəm"

- Sosial şəbəkədə fəal olan videobloqerlərdən kimlərisə özünüzə rəqib görürsünüzmü?

- Açığı, heç kimi özümə rəqib görmürəm. Kimsə bu işi məndən daha yaxşı bacarırsa, onu rəqib yox, pərəstiş ediləsi bir adam gözündə görürəm.

- Bir çox sosial media istifadəçiləri bu platformalara az zaman ayırdıqda aktivliyin azalmasından şikayətçidir. Sizdə vəziyyət necədir?

- Sosial şəbəkələrdən daimi, aktiv istifadə etmək lazımdır. Bu halda şəxslər sosial media üçün potensial xeyir verən istifadəçiyə çevrilir. Bəlkə də, kimsə paylaşılan videolara görə həmin platformada qeydiyyatdan keçəcək. Bu da onlara daha çox istifadəçi qazandırır. Ona görə də, bu platformalardan az istifadə etdikcə daha çox ziyanverici rolunu oynayırıq. Sosial şəbəkələrin reklam funksiyası əlavə olunandan sonra aktivliyin azalması daha da aktuallaşdı. Çünki aktivliyi azalan istifadəçi reklamdan istifadə edib quruma qazanc gətirməyə məcburdur.



- Karantin günlərində açıq məkanlarda yeni videolar çəkmək çətinləşib. Bu günlərdə siz izləyicilərinizlə nələri paylaşırsınız?


- Videolarımın çoxu açıq məkanlarda çəkilir. Amma hazırda içində olduğumuz mühit belə videolar çəkməyə imkan vermir. Hələ ki "kinozavr" başlığı ilə videolar paylaşıram.

"Əsas məqsədim dünyagörüşümü və biliyimi zənginləşdirməkdir"

- Evdə keçirdiyiniz günləri necə dəyərləndirirsiniz?

- Əvvəllər filmlərə baxırdım, amma serialları xoşlamırdım. İndi serialları da izləyirəm (gülür). Tək yaxşı tərəfi ailəmlə daha çox zaman keçirməyimdir.

- Hansı planlarınız var?

- Əsas məqsədim dünyagörüşümü və biliyimi zənginləşdirməkdir. Bunun üçün də gündə ən azı bir film izləyir, rejissorun üstün keyfiyyətlərini qeyd etməyi planlaşdırıram. Oxumadığım bir neçə kitab da var. Zənnimcə, onları oxusam, ssenari yazmaq üçün hazır olaram. Amma sizinlə söhbət edəndə indi fikir verdim ki, sadaladıqlarımın heç birini hələ etməmişəm (gülür). Gərək, bu gündən etibarən özümə verdiyim sözləri tutum. İrəlidə qısametrajlı filmlər də çəkmək istəyirəm. Əslində, bir müddət əvvəl qısa videolar çəkirdik, ancaq onlar mənə qeyri-peşəkar görünür. Bir-iki dəqiqəlik videoda insanlara nəyisə çatdırmaq olmur, amma qısametrajlı filmlər bunun üçün əlverişlidir.

Günel ABBAS

 





29.04.2020    çap et  çap et