525.Az

Oralarda kimlər var: Allahverdi Eminov-3


 

Oralarda kimlər var: Allahverdi Eminov-3<b style="color:red"></b>

ALLAHVERDİ EMİNOV KİMDİR

1941-ci ildə Salyan rayonunda doğulub. Dəmiryolçu ailəsində. Orta məktəbi 1955-ci ildə Lənkəran şəhərində bitirib.
1959-cu ildə indiki Pedaqoji Universitetin  tarix-filologiya fakültəsinə daxil olub,1964-cü ildə oranı bitirib,1965-1968 -ci tədris illərində Salyan rayonu Kərimbəyli kənd orta məktəbində çalışıb.
1968-ci ildə Azərbaycan ETPİ-nun aspiranturasına girib,1971-ci ildə tamamlayıb.1971-ci ildə dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi adını alıb.Dosentdir.
1974-76-cı illərdə “ Azərbaycan məktəbi” jurnalında,1976-84-cü illərdə “Azərbaycan müəllimi” qəzetində çalışıb.
2001-2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun  Salyan filialının  direktoru olub.
Müxtəlif vaxtlarda Ali Təhsil  Müəssisələrində dosent vəzifəsində çalışıb. Hazırda Bakı PMİYİ-nin dosentidir.
Əsərləri : Araşdırmalar:  Səməd Vurğunun poetikası, İsmayıl Şıxlının poetikası.
Mir Cəlalın poetikası, Musa Yaqubun  poetikası, Baba Mahmudovun musiqi fəlsəfəsi, Roman: “Payıza qədər”

  - Yolu-izi hələ də bərbad, gedişi-gəlişi zülm olan kəndimizdə Qazax rayonundan böyük bir elitanın oluşduğunu bilirik, onlar necə gəlib çıxıblar ora: məsələn, mənim və bəlkə də elə Sizin də ibtidai məktəb müəllimimiz Mahnur müəllimə və riyaziyyat müəllimimiz Yasəmən xanım, tarix müəllimi Cəfər müəllim və mənim unutmuş ola bildiyim neçə-neçə müəllim və hətta Qırmızıkənd dəmir yolu stansiyasının rəisi, Sizin atanız İskəndər kişi Və üstəlik də onlar artıq oralarda sahman salıb ailə qurdular və Sizin xalanız Yasəmən müəllimə Abuzər müəllimlə böyük bir ailə sahibi oldu. Bu barədə nə bilirsiz?
- Məni keçmişə apardığınız üçün Sizə təşəkkür eləyirəm. Bir kənddən olmağımızın da belə-belə xatirələri olur. Sualınıza yuxarıda xeyli cavab verdim. Yolu-izi bərbad olan - şükürlər ki, genplanda Şorsulu kəndinnən Lopatin sovxozuna (keçmiş) qədər yeni asfalt yol salınır, iş gedir. Bizim camaatın (Eminlilərin) Qırmızıkəndə gəlməsi atam İsgəndərin təşəbbüsü ilə oldu. Böyük bir qismi Balakən rayonunda yaşayırdılar, dayım Məhəmməd Eminov, Xalam Yasəmən Eminova Sarıbulaq kənd məktəbində direktor və riyaziyyat müəllimiydi. Deyim ki, böyük tarixçi, millət vəkili, professor Yaqub Mahmudov həmin məktəbdə oxumuşdur, dayım ona dərs demişdir. Yaqub Mahmudov sonralar bu məlumatı fəxrlə mənə çatdırdı və ilk müəllimi Məhəmməd Eminova rəhmət dilədi. Bilirsən də, Yasəmən müəllimə Qəzənfər Quliyevdən sonra Qırmızıkənd kənd yeddiillik məktəbində direktor işlədi. Bu məktəbə müəllim kimi əmrini almağa getmişdi. Rəhmətlik, Salyan Rayon (ş) Maarif Şöbəsinin müdiri Ağamməd Mirzəyev görür ki, ali orta təhsilli cavan bir qız - birbaşa raykomda məsləhətləşib, o gün onun əmrini verir. Tədris hissə müdiri Abuzər Ağayev idi, onlar bir-birini xoşlayırlar, ailə qururlar. Yasəmən müəllimə ərizə verib direktorluqdan çıxır, yerini həyat yoldaşına təhvil verir. Mahnur Eminova əmim qızı idi, dayım Hacı Eminovla (Vətən müharibəsi iştirakçısı idi) ailə qurur, Qazaxdan gəlir kəndə. İstedadlı sinif müəllimiydi, sənə dərs deyib, mən onda V sinifdə idim, Səfəralı Məmmədov dərs demişdi... Atamı  başqa dəmir yolu stansiyalarınnan birinə rəis göndərmək istəmişlər dəfələrlə. O, qəti imtina etmişdir: “Bizim ailəni bu kənd çox yaxşı qarşıladı. İlk aylardan burada dostlarım, tay-tuşlarım var, oturub-dururuq”. Həqiqət idi: Məmməd Tanrıverdiyev, Qəribağa Hüseynov, sənin atan Məhərrəm Abdinov, Teymur Məmmədhəsənov (uzun illər kolxoz sədri işləmişdir kəndin “Bolşevik” kolxozunda), Niftulla Nəcəfov (kolxozun baş mühasibi) və unutduğum başqalarını yaxşı xatırlayıram. Anam da getməsinə etiraz eləyir... Bizim ailə artıq qaynayıb-qarışmışdı, qız vermişdik: xalalarım ailə qurmuşdu.Taledir: Valideynlərimin, qardaşımın, əmim qızının və dayımın qəbirləri Qırmızıkənd qəbristanlığındadır, orada da sakitlik tapmışlar... Mən sualınızın motivlərini: “Atamın yüz yaşı” sənədli povestimdə vermişəm və nəşr olunmuşdur.

- Yaxşı xatırlatdınız. Ədəbi yaradıcılığınıza bələdəm və 1990-cı ildə çox populyar olan “Payıza qədər” esse-romanınız çıxmışdı. Sizi bu romana görə qınayanlar da tapıldı ki, pedaqoq olasan bu türdə bir pornoqrafik əsər yazasan. Bu barədə nə deyə bilərsiz? Ümumiyyətlə, yazar yaradıcılığınız nə yerdədi?
- Mənim bu sahədə cızma-qaralarımı oxuduğunuz üçün təşəkkürümü bildirirəm. Əvvəla, bu dediyiniz əsər “pornoqrafik” janrda qələmə alınmamışdır: qadın-kişi münasibətləri gənclərimizə bəlli olmayan və çox vaxt da bu zərif, kövrək münasibətləri sadəlövh duyan, başqa millətlərlə qanını qarışdıran məsələlərə də toxunmuşam. Qadın-kişi aləmində çox-çox mübhəm problemlər mövcuddur, biz yalnız onun bir qisminnən xəbərdarıq. Ümumiyyətlə, Yaxın Şərqdə belə mövzulara qadağalar qoyulmuşdu. Mən Sovet dönəmində bu mövzuda ilk olaraq qalın bir kitab yazdım. Əlbəttə, cəsarət göstərdim, özü də rəsmi bir vəzifə daşıyırdım. Öyünürəm ki, Yaxın və Orta Şərqdə bu mövzuda ilk əsərin müəllifiyəm. Qaldı qınayanlara: bunun da bəzi səbəbləri vardı. Bir qismi yenicə nəşrə başlayan özəl qəzetlərin populyarlığı xətrinə tənqidi məqalələri çap edirdi. İkinci qismi nadanlar idi, intellektuallıqdan uzaqda dayananlar idi. Üçüncü qismi janrdan xəbərsiz idi ki, bu əsər pornoqrafiya deyil. Dünyada bu janr qadağandır, mən o dərəcədə xəbərsizdim? Dördüncü qismi o çaşdırırdı ki, əsər birinci şəxsin dilinnən danışılır və müəllifin başına gələnlərdir; özü də alimdir, pedaqoqdur, “Maarif” Dövlət Nəşriyyatının baş redaktorudur və nəhayət, televiziyada “Ziya” verilişinin həmmüəllifidir, həm də aparıcısıdır. Beşinci qism tənqidçilər imzaları görünsün deyə çap olunurdular. Deyim ki, bu gedişdə mətbuatda əsəri qiymətləndirən oxucular az deyildi... Sonralar, “əsəbləri soyuyannan” sonra bəzi qəzet redaktorları ilə görüşdüm, nə desələr yaxşıdır: “Tənqidlə yanaşı müsbət məqalələr, anonim qadın zəngləri də redaksiyaya daxil olurdu. Amma tənqidi rəyləri verirdik ki, Mərkəzi Komitənin qəzəbinə gəlməyək. Bu rejimin qurumu isə heç bir mənfi reaksiya vermədi.

“Payıza qədər”dən sonra “Yuxuda dirilən adam” dedektiv romanımı “Gənclik” nəşriyyatı yüksək tirajla çap elədi: (1991). Tənqid edənlərin üzü gəlmədi bu əsəri tərifləsin.
Əzizim, beləyik də!

Yaradıcılığıma gəldikdə: elmi-fantastik povestlərim “Sarı çiçək” adı ilə “Yazıçı” nəşriyyatında çıxdı. Uşaqlar üçün “Cırtdan adamın sərgüzəştləri” və “Dəniz şəhərində görüş” dedektiv povestlərimi “Azərbaycan pioneri” qəzeti (1985-1986) dərc elədi. Xeyli sayda hekayələrim qəzetlərdə çıxıb. Son beş ildə “İ.Şıxlının poetikası”, “İsa Məmmədov və idarəetmə psixologiyası”, “Baba Mahmudoğlunun musiqi fəlsəfəsi”, “Musa Yaqubun yaradıcılığı”, “Mir Cəlalın poetikası” üçcildliyin birinci cildi, “Oqtay Rzanın yaradıcılığı”, “Pedaqogika” dərsliyimin birinci cildi və digərləri işıq üzü görmüşdür. Sizə gətirdiyim “Seçilmiş əsərlər”imin birinci cildinə “Qapalı kitab” romanım daxildir. Xeyli sayda elmi əsərlərim çıxıb və çıxmaqdadır. Yazmamaq olmur. Yeri gələndə ürəyimi publisist məqalələrlə boşaldıram. “Madam Sofa və Qara at” romanımı tamamlamışam. Allah bəlkə sponsorunu yetirdi!

- Keçən il 70 yaşınız oldu məncə, çox sakit və mütavazi. Yetmiş yaş. Nə demək olur bu? İllərin ötüşü sizi qorxutmur ki?
- Tofiq Abdin, əzizim, bir vaxt 60-70 yaşlı ziyalıları, bizə dərs deyənləri görəndə içimdə xof yaranırdı, ilahi, görəsən bunlar yaşa təslim olurlarmı, yaş bunların nəyini əllərinnən alır? Özüm gəldim çatdım yetmişə. Elə sakitcə gəlmişdimsə, sakitcə ötüşdü. Məsələnin sosial tərəfini bəlkə də nəzərdə tutursuz. Bunun rəsmi tərəfləri var. Bir təhsil adamı, 46 ildən artıq Təhsil Nazirliyi sistemində işləmişəm, hətta müxtəlif vəzifələr daşımışam, xəbərdarsan və yeganə şəxsəm ki, pedaqogikanın müxtəlif sahələri, təhsilin, maarifçi şəxsiyyətlər haqqında nəzərə çarpan kitabların, dərsliklərin, elmi əsərlərin, 500-dən artıq elmi məqalənin (qəzet) müəllifiyəm. Bir peşəkar pedaqoq olmaqdan əlavə, ədəbiyyatşünasam, nəsr yazanam, ali məktəb müəllimiyəm (dosent vəzifəsində) və sairə. Deməli, mənim doğma sistemim bunu görməliydi. Axı, təhsil funksionerlərilə daima ünsiyyətdə olmuşam, yaradıcılığımı şifahi olaraq həmişə qiymətləndirmişlər. Nazirimiz, hörmətli Misir Mərdanovla tanışlığımızın tarixi 25 ildən çoxdur. Yəqin mənim yaşımnan xəbərsizdir, hər halda onun qarşısında bu məsələ qalxsaydı, reaksiya verərdi. Professor, elmi qiymətləndirən nazir kimi tanıyıram. Bəlkə də yersizdir, amma yox: M.Mərdanovun 60 illik yubileyi münasibətilə qəlbimnən gələn bir oçerk yazıb “Ocaq” qəzetində çap etdirdim. Maraqlıdır və mənim üçün gözlənilməz oldu ki, o, bir zənglə də olsa mənə “sağ ol” demədi. Yəqin başı qarışıq imiş...

Məni belə situasiyalar düşündürür, axı mən, akademik düşüncəli, standart üslublu, döyənək tematikalı pedaqoq deyiləm. Elmi məqalələrimi də hissimlə yazıram, ürəyimnən keçirənnən sonra yazıram... Yazıçılar Birliyinin üzvü kimi onlara rəsmi demədim. Belə müraciətləri xoşlamıram, halbuki Birliyin kadrlar şöbəsi var, bəs onun işi nədir? Mən tənqidçi-ədəbiyyatşünas kimi Birliyə qəbul olunmuşam. Siz məni hamıdan yaxşı tanıdığınız üçün gileylənirəm və buna haqqım çatır müqayisədə: “Mənəm-mənəm” deyən ədəbiyyatşünaslardan xeylisi, lap çoxu gəlsin ortaya. Nə yazıblar? Necə yazıblar? Kim üçün yazıblar? Mən S.Vurğun, İ.Şıxlı, Mir Cəlal kimi görkəmli ədəbi şəxsiyyətlərin poetikasını araşdırıb, sanballı monoqrafiyalar yazmışam. M.Yaqub, O.Rza haqqında da monoqrafiyalar qələmə almışam. Dövrü mətbuatda onlarla peşəkar səviyyəli resenziyalar, tənqidi məqalələr, ön sözlər yazmışam. Azərbaycan ədəbiyyatşünaslığında elmi-fantastik janrı ilk dəfə mən tədqiq etmişəm, kitab buraxdırmışam, onlarla qəzet və jurnal məqaləsinin müəllifiyəm... Hə, belə, Tofiq Abdin. Sizin mənimlə səmimi, ürək söhbətin qeyri-təvazökar danışmaq ehtiyacı doğurdu. Sənin özün də xaraktercə birbaşa adamsan. Neyləyək? Ab-hava, mühit, insanlar belə bir laqeydlik səviyyəsinə gəlmişlər.

-Sizin bu zəngin elm-pedaqoji fəaliyyətinizin, təhsil xidmətlərinizin əvəzini hansı ödüllərlə, titullarla əvəz etmişlər? Çaşıb...?
- Bəli, düzgün, fəhmən “çaşıb”sız. Sovet vaxtı (1979) “Qabaqcıl maarif xadimi” döş nişanı veriblər. O çağdan bəri təhsil sisteminə varlığımla xidmət etmişəm: pedaqoji mətbuatda (“Azərbaycan məktəbi” jurnalında iki il, “Azərbaycan müəllimi” qəzetində 8 il məsul vəzifələr tutmuşam) çalışmışam. Azərbaycan Dövlət “Maarif” nəşriyyatının baş redaktoru və direktor əvəzi, Azərbaycan Mİ-nin Salyan filialının direktoru (ilk, 2001-2005) vəzifələrində fəaliyyət göstərmişəm. Fasiləsiz 25 ildir ali məktəbdə dərs deyirəm. Lakin ağır da olsa deməliyəm: heç bir rəsmi vəzifəli funksionerin yadına düşməmişəm, yaxud düşsəm də bəzi parametrlərim düz gəlməmişdir. Gəlin, açıq, səmimi danışaq: nə vaxtacan həqiqətləri gizlətməliyik? Müstəqil və demokratik respublikayıq və bu dövlətin ədalətli qanunlarına funksionerlər əməl etməlidir. Durub mən ölkə prezidentindən gileylənməliyəm?! Allahverdi Eminovu - həyatının ən şirin, duzlu illərini qoyan, haradasa sərt, haradasa romantik alimi, yazarı çalışdığı qurumun rəhbərliyi (əslində birinci şəxsi) görməlidir və qiymətləndirmək iradəsinə malik olmalıdır.

Hələ ki, 70 yaş məni üstələyə bilməmişdir, yəqin gücü çatmamışdır. Yaddaşım daha da durulmuşdur, şəxsiyyətim bir xeyli də müdrikləşmişdir, yaradıcılıq həvəsim ehtirasa dönmüşdür: hər ildə azı 3 monoqrafiya, onlarla jurnal məqaləsi yazıram, hekayələr də, povestlər öz axarında. Bu yetmiş yaş mənim ürəyimə zərrə də olsa paxıllıq, mərdiməzarlıq, çörəyə mane olmaq kimi qəbahətlər təlqin etməmişdir, əksinə, fəzilətlər oyatmışdır. Allah buyurduğu kimi, 75 yaşında ümidliyəm ki, mənə olan haqsızlığın əvəzi çıxılacaqdır - Allah həmin şəxslərə ömür versin ki, bu yaşda qarşı-qarşıya oturub, ötən günlərə qayıdaq.

Tofiq Abdin, Sizin də o vaxt 75 yaşınız olacaq, gec də olsa mən əvəzini çıxaram. Əlli yaşınızda məqaləni mən yazmışdım, “Ədəbiyyat qəzeti”ndə çıxmışdı. Ürəyimcə səninlə söhbət eləyərəm. Bu söhbət çap olunar, şübhəsiz. Qabaqcadan minnətdarlığımı bildirirəm.
Şairlər tarixdə qalırlar. Mən də sənin hesabına tarixləşərəm!
(Son)

[email protected]
tofigabdin.com

 





14.10.2012    çap et  çap et