525.Az

Hiyləgərlik və həqiqəti gizlətmək ustalığı - Telman Orucov yazır


 

Hiyləgərlik və həqiqəti gizlətmək ustalığı - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr


(Əvvəli ötən şənbə sayımızda)
 

Mühafizəkarların belə qəti qələbəsi yalnız 1980-ci illərdə, Marqaret Tetçer baş nazir olanda mümkün olmuşdu. Bunu hər şeydən əvvəl Boris Consonun şəxsi qələbəsi hesab etmək olar, son seçki əhalinin iradəsini onun düzgün anladığını sübut etdi və mövqeyinin xalqın əksəriyyəti tərəfindən qızğın müdafiə edildiyini göstərdi. Bu seçki həm də hökumətə breksit mandatını verdi, müxalifətin tələb etdiyi ikinci referenduma artıq ehtiyac qalmadı. Lakin Consonun qələbəsi Avropa üçün heç də yaxşı xəbər olmadı, çünki İttifaqdan ayrıldıqdan sonra İngiltərə artıq onun partnyoru deyil, rəqibi olacaqdır.


İngilərə də ilk illərdə müəyyən iqtisadi və daxili problemlərlə üzləşəcəkdir. Seçkilərdə həmçinin, uğurla çıxış etmiş  Şotland Xalq partiyasının lideri, Şotlandiyanın baş naziri Nikola Stöcen baş nazir Consona müstəqillik əldə etmək üçün yeni referendum keçirmək niyyətləri barədə xəbədarlıq etmişdir. Əvvəlki referendum isə Böyük Britaniyadan ayrılmağın əleyhinə  səs vermişdir. Lakin dərin pessimizmə qapılmaq da düzgün deyildir, çünki İngiltərə belə sınaqlardan çıxmağı bacarmışdır. XX əsrdə, II Dünya müharibəsindən bir qədər sonra Böyük Britaniya nəhəng imperiyasını itirməli oldu, lakin mənəvi gücünü və siyasi nüfuzunu qoruyub saxlaya bildi. Ölkə xalqın iradəsi əsasında Avropa İttifaqından ayrılmışdır, yəqin ki, qarşıdakı çətinlikləri də əvvəlkilər kimi dəf edə biləcəkdir.  
 

Qonşuluğun problemləri 


Çox sayda qonşusu olan dövlətlər o qədər də çox deyildir. Birləşmiş Ştatların quruda iki qonşusu vardır: şimalda Kanada, cənubda isə Meksika. Çinin isə 14 müxtəlif millətlərdən ibarət olan ölkələrlə quru sərhədləri vardır. Dəniz sərhədlərində isə Yaponiya, Cənubi Koreya, Filippin və Vyetnamla qonşudur. Amerika Çinin qlobal dövlətə çevrilməsinin qarşısını almağa çalışır.


Cənubi Çin dənizindəki insan yaşamayan adalar üstündə Çin, Vyetnam, Malayziya, İndoneziya, Filippin, Bruney və Tayvan arasında mübahisə gedir. Çinin sürətli inkişafından sonra hər şey dəyişilmişdir. Cənubi Çin dənizindəki geosiyasi münaqişə qızğın şəkildə qalmaqda davam edir.


Bir sıra dövlətlər öz qonşularına qarşı antoqonist münasibət həyata keçirirlər. Fövqəldövlətlərin bu məsələdəki mövqeyi aydındır. Regional sahədə isə bir sıra münaqişələr gedir. Onlar Səudiyyə Ərəbistanı ilə İran, Hindistan və Çin, Pakistan və Hindistan, Venesuela və Kolumbiya, Cənubi və Şimali Koreya arasında mövcuddur. ABŞ-ın Kubanı iqtisadi blokadaya alması altı onillikdir ki, davam edir. Gürcüstan və Ukrayna ilə Rusiya bir-birlərinə qarşılıqlı blokada tətbiq edir.


Güclü dövlətlər özlərinin zəif həmkarlarına qarşı Prokrust çarpayısı siyasətini aparırlar. Bu çarpayı istirahət üçün deyil, sahibinin səyi ilə adamları çolaq etməyə yönəlmişdir. Zəif dövlətləri də çolaq vəziyyətinə salmaq o qədər də çətin deyildir.


Təpədən dırnağa qədər silahlanmış Səudiyyə Ərəbistanı təkcə İrana düşmən münasibəti bəsləmir, onun Türkiyə ilə də əlaqələri soyuqdur. 2007-ci ildə isə öz qonşusu, özü kimi sünni dövləti olan kiçik Qətərə qarşı düşmənə çevrildi. Qətər də xırda əraziyə malik olmasına baxmayaraq, neftlə çox zəngindir, paytaxt Doxa onun var-dövlətindən xəbər verən müasir göydələnlər şəhəridir. Qətərin günahı ondan ibarət idi ki, Səudiyyə Ərəbistanının aparıcı dövlət statusu ilə, onun komandası altında hərəkət etməyə razı olmamışdı. Həm də Səudiyyə özündə yaranan vəhabiliyi hətta uzaq müsəlman ölkələrinə də yaymağa çalışsa da, Qətər digər güclü hərəkat sayılan, hətta Misirdə qısa müddətə də olsa, demokratik yolla hakimiyyətə gələn Müsəlman Qardaşlığına loyallıq göstərirdi. Misirdə Məhəmməd Mursi müsəlman qardaşlığının köməyi ilə prezident seçildi və Hüsni Mübarəkin dövründən qalmış qocaman müdafiə nazirini vəzifədən kənarlaşdırıb, onun yerinə gənc general Əbdal Fəttah əs-Sisini qoydu. Az sonra əs-Sisi hərbi qiyam qaldırıb, Mursini prezidentlikdən kənarlaşdırdı və həbs etdi, özü isə əvvəlcə vəzifəni icra edən, sonra isə seçkidə qalib gəlməklə prezident oldu. Mursi mühakiməsi getdiyi məhkəmə iclaslarının birində öldü. Yalnız Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Mursinin devrilməsinə və ölümünə görə dəfələrlə öz ciddi narazılığını bildirdi və Misirin yeni rəhbərliyini dövlət çevrilişində günahlandırdı. Əs-Sisi isə kasıb ölkəni diktatura metodları ilə idarə etməyə, Müsəlman Qardaşları üzvlərini təqib etməyə başladı.


Səudiyyə Ərəbistanı ilə Qətərin iqtisadi və hərbi cəhətdən çəki dərəcələri müxtəlifdir. Birincidə 30 milyon əhali yaşayır və ordusu 0,5 milyonluq hərbçidən ibarətdir. Bu ordu Qətəri istənilən vaxt məhv edə bilər. Çünki axırıncının əhalisinin sayı 2 milyondur və 11 min nəfərlik orduya malikdir. Qətərin yeganə təsəlli yeri orada Türkiyənin hərbi bazasının olmasıdır.


İstənilən dövlət öz qonşularının xoş məramına heç vaxt bütünlüklə inanmır.  Dövlətlər yalnız yararlı bazar olması ucbatından onların stabil olmasını istəyirlər, bircə şərtlə ki, kifayət qədər əhəmiyyət kəsb edən proqresə malik ola bilməsinlər. Bu isə xaosa üstünlük vermək deməkdir. İğtişaşlardan əziyyət çəkən qonşu bazar kimi də itirilir və xalq oradan qaçıb ətrafa yayılmağa başlayır. Miqrantlar isə sosial narazılığın, bunun geniş yayılmasının katalizatoru, iğtişaşlar üçün əsl yanacaq rolunu oynaya bilər.

 
Hiyləgərlik və həqiqəti gizlətmək ustalığı

 
Fransada Günəş Kral XIV Luinin hökmranlığı dövründə baş nazir olan kardinal Mazarin "hiyləgərlik et ki, sən o deyilsən, özünün kim olduğunu gizlət" prinsipinin vacib olduğunu qeyd edib, ona çoxlu misallar gətirmişdi. Siyasi idarəetməyə dair onun yazılarında bu strategiyadan necə fayda götürüldüyü göstərilir. Onlardan əksəriyyətini müasir geosiyasətdə də istifadə etmək olar.


Yaxşı qumar, kart oyunu geosiyasətdə açardır, çünki dost olmaq barədə hiyləgərlik etməyə imkan verir. Axı lap qədim dövrlərdən casusluq düşmənin sirrindən agah olmağa kömək etmişdir. Casus gizli fəaliyyət göstərdiyi ölkə barədə lazım olan informasiyanı əldə edə bilir.


Makiavellinin sözləri bir qədər dəyişikliyə uğradılsa, o, siyasəti "aldatmaq elmi" adlandırırdı. Geosiyasətdə aldatma, demək olar ki, ən yüksək elmdir.


Görkəmli Çin hərbi strateqi Sin Tszu məsləhət şəklində yararlı bir sıra hiyləgərlik və gizlətmə üsullarını irəli sürmüşdür. O, güman edirdi ki, müharibənin özü də aldatma metodundan istifadə edir. Sən fəal olanda hiyləgərlik edə bilmirsənsə, passiv olanda adamları səfeh yerinə qoy, əgər yaxındasansa, özünü elə göstər ki, uzaqdasan, əgər uzaqdasansa, özünü elə göstər ki, yaxındasan. Öz düşməninin tələyə salmaqda şirnikləndirmək üçün balıq tutmaqda istifadə edilən tələ yemi təklif et, narahatlığını göstərməklə onu təəccübləndir, onu özündən razı qalmağa həvəsləndirmək üçün əks şəraitlərə malik olduğunu göstər. Çin kommunistləri və onların rəhbəri Mao Tsze-dun, yəqin ki, Çan Kay-şinin hökumətinə qarşı qalibiyyətli müharibə apararkən bu metodlardan geniş istifadə etmişdi və onlar 1949-cu ildə Çin Xalq Respublikasını yarada bilmişdilər.


Müasir Çin də, heç şübhəsiz, bu üsuldan bol-bol istifadə edir və özü barədə həqiqi mənzərəni gizlədir. Axı məşhur filosofun dediyi kimi, "səfehliklə aldatmaq,  müdrikliyin yüksək şöbəsidir". Çin 40 il ərzində müxtəlif yollarla müasir texnologiyaları öyrənib, tətbiq etmək yolu ilə görülməmiş inkişaf səviyyəsinə yüksəlmişdir. Donald Tramp bunu çinlilərin oğurluğu adlandırır və bu səbəbdən xeyli iqtisadi ziyan çəkdiklərini bəyan edir. Axı oğurluğun özü də nə qədər xoşa gəlməyən olsa da, müəyyən ustalıq və cəsarət tələb edir.


Digər tərəfdən, yalnız oğurluq yolu ilə Çin elektron sənayesində belə zirvələri fəth edə bilməzdi. İstedadlı və işgüzar xalq zamanla ayaqlaşmağı bacarmış və müasir, tələb olunan malların kütləvi istehsalı və ucuz satılması yolu ilə dünya bazarını işğal edə bilmişdi. Bu xalqı nədəsə ittiham etmək əvəzinə, onun yenilik hissinə, cəmiyyəti yeni əsaslarda qurmaq qabiliyyətinə görə yalnız təqdir etmək lazımdır. Bəs başqa ölkələrdə niyə bu texnoloji inqilab, yüksək sürətli inkişaf yoxdur? Çinin fəhləsindən, kəndlisindən tutmuş rəhbərinə qədər hər kəs öz ölkəsinin iqtisadi qüdrətinin möhkəmlənməsinə çalışır və qanunsuzluqların, pozğunluqların aradan qaldırılmasında da böyük nailiyyətlərə sahib olur. Si Tszinpin Çin rəhbərliyinə gələndən sonra korrupsiyaya qarşı müharibə elan etdi, ən böyük vəzifələri tutan bəzi dövlət xadimləri güllələndi və bu sahədə böyük irəliləyiş əldə edildi. Bu heç də o demək deyildir ki, Çində korrupsiyanın kökü tamamilə kəsilmişdir. Xoşa gəlməyən pretsedentlərə yenə də rast gəlinir, bir əyalət qubernatorunun evindən 18 ton qızıl tapılmışdır, heç qızıl mədənləri də qiymətli metalın belə həcmi ilə öyünə bilməz. Lakin ölkədə korrupsiyaya möhkəm bənd çəkilmişdir və əhalinin böyük əksəriyyəti bu siyasəti bəyənir və dəstəkləyir.


Çinin məşhur dövlət xadimi Den Syao-pin 1970-ci illərin axırında, Maonun ölümündən sonra yenidən siyasətə qayıtdıqda ölkə iqtisadiyyatını islahata uğratmaq siyasəti apardı. O, ölkənin iqtisadi həyatını kapitalizm relslərinə keçirdi, lakin sosialist siyasi sistemini də saxladı. Onun səyləri gözlənildiyindən də yüksək nəticələrə səbəb oldu. İndi Çin ABŞ-dan sonra dünyanın ikinci iqtisadi cəhətdən ən varlı dövlətidir və ABŞ kimi nəhəngə onun hakim kəsildiyi iqtisadiyyat meydançasında çağırış etməyə qadir oldu.


Den Syao-pin 1984-cü ildə Çinin "sosialist ölkəsi" kimi və "inkişaf yolunda olmasını" bəyan etmişdi. O vaxta nisbətən Çin iqtisadiyyatı 64 dəfə güclənmiş, illik daxili məhsul istehsalı 7 və 10 faiz arasında artım tempinə malik olmuşdu. O, iqtisadi cəhətdən dünyanın ikinci dövləti olsa da, alıcılıq qabiliyyəti paritetinə görə nəhəng Birləşmiş Ştatları da ötüb keçmişdir. Çində inkişaf Bankı və Asiya İnfrastruktura İnvestisiyası Bankı fəaliyyət göstərir, onlar Beynəlxalq Maliyyə Fondu və Dünya Bankı kimi beynəlxalq maliyyə qurumlarını tezliklə kölgədə qoyacaqdır.


Çin Ümumu Daxili Məhsul istehsalı səviyyəsinə görə hələlik ABŞ-dan geri qalsa da (ekspertlərin rəyinə görə 2029-cu ildə Çin bu sahədə birinci yerə çıxacaqdır), alıcılıq qabiliyyəti paritetinə görə birinci yerdədir, başqa sözlə, ABŞ-dan irəlidədir. 2017-ci ildə ABŞ-ın bu göstəricisi 19,36 trilyon olduğu halda, Çininki 23,12 trilyona bərabər idi.


Çinlilərin bir xüsusiyyəti də qeyd edilməlidir, bu da öz nailiyyətlərinə görə məğrurluqdan uzaq olmaları, bunu nümayiş etdirməmələridir. Bu barədə onlar elə bil ki, katoliklərin prinsiplərinə riayət edirlər. Katoliklərdə məğrurluq ölümcül günah hesab olunur.


Çin bütün nəhəng irəliləyişlərinə baxmayaraq, həm də inkişafda olan dövlətdir. Milyarderlərin sayına görə ABŞ-ı keçsə də, kənd yerlərində və iri şəhərlərin kənarlarında yaşayanlardan yoxsul şəraitdə olanlar heç də az deyildir. 2014-cü ildə Çin rəhbəri Si Tszinpin Çini oyanan şirlə müqayisə etmişdi.

 
İnsan təbiətinin kövrəkliyi

 
Bəzi düşüncələrə görə, insan valideynlərinin övladı olmaqla yanaşı, həm də mühitin məhsuludur. Valideynlər uşaqlarına genlər vasitəsilə çox şeyi ötürürlər. Zaman keçdikcə valideynlər də, mühit də dəyişir və bu dəyişikliklər insanın təbiətinin formalaşmasında mühüm rol oynayır. Müasir insanı nəinki orta əsrdə yaşayan, hətta bir əsr əvvəl mövcud olmuş adamlarla müqayisə etmək çətindir, çünki o, öz dövrünün həyata daxil etdiyi bütün yenilikləri dəqiqliyi ilə olmasa da, mənimsəmişdir, həzm etmişdir. İnformasiyanın nəhəng ölçülər qazandığı bir dövrdə insan onların təsirindən bütünlüklə uzaqlaşmaq gücündə deyildir. Bəlkə, yəhudilər kimi başa kipa adlanan xırda dəyirmi kolpak qoyulsun ki, başın yuxarısında olan ekran informasiya axınından mühafizə olunsun.


(Ardı var)

 





02.05.2020    çap et  çap et