525.Az

Azad media və məlumat əldə etmək azadlığı


 

Azad media və məlumat əldə etmək azadlığı <b style="color:red"></b>

1993-cü ildə BMT Baş Məclisi 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib.

Bu qərar 1991-ci ildə YUNESKO-nun azad, plüralist və müstəqil mətbuatın istənilən demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğunu təsbit edən Qətnamə qəbul etmiş Baş Konfransının uğurlu fəaliyyəti nəticəsində gerçəkləşib.

Ümumdünya Mətbuat Azadlığı Günü beynəlxalq ictimaiyyətə mətbuat və söz  azadlığının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunan əsas hüquqlar olduğu barədə özünəməxsus xatırlatmadır. Bu hüquqların qorunması mütləqdir. Çünki onlar demokratiyanın əsasını təşkil etməklə bütün dünyada insanların həyatına real təsir göstərir. Azad media və məlumat əldə etmək azadlığı sayəsində cəmiyyətin hər bir üzvü ictimai-siyasi və sosial-mədəni proseslərin fəal iştirakçısı olmaq və taleyini müstəqil həll etmək imkanı əldə edir. Bu isə yalnız etibarlı məlumatları azad və sərbəst şəkildə əldə etməklə mümkündür.

Qanunun aliliyi yaşanan demokratik cəmiyyətdə söz və fikrin azadlığının məhz qanunla haşiyələnməsi mütləqdir. Bu azadlıq QANUN və ƏXLAQ çərçivəsindən kənara çıxdıqda dəyərini və təsirini itirmiş olur... Və köləliklə əvəz olunur.

Azadlıq yüksək məsuliyyət tələb edir. Bu məsuliyyəti dərk etməklə, şərəfli peşə vəzifəsini vicdanla yerinə yetirməklə mətbuatımızı nurlu sabaha aparan jurnalistlərimiz kifayət qədərdir. Təşəkkülünə nail olduğumuz mətbuat azadlığının qədrini bilən, yazılan və deyilən hər bir kəlməyə məsuliyyətlə yanaşan, milli-mənəvi və əxlaqi dəyərlərimizi yaşadan və yorulmadan təbliğ edən media təmsilçilərini Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə təbrik edir, onlara azad yaradıcılıq uğurları arzulayıram!

Oktay SƏMƏDOV
Pedaqogika üzrə fəlsəfə doktoru

 





03.05.2020    çap et  çap et