525.Az

Yaddaşımdakı Həcər xanım - "Taleyin izləri" kitabından


 

Yaddaşımdakı Həcər xanım - <b style="color:red">"Taleyin izləri" kitabından </b>

... Mən Həcər xanımı görəndə təqribən 84-85 yaşı olardı. Mütənasib bədən quruluşu, amiranə duruşu və danışıq tərzi, ağ sifəti, uzun və düz boynu, yaşının ağbirçək çağında da qaməti əyilməmiş bu xanım ilk görüşdən adama çox güclü təsir bağışlayırdı. Bir söz demədən belə fikirlərinə hakim kəsilir, baxışları adamı sanki əzirdi. Ancaq ilk baxışda zəhmli görünən bu xanım danışmağa başlayan kimi rahatlıq tapırdın.


İşlətdiyi xoş sözlər, əsilzadə xanımlara məxsus incə davranışı, eyni tərzdə gülümsəməsi təsəvvürlərini tam dəyişir, ona qarşı adama rahatlıq gətirən bir inam yaradırdı. Heç vaxt çox danışmır, fikirlərini tam aydın çatdırır, qarşısındakını səbirlə dinləyirdi. Ancaq nəvələrinin, ya başqa birisinin eyni sözü ona ikinci dəfə təkrar etdirməsinə qəzəbi tutanda üzünün həilm, mehriban ifadəsi qəflətən dəyişir, görkəminə uyğun amiranə bir forma alırdı...


Həcər xanımın bütün bəhs etdiyim və etmədiyim xüsusiyyətləri genindən gəlirdi. Əsilli-nəsilli bəy qızı olan Həcər xanım gözünü açandan dünyanı belə görmüşdü. Bəy ailəsində tərbiyə alması onun dünyagörüşü, davranışı ilə yanaşı, xarakterinə də öz təsirini gəstərmişdi. Zəngilan rayonu ərazisindəki Bəsitçay boyu kəndlərin əksəriyyətinin, onlarca mülkün, geniş ərazilərin, böyük var-dövlətin sahibi olan Nəriman bəyin qızı başqa cür ola da bilməzdi. Ona yaxşı təhsil, tərbiyə vermiş, zadəgan aləminin qanun-qaydalarına uyğun davranmağı öyrətmişdilər. Yetişdiyi mühitin ən üstün cəhətlərini mənimsətmək üçün müəllimlər tutmuş, musiqi, rəqs dərsləri keçmişdilər. Həcər xanım da atasının ümidlərini doğrultmaq üçün lazımınca səy göstərmiş, bütün öyrədilənləri sinədəftərinə həkk eləmişdi. Deyilənlərə görə, bu keyfiyyətlərə necə yiyələndiyini o, cəmiyyət içərisində dəfələrlə məharətlə nümayiş etdirmişdi. Ancaq Sovet Rusiyasının işğalı ilə Azərbaycanda quruluşun dəyişməsi, sovetləşmənin başlanması ilə Həcər xanımın arzuları kimi, bacarıqlarını yüksək cəmiyyətə təqdim etmək imkanları da suya düşmüşdü. Malik olduqlarının böyük hissəsinin zorla əllərindən alınması və yeni quruluşun öz qaydalarını qəbul etdirməsi səbəbindən Nəriman bəyin üç övladından ən kiçiyi olan ikinci qızını da sadə həyat tərzi keçirmək məcburiyyəti qarşısında qoymuşdu. Təkcə statusuna, ailə vəziyyətinə deyil, həm də təhsilinə görə ona uyğun gəlməyən biri ilə ailə həyatı qurmalı olmuşdu. Yeganə təsəllisi bu evliliyin öz istəyi ilə baş tutması və seçdiyi insanın xoşxasiyyət və mərd olması idi.


Atam məni onun yanına, Rəzdərə kəndinə atası Nəriman bəylə maraqlandığım və Gəncədən yay tətilini keçirməyə kəndə gəlmiş nəvəsi ilə biryerdə olmağım üçün aparmışdı.


Rəzdərə kəndi Zəngilanın ən mənzərəli guşələrindən birində yerləşirdi. Dağlarla əhatələnmiş kəndin yuxarısı Top meşəsinə dirənir, ətəyindən suyu göz yaşı kimi dupduru Bəsitçay axır, çay vadisi boyunca isə əsrarəngiz təbii "Çinar meşəsi" uzanırdı. Sahəsinə görə dünyada ikinci, Avropada birinci olan bu çinar meşəsi Zəngilanın ən füsunkar yerlərindən biri idi. Ötən əsrin 70-ci illərində təbii qoruq elan edilmiş (ona Bəsitçay qoruğu adı verilmişdi) bu ərazi, çox heyif ki, indi erməni işğalçıları tərəfindən talan olunmaqdadır...


... Həcər xanım atamgilin dədə-baba kirvəsi idi. Bu qohumluq bizim uşaqlıq çağlarımızda da davam etdirilirdi. Həcər xanımla dədə-baba kirvəsi olmağımızın da maraqlı tarixçəsi var. Bu barədə özü atama danışıbmış.


Bir nəfər, düşmənçilik zəminində, Həcər xanımın qardaşını öldürüb, qaçıb gizlənibmiş. Qardaşının qisasını almaq istəyən Həcər xanım at belində gecə-gündüz onu ətraf dağlarda, meşələrdə axtarsa da, tapa bilmirmiş. Bu minvalla neçə müddət imiş ki, yaxın-uzaq demədən, qatili axtarırmış. Bir gün axşamüstü meşənin yaxınlığından keçən bir neçə adam çiynində tüfəng bir qadının at belində ağacların arxasından çıxdığını görür. Aralarındakı məsafə azalanda Həcər xanımı yaxşı tanıyan həmin şəxslərdən biri, ərkyana, günün bu vaxtında meşədə nə axtardığını soruşur. Həcər xanım cavabında:


- Düşməni axtarıram ki, öldürüm, məgər sənin xəbərin yoxdur? - deyir.


- Xəbərim var, ancaq daha gecdir, belə vaxt meşədə kimi tapmaq olar, - deyir.


Adamların işərisində nisbətən cavanı, Həcər xanımı tanımadığından:


- Sən adam öldürənsən ki, çiyninə də tüfəng götürmüsən? Qorx ki, sənin özünü vurmasınlar, - deyir.


Həcər xanım tüfəngi çiynindən aşırıb bu sözləri deyən həmin adamı vurmaq istəyəndə, bayaq ona birinci müraciət edən şəxs tez araya girir:


- Sən Allah, bağışla, Həcər xanım, cavandır, bilmədi, bir səhvdir etdi. Sizi tanımadığına görə belə dedi. Keçin günahından, çevirin balalarınızın başına, - deyir.


Həcər xanım daha bu sözdən sonra atının başını çevirib yoluna davam edir. Ancaq içinə dolan qəzəbi bir neçə gün də boğa bilmir. İlk dəfə üzünü gördüyü tanımadığı birinin ona belə tənə etməsi qüruruna toxunduğundan ürəyində nə vaxtsa bu adama yerini göstərməyin gərəkdiyinə qərar verir. Yol yoldaşları da həmin cavanı möhkəm danlayıb, kiminlə necə danışmaq lazım olduğunu başa salırlar.


Bu hadisədən az keçmiş, oğlanlarını sünnət etmək istəyən Həcər xanım neçə adamı saf-çürük edib babamın qardaşı Əmirxanın üzərində dayanır. Güclü və çevik adam olan Əmirxan bir müddət imiş ki, Nəriman bəyin yanında işləyirmiş və qazandığı etibara görə malikanənin əsas idarəçilik məsələləri ona həvalə olunubmuş. Yaxşı ovçuluğu da varmış. Sözübütövlüyü, mərdliyi, gözütoxluğu ilə ətraf kəndlərdə hörmət qazanıbmış. Qafandan, Gorusdan, Qubadlıdan da çoxlu dostları varmış. Elə bu keyfiyyətlərinə görə, rayon ərazisində bir sıra kəndlərin sahibi olan Nəriman bəyin qızı Həcər xanım onu övladlarına kirvə tutmaq istəmiş və fikrini Əmirxana çatdırıb, həyat yoldaşının da onun kirvə tutulmasına razı olduğunu bildirmişdi.


Əmirxan "Siz bu fikirdəsinizsə, mən nə deyə bilərəm, ancaq razı olsanız, uşaqları mənim ağsaqqalım sayılan böyük qardaşımın qucağına qoyarsınız", - deyir.


Həcər xanım etiraz etmir: "Nə fərqi var, kirvə sən, ya qardaşın olsun".


Beləcə, vaxt gəlib yetişir, o dövrün adətinə görə uşaqları müsəlman etmək üçün hazırlanmış boğçanı gətirirlər və kirvə keçib oturur boğçanın üstündə. Başı içəridə hansısa işə qarışmış Həcər xanım mərasimin baş tutacağı eyvana çıxıb boğçanın üstündə oturan adamı görəndə çaşıb qalır. Bu, bir vaxtlar meşə ətəyində qanlısını axtararkən rastlaşdığı və onun kimliyini bilmədən artıq söz işlədərək təhqir etdiyinə görə üstünə silah çəkdiyi adam imiş.


İndi bir vaxtlar əlindən bərk qəzəbləndiyi həmin cavan oğlanı kirvəlik boğçasının üstündə oturan görəndə Həcər xanımın urəyində nələr keçirdiyini bir Allah bilir. Onun üzünü Əmirxana çevirib açıq sezilən narazılıqla:


- Əmirxan, sənin məsləhət yerin, böyük qardaşın budur? - soruşmuşdu.


Məsələdən az-çox xəbərdar olan Əmirxan:


- Həcər xanım, siz onu bir yaxından tanıyın, görəcəksiniz mənim qardaşım necə oğlandı, o, məndən də yaxşıdır. Etdiyi səhv də sizi tanımamasının, bir də səbirsizliyinin xətasıdır, - deyib.


Özünün danışdığına görə, Həcər xanım deyilənlərə tam qane olmasa da, təmkinini pozmamış, "görünür, bu da bir qismətdir" deyib kirvəliyin baş tutmasına razılıq vermişdi.


Onu tanıyandan sonra yüz yol Əmirxana "Sən hələ bunun tərifini az etmisən", - deyibmiş.


Bəy qızı özünün rəiyyəti olan, ancaq mərdliyini, kişiliyini yüksək qiymətləndirdiyi sadə bir insanı kirvə seçməkdən çəkinməmişdi.


Bizim ailələr arasında bu qohumluq neçə nəsil davam etdi.


O zaman mən Həcər xanımın yanında iki həftə qaldım. O, hər səhər bizi oyatmaq üçün adam göndərir, hərdən də özü yatdığımız otağa gəlirdi. Biz onun hər şeyi sanki nəzarətdə saxlayan baxışları altında yuyunur, az qala hər gün dəyişdirilən dəsmalla yaxşı-yaxşı qurulanır, sonra süfrə başına gəlirdik. Süfrəyə düzülən dadlı təamlar adamın iştahını açırdı...


Həcər xanımın yanına gələn qohumlar, hətta kənd adamları onunla böyük ehtiramla, bir az da çəkinə-çəkinə danışır, bir dəfə də olsun sözünü kəsmirdilər. Ancaq bütün bunlar qorxudan, yaxud ona xoş görünmək istəyindən irəli gəlmirdi. Əksinə, mənim tanıdığım adamların hamısı ona səmimi qəlbdən belə münasibət göstərirdilər. Bu əsilzadə xanımın yerişi-duruşu, təkcə məclislərdə deyil, elə hər yerdə özünü aparması, danışığı, bir sözlə, hər şeyi onları valeh edirdi. Qadınlar ondan xanım-xatınlığı, gənc qızlar nəzakət qaydalarını, ümumiyyətlə, mədəniyyəti öyrənirdilər. O, ətrafındakı insanların hamısı üçün bir məktəb idi.


Həcər xanımın geyimi göz oxşayırdı. Paltarı əynində şux dayanır, təzə və səliqəli görünür, belindəki gümüş kəmər isə sanki alışıb yanırdı... Həmin vaxtdan mən oxuduğum bədii əsərlərin xanım qəhrəmanları haqqında fikirləşəndə qeyri-ixtiyari gözlərimin qarşısında Həcər xanım canlanırdı. Bir nasirin təsvir etdiyi əsilzadə xanımlarda tanış cizgiləri tapmayanda həmin əsərin həyatiliyinə istər-istəməz şübhə edirdim. Həcər xanım mənim yaddaşımda öz dövrünün etalon insanı kimi qalıb və onu həmişə ilk dəfə gördüyüm kimi xatırlayıram. Kübar, yaraşıqlı və amiranə.

 





04.05.2020    çap et  çap et