525.Az

"Yaz, Qələmim, yaz!.."


 

"Yaz, Qələmim, yaz!.."<b style="color:red"></b>

Moskva 

Qadın talelərindən yazmaq taleyimə yazılıb. Yazmaya bilmirəm, çünki qələm özü məni buna vadar edir; mənsə, onun tabesindəyəm. Tolstoyun belə bir kəlamı var: "Qadın elə bir mövzudur ki, onu qədər müzakirə etsən , həmişə yepyenidir". Yaxşı anlamda bu, tamamilə doğrudur!

Qadınların qismətinə nələr düşmür ki... Hər şeyin ən çətini, ən mürəkkəbi, ən əlçatmazı. Dünyaya qadın olaraq gəlmək, elə özü bir imtahan, bir sınaq deyilmi? Güclü ola-ola zəif görünmək, zərif ola-ola çətinliklərə sinə gərmək, bir canda bir neçə ruhu yaşatmaq, bir ürəkdə min dərd daşımaq...

Feminist deyiləm, yox, amma qadın dünyasının sirlərinə bələdəm bu sirli-sehirli dünyanı dəyərləndirməyə bilmərəm! Övlad olar qadın - valideynlərinə bir oğul qədər daha artıq bəhrə verər, qayğı göstərər. Sevər qadın - ürəyini isməti yolunda şam edib yandırar, susub sönər. Ana olar qadın - yeri gələndə övladını öz xeyir-duasıyla ikinci ananın - Vətənin yolunda şəhid verər. Şair olar qadın - qələmini ailəsinə, balalarına qurban edər.

Kimdən yazdığımı açıqlamadan öncə, bu sözlərə, bu kəlmələrə ehtiyac duydum. Çünki haqqında yazacağım insan, sözün əsl mənasında, adı böyük hərflərlə yazılacaq bir qadındır - Tamaşa Xəyali. O, gözəl insan, maarifçi xanım, istedadlı şairədir. Bununla yanaşı, o, həm hörmətli qələm dostum Xəyal Rzanın anasıdır. Oxuyacaqlarınızın çoxunu dostumun öz dilindən eşitmişəm. Hər zaman söhbət düşəndə, onun böyük məhəbbət ehtiramla söz açdığı anasının - gözəl şeirlər, poemalar müəllifi, kəskin publisistik yazıların sahibi Tamaşa xanımın adı, taleyin gərdişindən təvazökarlığından ədəbiyyat dünyasında yetərincə tanınmayıb. Lakin onun Vətənimizin ən ağrılı, qanlı-qadalı günlərində susmayan qələmi, həqiqətən örnək ola biləcək qədər mükəmməl təsirlidir.

Tamaşa Xəyali - Qarabağ mahalında 1954- il iyul ayının 15- dünyaya gəlib.

Şeirləri, məqalə oçerkləri "Azərbaycan gəncləri", "Kommunist", "Novruz" qəzetlərində "Ulduz", "Azərbaycan", "Elm həyat" jurnallarında çap olunmuş, oxucular tərəfindən maraqla qarşılanmışdır.

1991-ci ildə şairənin "Bu dünyada nələr gördüm..." adlı şeirlər poemalar kitabı ("Yazıçı" nəşriyyatı), 1999-cu ildə isə "Qara Yanvar şikəstəsi" adlı kitabı (Hərbi nəşriyyat) nəşr olunub.

"Aşıq Pəri" ədəbi məclisinin Respublika Aşıqlar Birliyinin üzvüdür.

 "Qara Yanvar şikəstəsi" kitabı indi masamın üzərindədir. Hər dəfə ürək ağrısıyla oxuduğum bu kitabda nələr var! Ana naləsi, qadın iztirabı, acı göz yaşları, şəhid dağı, Vətən yarası, torpaq dərdi...

Ay analar, ay bacılar!
Könlüm yaman pərişandır.
Dəlik-dəlik olub qəlbim,
Sinəm hədəfə nişandır.
 
Qan ağlayır, qan, gözlərim!
Dolaşır, çaşır sözlərim.
Şəhid oldu əzizlərim!
Bu hal bizə yaraşandır?
 
...Kor olaydım, Azərbaycan!
Sinən üstə gölləndi qan.
Milyonlartək bu gün yanan
Öz balandır - Tamaşandır!

Qədim
Qarabağ torpağının abu-havasıyla nəfəs alan, aşıq şeiri, şifahi xalq ədəbiyyatı qaynaqlarından bəhrələnən şairənin dili rəvan, fikirləri maraqlıdır.

Kim gətirdi bu xəbəri,
Dili dolaşa-dolaşa?
Məndən ötrümü gəlirmiş
Yolu dolaşa, dolaşa?
 
Ayrılığın yamandı,
Fikrin başımda dumandı.
Getmə gözümdən, amandı,
Yolu dolaşa-dolaşa!
 
...Tamaşa gül kimi soldu,
Hara baxdı - gözü doldu.
Bu müsibət bizim oldu
Eli dolaşa-dolaşa!
 
Mən, söz açdığım bu kitabı ilk dəfə üç il bundan öncə oxumuşdum mənə çox qəribə gəlmişdi ki, belə misralar sahibi bir şairənin adını indiyədək eşitməmişəm. O zaman təəccübümü Xəyal Rzadan gizlətməmişdim, eşitdiyim sözlər isə məni çox təsirləndirmişdi: "Afaq, biz anamızı yazmağa qoymurduq. Bilərəkdən deyil, sevdiyimizdən. Hey bizimlə olsun istəyirdik, bizimlə məşğul olsun. Bəzən, mətbəxə yollanıb "qabları yuyum, gəlirəm" - deyirdi. Amma bilirdik ki, əslində, qəlbinə dolmuş hansı misralarısa vərəqə köçürməyə gedir.

...İndi o mənə baxıb  fərəhlənir. Hər uğuruma sevinir. Mənə həmişə "Yaz, Qələmim, yaz!" - deyir. Sanki mən yazanda, anamın qəlbində, demədiyi sözlərin, yazmadığı misraların acısı azalır..."

Xalq yazıçısı Anarın "Əslim, nəslim, əsrim" romanında anası haqqında yazdığı sözlər yadıma düşür: "Onun (Nigar xanımın) hər yazılmamış əsərinin, yaranmamış şeirinin günahı bizdədir. Bizim hamımızda bəlkə ən çox məndə. Biz onun vaxtını qarət edirdik, yaradıcılığa aid olan hisslərini talan edirdik. Həmişə yanındaydıq, həmişə onu fikirlərindən ayırırdıq, daxili dünyası ilə baş-başa qalmağa imkan vermirdik".

Xəyal da eyni sözləri danışmışdı. Bu sözləri yəqin ki, mənim oğlum digər şairlərin oğulları söyləyər. Çətindir həm ana, həm ev xanımı, həyat yoldaşı bunlarla yanaşı, həm şairə olmaq! Çətindir, amma şərəflidir, ucadır! Viktor Hüqonun sözlərilə desək: "Qadınlar zəifdir, amma analar qüvvətlidir!" Oğluna "Yaz, Qələmim, yaz!" deyib gələcəyə ruhlandıran, şair balasının ədəbiyyatdakı hər bir uğuruna, kövrək ana qəlbiylə, öz uğuru kimi sevinən qəhrəman ürəkli, yenilməz ruhlu şairə bacıma gözəl əsərlər həyat əzmi diləyirəm!

Bir neçə ay sonra Tamaşa Xəyalinin yubileyidir. Şairə altmış yaşını qeyd edəcək bu yaxın zamanlarda onun "Ölməzliyə gedən yol" adlı möhtəşəm bir poeması işıq üzü görəcək. Poemadan bəzi məqamlarla tanış olduğum üçün bu sözü qətiyyətlə deyə bilirəm.

Yazımı Tamaşa Xəyalinin klassik üslubda bir şeiriylə tamamlayır bundan sonra, onun təlatümlü duyğulu şeirlərinə mətbuatda daha tez-tez rastlayacağımıza ümid edirəm:

 

QALDI!

Bu necə zülmətdi, Ay hara getdi?
Oxlandı ürəyim, yay hara getdi?
Yazım tez keçir, yay hara getdi?
Baharım dağların qışında qaldı!
 
Biz gəzib dolandıq qeyrət içində,
Ayrılıq qoymadıq millət içində!
Qonağı bəslədik nemət içində,
Gözü torpağımda, daşımda qaldı!
 
Əzəldən xainmış ürəyi demə!
Yaman qalxdı zilə, enmədi bəmə.
Uzandı əlləri ta keçmişimə,
İzləri tarixin yaşında qaldı!
 
Analar - narahat, körpələr - ağlar!
Ürək tab etməyər, min qubar bağlar.
Gözümdən qanlı yaş sel kimi çağlar...
Kədər kirpiyimdə, qaşımda qaldı!
 
Düşmən birə kimi qana daraşdı,
Hiddətdən xalqımın qəlbi alışdı.
Tamaşa, bu aləm yaman qarışdı,
Əlin ürəyinin başında qaldı!

 





12.12.2013    çap et  çap et