525.Az

İmdat Avşar: “Biz itkin nəsilik” - Müsahibə


 

“AD GÜNLƏRİMİ ƏN ÇOX TƏBRİK EDƏNLƏR AZƏRBAYCANLI DOSTLARIMDIR”

İmdat Avşar: “Biz itkin nəsilik” - <b style="color:red"> Müsahibə</b>

Bu gün Türkiyəli yazıçı, tərcüməçi, Azərbaycan ədəbiyyatının dostu və təbliğatçısı İmdat Avşarın ad günüdür. Bu münasibətlə hörmətli yazıçıyla əlaqə saxladıq, onu “525-ci qəzet”in adından təbrik etdik, ad günləri, keçmişi, həyat mübarizəsi, hazırkı karantin dövrü və fəaliyyətiylə bağlı geniş söhbət etdik. Söhbətimiz əsnasında çox maraqlı sirlərin üstü açıldı:


- İmdat bəy, 5 may ad gününüzdür. Təbrik edirik. Ad günlərinə münasibətiniz necədir?

- Sizə və mənim süni ad günümü hər zaman ilk xatırlayan “525-ci qəzet”ə təşəkkür edirəm. Bu məsələ mənim yaralı yerimdir. Yarama toxundunuz, ona görə də bir sirrin üstünü açmaq və geniş danışmaq istəyirəm. Bunlar çox qəribə görünə bilər, ancaq oxucuların marağını çəkəcəyinə əminəm.

- Süni ad günü nə deməkdir?

- Təəssüf ki, mənim ad günlərinə münasibətim olduqca kədərlidir. Daha doğrusu, süni bir reaksiyadan, məni xatırlayan dostlara nəzakətlə təşəkkürdən ibarətdir. Çünki mən, heyf ki, ad günümü dəqiq bilmirəm. Nə vaxt doğulduğum naməlumdur. Bunu ailədən heç kim bilmir!

- Necə yəni?

- Mən doğulanda atam kənddə baş verən hadisələrə görə türməyə düşüb, anamınsa savadı yoxdur. O illərdə ailənin başı qarışıq olub, yaddan çıxmışam. Belə ki, unudub məni qeydiyyata belə saldırmayıblar. 11 yaşıma kimi dövlət sənədlərində mən adlı oğlan olmayıb. 1979-cu ildə ibtidai məktəbi bitirib orta məktəbə getməli idim. Diplomumu almaq üçün şəxsiyyət vəsiqəm lazım oldu. Atam onda Liviyada işləməyə getmişdi. Vəsiqəyə görə yazıb-oxumaq bilməyən anamla nüfuz idarəsinə getdik. Anama “belə bir oğlun yoxdur”- dedilər. Anam dizlərinə döydü ki, vallah, mənim oğlumdur. Çətin hala düşdük. O vaxtlar 2 şahid gətirib ordakı işçilərin önündə and içdirirdilər, onlar da şahidlik edirdilər ki, bu uşaq bu ailənin oğludur. Biz də kənddən 2 şahid gətirdik. Onlar “Quran”a əl basıb and içdilər ki, mən anamın oğluyam. Sonra mənim nə vaxt doğulmağımı soruşdular. Anam ayı, ili bilmədiyinə görə doğulduğum vaxtı belə izah edirdi: “Onda qış idi, yaman qar yağırdı, çovğun vardı. İnəyimiz də doğmuşdu. Bu oğlan o inəyin buzovu ilə yaşıddır”. Məmur anama hirsləndi ki, indi gedib buzovdan soruşaq? Bunu deyib önündəki qara cildli dəftərə doğum tariximi özü yazdı: 05.05.1967. Mən etiraz elədim ki, 11 yaşımdayam, 1968-ci il olmalıdır. Bu dəfə də mənim cavabımı verdi: “Sən sus, kirpi! 1967-ci il yazılsa nə olacaq? Bir il əvvəl gedərsən əsgərliyə”. Onu da deyim ki, saçlarım o vaxt biz-biz olduğundan məmur mənə “kirpi” demişdi. Həm bir il böyük yazdığına, həm də kirpi dediyinə görə o məmur xanıma çox hirslənmişdim. Anamsa dövlətdən vəsiqəmizi aldığımıza və yaxamızı qurtardığımıza görə sevinirdi. İllər sonra “Yaş kağızı” adlı hekayəmdə bu hadisədən bəhs etmişəm. Mənə kirpi deyən xanımı da eybəcər- həqiqətən eybəcər bir arvad idi- şəkildə təsvir edib intiqamımı almışam. 2012-ci ildə Azərbaycanda çap olunan “Anamın saatları” adlı kitabımda da bu məsələni işləmişəm. Çox gülməli, eyni zamanda kədərli hekayədir. Dostum Eyvaz Zeynalov tərcümə eləmişdi. Təsadüfə baxın ki, bu hekayəm elə bu günlərdə sizin “Yarpaq.az” saytında yenidən yayımlanıb.
Sonrakı məktəb illərimdə dostlarım qəzetlərdən ulduz falına baxardılar. Mənim bürcüm də naməlum idi. Heç o ulduz fallarına da baxmamışam. Ramiz Rövşən demişkən: “Evin ən mağmun uşağı” idim. Sözün qısası, doğulduğum tarix bilinmədiyindən mayın 5-i süni, qondarma tarixdir. Ona görə də heyf ki, içimdən gələrək ad günü şadlığı yaşamamışam.

- O ilə qədəri məlum oldu, bəs ondan sonra 5 mayda da olsa, ad günü keçirtmədinizmi? Ən maraqlı, yaddaqalan ad gününüz hansı olub?

- Mən kənddə doğulmuşam. 1960-70-ci illərin türk kəndləri son dərəcə yoxsuldur. Nazim Hikmətin “Məmləkətimdən İnsan Mənzərələri”ndə bəhs etdiyi yoxsul insanların yaşadığı məkanlardır. Bu yoxsulluqda uşaqlar ailələrə az qala yük idilər. Onları bəsləmək, böyütmək əsas problem idi. Biz də bir az böyüyüb əlimiz iş tutanda ailənin yükünə ortaq olurduq. Belə bir ortamda ad günü heç kimin yadına da düşmürdü. Üstəlik uşaqların doğulduğu tarixlər də məlum deyildi. Hətta bizə hirslənəndə “Səni doğmaz olaydım!” deyirdilər. Bizdə ad günü ənənəsi 1980-ci illərdən sonra yaranmağa başladı. Öz uşaqlarımızın ad günü üçün özəl şeylər etməyə başladıq. Yəni biz itkin nəsilik.

Mənim üçün ən yaddaqalan ad günüm 50-ci yaşımdır. Etiraf edim ki, ad günüm olduğundan da xəbərim yox idi. Bunu feysbuk vasitəsiylə xəbər tutan və məni ilk təbrik edən Rəşad Məcid oldu. Səhv eləmirəmsə onda özü başqa ölkədə idi. O, mənə bir sürpriz də elədi, “525-ci qəzet”də yayımlanmış yazının linkini göndərdi. Onda Pərvin xanım yubileyimlə bağlı bir məqalə yazmışdı. Bu, mənim ad günümlə bağlı ilk yazı idi. İndi də mənim ad günlərimi sosial şəbəkələrdən ən çox təbrik edənlər azərbaycanlı dostlarımdır. Sizinlə bu müsahibə də yenə Rəşad Məcidin mənə sürprizi oldu. Bir də gördüm ki, 53 yaşımdayam!  

- Bəs bu gün ad gününüzü keçirəcəksiniz?

- Süni ad gününü keçirtmək üçün elə bir həvəsim olmur. Bu gün bəlkə yoldaşımla birlikdə bir restorana yeməyə gedə bilərdik. Amma həm karantin var, həm də Ramazan ayıdır. Görürsünüz, tale mənim ad günümə qadağalar qoyub (gülür). İndi fikirləşirəm ki, gərək axşam iftardan sonra yaxşı bir çay dəmləyib 50-ni keçib 60-a yol alan ömrümü saf-çürük edəm.

- Bizdə ustad Aşıq Alının bir şeirində belə bir misra var "Əllini aşırdın, yüzə nə qaldı?!" İmdat bəy, əllini aşırdınız, illər necə keçdi? Bundan sonrası şairin dediyi kimi üzü yüzə doğrudur. Sonrakı illər üçün nələr etməyi düşünürsünüz?

- Zaman qəribə məfhumdur. Dəqiqələr keçməzkən illər necə keçib, heç bilmirsən. Bəzən yarım saat gözləmək adama zülm kimi gəlir, amma geriyə dönüb baxanda yarım əsrlik bir ömrün keçdiyini görürsən. Yoxsul bir ailədə doğulduğumdan universiteti bitirib müəllim olana kimi ailəmin də, mənim də günlərimiz, illərimiz çox çətin keçdi. İndi baxıram, ömrümün 40 ilini həyat ilə dişə-diş mübarizə apararaq keçirtmişəm. Çətin həyat şərtləri içində ailənin, uşaqlarının gələcəyinə aid qayğılar keçmişi düşünməyə fürsət vermir. Ancaq rahatlığa, hüzura qovuşanda keçmişlə hesablaşırsan. Şəhriyarın “Heydər Babaya salam” şeirində belə misralar var:

 “Heydərbaba, quru gölün qazları,
Gədiklərin sazaq çalan sazları,
Kənd kövşənin payızları, yazları
Bir sinema pərdəsidir gözümdə,
Tək oturup seyr edirəm özümdə….

İndi geriyə dönüb bir kino pərdəsi kimi gözlərimin önündən keçən ömür filminə baxanda itib batmadan, sınmadan, hər cürə yoxluğa qarşı böyük bir mübarizə aparıb bu mübarizəni qazanaraq bu günlərə gəldiyimi düşünürəm. Əlbəttə, kiçik məğlubiyyətlərim də oldu. Amma ömrümün böyük hissəsini uğurla başa vurduğumu deyə bilərəm. Çünki həyat mübarizəsi aparan, kənd yerində yoxsul bir ailədən olan, məhrumiyyətlər içində çörək davası güdən İmdat Avşarın bu yerlərə gəlib çıxmasını böyük uğur hesab edirəm. Hər şeyə rəğmən, hədəflərimi bir-bir gerçəkləşdirərək yaşadığımı və ömrümün mübarizə ilə keçdiyini deyə bilərəm. İndi Aşıq Alıya bir cavab vermək hissi yarandı içimdə. Bu sualınızı belə bitirək:

Keçir ömrün yazı, güzə nə qaldı,
Demə o nəğmədən saza nə qaldı?
Dante səhv eliyir, qorxma, ay Avşar!
Bir əsrdir ömür, yüzə nə qaldı?

- Həm də deyirlər, insanın 3 yaşı var: sənəddəki yaşı, göstərdiyi yaşı, hiss etdiyi yaşı. Sənəddəki yaşınızı öyrəndik, bəs o birilərdə yaşınız neçədir?

- Süni bir doğum tarixim olsa da, kağız üzərində neçə yaşım olduğu bilinir. Həqiqətdə 52, kağıza görə 53 yaşındayam. Doğrusu, güzgüyə baxanda ağaran saqqallarımı görürəm. Amma neçə yaşında göstərdiyimlə bağlı bir təxminim yoxdur. Bunu da ən çox sizi görən insanlar təxmin edirlər. İnsanların gözündə neçə yaşında göründüyümü bilmirəm. Amma həmişə özümü həqiqi yaşımdan daha gənc, daha enerjili hiss etdiyimi deyə bilərəm. Hiss etdiyim yaş həqiqi yaşımdan 13 il balacadır!

- Bayaq da dediyiniz kimi, dünya olaraq karantin rejimindəyik. Siz bu karantin günlərində nələrlə məşğulsunuz? Sizinçün avantajmı oldu bu karantin, yoxsa darıxırsınızmı?

- Biz daha öncə dünyaya dəhşət saçan epidemiyalar görməmiş bir nəsilik. Buna görə karantin rejiminə uyğunlaşmasaq da, qısa müddətdə könüllü məhkumluğa öyrəşdik. Mənim üçün faydalı olduğunu deyə bilərəm. Karantin günlərində xeyli roman oxudum, filmlər izlədim, sosial şəbəkələrdə canlı yayımlara, telekonfranslara qatıldım, ən önəmlisi də yeni hekayələr yazdım, hekayələrimi toplayıb bir kitab qovluğu hazırladım. Vaxt azlığından etmədiyim işlərimi tamamladım. Ancaq azadlığının sərhədlərini bilmək, istəsən də evdən çölə çıxa bilməyəcəyini his etmək insanı dəhşətə salır. Bəzi məhkumları, xüsusən də siyasi məhkumları cəzasının sonuna yaxın türmədən çıxarıb “ev həbsi”nə salırlar. Mən də hər zaman buna etiraz etmişdim. Ev həbsinin bir cəza olmayacağını düşünürdüm. Ancaq 45 günlük karantində ev həbsinin də insan azadlığını dörd divar ilə sərhədlədiyini, sözün həqiqi mənasında bunun da məhkumluq olduğunu anladım. Bu karantin günlərində çox faydalı işlər görməyimə rəğmən, zaman-zaman özümü qəfəsə salınmış quş kimi hiss etdiyim anlar da çox oldu.

- Hər zaman "dünya bizim evimizdir" şüarını deyərdik. Sizcə, indi də dünya bizim evimizdir, yoxsa hərəmizin öz evi?

- Bundan üç-beş ay öncə həqiqətən də dünya bizim evimiz idi. Ancaq ölkələr arasındakı sərhədlər bağlandı, uçuşlar ləğv olundu, hərə öz ölkəsinə qayıtdı. “Dünya bizim evimizdir” deyən biz “ölkəmiz bizim evimizdir” də deyə bilmədik. Çünki şəhərlərarası yollar da bağlandı, hər kəs öz şəhərinə çəkildi. Ancaq küçəyə çıxmaq qadağaları bizi şəhərlərimizdən də qopartdı. Və hərə öz evinə, hətta öz otağına qayıtdı. Bu, dəhşət bir şeydir! Amma yaxşı ki, virtual da olsa dünyanı evimizə çevirən internet var. Əgər internet olmasaydı, bu qədər rifahı, özgürlüyü dadmış 21-ci əsrin insanlarının bu karantin prosesinə dözümü mümkün olmazdı. Kim bilir, bəlkə üsyanlar baş verərdi. Baxın, Avropa ölkələri və Amerikada qadağalara qarşı mitinqlər başlayıb.

- Türk Ədəbiyyatı Vəqfində işlər necədir? Karantinə qədər nələr etmişdiniz? Onlayn şəkildə davam edirmi fəaliyyətiniz?

- Bu koronavirus pandemiyası dünya tarixində yeni bir milad olacaq. Biz tarixi “eradan əvvəl”, “eradan sonra”ya ayırırdıq. Bundan sonra CE və CS anlayışları olacaq. Yəni “koronadan əvvə”, “koronadan sonra”. Koronadan əvvəl Türk Ədəbiyyatı Vəqfində çox gözəl işlər həyata keçirirdik. Ədəbi məclislər, konfranslar, panellər, kitab təqdimatları, musiqi seminarları, incəsənət dərsləri, dil kursları, sərgilər və sair. Eləcə də Türk Dünyasıyla bağlı işlərimiz vardı. Kitablar yayımlayır, layihələr həyata keçirirdik. Ədəbiyyat, sənət ilə dolu günlər idi. Koronadan sonra bütün fəaliyyətimizi dayandırmağa məcbur qaldıq. İndi internet vasitəsiylə kitablarımızı və “Türk Ədəbiyyatı” dərgimizi çıxardırıq. Onlayn konfranslar keçiririk, fərqli layihələrimiz də oldu. Məsələn, “Türk Ədəbiyyatı” dərgisinin 47 illik arxivini bu karantin günlərində internet vasitəsiylə oxucuların, ədəbiyyatsevərlərin istifadəsinə buraxdıq. Böyük rəğbətlə qarşılandı. Kitablarımızın və dərgimizin çapını, yayılmağını internet vasitəsiylə idarə edirik.

- Vəqf olaraq karantindən sonrası üçün planlarınız nələrdir?

- Türkiyə və Türk Dünyasına aid layihələrimiz var. Məsələn, qazaxların böyük şairi Abayın 175 illik yubileyi, bizim böyük hekayəçimiz Ömər Seyfəddinin ölümünün 100-cü ili, Rəsul Rzanın 110 illik yubileyi, Türkiyə Böyük Millət Məclisinin açılışının 100-cü ili kimi önəmli hadisələr var. Hər il vəqf olaraq Türk Dünyasının böyük yazarlarına verilən “Yaşayan Dədə Qorqud” mükafatının kimə verilməsiylə bağlı işlər var. Çap ediləcək kitablar, dərgilər, keçirilməli konfranslar var. Bunlarla bağlı işlərə karantindən sonra başlayacağıq.
- Bizim azərbaycanlı gənclərdən hazırda Türkiyədə olanlar var. Kimlə əlaqə saxlayırsınız? Məlumatınız varmı onlardan?

- Türk Ədəbiyyatı Vəqfi Türk Dünyasından İstanbula gələn tələbələrin müştərək evidir. Türk dünyasının harasından olursa olsun, bura gələn hər bir tələbənin problemlərinə kömək olmağa çalışırıq. Onu da deyim ki, bura ən çox azərbaycanlı tələbələr gəlirlər. Bizim işlərimizdə də daha çox onlar iştirak edirlər. Son zamanlarda sizin yazıçılardan, mənim də dostum Əyyub Qiyasın oğlu atası vasitəsiylə vəqfimizə müraciət etmişdi. Ona bir günlük qalacaq yer təşkil etdik, sabahı gün sağ-salamat Azərbaycana getdi. Sonradan xəbər aldım ki, 14 gün karantində qalandan sonra ailəsinə qovuşub. Burda doktoranturada oxuyan tələbələrinizdən Ramil Əhməd ilə tez-tez görüşürəm, çox istedadlı qardaşımızdır. Türkiyədəki digər azərbaycanlı tələbələrlə də internet vasitəsilə görüşürük, problemlərinə kömək etməyə çalışırıq.

- Şəhid şairimiz Ülvi Bünyadzadənin kitabını çap etdirdiniz. Bu haqda danışardıq. Onun yaradıcılığına münasibətiniz necədir?

- Rəşad Məcidin təşəbbüsü ilə Ülvi Bünyadzadənin 50 illik yubileyinə ərməğan olaraq “Sevginin sonu yoxdur” şeirlər toplusunu Türkiyədə yayımladıq. Martın 25-də isə Könül xanım Bünyadzadənin də iştirakı ilə İstanbulda Türk Ədəbiyyatı Vəqfində təqdimatını edib, ömrünün baharında şəhidlik şərbətini içən bu nakam şairin 50-ci yaşını qeyd edəcəkdik. Ancaq mövcud vəziyyət bu tədbiri keçirtməyimizə mane oldu. İnşallah bunu payızda edəcəyik.
Mənə görə Ülvi Bünyadzadə yaşının çox-çox üstündə, 21 ilə sığmayan bir zəka və potensiala sahib bir şair, ziyalıdır. Sovet dövrünün son zamanlarında doğulub böyümüş olsa da, həm ailəsinin dəstəyi, həm də öz gücüylə milli köklərə bağlı olaraq yetişmiş və dövrü, həyatı qavrayaraq düşüncələrini müdrik şəkildə ifadə etməyi bacarmış şairdir. Milli duyğuları bədənindən çölə aşıb-daşan şair, hələ 20 yaşında öz “And” mətnini yazıb, vicdanı önündə and içmişdi. Bu, o yaşda hər gəncin düşünə, edə bilməyəcəyi şeydir.
O, Azərbaycan ədəbiyyatının ən parlaq ulduzlarından biri ola bilərdi. Ancaq nakam taleyi buna izin vermədi. Onun yazdıqları və yaşadığı qısa ömür mənə dərin təsir etdi. Ülvi Bünyadzadə hələ 13 yaşındaykən yazdığı və sinif yoldaşlarına ithaf etdiyi şeirində “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik”- deyir. Bu şeirin misraları vətənin qurtuluşu, Azərbaycanın azadlığı üçün ölümə gedən yolun sanki başlanğıcı, manifestidir. Bu misralar gəncliyə yenicə addım atmış, şair olacaq bir insanın deyil, dövrün böhranlarını qavramış, yaşadığı zamanı və gələcəyi görən müdrik bir ziyalının sözləridir sanki... Beləcə də bundan 8 il sonra vətən üçün ölməyin zamanı gəlmiş, Ülvi və daha neçə gənc vətən torpağının namusunu çeynətməmək üçün Sovet tanklarına sinələrini sipər etmişdilər. Onun həyat hekayəsi dərsliklərə salınmalı, hər bir azərbaycanlı gəncin mütləq öyrənməsinə şərait yaradılmalıdır.
 Yarım qalmış bir şair ömrü yaşayan Ülvinin şeirlərinə baxıldıqda onun necə bir milli şüura sahib olduğunu təxmin etmək heç də çətin deyil. Hələ o yaşlarda ikiyə bölünən Azərbaycanın dərdlərini yaşamaqda, Arazın qarşı sahilində, tikanlı məftillərin arxasında qalan qardaşlarının və yurdunun bir parçasının həsrətini tərənnüm etməkdədir:

O taydan Savalan, bu taydan Qoşqar,
Buludlar başına körpü salmışdır.
Bu mənfur dirəklər, tikanlı tellər,
Bilməm bizə kimdən miras qalmışdır.

Mənə görə Ülvi Bünyadzadə çox gənc yaşda dünya ilə vidalaşsa da, ardında silinməz izlər buraxmış vətən sevdalısı bir şairdir. Onun 50 illik yubileyi ilə bağlı Rəşad Məcidin təşəbbüsü ilə həyata keçirilən fəaliyyətlərin də böyük bir qədirşünaslıq olduğunu bildirmək istəyirəm.

- Yollar açılan kimi ilk olaraq haraya gedəcəksiniz? Kim üçün və hara üçün darıxmısınız?

- Karantin bitəndə ilk olaraq, doğma məmləkətimə, Kırşəhərə getmək istəyirəm. 42 il öncə nüfus idarəsinin müdiri olan və mənə “kirpi” deyən qadına and içərək “bu, mənim oğlumdur” deyən qadının- anamın yanına getmək istəyirəm. İkinci olaraq isə ildə ən az iki dəfə gəldiyim sevimli Bakıya gəlmək istəyirəm. Ordakı dostlarım üçün də yaman darıxmışam.

Şahanə MÜŞFİQ

 





05.05.2020    çap et  çap et