525.Az

Ağməmmədlidən əsən bənövşə qoxulu məlhəb küləyi


 

KƏRİM MƏHƏRRƏMOVUN 65 İLLİK YUBİLEYİNƏ

Ağməmmədlidən əsən bənövşə qoxulu məlhəb küləyi<b style="color:red"></b>

Zaman... Məkan... Düşüncələr... Daha nələr... Öz əməlləri ilə qurduğu insanlıq ağacında kölgələnənlər qədər çox olarsa, dünyada insan sevgisi , varlığı da bir o qədər gözəlləşər...

Zamanında düşünərdik ki, biz zamanı idarə edirik.... Çox təəssüf... İllər üst-üstə gəldikcə həyata bir missiya, bir tale yükünə görə gəldiyimizi dərk edirik.

xoş o insana ki, tale missiyasını düzgün, yanılmadan, doğru başa çatdırsın, öz əməlləri ilə nəsillərin qəlbində qalsın. Çarəsiz xəstəyə daha uzun ömrün var, tənha bədbəxt insanlara daha yaxşı günlər öndədir demək, ürəklərinə sevgi hisslərini əkmək necə gözəldi, deyilmi?.. Bunun özü müqəddəs bir addım sayıla bilər.

 Düşüncələrin 65 illik zaman fəlsəfəsi...

Kərim kişi, yenə nədi qaşların çatıldı?... Zaman fəlsəfəsinin ağuşunda nələr gördün, kimlərlə görüşdün?

Bəlkə, Ağməmmədli kəndində (Gürcüstan) taxıl anbarının əhatəsindəki evinizin həyətində rəhmətlik Pürüz ananın təndirə çörək yapmasını, yoxsa samovara od salması üçün çırpı yığıb gətirmənizi... Atan Qara kişi əlidolu gələndə, tez-tələsik qarşısına qaçmağınızı, 6 uşaqlı bir ailə- 4 qardaş, 2 bacı-olduğunuz mehriban, səsli-küylü həyətinizi..... Bəlkə ...

Əlbəttə, öz yaşıdların arasında ilk velosipedin səndə olduğunu xatırladın, eləmi? Necə qayğısız, xoşbəxt illər idi. O xoşbəxt uşaqlıq illərində rəhmətlik Sahil qardaşın ilə daş-daş oynamağını, yoxsa, rəhmətlik Ruslanın toyunda İskəndər müəllimlə birgə sevincdən qəhərləndiyinizi? Bəli... tez- tez xatırladığınızı... kövrəldiyinizi bilirik...

Eşitdim ki, əzrayılın haqsızlığından dayına-ustad qələm əhlimiz Eyvaz Borçalıya gileylənmək istəmisiz. Çox təəssüf, amma...

Bilirsiz, Eyvaz Borçalı özü tale yükünün zamansız can alan əzrayılından Dədə Qorquda bir şikayət nəzirəsi göndərib dedi... şair demiş:

Ölüm var ki həyat qədər dəyərli,

Həyat var ki, ölümdən zəhərli

O qədər əziz istəklilərimiz vaxtsız dünyadan getdilər ki...

Kərim kişi, Ağməmmədlidən əsasən bənövşə qoxulu məlhəb küləyi daha neçə-neçə xatirələri, nələri, nələri xəyalən qonaq etdi sizə... Xatırlanası günlər varsa, boşa yaşanmamış bu həyat...

 

İnsanlıq bağçasının kamillik zirvəsinə açıq məktub

 

 Bakıya gəldiyiniz ilk illər... Kərim kişi gənc yaşlarında idi. Dağlar oğlu çılğın, sadə, düzgün, həm bir az da vurub yıxan kobud... Bir-birini qovan illər, əvəzləndi yaş-yaş, yarım əsrdən çox zaman keçdi... bir bax... Heç inanmağın gəlmir... Deyilmi...

El-oba yaxşı bilir ki, nəsildən ilk gələnlərdən sayıldığına görə el- obadan gələn hər kəsi (gəlişi gözəl söz deyil), evində qonaq edə, oxumağına, təhsilinə, işinə yardımı əsirgəməz idi. Ağməmmədli kəndinin Bakıda bir ünvanı var idi: "Taksiyə "20-ci kruqun söyüd ağacının yanı"-deyin, adı Kərim kişi." Həyatın çətinliyinə, enişinə-yoxuşuna baxmayaraq, çoxları bu ünvandan pərvazlanıb. Etiraf etmək olar ki, ata ocağı kimi-həyat ocağı kimi ilk addımlar, ilk uğurlar ünvanı oldu Kərim kişinin evi. Həyat dolu bir insan. Necə gözəldi.

 Deyirlər söz gücünə yaxşı olmaq olmaz, öz yaxşılığını əməllərinlə göstərməlisən. Bəli, əməl hər bir insanın göstəricisi, onun mənəvi ölçüsüdür. Bu yolu kamil insanlar, cəmiyyət qarşısında alnı açıq, üzü olanlar daha yaxşı bilir. Əslində həyat yükünü insanlıq bağçasının kamillik zirvəsinə çatdırmaq müqəddəs işdir. Biz onu sevə-sevə daşımalı, çətinlikdən qorxmamalı, məqsədə çatmaq üçün aramsız səy göstərməliyik. Bu mənada həyat bizi daha nikbin edir onu sevməyi bizə məcbur edir. Nikbin insanlar isə yaxşılıq etməkdən zövq alır bu həvəsi başqalarına da təlqin etməyə çalışırlar.

Sözlərimi ünvanladığım bu müdrik insan - hörmətli Kərim kişidir. 65 yaşını qeyd etdiyimiz bu çox sadə, maraqlı qayğıkeş, incə qəlbli müdrik insan. Onu tanıyanların ürəyində əbədi bir iz qoyub, insanlıq abidəsi, kamillik zirvəsi ucaldıb. Onun millətinə, xalqına olan sevgisi əbədiyyət körpüsünün xeyirxahlığından, yaxşılığından qayğılanıb. Bu körpünü keçənlər isə Kərim kişinin mənəvi dəyərlərinə qiymət verir, onu düzgünlüyü sevən, dəyər verən bir insan kimi könüllərində yaşatmağı bacarırlar.

Kərim kişinin Rəşidə xanımla qurduğu insanlıq dünyasında Rövşən, Ofiq adlı, Vüqar adlı keçilməz əzəmətli sıra dağları var ki, onlar bir elin arxasıdırlar. Məlhəb küləklərindən tozlanan Səbinə, Əminə, Zibeydə adlı(qızları)cənnət güllərinizə, Şura, Kamran, Şəhla, Kərim, Ayşə adlı (nəvələri) təzə qönçələrinizə şükür. Sizin əməllərinizin bu davamçıları daha neçə ürəkləri sevindirəcəklər, həyat verəcəklər... Cənnət bağçanız necə zəngindi.

Hətta, əzizimiz Baxşəli müəllim Cəbrayıl müəllim kimi dostlarınızla yaratdığınız insanlıq üçbucağı dünyanın ən böyük, ən mötəbər, ən qayğıkeş, nüfuzlu təşkilatlarının göstərdikləri xeyirxahlıqla müqayisə edilə bilər, əməllərinizdən el-oba danışır.

 Hörmətli Kərim kişi! Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə sağlam daha mənalı ömür arzulayırıq. İstərdik ki, keçdiyiniz bu mənalı ömür yolunda qazandığınız nailiyyətlər, hörmətlər müvəffəq olduğunuz xeyirxah əməllər heç zaman sizi tərk etməsin. Sizin getdiyiniz şərəfli yol hər birimiz üçün nümunəvidir. Gənc nəsillərə örnək olan həyat məktəbiniz var.

Aytən Aydınqızı

Filologiya üzrə fəlsəfə doktoru

 





12.12.2013    çap et  çap et