525.Az

Britaniya generalının Bakı gündəlikləri


 

Britaniya generalının  Bakı gündəlikləri<b style="color:red"></b>

(Bakının azad edilməsinin 94 illiyinə həsr olunur)

(Əvvəli ötən şənbə saylarımızda)

Eyni zamanda ortaya başqa sual da çıxır: Bakı erməniləri özlərinin saydıqları, sərvətlərinə yiyələnmək istədikləri şəhər uğrunda nə üçün ürəklə, cani-dildən vuruşmurdular? Denstervil onları satqınlıq və xəyanətdə günahlandırmaq üçün əlində əsas olmadığını yazırdı (lakin bir qədər aşağıda görəcəyimiz kimi, savaşı uduzub Ənzəliyə qayıdandan sonra o, məğlubiyyətin başlıca səbəblərindən birini də ermənilərin xəyanət yolu tutmasında görmüşdü).  Odur ki, yaranmış vəziyyəti erməni hərbi birliklərinin döyüş təcrübəsinin çatışmaması, mütəşəkkillik və nizam-intizamın olmaması, komandanlığın zəifliyi, inqilabın gətirdiyi anarxiya əhval-ruhiyyəsi  və s. əlaqələndirirdi.

Lakin generalın aşağıdakı fəlsəfi ümumiləşdirməsi əslində ermənilərin Bakı uğrundakı savaşda nümayiş etdirdikləri cəsarətsizlik və apatiya ilə bağlı suallara ən yaxşı cavabdır. Denstervil yazırdı: “Yaxşı hərbçi kimi yetişmək üçün ilk növbədə nöhkəm inama və sarsılmaz ideallara malik olmaq lazımdır. Bütün döyüş stimullarından ən güclüsü vətən məhəbbətidir”

Əksəriyyəti Birinci Dünya müharibəsinin alovlarından keçən, müəyyən savaş təcrübəsinə malik erməni-rus-ingilis alyansı Bakı uğrunda mübarizədə türk əsgərlərinə və yenicə formalaşan Azərbaycan  hərbi birliklərinə məğlub oldu. Bu təsadüfi deyildi. Çünki sonuncular öz tarixi vətənləri, əcdadlarının uyuduqları torpaqlar uğrunda vuruşurdular. Onların möhkəm inamı və sarsılmaz idealları vardı. Onları hərəkətə gətirən qüvvə vətən məhəbbəti idi. Yadellilər isə sadəcə Bakının sərvətlərindən mümkün qədər çox yararlanmağa can atırdılar.

Əvvəldə də göstərildiyi kimi, Denstervil Bakı yürüşünün məqsədlərindən birini “erməniləri türk əsarətindən qurtarmaq” kimi dəyərləndirmişdi. Əgər vicdan hissi ingilis generalını sona qədər tərk etməmişdisə o, Bakıya gəldikdən dərhal sonra vəziyyətin  düşündüyündən xeyli fərqli olduğunun fərqinə varmalı idi. Çünki əks-təqdirdə çox anlaşılmaz mənzərə alınırdı. “Əsarət altındakı ermənilərin” Sentrokaspi diktaturasında təmsilçisi vardı (Valunts), onların soydaşı “müdafiə naziri” idi (Baqratuni), ordu əsasən ermənilərdən təşkil edilmişdi, neft mədənlərinin, sərvətlərin böyük hissəsi onların əllərində cəmləşmişdi, şəhərin ən yaxşı yerlərində yaşayırdılar və s. Və təbii ki, bütün bu amillərin, üstəlik də Denstervil kimi hamilərin, müdafiəçilərinin mövcudluğu nəticəsində Bakı erməniləri tamamilə əks prosesə rəvac verirdilər: onlar yerli xalqı - Azərbaycan türklərini əsarət altında saxlamağa can atır, dövlət müstəqilliyinin bərqərar olmasına hər vasitə ilə əngəl törətməyə çalışırdılar.

Hətta istəməsə belə Denstervil özü məhz erməni əsarətinin mövcudluğu ilə bağlı  həqiqəti etiraf etmişdi. Sentyabrın 12-də gündəliyində yazırdı: “Bu yaramaz ermənilər müsəlmanlara hücumlarına qətiyyən ara vermirlər. Dünən gecə tatar evinə basqın etmişdilər. Rus əsgərləri qayda-qanun yaratmaq üçün gəldikləri vaxt gəmi kapitanının oğlu öldürülmüşdü”.  Necə deyərlər, şərhə  ehtiyac yoxdur. “Əsarət altındakı” ermənilər mart ayında başladıqları qanlı estafetə hətta Bakının azad edilməsinin an məsələsi olduğu sentyabr günlərində də ara verməmişdilər.
Əksinə, ingilis hamilərinin gəlişi onların əl-qolunu daha da açmışdı. Bakı  savaşının əsas simalarından biri, general Xəlil Paşa bu münasibətlə yazırdı: “Bakı ingilislərin nəzarəti altında olarkən ermənilər və bolşeviklər yerli xalqa qarşı bir qətliam hərəkatına başlamışdılar. Ermənilər şəhərin hər məhəlləsində türklərin cəsədlərindən qala qurmuş, bütün vəhşiliklərini ortaya qoymuşdular”.

Bütün məharətləri silahsız, dinc əhaliyə divan tutmaqdan ibarət olan erməni silahlı qüvvələri Bakı uğrunda son mübarizənin başlandığı 14 sentyabr günü də hər hansı şücaət və əzmkarlıqları ilə fərqlənə bilmədilər. Əksinə, Qafqaz İslam ordusunun ilk hücumundan sonra mövqelərini tərk edərək nizamsız halda döyüş meydanından qaçdılar. Beləliklə, iddialarının böyüklüyünə baxmayaraq onlar şəhərin müdafiəsinə töhfə vermək iqtidarında olmadıqlarını bir daha ortaya qoydular. “Ermənilər həmişəki kimi yenə də bir işə yaramadılar”-deyə Denstervil gündəliyindəki 15 sentyabr tarixli qeyddə yazmışdı.

Nəticədə dünənki müttəfiqlərin arası dəydi. Onlar uğradıqları məğlubiyyətdə bir-birlərini günahlandırmağa başladılar. “Xilaskarlıq” missiyasını yerinə yetirə bilməyən ingilis generalı erməniləri  həlledici döyüş zamanı şəhərə hücum edən türklərlə gizli əməkdaşlıqda, qorxaqlıq və təslimçilik əhval-ruhiyyəsində suçladı. Bakıdan qaçmalarının ertəsi günü, sentyabrın 16-da Ənzəlidə “Hamıya! Hamıya! Hamıya!” başlıqlı radio müraciətində Denstervil demişdi: “On altı saatlıq döyüşdən sonra yalnız rus hərbi hissələrindən yardım görən ingilis qüvvələri ermənilərin türklərlə ümumi dil tapması və ön atəş xəttindən geri çəkilmələri nəticəsində şəhəri tərk etmək məcburiyyəti qarşısında qaldı”.

Britaniya generalının açıqlaması qarşı tərəfdə böyük narazılıq və hiddət doğurmuşdu. İngilislərlə birlikdə Ənzəliyə qaçan “müdafiə naziri” Akop Baqratuni   həmkarını  bütöv bir xalqın şərəf və ləyaqətini tapdalamaqda suçlamışdı. Lakin bu ağır ittiham da Denstervili fikirlərindən daşındırmamışdı. İki il sonra çap etdirdiyi “Densterfors”un macəraları” kitabında o, gündəliklərindəki qədər kəskin şəkildə olmasa da, Bakı döyüşləri zamanı erməni əsgər və zabitlərinin hərbi şücaət və fədakarlıq hissindən çox uzaq olduqlarını bir daha vurğulamışdı.
Bakının azad edilməsindən sonra şəhərdə geniş miqyaslı erməni soyqırımı törədilməsindən söz açan general Baqratuni isə 1918-ci ilin noyabrında yenidən Bakıya qayıdaraq erməni Milli Şurasında fəaliyyətini davam etdirmişdi... Bu fakt Azərbaycan Cümhuriyyəti hökumətinin humanistliyinin, həm də deyərdim ki, ifrat humanistliyinin təzahürlərindən biri sayıla bilər.
  
Denstervil və Sentrokaspi diktaturası

“Densterforse” Bakıya əsasən erməni maraqlarının müdafiəçisi kimi gəlsə də rəsmən bolşevik kommunasının süqutundan sonra meydana çıxan Sentrokaspi hökuməti ilə əməkdaşlıq edirdi. Hakimiyyəti Bakıdan kənara yayılmayan, hətta şəhərin özündə də yerli azərbaycanlı əhalinin hər hansı dəstəyindən məhrum olan bu tanınmamış qurum erməni burjuaziyasının mövqelərini qorumaq və onun pul kisəsindən yararlanmaqla  “ağ” Rusiyaya meylli siyasət yürüdürdü.
Sentrokaspi diktaturası ilk gündən fərqli maraqları tənzimləyən kollegial idarəçilik orqanı kimi düşünülmüdü. Onun başında vəzifə və funksiyaları mövcud ədəbiyyatda sona qədər aydınlaşmayan beş “diktator” (bəzi mənbələrdə “direktor” kimi də göstərilir - V.Q.) dayanırdı. Vəzifə adlarının kifayət qədər zəhmli səslənməsinə baxmayaraq bu təsadüfi adamların əlində hər hansı ciddi  səlahiyyətin olmadığını, şəhərdə erməni Milli Şurasının daha böyük nüfuz və imkan sahibi kimi  tanındığını Denstervil dərhal anlamışdı.  Lakin son günə qədər “diktatorlarla” ermənilər arasında məharətlə reverans etməyi bacarmışdı.

Həm də ilk baxışdan ermənilərin əksəriyyəti ilə müqayisədə “diktatorlar” ona əməkdaşlıq üçün daha açıq, daha “maraqlı adamlar” təsiri bağışlamışdılar.  Beşliyin tərkibinə Tuşov, Yermakov, Lyamlin, Sadovski və Velunts daxil idilər. “Diktatorların beşi də heç şübhəsiz, bizim yeni tanışlarımız arasında ən maraqlı adamlar idi, - deyə Denstervil yazırdı. - Onların hamısı təhsil görmüş, orta yaşları otuza yaxın olan enerjili insanlar idi. Diktatorlardan üçü ilə - dənizçi zabitlər Yermakov və Lyamlin, habelə köhnə partiya işçisi Sadovski ilə nisbətən sıx əlaqə saxlayırdıq. Bu üç nəfərin arasında Lyamlin daha çox rəğbət doğururdu. Sadovski daha işgüzar, Yermakov daha güclü xarakter sahibi kimi tanınırdı”.

Amma gündəliklərindəki qeydlərdən də göründüyü kimi, Denstervil bütünlükdə “diktatorları” meh kimi zəif” hesab edir, “mən saqqalı ağarmayan adamların məsləhətlərində fayda axtarmıram” - deyə onların gənclik və təcrübəsizliklərini Bakıdakı gərgin vəziyyətlə adekvat saymırdı. Generalın fikrincə, müxtəlif komitə və komissiyalar da Sentrokaspi diktaturasının işinə əhəmiyyətli dərəcədə mane olur, orduda sərt intizam yaratmağa imkan vermirdi.

Müharibə şəraitində kollegial rəhbərliyin özünü doğrultmadığını görən Denstervil dəfələrlə “diktatorlara” öz aralarından bir nəfər başçı seçməyi təklif etmişdi. Lakin onlar hamısı təkbaşına idarəçiliyi qeyri-mümkün saymışdılar, daha doğrusu, heç biri məsuliyyəti öz üzərinə götürmək istəməmişdi. Denstervilin fikrincə, Yermakov kifayət qədər sərt adam idi, amma intellekt cəhətdən axsayırdı, hərəkətlərində məntiq və ardıcıllıq çatışmırdı. Bu isə onu dövlət başçısı rolunda görməyə imkan vermirdi. Üstəlik də, Yermakov ilk gündən ingilislərə şübhə ilə yanaşır, hətta işlərinə əngəl törətməkdən çəkinmirdi.

Sentyabrın 1-dəki birgə toplantı zamanı Denstervil yerli hökuməti fəaliyyətsizlikdə günahlandıraraq öz qüvvələrini Bakıdan çəkəcəyi ilə hədələyəndə Yermakov əsəbi halda yerindən sıçrayıb iclas zalını tərk etmişdi. Denstervilin işarəsi ilə mayor Mak-Donnel dərhal onun arxasınca çıxmışdı. Sonradan məlum olmuşdu ki, telefon aparatına yaxınlaşan Yermakov Xəzər donanmasına ingilislərin sərəncamındakı bütün gəmiləri batırmaqla bağlı əmr vermək istəyirmiş...

Müttəfiqlər arasındakı bu “cür silahlı sülh” sentyabrın ilk günlərində daha da şiddətlənmişdi. Hər iki tərəf öz irad və iddialarını kəskin şəkildə irəli sürməyə başlamışdı. Denstervilin nümayiş etdirdiyi sərt mövqe qarşı tərəfdə də adekvat reaksiya doğurmuşdu. “Diktatorların” hamısının imzası ilə sentyabrın 4-də generala ünvanlanan məktub bu cəhətdən xüsusilə səciyyəvi idi.
Sentrokaspi rəhbərliyi Denstervildən və onun şəxsində Müttəfiq dövlətlərdən narazılığını bildirərək yazırdı: “Sizinlə hərbi ittifaq bağlayarkən  həm Rusiya respublikasının, həm də müttəfiqlərin maraqlarının təmin olunması baxımından  üzərimizə şəhərin və Bakı rayonunun müdafiəsi məsuliyyətini götürmüşdük.

Sizinlə ittifaq Rusiyanın bolşevik hökuməti ilə əlaqələrimizin büsbütün kəsilməsinə gətirib çıxardı. Onların Bakıya canlı qüvvə, silah, sursat və ərzaq yardımı tamamilə dayandırıldı. Yəqin bilməmiş deyilsiniz ki, Bakıda bolşevik hakimiyyəti devrildikdən sonra Leninin nümayəndələri burada hətta koalisiya hökuməti qurulmasına da razı idilər. Bir şərtlə ki, ingilislər Bakıya gəlməsinlər. Bunun üçün bizi bütün zəruri hərbi sursatlarla təmin etməyə, türklərə qarşı mübarizədə tələb olunan bütün yardımları göstərməyə razı idilər.

Lakin biz bu şərtləri qəbul edə bilməzdik. Biz bilirdik ki, Bakının xilası, Avropada demokratik sülh əldə olunması, Brest-Litovsk anlaşmasının biabırçı şərtlərinin aradan qaldırılması, alman planlarının qarşısının alınması üçün ingilislərlə birlikdə hərəkət etməyimiz lazımdır”.

“Diktatorların” fikrincə, Britaniya hərbi kontingentinin gəlişi Bakı müdafiəçilərinin sayını artırmamış, əksinə azaltmışdı. Çünki bolşeviklərlə koalisiya Qafqaz İslam ordusunun qarşısına daha böyük qüvvə çıxarmağa imkan verə bilərdi. İngilislər tərəfindən aldadılandan sonra üstəlik onların komandanından şəhərin qısa müddət ərzində düşmənə təslimi haqqında məsləhət eşitmələri Sentrokaspi rəhbərliyini haldan çıxarmışdı.

“Bədbəxtçilikdən biz aldandıq .- deyə diktatorlar kədər və təəssüflərini dilə gətirərək yazırdılar. - Həmin vaxtdan (ingilislərin dəvət olunduğu tarix nəzərdə tutulur - V.Q.) sentyabrın 3-nə qədər siz Bakıya cəmisi min nəfərdən bir qədər çox canlı qüvvə, 16 top və az miqdarda sursat gətirmisiniz.

Düşməni Zaqafqaziya hüdudlarından qovub çıxarmaq üçün nə qədər qüvvə tələb olunduğunu bir kənara qoyaq.  Sizin göndərdiyiniz yardım hətta Bakının uğurlu müdafiəsini təmin etmək üçün də  yetərli deyil.

Yardımınızın azlığına bəraət qazandırmaq üçün hansı dəlillər gətirsəniz də, buradakı hissələrinizin hərbi hazırlıq və texniki təchizat səviyyəsinin nə qədər yüksək olduğunu desəniz də, diqqətinizə çatdırmağı (öz növbəsində hökumətinizi məlumatlandırmağınızı) vacib sayırıq ki, həm şəxsi, həm də  hökumət səviyyəsində vədlərinizə əsaslanaraq gözlədiyimiz yardımı bizə göstərmədiniz”.
Buraxılan səhvi düzəltmək üçün Sentrokaspi hökumətinin rəhbərliyi ingilis komandanlığından ən qısa müddət ərzində İrandan, yaxud Bağdaddan, habelə imkan daxilində Biçeraxovun yardımı ilə Şimali Qafqazdan yeni hərbi hissələr gətirməsini tələb edirdi. Bu, diktatura üçün zəruri, Denstervil üçün isə icbari addım kimi dəyərləndirilirdi. Kömək gələnə qədər səyləri birləşdirərək şəhərin qoruyub saxlamaq  tərəflərin ümdə vəzifəsi kimi  irəli sürülürdü.  “Densterfors” Sentrokaspi ordusunun tərkib hissəsi sayılırdı. General Denstervil də qarışıq bütün ingilis zabitləri baş komandan Dokuçayevə və “müdafiə naziri” Baqratuniyə tabe olmalı idilər. Onlara heç bir halda “vəziyyətə əsaslanaraq qərar vermək”, “zərurət yaranarsa cəbhəni tərk etmək” haqqı tanınmırdı. Komandanlıq və hərəkət birliyi Bakı uğrunda mübarizədə qələbənin əsas komponentləri sayılırdı.
“İnanırıq ki, buna nail olacağıq,- deyə “diktatorlar” yazırdılar. - Şəhərin düşmənə təslimi ilə bağlı bütün təklifləri rədd edirik. Eyni zamanda sizin bu barədəki təkidli tələblərinizə heyrətləndiyimizi gizlətmirik. Sona qədər, ən son imkana qədər mübarizənin zəruriliyinin fərqindəyik. İnanırıq ki, sizin kiçik, lakin hər cəhətdən nümunəvi dəstəniz  borcunu şərəflə yerinə yetirəcək və  eyni taleni bölüşəcəyik. Biz ümumi tellərlə bağlıyıq. Bir yerdə olmalıyıq, bir yerdə olacağıq. Ya birlikdə qalib gələcək, ya da tarixin hökmü belə isə birlikdə öləcəyik”.

Denstervil “ədəbi əsər kimi” məktubun yazılış tərzini və bədii məziyyətlərini yüksək qiymətləndirsə də, real faktları, habelə gerçək vəziyyəti əks etdirmək baxımından sənədi tamamilə mənasız, əhəmiyyətsiz adlandırmışdı. Onun  fikrincə, “diktatorların” bundan sonra hərbi işlərə qarışmayacaqları barəsindəki vədi quru sözdən başqa bir şey deyildi. Yerli əsgərlərin son damla qanlarına qədər vuruşacaqları haqqında deyilənlərin də heç bir əsası yox idi. “Əgər Bakı ordusu həqiqətən də belə məziyyətlərə malik olsaydı, şəhərin müdafiəsi çox asanlıqla təşkil edilərdi və biz düşməni düz Tiflisə qədər qova bilərdik. Gətirdiyim misallardan da göründüyü kimi məhz “son damla qanına” qədər vuruşa bilməmək bu ordunun heç vaxt ürək eləmədiyi bir iş idi” - deyə Denstervil yazırdı.

Bakının müdafiəsinin vacibliyi haqqında “diktatorların” fikirləri ilə razılaşsa da, Denstervil Britaniya hökumətinin şəhəri düşməndən qorumaq üçün yetərincə güclü hərbi birləşmələr göndərməməsi haqqındakı tezislərini qətiyyətlə rədd edir, bunu “yolverilməz böhtan” adlandırırdı. Onun fikrincə, ingilis əsgərləri ən şətin mövqelərdə şərəflə döyüşmüş, yeni müttəfiqlər üçün canlarını fəda etməkdən çəkinməmişdilər. “Densterfors”un hətta məhdud qüvvələrlə Bakıda olması şəhərin süqutunu müəyyən müddətə təxirə salmış, eləcə də zərurət yarandığı təqdirdə onu daha sərfəli şərtlərlə təslim etmək üçün zəmin hazırlamışdı.

Sentyabrın 5-də Denstervil Sentrokaspi hökumətinin özünün sonuncu məktubunu göndərmişdi. Əvvəlki yazışmalarda da təkrarlanan və qarşılıqlı səciyyə daşıyan ənənəvi ittihamlardan sonra o, yaxınlaşan təhlükə qarşısında birləşməyin zəruriliyini vurğulayırdı. Bakıdakı hərbi birliklərin ən qısa müddətdə təzədən təşkilini vacib sayırdı. Lakin generalın fikrincə, istər Şimali Qafqazdan gözlənilən kömək, istərsə də ordunun yenidən formalaşdırılması vəziyyəti yalnız qısa müddətə yaxşılaşdıra bilərdi. “Bakının hərbi güclə xilas imkanı mənə çox müşkül görünür. Aldığım səhih məlumatlara görə türklər və almanlar şəhəri mühasirədə saxlayan qoşunlarına aeroplanlardan, ağır toplardan ibarət güclü əlavə qüvvə göndərir. Odur ki, qadınların və uşaqların buradan köçürülməsi ilə bağlı təxirəsalınmaz qərarlar verməyi sizə təkidlə məsləhət görürəm” - ingilis generalının Sentrokaspi hökuməti ilə təmasları bu xəbərdarlıqla bitirdi.

Bu məktubu göndərdiyi 5 sentyabr günü Denstervil gündəliyində yazırdı: “Buradakı yerli hökuməti təmsil edən beş diktatorla son günlərdə iki ciddi davam olub. Lakin biz bir-birimizi sevirik. Yazıq uşaqlar! Onların əlində real hakimiyyət yoxdur. Hər şeyə komitələr rəhbərlik edir”.

Hərbi sahədəki naşılıqlarına baxmayaraq Denstervilin fikrincə, “diktatorların” işgüzarlığı sayəsində Bakı müharibə və inqilab xaosu içərisində  özünün nisbətən ahəngdar həyatını yaşayırdı. İran və Rusiya ilə müqayisədə iqtisadi xarakterli çətinliklər burada o qədər də kəskin hiss olunmurdu. Top atəşləri nəticəsində ara-sıra şəhərin müxtəlif yerlərində baş verən yanğınların son dərəcə operativ və ustalıqla söndürülməsi Denstervili xüsusi ilə təəccübləndirmişdi. Onun fikrincə, bu məsələdə Bakı Avropa şəhərlərinin heç birindən geri qalmırdı.

Lakin nə “diktatorların”, nə də “Densterfors”un söndürə bilməyəcəkləri ən böyük yanğın isə günbəgün yaxınlaşırdı. “Düşmən hücuma keçmir. Niyə? Möcüzə hələ də davam edir” - Denstervilin gündəliyində bu sətirləri yazdığı 7 sentyabr günü son, həlledici döyüşə cəmisi bir həftə qalırdı.
(Ardı var)

 





14.10.2012    çap et  çap et