525.Az

Ədəbiyyatşünaslıq elmimizin unudulmaz fədakarı - Məqalə


 

100 İLLİK YUBİLEYİ QEYD OLUNAN PROFESSOR ƏZİZ MİRƏHMƏDOV ELMİ-İCTİMAİ MÜHİTİMİZDƏ EHTİRAMLA YAD EDİLİR

Ədəbiyyatşünaslıq elmimizin unudulmaz fədakarı - <b style="color:red">Məqalə </b>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas, Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı 28 fevral 2020-ci il tarixli Sərəncamı alimin irsinə yenidən qayıdılmasına mühüm təkan verdi.


Əziz Mirəhmədov (1920-2002) Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixində realizm, romantizm, satirik cərəyan, bədii fikirlə sosioloji-fəlsəfi fikrin münasibətləri, ənənə, qarşılıqlı ədəbi əlaqələr və sair kimi filoloji-pedaqoji-psixoloji mövzularla bərabər, incəsənət, dövri mətbuat, kitab tarixi, mətnşünaslıq və məxəzşünaslıqla da ciddi maraqlanıb, çox vaxt bir-biri ilə sıx bağlı, bir-birini tamamlayan bu sahələri sintez halında öyrənib.


Əziz Mirəhmədovun pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən "Sovet Azərbaycanının kitab mədəniyyəti", "Yazıçılar, talelər, əsərlər", "Azərbaycan ədəbiyyatına dair tədqiqlər", "Sabir", "Məhəmməd Hadi", "Azərbaycan Molla Nəsrəddini" kimi monoqrafiyaları bu gün də tədqiqatçı alim və müəllimlərin stolüstü kitabıdır. Ona görə ki, Əziz Mirəhmədov bu əsərlərin içərisində bəhs olunan maarifçi bahadırların əsərlərini Azərbaycan, Leninqrad (Sankt Peterburq), Moskva, Gürcüstan, İrəvan arxivlərindən, kütləvi və şəxsi kitabxanalardan, üzərini toz basmış qovluqlardan vərəqləyərək gün üzünə çıxarıb. Elmin və təhsilin inkişaf tarixini əks etdirən çoxlu sayda yeni sənədləri və mənbələri elmi dövriyyəyə daxil edib. Bununla da Əziz Mirəhmədov xalqımızın tarixinin kifayət qədər öy-rənilməmiş qaranlıq səhifələrinin zəngin arxiv materialları əsasında tədqiq edilməsini və yazılmasını, yeni tarix konsepsiyasının əsaslı surətdə işlənib hazırlanmasını tədqiqatçılar, tarixçi alimlər, bütövlükdə ədəbiyyat və pedaqoji fikir tarixçiləri qarşısında mühüm bir vəzifə kimi qoyub.


"Ədəbiyyatşünaslıq terminləri", "Ədəbiyyat müntəxabatı", "Ədəbiyyat" kimi dərs vəsaitləri, lüğət və proqramlar hazırlaması Əziz Mirəhmədovun vətənə, xalqa, millətə fədakar xidmətinin bariz nümunəsi, alimlik və vətəndaşlıq örnəyidir.


Alimin fundamental tədqiqat əsərlərinin işlənmə metodikasında ("Mirzə Fətəli Axundov" - 1953, "Abdulla Şaiq" - 1956, "Sabir" - 1958, "Azərbaycan Molla Nəsrəddini" - 1980, "Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX-XX əsrlər)" - 1983, "Məhəmməd Hadi" - 1985 və s.) ona məxsus borc, məsuliyyət, milli qürur, vətəndaşlıq qeyrəti, milli ləyaqəti özünə ehtiva edən qayğıkeşlik, xeyirxahlıq, vicdanlılıq, insanpərvərlik kimi keyfiyyətlərin təzahürü aydın duyulur və hiss edilir. Bu da onun milli vətəndaşlıq şərəfindən və yetkinliyin-dən qaynaqlanıb. Geniş ədəbi yaradıcılıq diapozonu və fəaliyyət dairəsinə malik Əziz Mirəhmədovun əsərlərində özünü göstərən elmi-tədqiqat metodlarının təhlili göstərir ki, o, əqli imkanlarının mahiyyətini özündə əks etdirən təfəkkürün müxtəlif formalarından bəhrələnmişdi. Özü də bu metodika fasiləsizliyi, məntiqiliyi, tarixiliyi və dinamikliyi ilə oxucunun diqqətini çəkir.


Bu cəhətdən Əziz Mirəhmədovun namizədlik dissertasiyası əsasında hazırlamış "Sabir" adlı monoqrafiyası xüsusi maraq doğurur. Kitabda Mirzə Ələkbər Sabirin mühitin təsirindən qaynaqlanan həyatı, praktik pedaqoji fəaliyyəti və ideyaları, o cümlədən, Sabirin görüşlərinin digər aspektləri tədqiq və təhlil edilib. Ə.Mirəhmədov Mirzə Ələkbər Sabirin millətinin maariflənməsində ana dilinin rolu, millətinin mənəvi şüurunun formalaşmasında əqli, milli əxlaqi tərbiyənin imkanları, məktəb, müəllim haqqında satirik şeirlərinin əhəmiyyətini yaradıcı təfəkkür süzgəcindən keçirib. Onun Sabir yaradıcılığı və ictimai-siyasi baxışlarına yanaşma prizması birmənalı deyil, müxtəlif istiqamətli olub. Əziz Mirəhmədovun yanaşma tərzi hər cür təhrif, şəxsi və subyektiv fikirlərdən uzaq olmaqla, milli təəssübkeşliyi ifadə edən peşəkar tədqiqatçı, vətəndaş-alim mövqeyinin prinsipiallığını əks etdirir.


Əziz Mirəhmədov doktorluq dissertasiyası müdafiəsini çox gecikdirmişdi. Bu gecikmə isə ziyalıların bir çoxunu çox narahat etmişdi. Belə narahatlıq yaşayanlardan biri də Xalq yazıçısı Elçin olub. Akademik Məmməd Cəfərin yaradıcılıq görüşlərilə bağlı yazısında Elçin müəllim bu barədə bildirir: "O vaxt Əziz Mirəhmədov doktorluq dissertasiyasının müdafiəsini elə hey uzadırdı və yaxın adamlar hər dəfə Əziz müəllimi görəndə nə vaxt müdafiə edəcəyini soruşurdu. Mən də daxil olmaqla hamı bunu soruşurdu, təkcə Cəfər müəllimdən başqa. Əziz müəllim tez-tez bizim şöbəyə gəlirdi, Cəfər müəllimlə onun arasında... sabit bir dostluq var idi, oturub, necə deyərlər, söhbətləşirdilər, zarafatlaşırdılar və yaxşı yadımdadır, bir dəfə mən Cəfər müəllimdən soru-şanda ki, nə üçün dostuna təsir etmir ki, tez müdafiə etsin, Cəfər müəllim özünə xas olan bir sakitliklə (əslində, müsahibini sakitləşdirə-sakitləşdirə!) dedi: "Əziz ciddi adamdır". Həmin üç kəlmə söz çox şey deyirdi, ən əsası isə bunu deyirdi ki, müdafiəyə nə var ki, müdafiə asan şeydir. Cəfər müəllim yaxşı bilirdi ki, dostu bəzi başqaları kimi, müdafiəni elmi ad almaq xətrinə etmir, ədəbiyyatşünaslıq elminin naminə çalışır. Yoxsa doğrudan da müdafiəyə nə var ki... (xüsusən də Əziz Mirəhmədov kimi güclü qələm sahibi üçün!")


Əziz Mirəhmədov, nəhayət, 1973-cü ildə "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan dövrü mətbuat məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdi. Həmin tədqiqat əsəri əsasında hazırlamış olduğu "Azərbaycan Molla Nəsrəddini" (1980) adlı sanballı monoqrafiyası "milli ədəbiyyatşünaslığımızın nadir və qiymətli nümunəsi hesab olunur".


Əziz Mirəhmədovun müqəddimə, beş fəsil, son söz və məxəzlərdən ibarət olan "Azərbaycan Molla Nəsrəddini" sanballı monoqrafiyasına nəzər saldıqda görürük ki, müəllif öz tədqiqatında istinad etdiyi metodika-təhlil, mühakimə, fikir və ideyalar obyektiv faktlara, təmkinli, sistemli araşdırmalara, arxiv sənədlərinə, yazılı ədəbiyyata, obyektiv yanaşma prinsipinə əsaslanıb. Milli təəssübkeşlik baxımından tədqiq edilən monoqrafiyanın birinci fəsli "Cəlil Məmmədquluzadə dünyagörüşünün təşəkkülü və inkişaf istiqamətləri" adlanır. İki yarımfəsildən ibarət olan bu fəsildə Mirzə Cəlilin "yeddi-səkkiz yaşında ikən Naxçıvanda Hacı Bağırın və Molla Əlinin məktəblərində oxumağa başlaması" və Qori müəllimlər seminariyasında oxuduğu illər əks etdirilmişdir.


Monoqrafiyada milli mənlik şüuru və ləyaqətin yetişən nəsildə inkişaf edib formalaşmasında, müəllim və məktəbin aparıcı rolu haqqında Cəlil Məmmədquluzadənin görüşü təhlil olunub, ilk mənbələrdən gətirilən iqtibaslarla təsdiqlənib. Milli mənlik şüuru və ləyaqət kimi əxlaqi kateqoriyalar baxımından yanaşma prinsipi elmi tədqiqat metodlarının aparıcı istiqamətlərdən olduğunu dərindən dərk edən Əziz Mirəhmədov monoqrafiyanın digər hissələrində də bu səmimi duyuma sadiq qalıb. Bu, özünü Cəlil Məmmədquluzadənin ana dili və onun tədrisi haqqında fikirlərinin üzə çıxarılaraq təhlil edilməsində daha bariz göstərir. Çünki ana dili xalqın milli varlığı, milli şüurun inkişafı baxımından müstəsna amildir. Elə bu səbəbdən də Əziz Mirəhmədov əsərində Cəlil Məmmədquluzadənin ana dili və onun məktəblərdə tədrisini təxirəsalınmaz vəzifə kimi irəli sürdüyünü, bu sahədə hər cür müqavimət və maneələrə qarşı qətiyyətli mübarizəsini əsl elmi tədqiqatçıya məxsus yanaşma ilə təhlil etmişdi. Ana dili və onun tədrisinə la-qeyd münasibət göstərənlərə qarşı Cəlil Məmmədquluzadənin - "Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq" fikrini ön plana çəkən Əziz Mirəhmədov böyük ədibin ana dilimizin qorunub saxlanılacağına, inkişaf edib zənginləşəcəyinə nikbin baxışını diqqətdən qaçırmayıb.


"Fırtına illərində", "Ağır mübarizələr dövrü" kimi III və V fəsillərdə yenə də Cəlil Məmmədquluzadənin dünya ədəbiyyatına yaradıcı münasibəti, Şərqin müdrik gülüş ustası Nəsrəddin surətinin onun bədii təfəkküründə meydana çıxması və transformasiyası, mollanəsrəddinçilərin birinci rus inqilabı zamanı və sonra Azərbaycanda gedən ideoloji mübarizələrdə rolu və xidməti məsələləri diqqət mərkəzindədir. Cəlil Məmmədquluzadə publisistikasının təhlili, habelə ədibin milli dövri mətbuatın və kitab mədəniyyətinin inkişafı yolunda qızğın fəaliyyəti, "Qeyrət" mətbəə-nəşriyyatında işi haqqında bəhslər Əziz Mirəhmədov tədqiqində mərkəzi yer tutur. Monoqrafiyanın bir çox səhifələrində "Molla Nəsrəddin"in banisi və redaktorunun öz məsləkdaşları Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqaları ilə yaradıcılıq münasibətlərindən, nəhayət, onun sosial-estetik idealının mahiyyətindən bəhs edilib.


Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin iki (1951-1954), üç (1966-1967) və altı cildlik (1983-1985) əsərlər külliyyatını tərtib etmiş (Turan Həsənzadə ilə birlikdə), çapa hazırlamış, bu nəşrlərə müqəddimə, qeyd, izah və şərhlər yazmış, ədəbi-tənqidi və publisist irsinin çox hissəsini, məktubları, xatirələri külliyyat halına salmışdı. Təbii ki, bunlar da onun çoxillik elmi fəaliyyətinin nəticəsinin bəhrəsidir. Həmçinin, Ə.Mirəhmədov "Molla Nəsrəddin" jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəzi kompleks halına salan ilk alimlərdəndir. Bu münasibətlə özü yazır: "60-cı illərin axırlarına qədər "Molla Nəsrəddin" jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəz nə Bakının, nə də Tbilisi, Moskva, Leninqrad və başqa sovet şəhərlərinin arxivində tam kompklekt halında toplanılmışdı, bu jurnalın ictimai-ədəbi təsiri, nəşri tarixi, ədəbiyyat və mətbuat tarixindəki mövqeyi haqqında çox az şey məlum idi". On iki cilddən ibarət olan "Molla Nəsrəddin" jurnalı mətnlərinin transliteriyası, çapa hazırlanması və bu qiymətli abidənin I və II cildlərinin nəşr edilməsi Əziz Mirəhmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun adı ilə bağlıdır.



"Elmdə heç bir zaman "son nöqtə" ola bilməz" - deyən Ə.Mirəhmədovun "Azərbaycan ədəbiyyatına dair tədqiqlər" kitabı da zəngin tədqiqat  materialı, arxiv sənədləri və dövri mətbuatdan götürülmüş tarixi faktlar əsasında yazılıb. XIX əsrin axırı, XX əsrin əvvəlində yaradılan zəngin, rəngarəng elmi-filoloji irs zəminində, uzun illərin gərgin əməyi, böyük axtarışları bahasına başa gəlib. Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Mirzə Əli Möcüz, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, İsmayıl bəy Qutqaşınlı, İsa Sultan, Abdulla Şaiq və başqaları haqqında bir çox faktları, məlumatları, epistolyar materialları, bədii nümunələri Ə.Mirəhmədov ilk dəfə aşkara çıxarmış və tədqiq etmişdi.


Ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov "Əkinçi" qəzetinin də yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılmasında təqdirəlayiq işlər görüb.


Bütün həyatını elmin inkişafına həsr edən Əziz Mirəhmədov, həmçinin, 30-dan artıq yüksək ixtisaslı alimlər kadrı hazırlayaraq elmi mühitə tanıtmışdır.


Xalq yazıçısı Süleyman Rəhimov yazır ki, "Zəmanəmizdə kitabsız mədəniyyətdən və mədəni inqilabdan danışmaq olmaz! Kitab insan ağlının və əməyinin məhsuludur... Kitab elm və sənət abidəsidir. Böyük filosoflar, şairlər və alimlər kitabla yaşayırlar. Nizami "Xəmsə" ilə, Tolstoy "Hərb və sülh ilə", Sabir "Hophopnamə" ilə yaşayır. Kitab olmasaydı, bəşəriyyətin böyük simaları ulduzlar kimi öz vaxtlarında parlayıb, sonra sönüb gedərdilər". Görkəmli alimimiz Əziz Mirəhmədov neçə ildir ki, dünyamızda yoxdur. Ancaq onu bəşəriyyətin parlaq simalarından birinə çevirmiş əsərləri görkəmli alimimiz əbədiyaşarlıq qazandırıb.


Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





06.05.2020    çap et  çap et