525.Az

Cəmiyyətdə müəllimin rolu və mövqeyi: reallıq nələr vəd edir?


 

Cəmiyyətdə müəllimin rolu və mövqeyi: reallıq nələr vəd edir?<b style="color:red"></b>

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər.

Müqəddəs “Qurani-Kərim” biliyə yiyələnməyin ilk yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır. Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan, Həccə getməkdən də üstündür. Başqa bir hədisində Məhəmməd Peyğəmbər alimləri yer üzünün çırağı, nuru adlandırır, biliyi bilməyənlər arasında yaymağı ən böyük sədəqə hesab edir, bilikli adamın üzünə baxmağı, onunla oturub - durmağı ibadət sayır, bilik öyrədən və bilik öyrənən arasında xoş münasibəti vacib hesab edirdi: “Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun”.

Dünyanın fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.

Dahi Nizamiyə görə təhsilin köməyilə insanlar təbiətin və insan mənəviyyatının sirlərini öyrənə bilər. Elmin qüdrəti, insanın elmlə üstünlük qazanması, qələbə çalması Nizami dünyagörüşünün əsas məğzini təşkil edir. Görkəmli alim Nəsrəddin Tusi “Əxlaqi - Nasiri” əsərində müəllim peşəsinə yüksək qiymət verərək yazmışdır: “Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?”

Təhsil naziri Misir Mərdanov deyir ki, xalq arasında belə bir fikir də mövcuddur ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir: “Əlbəttə, tanınmış insanların, böyük alim və mütəfəkkirlərin belə deyimləri kifayət qədərdir, mən yalnız onlardan bəzilərini diqqətə çatdırdım. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl Müəllim milli sərvət kimi qəbul edilmişdir. Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək çətindir. Lakin bir şey aydındır ki, müəllim və şagirdlər həmişə olub və qətiyyətlə demək olar ki, yeganə dəyərdir ki, zamandan asılı olmayaraq, daim olacaqdır. Çünki insan bilik və təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə müəllimin üzərinə düşür, müəllim gələcəyə yol açır. Müəllim peşəsini digərlərindən fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən öyrənir. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də müəllim yetişdirib”.  Təhsil naziri bildirib ki, müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur: “Düşünürəm ki, zaman keçəcək, on illər, yüz illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində dayanacaqdır. İnsanlar nə üçün çox çətin olan müəllim peşəsini seçirlər? Fikrimcə, bu sualın əsl müəllimlərin sayı qədər cavabı vardır. Lakin aydın olan odur ki, həmin insanlar müəllim kimi doğulurlar, sonradan onu arzu edirlər və talelərini bu peşəyə bağlayırlar. Təsadüfi deyildir ki, əsl müəllimlər üçün başqa peşə olmur, onlar heç bir zaman öz peşələrini dəyişə bilmirlər.

Uzun müddət təhsil sistemində çalışan bir şəxs kimi müəllimlərlə tez-tez ünsiyyətdə oluram, müxtəlif tədbirlərdə onları dinləyirəm, müxtəlif məsələləri müzakirə edirəm, müəyyən problemlərlə bağlı rəylərini öyrənirəm. Məktəbdə müəyyən müddət işləmiş və təcrübə əldə etmiş müəllimlər qeyd edirlər ki, pedaqoji fəaliyyətin əsasını təşkil edən həlledici amil şagirdləri və öz işini sevməkdir. Kimin ki, ürəyində uşaqlara məhəbbət hissi yoxdur, o, müəllim işləməməlidir. Düşünürəm ki, uşaqlara böyük məhəbbətlə yanaşı, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır. Bu baxımdan rus pedaqoqu Anton Rubinşteynin fikirləri çox maraqlıdır: “Əgər bircə gün öyrənmirəmsə - bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə - bunu hamı hiss edir”. Müəllimin əlində digər peşə sahiblərindən heç birində olmayan bir imkan vardır, həyatın dərk edilməsi və biliklərin əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək və kamilləşmək”.

M.Mərdanovun dediyinə görə, müəllim unutmamalıdır ki, onun qarşısında ətrafdakı hadisələri öyrənməyə çalışan və bütün bunları öz prizmasından keçirib dərk etmək istəyən, geniş açılmış, alışıb - yanan gözlərini müəllimə dikən balaca bir varlıq dayanmışdır. Onun gələcək həyatı, fəaliyyəti, uğurları, hətta taleyi də birbaşa müəllimdən asılıdır: “Məlumdur ki, pedaqoji konsepsiyada bütün dövrlərdə “kimi öyrətmək”, “nəyi öyrətmək” və “necə öyrətmək” suallarına cavab axtarılmışdır və bu gün də axtarılmaqdadır. Mənə elə gəlir ki, hər şeydən əvvəl “kim öyrədir” sualına cavab tapmaq lazımdır. Müəllim hansı keyfiyyətlərə malik olmalıdır ki, onun şagirdləri öz ölkəsinə və millətinə layiqli vətəndaşlar kimi yetişsinlər. Zənnimcə, müasir müəllim şagirdi potensial imkanlarını nəzərə almaqla onu istiqamətləndirməyi bacarmalı, yaradıcı olmalıdır. Bu cəhətdən obrazlı şəkildə desək, müəllimlik yaradıcılıqdır, müəllim əməyindəki yaradıcılıq yazıçının, bəstəkarın və rəssamın əməyindəki yaradıcılıqdan heç də az deyil, bəlkə də ondan daha ağır və məsuliyyətlidir. Müəllim insan ruhuna bəstəkar kimi musiqi, rəssam kimi boyalar vasitəsilə deyil, birbaşa müraciət edir. Müəllimin sənət əsəri onun yetişdirdiyi şagirdlər-tələbələrdir. Öz zəhmətinin bəhrəsini görəndə, biləndə ki, biliklər verməklə yanaşı, şagirdlərinin yaradıcılıq potensialını aşkar edib, onlarda özünə inam yaradıb, müəllim iftixar hissi keçirir ki, taleyi ona misilsiz bir hədiyyə edib və o, Müəllim olubdur. Tarixə nəzər yetirdikdə, öz həyatı, fəaliyyəti və nümunəsi ilə insanların qəlbində iz qoymuş müəllimləri yad etdikcə bir daha bu peşə sahiblərinə qibtə edirsən, insanın formalaşmasında, ümumilikdə cəmiyyətin inkişafında müəllimin necə böyük rol oynadığını duyaraq heyrət edirsən. Belə müəllimlərdən bəziləri barədə fikirlərimi oxucularla bölüşmək istərdim. Qori Müəllimlər Seminariyasının məzunları müəllim adını yüksək zirvələrə qaldırmaqla yanaşı, maarifçilik hərəkatının inkişafında xidmətləri ilə Azərbaycanın təhsil tarixində özünəməxsus yer tutmuşlar. Onların arasında Teymur bəy Bayraməlibəyov, Səfərəli bəy Vəlibəyov, Mahmud bəy Mahmudbəyov, Firidun bəy Köçərli, Əhməd ağa Mustafayev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Səməd bəy Acalov, Fərhad Ağazadə və digərləri müəllim adını əbədiləşdirmişlər. Qori Seminariyasının daha bir məzunu Məmməd Qarayev barədə bir qədər ətraflı məlumat vermək istərdim. Məmməd Qarayev cəmi 26 il həyat sürməsinə baxmayaraq, Azərbaycan maarifinin tarixinə fədakar xalq müəllimlərindən biri kimi daxil olmuşdur. Onun qısa müəllimlik fəaliyyəti Dağlıq Qarabağın Malıbəyli kənd məktəbi ilə bağlı olmuş, XX əsrin əvvəllərində, “oxutmuram, əl çəkin” zamanında, cəhalət dövründə həmin kənddə oğlanlar və qızlar üçün məktəblər açmış və müəllimlik etmişdir. Məmməd Qarayev öz müəllimi məşhur pedaqoq və ədəbiyyatşünas Firidun bəy Köçərlinin hələ 1905-ci ildə yazdığı: “Dövrün tələblərinə, həyatın çağırışına həmişə hazır olmaq lazımdır. Xalq müəllimi xalqın yalnız o vaxt məhəbbətini və hörmətini qazanar, xalqın nəzərində məktəbin o vaxt hörmətini qaldırar ki, o, öz əməyinin həqiqi əhəmiyyətini işdə sübut etsin, camaatla qaynayıb qarışsın, onlarla dərdləşə bilsin, onların gözlərini işıqlı dünyaya açsın, maarifə, ağıllı yaşayışa gedən həqiqi yolu onlara göstərə bilsin” kimi qiymətli tövsiyəsini pedaqoji fəaliyyətində əsas tutmuşdur. O, nəinki müəllimlik etmiş, öz qəlbinin hərarəti ilə kənddə maarif, mədəniyyət ocağı yandırmış, insanları elm, savad nuruna qərq etmişdi. Bütün məhrumiyyətlərə, təhlükələrə, maneələrə sinə gərərək, açdığı məktəblər “zülmət səltənətində” nur kimi parlamışdı, sadə kənd camaatının gözündə müəllimi hörmət və nüfuz sahibinə çevirmişdi. Məmməd Qarayevin məktəblilər arasında xüsusi hörməti var idi. Ona olan sonsuz məhəbbətin rəmzi kimi 1912-ci ildə qız məktəbinin şagirdləri çox orijinal bir xalça toxuyub sevimli müəllimlərinə hədiyyə vermişdilər. Xalçanın üzərində bu sözlər yazılmışdı: “Malıbəyli qız məktəbinin şagirdlərindən sevgili müəllimimiz Məmmədbəy Qarayevə yadigardır”. Bu, xalq müəlliminin əməyinin öz şagirdləri tərəfindən son dərəcə yüksək qiymətləndirilməsi demək idi. Müəllim üçün isə bundan böyük mükafat ola bilməz”.

Nazir bildirib ki, sovet dövründə də öz fəaliyyəti ilə müəllim adını zirvələrə yüksəldən şəxsiyyətlər olmuşdur. Görkəmli maarif xadimi akademik Mehdi Mehdizadə müəllimlikdən elmin ən yüksək zirvəsinə, nazir vəzifəsinədək yüksəlmişdir. Bütün ömürlərini məktəbli gənclərin təlim-tərbiyəsinə həsr etmiş Məsmə Atakişiyeva, Zərbəli Səmədov 60-cı illərdə maarif sahəsində fədakar işlərinə görə Əməkdar müəllim, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülmüşlər. Yevlax rayonu Xaldan kənd məktəbinin müəllimi və direktoru Zahid Şöyübov təhsilin inkişafındakı xidmətlərinə görə SSRİ Xalq Müəllimi adını almışdır. Tovuz rayonu Bozalqanlı kənd orta məktəbinin kimya müəllimi Məhər Quliyev müəllimlik fəaliyyətinə görə Əməkdar müəllim və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarını almışdır, hazırda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür: “Qürur hissi ilə demək lazımdır ki, bu gün də məktəblərimizdə müəllim adını şərəflə daşıyan, öz peşəsinin vurğunu olan, həqiqətən şagirdlərinin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən, bacarıqlı, səriştəli müəllimlər az deyildir, onlar indi də fədakarlıqla çalışırlar. Təhsilin keyfiyyəti, aparılan islahatların uğuru da məhz belə müəllimlərlə bağlıdır. Doğrudan da uzun müddət ərzində müəllim ideallaşdırılmış, həm şagirdlərdə, həm valideynlərdə, həm də ümumilikdə cəmiyyətdə müəllimə böyük hörmət olmuşdur. Müəllim sözü, onun söylədiyi fikirlər, verdiyi məsləhətlər birmənalı şəkildə qəbul edilmişdir. Cəmiyyətdə, ailə və məişətdə bir çox çətin məsələlərin, konfliktlərin həll edilməsi məqsədilə müəllimə müraciət edilmiş, onun sözü həlledici olmuşdur. Təsadüfi deyildir ki, hətta küçədə müəllimlə rastlaşanda şagirdlər hörmət əlaməti olaraq onun qarşısında təzim etmişlər. Müəllim şəxsiyyətinə o qədər hörmət olub ki, onun adi insanlardan fərqi olduğu barədə rəylər də yaranmışdır. Əlbəttə, müəllim vəzifəsini belə nüfuza, hörmətə çatdıran, zirvəyə ucaldan müəllimlər özləri olmuşdur. Bir faktı da hörmətli oxucuların diqqətinə çatdırım ki, cəmi bir əsr əvvəl Azərbaycanda ana dilində yazılmış bir məktubu oxumaq üçün bütöv bir kənddə savadlı insan tapılmırdı, indi ölkəmizdə yazıb oxumağı bacarmayan yoxdur. Hamı bilməlidir ki, xalqımızı bu səviyyəyə çatdıranlar müəllimlər olmuşdur və biz hər zaman fədakar əməklərinə görə onlara borcluyuq. Bu gün dünyanın aparıcı universitetlərində təhsil alan 10 mindən çox azərbaycanlı tələbə, dünyanın aparıcı şirkətlərində yüksək peşəkarlıqla fəaliyyət göstərən mütəxəssislər də Azərbaycan müəlliminin yetirmələridir. Məlumdur ki, müəllim hər bir millətin, xalqın inkişafında həlledici simadır. Bütün bunlarla yanaşı, indi cəmiyyətdə keçmiş dövrlərə nisbətən müəllim nüfuzunun aşağı düşməsi barədə fikir və mülahizələr səslənir. Hesab edirəm ki, bu fikirlərin müəyyən əsası vardır. Ötən əsrin 60-70-ci illərindən başlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada tədricən müəllim nüfuzunun aşağı düşməsi müşahidə edilməyə başlanmışdır. Bunun bir sıra səbəbləri olmuşdur: Müxtəlif obyektiv və subyektiv səbəblərdən müəllimlərin sayının artması və beləliklə onların sırasına bu peşə üçün təsadüfi olan insanların da daxil olması. Müəllimlərin sosial müdafiəsi sahəsində kifayət qədər təsirli tədbirlərin görülməməsi. Müəllim hazırlığının kifayət qədər təkmil olmaması, məktəblərdə pedaqoji fəaliyyətə başlayan müəllimlərin ixtisası üzrə biliklərinin, peşəkarlıq səviyyəsinin aşağı olması. Cəmiyyətin inkişafında təhsilin rolunun və müəllimin missiyasının kifayət qədər qiymətləndirilməməsi. Müstəqilliyin ilk illərində məktəbə və təhsilə münasibətin mənfi istiqamətdə dəyişməsi, dağıdıcılıq meyillərinin ümumi təhsil sisteminə də sirayət etməsi, bu səbəbdən müəllimlərin kütləvi şəkildə digər sahələrə yönəlməsi. İnformasiya cəmiyyətinin yaranması, bununla əlaqədar müəllimə olan tələblərin dəyişməsi və onların bu tələblərlə bəzən ayaqlaşa bilməməsi.

 Müdrik insanlar, təhsil ekspertləri, məktəbşünaslar həmin dövrdə şəxsiyyətin inkişafı və formalaşmasında yaranmış problemləri də məhz müəllim nüfuzunun aşağı düşməsi, bu səbəbdən onlara inamın azalması amili ilə əlaqələndirmişlər. Bununla əlaqədar ölkəmizin gələcəyini dərk edən hər bir insan müəllim nüfuzu ilə bağlı problemi doğuran səbəblər və onların həlli yolları barədə düşünməli, müəllimin cəmiyyətin inkişafında rolunun olduğu kimi qəbul edilməsi üçün səy göstərməlidir.
 Düşünürəm ki, müəlim nüfuzunun yüksəldilməsi məqsədilə bu sahədə mövcud olan problemlərin həlli istiqamətində ciddi tədbirlər görməyin vaxtı çatmışdır. Onu da qeyd etmək vacibdir ki, müəllim nüfuzunun bərpası bütün cəmiyyətin diqqətində olmalıdır, Təhsil Nazirliyi isə dövlət təhsil siyasətini həyata keçirən rəsmi qurum kimi öz məsuliyyətini dərk edərək bu istiqamətdə real addımlar atmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, müasir dövrdə müəllimin rolu və ona olan tələblər dəyişdiyindən bir çox müəllimlər yeni şəraitə uyğunlaşa bilmirlər və ya uyğunlaşmaq istəmirlər”.

Təhsil nazirinin sözlərinə əsasən, ənənəvi olaraq uzun müddət ölkəmizdə, eləcə də postsovet məkanında müəllimin rolu biliklərin şagirdlərə ötürülməsi kimi başa düşülüb. O müəllim yaxşı müəllim adlandırılıb ki, şagirdlərinə daha çox məlumat aşılasın. İndi isə müəllim daha çox bələdçi rolunu oynayır, şagirdləri müxtəlif mənbələrdən müstəqil şəkildə biliklər əldə etməyə istiqamətləndirir, başqa sözlə onlara öyrənməyi öyrədir. Belə şəraitdə isə şagird şəxsiyyəti inkişaf edir, onun hər bir hadisəyə öz baxışı və yanaşması olur, qərar verməkdə çətinlik çəkmir. Uzun müddət ərzində müəllimlər pedaqoji prosesi ənənəvi təlim metodları üzərində qurub və müəyyən uğurlar da qazanıblar. Lakin inkişafetdirici aspektə, nəticəyönümlü təlimə, bacarıqların formalaşdırılmasına diqqət yetirilməyib. İndi isə müasir dərsi yeni təlim strategiyaları olmadan təsəvvür etmək mümkün deyil. Məlumdur ki, müasir təlim strategiyaları, fəal-interaktiv təlim metodları şagirdlərin təlim prosesində daha fəal iştirakına, həyati və tətbiqi bacarıqlar əldə etməsinə, məntiqi və tənqidi təfəkkürünün inkişafına yönəlmişdir. Məhz bu amil nəzərə alınaraq, Təhsil Nazirliyinin səyləri nəticəsində beynəlxalq təşkilatlarla və yerli QHT-lərlə əməkdaşlıq çərçivəsində ölkənin ümumtəhsil məktəblərində çalışan 22 minədək müəllim müasir təlim texnologiyaları üzrə treninqlərdən keçirilib. Daha 18 min müəllim isə yeni kurikulumun tətbiqi ilə əlaqədar treninqlərdən keçərək müvafiq bacarıqlara yiyələnibdir. Lakin aparılan monitorinqlər göstərir ki, müvafiq treninqlərdən keçən bir sıra müəllimlər yeni məzmunun tədrisində və yeni dərsliklərin tətbiqində çətinlik çəkirlər. Bir çox hallarda məzmun islahatlarını forma dəyişiklikləri ilə eyniləşdirir, müasir təlim texnologiyalarının tətbiqini sinifdə dərs prosesində şagirdlərin qruplara bölünməsi və şagird masalarının düzülüşünün dəyişdirilməsi kimi başa düşürlər, mahiyyətcə isə ənənəvi yolla fəaliyyət göstərməyə cəhd göstərirlər: “Bəs müvafiq treninqlərdən keçməyən çoxsaylı müəllimlər nə etməlidir? Məlumdur ki, onların əksəriyyəti müasir təlim metodlarını ya tətbiq edə bilmirlər, ya da ki, etmək istəmirlər. Birinci halda müəllimlərə bu sahədə bacarıqlar aşılanmayıb, ikinci halda isə onlar yaradıcılığa və təşəbbüskarlığa meyil göstərmirlər. Müasir təlim metodlarının tətbiqi nəzərdə tutulan dərslərə xüsusi hazırlaşmaq, əlavə mənbələr axtarmaq, təlim materialları hazırlamaq, fərdi tapşırıqlar müəyyənləşdirmək, müasir qiymətləndirmə üsullarından istifadə etmək tələb etdiyindən, bir çox hallarda çətinlikdən qaçır və daha asan yolla getmək istəyirlər. Belə halların olmaması üçün müəllimlərlə sistemli işin aparılması, metodkabinetlərin bu prosesə fəal cəlb olunması vacib məsələlərdəndir. Yeni kurikulumun hər tədris ilində onun tətbiq dairəsinin genişləndirilməsi, ümumi orta və tam orta təhsil pillələrini əhatə etməsi nəzərdə tutulmuşdur. Bu, o deməkdir ki, ölkənin bütün müəllimləri mərhələlərlə yeni kurikulum üzrə treninqlərə cəlb edilməlidirlər. Hazırda xüsusi aktuallıq kəsb edən məsələlərdən biri də müəllimlərə yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində bacarıqların aşılanmasıdır. Məlumdur ki, Təhsil Nazirliyi 2006-cı ildən başlayaraq dünya təcrübəsində tətbiq edilən yeni məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə mexanizmlərini tətbiq etməyə başlamışdır. Müəllimlər üçün bilavasitə maraq doğuran və yenilik kəsb edən məsələ məktəbdaxili qiymətləndirmədir. Bu istiqamətdə artıq müəyyən addımlar atılmış, təlimati sənədlər hazırlanmışdır.Yeni qiymətləndirmə qaydaları tətbiq edilməkdədir, hətta sinif jurnallarının da forması dəyişilmişdir. Diaqnostik, formativ, summativ qiymətləndirmə sahəsində müəllimlər üçün metodik vasitələr də hazırlanmışdır. İndiyədək gündəlik qiymətləndirməyə alışmış müəllim üçün bunlar tamamilə yeni yanaşmadır. Onu da qeyd edim ki, yeni qiymətləndirmə sistemini mənimsəməyən müəllim tədris prosesini səmərəli qura bilməyəcək. Fikrimcə, həm yeni kurikulumun, həm də yeni qiymətləndirmə sisteminin tətbiqi hazırda Təhsil Nazirliyi qarşısında duran ən məsuliyyətli vəzifələrdir. Həmin vəzifələrin uğurlu həlli isə bu mexanizmləri mənimsəyən və müəllimlərə mənimsədə bilən kifayət qədər “öyrədənlərin” hazırlanmasıdır. Hazırda ölkəmizin ümumtəhsil məktəblərində fəaliyyət göstərən 170 min müəllimin müasir tələblərə uyğun fəaliyyət göstərməsi üçün daha hansı addımlar atılmalıdır? Hesab edirəm ki, belə addımlardan biri hər bir məktəbdə müəllimlərin fəaliyyətinin monitorinqinin aparılması, qiymətləndirilməsi, ehtiyacların müəyyənləşdirilməsi və müvafiq inkişaf proqramının hazırlanmasıdır. Təqdirəlayiq haldır ki, belə tədbirlər Sumqayıt şəhərində, Qobustan rayonunda, Bakı şəhərinin bir sıra məktəblərində, eləcə də Nazirliyin birbaşa tabeliyində olan ümumtəhsil məktəblərində həyata keçirilmişdir. Lakin bu işin ölkənin bütün təhsil müəssisələrində aparılması zəruridir. Bu tədbirlərin bir sıra müsbət cəhətləri göz qabağındadır. Bir tərəfdən hər bir müəllim öz potensial imkanlarının hansı səviyyədə olduğunu aşkar edir, reytinq cədvəlində yerini öyrənir, təkmilləşdirməyə ehtiyacı olan sahələri dəqiqləşdirir, digər tərəfdən isə öz vəzifəsinin öhdəsindən gəlməyən, fəaliyyətini təkmilləşdirməyə səy göstərməyən müəllimlər gələcək perspektivləri ilə bağlı düşünməyə məcbur olurlar. Daha bir əhəmiyyətli cəhət isə ondan ibarətdir ki, məktəblərdə müəllimlərin inkişafı ilə bağlı sistemli iş aparmaq imkanları yaranır, başqa sözlə məktəbdaxili, rayondaxili ixtisasartırma və təkmilləşdirmə mümkün olur. Ötən məqalələrimizdə də qeyd etmişdik ki, müəllimlərin peşəkar inkişafını yalnız ixtisasartırma təhsili müəssisələrinin öhdəsinə buraxmaq düzgün olmazdı və bu, heç də həmişə səmərəli nəticələrə gətirib çıxarmır.

 Müasir informasiya cəmiyyəti şəraitində müəllimi xarakterizə edən əsas keyfiyyətlərdən biri də, şübhəsiz ki, İKT-nin tətbiqi ilə bağlı bacarıqlardır. Bəs bu sahədə vəziyyət necədir və necə olmalıdır? Hazırda ölkəmizdə təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli addımlar atılır. Elektron məktəblər yaranır, elektron tədris resursları hazırlanır və müəllimlərin istifadəsinə verilir, təhsil müəssisələri genişzolaqlı sürətli internet şəbəkəsinə qoşulur, İKT tədris prosesinin ayrılmaz tərkib hissəsinə çevrilir və keyfiyyətli tədrisə zəmin yaradır.

 Qeyd edim ki, beynəlxalq təşkilatların da imkanlarından istifadə etməklə indiyədək 40 mindən çox müəllim İKT üzrə treninqlərə cəlb olunmuş və muəyyən bacarıqlar əldə etmişlər, onların bir çoxu fəaliyyətində İKT-nin imkanlarından kifayət qədər bəhrələnirlər. Lakin ümumilikdə ölkənin ümumtəhsil məktəblərində çalışan bütün müəllim heyətinin İKT bacarıqlarına yiyələnməsi ciddi bir problem kimi qarşıda dayanmışdır. Bu gün müəllimlərin İKT-dən istifadə səviyyəsi, əlbəttə, bizi qane edə bilməz. Elə etməliyik ki, hər bir müəllim İKT-dən tədris prosesində səmərəli istifadə etsin, tədrisin keyfiyyətini yüksəltsin. Axı müasir dünyada “savadlılıq” anlayışı həm də İKT sahəsində bacarıqları özündə ehtiva edir. Hesab edirəm ki, yaşadığımız informasiya dövründə müəllimlər nəinki İKT-dən istifadəni, eyni zamanda müxtəlif auditoriyalar qarşısında təqdimatlarla (prezentasiya) çıxış etməyi də bacarmalıdırlar. Düşünürəm ki, bununla əlaqədar ölkə prezidenti tərəfindən təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərlə yanaşı, əlavə imkanlardan da istifadə edilməli, müəllimlərin İKT bacarıqlarına yiyələnməsini təmin edən xüsusi proqram hazırlanmalıdır”.
Sevinc QARAYEVA

 





14.10.2012    çap et  çap et