525.Az

Fransa Müqavimət Hərəkatının iştirakçıları: Makinski qardaşları


 

Fransa Müqavimət Hərəkatının iştirakçıları: <b style="color:red">Makinski qardaşları</b>

İkinci Dünya müharibəsi
 

Bəşər tarixinin ən böyük silahlı münaqişəsi olan İkinci Dünya müharibəsi dünyanın iki nəhəng hərbi-siyasi koalisiyasının savaşı idi. Həmin dövrdə mövcud olan 73 dövlətdən 62-sinin qatıldığı bu müharibədə  döyüşlər Avropa, Asiya və Afrikanın ərazilərində, eləcə də bütün okeanların sularında getmişdi.


1941-ci il iyun ayının 22-də faşist Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum etdi. 1945-ci il sentyabrın 2-də sona yetən bu müharibə 10 milyonlarla insanın ölümü ilə nəticələndi: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçi həlak oldu. Bunundan əlavə, müharibə 25 milyona yaxın dinc sakinin həyatına son qoymuşdu.


İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfər insan iştirak etmişdi. Azərbaycan diviziyaları müharibədə Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçmiş, 128 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər "Şöhrət" ordeni ilə təltif olunmuş, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medallarına layiq görülmüşdü. Bundan əlavə, azərbaycanlı hərbi əsirlərdən təşkil olunmuş partizan dəstələri almanların işğalı altında olan ərazilərdə - Fransa, İtaliya, Krım və Belarusiyada aktiv fəaliyyət göstərmişdilər. Bununla yanaşı, XX əsrin əvvəllərində siyasi, iqtisadi və digər səbəblərdən Qərbi Avropa ölkələrinə mühacirət etmiş bir çox azərbaycanlılar da antifaşist hərəkatında iştirak etmişdilər. Onların arasında Fransa Müqavimət Hərəkatında fəal iştirak etmiş Makinski qardaşları da var idi.


Makinskilər nəsli əslən Oğuz boylarından olan Bayat elindən idilər. Bayat elinin böyük qollarından biri indiki Cənubi Azərbaycanda yerləşən Maku bölgəsində məskunlaşmışdı. Qəbilənin başçısı Əhməd sultan 1729-cu ildə Nadir şah Əfşarın yaratdığı orduya qoşulmuşdu. 1747-ci ildə Nadir şahın ölümündən sonra Əhməd sultan onun arvadlarından birini götürüb Makuya gəlmiş, burada Maku xanlığını yaradaraq "xan" titulunu götürmüş və  Əhməd xan  1778-ci ildə vəfat etmişdi.


Əhməd xanın Hüseyn və Həsən adlı iki oğlu var idi. Hüseyn xanın oğullarından biri - Əhməd xan 1828-ci ildə İrəvan şəhərinə köçərək burda məskunlaşmış və 1830-cu ildə İrəvan xanlarının ailəsindən olan Lalə xanım İrəvanlı ilə evlənmişdi. Əhməd xanın törəmələri xanlıq dönəmində Bayati-Maku (Maku bayatları, Makulu bayatlar), rus üsul-idarəsi dövründə isə Makinski ("Makulu, Makudan olan") soyadı daşımağa başladılar. Bayat qəbiləsinin de-yure başçıları Makinski xanlığının İran hökuməti tərəfindən 1921-ci ildə rəsmi şəkildə ləğv edildiyi vaxta qədər Makunun varisləri kimi xan olaraq qalmışdılar.


Hüseyn xan Paşanın (Paul) nəslindən olan Xan Makinski (1862-1934) Rusiya imperiyasında xidmət edərkən 1917-ci ilə qədər Qafqazda mühüm vəzifələr tutmuşdu. Qeyd etmək lazımdır ki, Paşa xan Makinskini Rusiya imperator ordusunun general-adyutantı Hüseyn xan Naxçıvanski ilə qohumluq əlaqələri bağlayır. Hüseyn xan Naxçıvanski tarixdə Rusiya imperator ordusunda general-adyutant vəzifəsinə yüksəlmiş yeganə müsəlman idi. O, rus ordusunun 1917-ci il inqilabını qəbul etməyən, son günlərinə qədər taxt-taca və Rusiya imperatorluğuna sadiq qalan azsaylı generallarından idi. General-adyutant Hüseyn xan Naxçıvanski çar Rusiyasının 20 mükafatına və  xarici ölkələrin 9 ordeninə layiq görülmüşdü.


Teymur xan Makinski Makinskilər tayfasının görkəmli nümayəndələrindən biri olmuşdu. O, 1918-ci ilin dekabrından 1919-cu ilin martına qədər Azərbaycan Xalq Cümhuriyyətində (AXC) Ədliyyə naziri vəzifəsini tutmuşdu. 1919-cu ilin iyunundan 1920-ci ilin martına qədər AXC hərbi məhkəməsinin sədri, sonra isə Ermənistan hökuməti yanında Azərbaycanın diplomatik nümayəndəsi vəzifəsinə təyin edilmişdi. O, İrəvan quberniyasında yaşayan azərbaycanlıları erməni despotizmindən müdafiə etmək məqsədilə 1919-cu ilin yanvarında Bakıda yaradılan İrəvan quberniyası Müsəlmanlar icmasının İdarə Heyətinin sədri seçilmişdi.


Xan nəslinin digər nümayəndəsi - hüquqşünas Abbasəli bəy Makinski AXC-də nazir səlahiyyətlərinə malik olmuş, 1938-ci ildə həbs edilərək qətlə yetirilmişdi.


Yuxarıda haqqında danışılan Paşa xan Makinski 1917-ci ildə Rusiyanı tərk etmiş, Varşavada və Parisdə yaşamışdı. Oğlu Aleksandr (İskəndər xan) Makinski (1900-1988) Rusiyada İmperator Hüquq Məktəbində təhsil almış, Parisdə və Lissabondakı Rokfeller Fondunda çalışmışdı. Hitler işğalı dövründə nasist rejiminin təqib etdiyi fransız elm adamlarına, o cümlədən, Fransa qəhrəmanı Jan Mulana Parisdən çıxmağa kömək etmişdi. 1941-ci ildə Amerikaya köçmüş, burada "Coca-Cola" şirkətinin vitse-prezidenti olmuşdu. 1988-ci ildə vəfat edən Paşa xan Makinski Fransada, Sent-Cenevyev-de-Bua qəbiristanlığında dəfn edilmişdi. Aleksandr Makinski Fransanın Legion d'Onor (Fəxri Legion) ordeni ilə, həmçinin, Müqavimət və Xaç ordenləri ilə təltif olunmuşdu.


Qardaşı Kiril (Kərim xan) Makinski (1910-1991) müharibədən əvvəl Katolik İnstitutunda ingilis dili müəllimi işləmişdi. Almanların Fransaya gəlişi ilə institut bağlanmışdı. Kiril Makinski İkinci Dünya müharibəsinin əvvəlində könüllü olaraq Fransa Xarici Legionuna qoşulmuşdu. O, 1940-cı ilin iyulunda ordudan tərxis olunaraq Parisə, müharibədən hələ çox əvvəl tanış və dost olduğu Nikolay və Vera Obolenskilərin yanına getmişdi. Söhbət zamanı Vera Obolenskayadan general de Qollun Müqavimət hərəkatı çağırışı etdiyini eşidəndə heyrətini gizlədə bilmir: Vive la France! (Yaşasın Fransa!).


Rus emiqrantlarından olan knyaz Nikolay Obolenski İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmişdi (Onun həyat yoldaşı Vera 1911-ci ildə Bakıda, Bakı vitse-qubernatorunun ailəsində anadan olmuş, 1920-ci ildən Fransada mühacirətdə yaşamışdı).


Vera Obolenskaya çox cazibədar  qadın idi, əyləncəli həyatı çox sevirdi. Lakin alman işğalına qarşı çıxmaq seçimi qarşısında qalanda dərhal Parisdə Fransa Müqavimət Hərəkatı təşkilatlarından birinə qoşularaq həbs olunana qədər orada əsas rol oynayır.


Vera Obolenskaya ərinin və Kiril Makinskinin gizli fəaliyyət göstərən "Vətəndaşların və Hərbçilərin Təşkilatı"na  üzv olmalarına yardım edir. Makinski "Monte-Kristo" kabaresində işə düzəlir.


Komendant saatı olduğundan, kabare gecə saatlarında işləmək üçün alman hakimiyyət orqanlarından icazə almışdı: güman edilirdi ki, alman generalları burada dincələ biləcəklər. Belə də olmuşdu. Kabare çox arzu olunan bir məkana çevrilmişdi. Sərxoş və boşboğaz almanlardan alınan məlumatların əhəmiyyətli hissəsi alman hərbi birləşmələrinin hərəkəti və onların istehkamları, habelə işğal olunmuş bölgədəki hərəkətləri - deportasiyalar, müqavimət hərəkatının üzvlərinin edam olunmaları, senzura məhdudlaşdırılmaları, təbliğat, qida məhsullarının rasionlaşdırılması ilə əlaqəli idi.


Almaniyanın ələ keçirdiyi ərazilərdən sızan bəzi məlumatlar BBC-yə çatırdı. Əks əlaqə məhz belə həyata keçirilirdi. Bir dəfə Makinski öz kabaresində həqiqətən sensasiya doğuran bir xəbər eşitdi. Səhər saat 6 radələri idi, vermaxtın Fransadakı ali baş komandanı general Ştulpnagelin qərargahından olan bir zabitin qarşısında boş şüşələr qalaqlanmışdı. O, "Bütün bunlar səkkiz gün sonra bitəcək, biz Rusiyaya gedəcəyik" deyərək, sərxoş gözlərilə, elə bil, Makinskiyə şikayət edirdi. Nəticədə Makinski alman silahlı birləşmələrinin Sovet İttifaqına hücum edəcəyi barədə bir həftə əvvəldən məlumat verə bilmişdi, lakin Stalin bunu növbəti bir təxribat hesab etmişdi.


Makinskidən gələn məlumatlar gizli təşkilatın qərargahına çatdırılır və təşkilatın baş katibinin - Müqavimət hərəkatının silahlı qüvvələrinin leytenantı - "Viki" ləqəbli Vera Obolenskayanın əlinə düşür. O, Makinski ilə, digər rabitəçilər və gizli qrupun nümayəndələrilə müntəzəm olaraq görüşür, onlara tapşırıqlar və təlimatlar verir, hesabatları alır və gizli yazışmalar aparırdı.


Knyaz K.Makinskinin qısa müddətdə liderlərindən birinə çevrildiyi bu gizli təşkilat nəinki Londona məlumatlar ötürür, eyni zamanda, fransız və ingilis hərbi  əsirlərin qaçışını təşkil edirdi. Təşkilat üzvləri ingilis rezidentləri yerlərdə qarşılayır,  onların lazımi strukturlara yeridilməsinə köməklik göstərirdilər. 1942-ci ilə qədər Müqavimət hərəkatının ən böyük təşkilatlarından birinə çevrilən bu gizli təşkilatın Fransanın işğal edilmiş hissəsindəki bütün şöbələrində min nəfərdən çox üzvü var idi. Vera Obolenskaya və Kiril Makinski də onların arasında idilər. Onlar ikinci vətənləri olan Fransa üçün mübarizə aparırdılar və bu ölkədə yaşadıqları illər ərzində onun təhsilinə, mədəniyyətinə, həyatına və ənənələrinə sıx bağlanmışdılar.


K.Makinski Veranın tutulması ərəfəsində Obolenskilərdə nahar etdiyi günü belə xatırlayırdı: "Süfrədən qalxıb qabları yumağa kömək etməyə getdim. Dəsmalı mənə ötürən Viki pıçıltı ilə: "Bilirsən, hər şey zibildir, ətrafda hamını həbs edirlər" - dedi. Nə etməyi düşündüyünü soruşdum. Heç vaxt unuda bilməyəcəyim bir görünüşlə mənə baxdı, çiyinlərini çəkdi və ərinin mətbəxə gəldiyini eşidərək barmağını dodağına qoydu. Söhbətin mövzusu dəyişdi".  Kirilin bir anda Vikiyə yazığı gəldi, könlündən onu əyləndirmək keçdi. Əyləncə üçün onun hər zaman hazır lətifələri olurdu, amma hazırkı vəziyyət lətifəlik deyildi.


Bundan bir qədər əvvəl Makinskinin özü də bir neçə dəfə gərgin anlar yaşamışdı: alman generalı formasında iki nəfər "Monte-Kristo"ya gəlmiş və ondan ayrıca otaq tələb etmişdi. Makinski onlara sifariş etdikləri şampan şərabını gətirəndə onlardan biri təmiz alman dilində qapını arxadan bağlamaq və onlarla birlikdə qalmaq əmrini vermişdi. Həddən artıq qorxmuş Makinski bundan sonra nə baş verdiyini gözləmirdi: bakalları doldurduqdan sonra generallar ayağa qalxdılar və eyni dərəcədə mükəmməl ingilis dilində "Yaşasın Kral" tostunu səsləndirdilər, sonra təzim etdilər və çıxıb getdilər. Bəlkə də bu, İngiltərə kəşfiyyatından Makinskinin fəaliyyətinin onlara bəlli olması barədə bir siqnal idi? Lakin bu, əbədi bir sirr olaraq qaldı. Hər halda, bu hekayə Obolenskləri çox şənləndirdi və onlar Allahın mərhəmətinə güvənərək Makinskidən ayrıldılar. Ancaq təəssüf ki...


1943-cü ilin sonunda Viki gizli mənzillərdən birində həbs edildi. Onun ardınca Kiril Makinskini və Nikolay Obolenskini də həbs etdilər və hər ikisini Buxenvald həbs düşərgəsinə göndərdilər. 1945-ci ilin aprelində onlar amerikalılar tərəfindən azad edildilər.


Müharibədən sonra Kiril Makinski Fransanın ABŞ-dakı səlahiyyətli nümayəndəsi təyin edilir, 1947-1948-ci illərdə YUNESKO-da və "Le Parisien Liber" qəzetində müxbir işləyir. Kiril Makinski hüquq elmləri doktoru, Katolik İnstitutunun və Sosiologiya İnstitutunun professoru olur, Milli du Merite Təşkilatının komondoru, Fəxri Legion, Müqavimət hərəkatı ordenləri, Müharibə xaçları ilə təltif edilir. 1991-ci ildə dünyasını dəyişən Kiril Makinski Fransada, Sent-Cenevyev-de-Bu qəbiristanlığında dəfn olunur.


Qeyd edək ki, Makinski qardaşlarının dəfn olunduğu Sent-Cenevyev-de-Bu qəbiristanlığı Parisdən 30 kilometr məsafədə yerləşir. Burada rus mühacirətinin görkəmli nümayəndələri ilə yanaşı, vaxtilə Rusiya imperiyasında yaşamış digər millətlərin nümayəndələri də uyuyurlar. Onların bəziləri pravoslavlığı qəbul etmiş, digərləri isə Parisdə həmvətənləri arasında yaşayaraq o biri dünyaya köç edəndə dostları və qonşuları ilə əbədi olaraq bir yerdə qalmaq istəmişlər. Bu qəbiristanlıqda dəfn olunan bəzi azərbaycanlıların adlarını qeyd edirik:  XIX əsrin 90-cı illərində pravoslavlığı və Boris Aleksandroviç adını qəbul etmiş Abbasqulu bəy Sofiyev (1874-1937), İzmailovski alayının leyb-qvardiyasının kapitanı, ictimai xadim  Rəhimov Vladimir Aleksandroviç (Cangir Hacıyeviç, 1894-1984), şərqşünas, linqvist, elmlər doktoru, professor Məlikova-Sayyar İren xanım (1917-2009). Bunlardan əlavə, Aleksandr-İskəndər xan (1900-1988) və Kiril-Kərim xan (1910-1991) atası Paşa xan Makinski (1892-1934) də bu məzarlıqda dəfn olunub.

 





07.05.2020    çap et  çap et