525.Az

Nəsrdə də uğurla sınanan alim qələmi - Məqalə


 

MƏRHUM ƏDƏBİYYATŞÜNAS KAMRAN MƏMMƏDOV-DADAŞOĞLUNUN POVEST VƏ HEKAYƏLƏRİNDƏ MÜHARİBƏ MÖVZUSU MARAQLI BƏDİİ HƏLLİNİ TAPIB

Nəsrdə də uğurla sınanan alim qələmi - <b style="color:red">Məqalə </b>

Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri olan Kamran Məmmədov "Əbdürrəhim bəy Haqverdiyev", "Qasım bəy Zakir", "Nəcəf bəy Vəzirov", "Yusif Vəzir Çəmənzəminli", "XIX əsr Azərbaycan şeirində satira", "XX əsr Azərbaycan gülüşü" monoqrafiyalarının və iki yüzdən artıq elmi, publisist məqalələrin müəllifidir. Onun əsərləri arxiv sənədlərinin zənginliyi, elmiliyi və müasirliyi ilə seçilir.


"Azərbaycan yazıçılarının həyatından dəqiqələr" kitabı K.Məmmədovun Azərbaycan yazıçılarının həyat və yaradıcılığına yaxından bələd olmasının bariz nümunəsi idi. O, yazıçılarımızın həyatına dair ən diqqətçəkən məqamları, onlar haqqında olan maraqlı rəvayətləri, müdrik kəlamları toplayaraq oxucularına bəxş edib. K.Məmmədov bədii yaradıcılıqla da ardıcıl məşğul olmuş və oxuculara "Kamran Dadaşoğlu" imzası ilə tanınmışdı. "Ömrün izi", "Dünyamız uşaq gözündə" adlı hekayələr kitabı və iki hissədən ibarət "Yuxusuz illər" xatirə povesti onun bədii fəaliyyətinin nümunələridir.


Yuxusuz gecələr hesabına yazılmış "Yuxusuz illər" xatirə-povesti, odlu-alovlu, məşəqqətli müharibə illərini (1941-1945) əks etdirir. Prototipi müəllifin özü olan bu əsərdə müharibədə iştirak edən gənclərin yalnız layiqli bir əsgər kimi deyil, həm də mənəvi-əxlaqi dünyası ilə seçilən bir vətəndaş kimi formalaşması vurğulanır.


Müəllifin "Ömrün izi" hekayələr kitabı bədii yaradıcılığında özünəməxsusluğu ilə seçilir. Buradakı real həyat faktları və obrazların canlılığı əsas məziyyətlərdəndir. Hekayələrin əksəriyyəti yazıçının şəxsən şahidi olduğu və iştirak etdiyi Böyük Vətən müharibəsinə (1941-1945) həsr olunub. Ədib "Bağlı qapı", "Qələbə günü", "Ana", "Cib saatı", "Qızıl üzük", "Şəkil" və digər hekayələrdə müharibənin nəinki ön cəbhədə döyüşənləri məhv etməsini, eyni zamanda, əzizlərini əsgərliyə yola salanların da arzularının nakam qalmasını ürək yangısı ilə bədiiləşdirir.


"Bağlı qapı" hekayəsində Qədir kimi yüzlərlə cavanın həyatdan nakam getməsinin səbəbkarı olan qanlı müharibələr, aradan illər ötməsinə baxmayaraq, onların törərdikləri vəhşiliklər, qoyduğu izlər real boyalarla əks olunur. Böyük Vətən müharibəsinin illər öncə başa çatmasına baxmayaraq, hələ də gözləri yolda qalan, ümidlərini itirməməyən anaların fəryadı Qəmər xala obrazında ümumiləşdirilir. Xəyallarla danışan, gözü yolda, qulağı səsdə olan biçarə ana hər dəfə küçədə bir balaca səs olanda və ya qapı döyüləndə oğlu Qədirin qayıtdığını bilib, hövlnak yerindən atılır və qapıya cumur. O düşünür ki, oğlu bir gün gələcək, onu və bacılarını sevindirəcək. Ümidlə yaşayan Qəmər ananın daxili aləmi, çəkdiyi iztirablar olduqca real çalarlarla canlandırılır.


Başqa bir əsgər anasının faciəsi isə "Ana" hekayəsində təsirli şəkildə nəql olunur. Oğlunu 1943-cü ilin qışında əsgərliyə yola salan Telli xala bütün meylini övladının bircəcik yadigarı olan, onun da adını daşıyan nəvəsi Qədimə salır. İllər ötür nəvəsi böyüyür, amma oğul intizarı bitmir. Yazıçı ananın mənən yaşadıqlarını pafoslu ifadələrlə deyil, təbii şəkildə əks etdirir. Hekayə qürurverici bir sonluqla bitir. Uzaq ellərdən gələn bir məktub zavallı ananın niskilinə son qoysa da, onun göz yaşlarını qurutmur. Məktub Çexoslovakiyadan, kiçik bir kəndin cavanlarından gəlmişdi: "Əzizimiz Telli ana! Siz fəxr edin ki, oğlunuz Qədim Qədimov bizim kəndin sevimlisidir, o, əsl qəhrəmandır. Kəndimizi faşizm əsarətindən xilas edən cəngavərlərin, o, cümlədən, sizin oğlunuz Qədimin xatirəsinə ucaltdığımız əzəmətli abidənin açılışına gəlmənizi xahiş edirik..."


"Bağlı qapı", "Ana" hekayələrində əsgər analarının faciəsi qələmə alınırsa, "Qələbə günü"də oğul dərdindən yorğan-döşəyə düşən bir atanın əhvalatı nəql olunur. Hekayə maraqlı bir epizodla başlanır. Müəllim tələbələrə indiyə qədər həyatlarında ən əlamətdar, unudulmayan, ömürlük iz qoyan bir hadisəni yazıya almalarını tapşırır. Tələbələrin müraciət etdikləri mövzuların içində bir yazı müəllimin diqqətini cəlb edir və onu çox qəhərləndirir. Yazıda bir ailədə 1945-ci il, mayın 9-da, Qələbə günündə kədərlə sevincin bir-birinə qarışdığı anlar təbii şəkildə, real boyalarla canlandırılmışdır. Belə ki, oğlunu müharibəyə yollayan atanın dünyada iki arzusu vardır: biri dəhşətli müharibənin sona çatması, digəri isə yeganə oğlu Heydərin sağ-salamat geri dönməsi. Ata hər iki arzusuna çatsa da, doyunca sevinə bilmir. Ata ilə oğulun görüş səhnəsi müəllif tərəfindən çox təsirli şəkildə əks olunur:


"Darvazaya çatıb, cəftəni qaldıranda, əsgər qardaşımla rastlaşdım. Gözlərimə inanmadım. Qucaqlaşdıq. Onun birinci sözü:


- Atam necədir? - oldu.


- Səhərdən yolunu gözləyir.


Qardaşım qapıdan otağa girəndə atam bircə dəfə:


- Oğul!.. - deyə bildi. Qarşısında diz çökmüş Heydəri qucaqladı və beləcə də qaldı.


Kişi əziz balasının qucağında canını tapşırdı...


Əsgər qardaşım bircə dəqiqə gec gəlsəydi, atamı sağ görməzdi..." - Tələbə yazısını belə bitirdi".


"Cib saatı" hekayəsində isə müharibənin vəhşilikləri, od-alovu içərisində həlak olan gənc bir atanın faciəsi ürək sarsıdır. Hekayənin qəhrəmanı Səfər heç vaxt oğlunun üzünü görməmişdi. O, cəbhəyə yollandıqdan 9 ay sonra, evdən aldığı bir məktubda oğlunun dünyaya gəldiyini bilir. Səfər dostları ilə bu xəbərə çox sevinir.


Onların sevinci uzun sürmür. Nagahani bir qəlpənin Səfərin kürəyinə sancılması onu bu dünyadan nakam, oğlunun üzünə həsrət aparır. Ən ülvi arzusuna çata bilməyən qəhrəmanın ölüm səhnəsi, dostuna vəsiyyəti olduqca təbii çalarlarla əks olunur:


"Al, qardaşım, sözümün yiyəsi ola bilmədim. Kaş oğlumu görəydim. Bu saatı Abdulla, oğlumu tapıb ona hədiyyə verərsən, deyərsən atanın başqa şeyə gücü çatmadı..."


Hekayə nikbin notlarla, Səfərin oğlu Cavanşirin toyu ilə bitir. Toyda Abdulla Səfərin son arzusunu həyata keçirir, əziz dostunun əmanətini oğluna çatdırır. Yazıçı bu səhnədə Səfərin mənən sağ olduğunu, dostu Abdullanın maraqlı və təsirli bir bənzətməsi ilə vurğulayır:


"Səfər cismən burada yoxdursa da mənən, ruhən buradadır, bizimlədir. O da yeganə balasının bu şad gününə öz hədiyyəsini göndərmişdir, - Abdulla vaxtilə Səfərin səngərdə ona verib, tapşırdığı iri, qara cib saatını qoltuq cibindən çıxardı, başı üstə yuxarı qaldırdı, - baxın, budur Səfərin oğlu Cavanşirə hədiyyəsi. Mən bilə-bilə onu saxlamışdım, bu günü gözləyirdim, indi bu toy günündə sizin şahidliyinizlə Səfərin saatı təzədən, ata ürəyinin gücü ilə işləyəcək. - Abdulla saatı qurdu və qulağına tutdu: - İşləyir, - gülümsədi, - Bu çıqqıltılar ata ürəyinin müqəddəs döyüntüsüdür".


"Qızıl üzük" hekayəsində də maraqlı bir epizod nəql olunur. Hekayə qəhrəmanı Böyük Vətən müharibəsi sona çatdıqdan illər sonra qəribə bir hadisənin şahidi olur. Azərbaycan Tarixi Muzeyində gəzişərkən şüşə vitrində, üzərində ərəb əlifbası ilə adının yazıldığı üzüyü görür. Üzüyə diqqət yetirdikdə "Keçmiş alman soldatının sülh və dostluq rəmzi kimi muzeyə hədiyyəsi" sözlərini oxuyur. Üzüklə maraqlandıqdan sonra məlum olur ki, üzük müharibədə iştirak etmiş, əsir düşmüş Əli adli azərbaycanlı balasınındır. Qəhrəmanın müharibədə itirdiyi üzüyünün xalqların dostluq, sülh, qanlı müharibələrə nifrət kimi qoyulması rəmzi məna daşıyır.


Müəllifin prototipi olduğu "Şəkil" hekayəsi qəhrəmanın ömrün acılı-şirinli günlərinin yadigarı, əziz tarixçələri özündə əbədiləşdirən şəkil albomunun vərəqləməsilə başlanır. Köhnə, solğun şəkillərin arasında biri hekayə qəhrəmanının nəzərini cəlb edir. Diqqəti özünə çəkən, cib dəftəri ölçüsündə, rəngi saralmış şəkil 1942-ci ildə çəkilmişdir. 19-20 yaşlı səkkiz nəfərin əks olunduğu bu şəkildə yeganə iki nəfər sağ qalmış, qalanları isə əbədiyyətə qovuşmuşlar. Kamran Dadaşoğlu şəkildəki məsum çöhrələri ilə ona baxıb gülümsəyən cəbhə yoldaşlarının, onlarla birgə keçirdiyi ağrılı-acılı günlərin xatirəsini bədiiləşdirmişdir.


"Şəkil" hekayəsi müəllifin təsirli sözləri ilə başa çatır: "Bəli, baxıram şəkilə... Gözəl xasiyyətli, arzulu cavanlar yada gəlir. Heyfislənirsən. Xatirələr də kasıbdır. Axı canlarını azadlıq yolunda fəda etmiş dostlar nə yaş yaşamışlar ki, xatirələr də zəngin olsun. Dünyaya gəldilər, onuncu sinfə qədər oxudular, silaha sarıldılar, ana yurdu müdafiəyə getdilər və qayıtmadılar...


Öz-özümə deyirəm: yaxşı ki, şəkilləri qalmışdır..." (1, s.104).


Hekayələrin dili sadə və təsirlidir. Burada təmtəraqlı ifadələrin əksinə, mənalı və təsirli təsvir səciyyəvidir. Müəllif cəbhə xatirələrini yazıçı qələmi ilə cilalayaraq əbədiləşdirməyi bacarıb.


Leyla MƏMMƏDOVA
Bakı Slavyan Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri doktoru

 





07.05.2020    çap et  çap et