525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Şuşanın işğalı ilə bağlı bəyanat yaydı


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Şuşanın işğalı ilə bağlı bəyanat yaydı<b style="color:red"></b> Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Şuşanın işğalı ilə bağlı bəyanat yayıb.

525.az bəyanatı təqdim edir:

"28 il əvvəl, 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhəri Azərbaycan Respublikasının ən önəmli mədəniyyət mərkəzlərindən biridir. Bu şəhər Azərbaycanın və bütövlükdə Türk dünyasının böyük sənətkarlarının, yazıçılarının, şairlərinin, bəstəkarlarının, xanəndələrinin, incəsət xadimlərinin vətəni olub.


“Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşanın işğalı ilə Azərbaycanın və bütövlükdə Türk dünyasının maddi-mənəvi irsinə ağır zərbə vurulub.


Qədim Şuşa şəhərində yüzlərlə tarixi və mədəniyyət abidələri mövcuddur. Lakin əfsus ki, işğal nəticəsində onların əksəriyyəti dağıdılıb, talan edilib. Nəticədə, Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə yerlə-yeksan olunub, məbəd və məscidlər təhqirə, vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib.

Bu siyahıda Qarabağ xanlığının hökmdarı, Şuşa şəhərinin banisi Pənahəli xanın sarayı və kitabxanası, XVIII əsrdə inşa edilmiş Aşağı Gövhərağa məscidi, Qarabağ xanı Mehdiqulu xanın qızı, görkəmli şair, xeyriyyəçi Xurşidbanu Natəvanın evi, böyük şair Molla Pənah Vaqifin mavzoleyi, dahi bəstəkarı Üzeyir Hacıbəyovun, görkəmli sənətkar Bülbülün ev-müzeyləri, qədim karvansaraylar, Azərbaycan mədəniyyətinə məxsus digər abidələr yer alır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni abidələrin məhv edilməsini qətiyyətlə pisləyir, dünya ictimaiyyətinin bu hallara göz yummamağa, Türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Şuşanın işğalına etiraz səsini ucaltmağa səsləyir".
 





08.05.2020    çap et  çap et