525.Az

Telefon zəngi - Fidan Malikin yazısı


 

Telefon zəngi - <b style="color:red">Fidan Malikin yazısı </b>

Saatının zəngini səhər səkkizə qurdu.


Səhər oyanıb, hər işini qoyduğu yerdən davam edəcəkdi. Hər şeyin nəzarətində olduğuna adı kimi əmin idi. Günəşin hər səhər şərqdən çıxıb, qərbdə batdığı kimi. Yazdan sonra yayın gəlişi kimi.


Səhər həqiqətən oyandı. Amma telefonunun zənginə yox. Başqa bir səsə. Pişiyi stolun üstündəki fincanı salıb sındırmışdı. Bahalı olmasa da, onu gözü kimi qoruyurdu. Başqa dəyəri var idi. Balaca bacısı öz cib xərcliyilə ona hədiyyə almışdı. Zənn edirdi ki, heç sınmayacaq. Pişiyə acıqlandı. Guya o da hər şeyi başa düşdü. Fincanın qırıqlarını yığıb zibil qabına atdı. Bir az heyfisləndi. Necə də olsa hədiyyə idi. Amma çox gözəl bilirdi ki, azacıq zaman keçdikdən sonra təmamilə onun varlığını unudacaq.


Bütün planları pozulmuşdu. Bərk yatdığından telefonun zəngini eşitməyib, yatıb qalmışdı. Bu tərəfdən də fincan... Hardan hara bir anda bir tanışı yadına düşdü. Telefonu götürüb tarixə baxdı. Dodağını biixtiyar dişlədi. Onunla hələ keçən həftə zəngləşib görüşməyə sözləşmişdilər. Çox maraqlıdı. Nə əcəb özüsə də yığmayıb. İşi olub əlbət. Tez nömrəsini yığdı.


Yığdı və telefon əlində donub qaldı. Məlum oldu ki, artıq çox gecdir! Tanışı keçən həftə bu həyatla vidalaşıb... Çaşqın halda əlindəki telefonuna baxdı. Gözləri doldu. Sonra isə istehza ilə gülümsədi. Telefonu üçün hələ keçən həftə "dünyanın pulunu" verdiyini xatırladı. Bahalı telefonu ona o an çox adi, maraqsız göründü. Daxil və xaric olan zəngləri gözdən keçirdi. Onların sırasında bir dənə də olsun sevdiklərinin, yaxınlarının nömrəsi yox idi. Elə isə onun modelinin ən son dəbdə olmasının və ya ən üstün texnologiya ilə işləməsinin nə əhəmiyyəti var idi?..


Ev ona dar gəldi. Nəfəs almaq üçün çölə çıxmaq istədi. İcazə almalı olduğu yadına düşdü. Aldı. Bir neçə saatlıq. Bir vaxt boşboşuna israf etdiyi zamana heyfisiləndi.


Binadan aralanmamış pişiyə yemək vermədiyini xatırladı. Tələsik geri qayıtdı. Yazıq heyvan buna görə səhərdən qab-qacağı eşirmiş. Evə girən kimi pişiyi səslədi. Səs gəlmədi. Yəqin səhərki qışqırığından sonra küsübmüş. Yeməyi qaba töküb gözlədi. Otağın qapısının arasından əvvəlcə gözləri işıldadı, sonra yumağa oxşayan balaca bədəni çıxdı. Sahibinin yanına gəldi. Ona baxdı. Sanki "əvvəl könlümü al, sonra yeyəcəm", demək istədi. O, gülümsəyərək pişiyini tumarladı, oxşatdı. Beləcə çöməlib yerdə oturduğu vəziyyətdə pişiyini bir xeyli izlədi. Onu necə qapısının ağzında bir soyuq payız günü, islaq vəziyyətdə tapdığını xatırladı. Cəmi bir neçə ay öncə idi. Onda hələ lap bala idi. O cür bitkin halıyla bu qədər hündür mərtəbəyə necə gəlib çıxdığını hələ də ağlı kəsmirdi.


Beləcə bir xeyli bu şirin dostuyla oynadı. Çoxdandır, iş-güc ucbatından onunla maraqlanmırdı. Bir də baxdı ki, icazə müddətinin bitməsinə bir neçə dəqiqə qalıb. Onu biixtiyar gülmək tutdu. Demək ki, hər şey sandığı kimi onun nəzarətində deyilmiş... Telefonu əlinə alıb sıralamada bir nömrəni tapdı. Fikrindən daşındı. Sonra yenə nömrəyə baxdı. Ürək eləmədi. Bir anda telefonun ekranında "Anam" sözü göründü. Aman Allah! Yoxsa bilmədən əli dəyib, yığılıb?.. Yox. Yığmadığına əmin idi. Ax, ana ürəyi! Necə hər şeyi hiss edib... Telefonu ehtiyatla qulağına tutdu:


- Ay bala, niyə açmırsan? Bayaqdan yığıram. Ağlıma yüz cürə fikir gəldi.


- Ana, səssizə qoymuşdum deyə eşitməmişəm, bağışla. Salam. Necəsiz? Toppuşum necədi? (Bacısına balacalıqdan belə səslənirdi).


- Salam. Sən axtaralı yaxşıyıq. Bir arada yığsana, ay bala. Canın-başın necədi? Yeməyin varmı?


Anasının bu danlağı ona məlhəm kimi gəldi. Üzü güldü.


- Toppuşa de ki, sabah gəlib ona velosiped sürməyi öyrədəcəm.


Cümləsini bitirməmiş balaca qızcığazın sevincli səsi iki evlə bir oldu. Deyəsən, anasıyla bərabər, o da qulağını telefona qoymuşdu. Uşaq kimi özü də güldü. Telefonun o tərəfindən bir səs daha gəldi. Sanki bir anda üzündəki günəşin qabağına buludlar keçdi. Tutuldu. Atasının səsi idi. Nə dediyini ayırd edə bilməmişdi. Lakin onunla sonuncu dəfə sözü çəp gələndə bir-birlərinə dedikləri hər kəlmə ogünkü kimi qulaqlarında səsləndi. Artıq kimin haqlı, ya haqsız olduğunun heç bir önəmi yox idi. Çox sərt adam idi. Amma balalarını canından çox istəyirdi. Sadəcə sevgisini büruzə verə bilmirdi. Amma artıq bunun da əhəmiyyəti yox idi, deyə düşünürdü. Tez sağollaşmaq istəyirdi ki, anasının səsi gəldi:


- Atan deyir, bəs mənimlə necə, nərd atmaq istəmir?..


İlk dəfə oyanmaq üçün saatının zəngini qurmadı. Çünki bütün gecəni gözünə yuxu getmədi. Səhəri iplə çəkirdi. Sabah atasıyla birlikdə oynayacağı nərdin xəyalını qururdu. Sevincdən gözlərinin içi gülürdü. Məsələ nərddə deyildi. İlk dəfə idi ki, kimin haqlı, ya haqsız olduğunun da bir əhəmiyyəti yox idi. Tək arzusu atasıyla yenə də üz-üzə otura bilmək idi. Dililə deməsə də, atasının gözlərindəki sevgini görə bilmək idi. Uşaqlıqdakı kimi...

 





09.05.2020    çap et  çap et