525.Az

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr


 

Beynəlxalq aləm: <b style="color:red">ziddiyyətlər, münaqişələr, müharibələr</b>

(Əvvəli ötən şənbə sayımızda)

 
Mühit insanı xeyirxah, təmkinli, xoş xasiyyətli edə bildiyi kimi, onu əclafa, qəddara, xəyanətkara da çevirə bilər. Dustaqxanalar islah-əmək düşərgəsi adlanır, lakin orada islah olunanların keçmişdəki cinayətkar xüsusiyyətlərdən uzaqlaşması heç də kütləvi xarakter daşımır, əksinə, məhbəs onların xarakterində arzu olunmayan elementləri də nəqş etməyi bacarır. Məhbəsdə təkcə məhbuslar deyil, hətta nəzarətçilər də bu eybəcər mühitin bağışladığı izdən kənarlaşa bilmir. Fransız markiz Astolf de Kyustin Napoleonun məğlubiyyətindən xeyli sonra Rusiyada olmuş və vətənə qayıtdıqdan sonra çap etdirdiyi "1839-cu il Rusiyası" kitabında səyahət xatirələrini ölkənin siyasi, sosial mühitini ifşa tərzində təsvir etmişdir. Fransız yazıçıları Rusiya haqqında ümumiyyətlə mənfi rəy bidirirdilər. Böyük romançı Onore de Balzak yazırdı: "Rusiyada nəhəng səssiz düzənlik və nəhəhg dinməz xalq vardır." Kyustin, öz səfəri vaxtı Peterburq yaxınlığındakı Neva çayının mənşəyində yerləşən Şlisselburq zindanında da olmuş, oradakı insanların davranışını müşahidə etmişdi. O yazır ki, Şlisselburq zindanında məhbuslar ağır şəraitdə saxlanıldıqlarından, insan təbiətini itirmək ərəfəsində olurlar. Lakin dustaqxana nəzarətçiləri onlardan heç də fərqlənmirlər, çünki eyni mühitdə olur, eyni havanı udurlar. Deməli, boğucu, məhvedici mühit təkcə məhbusların deyil, onlara nəzarət edənlərin də xarakterini dəyişməyə müvəffəq olur. Bu, onu göstərir ki, mühit heç də passiv element olmayıb, insan xarakterinin formalaşmasında mühüm rol oynayır. Həm də bu, bir daha göstərir ki, insan təbiəti güman edildiyi kimi elə də möhkəm deyildir, çox asanlıqla deformasiyaya uğrayır və mənfi xüsusiyyətləri tez qəbul etməklə, onların daşıyıcısına çevrilir.


1971-ci ildə ABŞ-dakı Stenford universitetinin psixologiya üzrə professoru Filipp Zimbardo ciddi bir eksperiment aparmışdı. Bu layihəni o, hərbi-dəniz qüvvələri komandanlığının sifarişi və maliyyə yardımı ilə həyata keçirmişdi. O, psixi cəhətdən sağlam və yaxşı maddi şəraitə malik olan 48 nəfər könüllü adamın yarısını püşk üzrə iki həftə ərzində yaxşı pul almaq hesabına dustaqxana məhbuslarının mühafizəçisi, qalan yarısını isə eyni müddətə məhbus təyin etməklə, belə mühitdə yaşamalarına şərait yaratmışdı. Altı gündən sonra eksperimenti öz vəhşiliyinə və sosial təhlükəsinə görə dayandırmaq lazım gəlmişdi. Mühafizəçi kimi xidmət edənlər çox sürətlə qəddar sadistlərə çevrilmişdilər, dustaq kimi olanlar isə bütünlüklə insan ləyaqətini və müqavimət iradələrini itirmişdilər. Məlum olmuşdu ki, tapşırılan sosial rol adamı bütünlüklə dəyişdirməyə qadirdir. Eksperiment aydın göstərdi ki, şəraitdən asılı olaraq adamlar qəddarlara, vəhşilərə, həm də tam başqa bir şəraitdə isə iradəsini, ləyaqətlərini, insan sifətini itirmiş zombilərə, canlı insan olsalar da, komanda ilə hərəkət edən robotlara çevrilirlər.


Zimbardonun eksperimenti mühüm məsələni elmi cəhətdən izah etsə də, bəşəriyyət onun nümunələri, özü də kütləvi nümunələri ilə çoxdan tanış idi. Hitler və onun natsist partiyası kiçik istisnalarla bütün alman xalqını başqa xalqlara - yəhudilərə, qaraçılara, slavyanlara qarşı olan qəddarlıqlarını iftixar mənbəyi sayan vəhşilərə çevirmişdilər. İntizamlı, mədəni Avropa xalqı olan almanlar bu keyfiyyətlərini insana nifrət sferasına çevirmişdilər. Dinc, mülki insanı güllələmək və ya qaz kameralarında məhv etmək xidməti vəzifənin icrası hesab edilirdi və ondan hansısa almanın etiraz qaydasında imtina etməsi olmamışdı. Almanlar ağıllarını itirməsələr də, şüurlarını, könüllərini Hitlerin qəddarlıq ideyası və praktikasına tabe etmişdilər və əslində, insanlıq təbiətini tərk etmişdilər. SS-də (almanca yazıldıqda "CC") xidmət edənlər özlərinin hər cür vəhşiliyini vətənə xidmət, Hitlerə xidmət kimi qiymətləndirir, belə davranışlarına görə iftixar hissləri keçirirdilər. XX əsrdə natsistlərin timsalında öz əcdadlarını ötüb keçən daha dəhşətli ordalar meydana gəlmişdi.


SSRİ-də də "xalq düşməni" termini işlək ifadəyə çevrildikdən sonra, günahsız insanların ağır cəza mehrabına göndərilməsində iştirak heç də qəbahət sayılmırdı, əksinə, dövlətə, vətənə xidmət kimi qiymətləndirilirdi. Uşaqlar arasında atasını satıb, dövlətə təhvil verən Pavlik Morozov obrazı təbliğ edilməklə, uşaqların valideynə deyil, saxta dövlət prinsiplərinə sədaqət ruhunda tərbiyə olunmasına nail olunurdu.


Hər yaşayış məntəqəsində uydurma ittihamlar vasitəsilə adamları məhvə göndərən çuğulçu-donosçu şəxslər özlərini qəhrəman qiyafəsində görürdülər, çünki axı onlar dövlətə sədaqətli xidmətlə fərqlənirdilər. Ona görə də hamı onlardan qorxur, ürəyində nifrət bəslədiyi halda, bu əclaflara ehtiramla yanaşırdı. SSRİ-də repressiya hədd tanımırdı, NKVD (Daxili İşlər Xalq Komissarlığı, DTK onun tərkibinə keçmişdi) adamların təqibi ilə məşğul olurdu və kütlələrdən öz iyrənc fəaliyyətinə möhkəm dəstək alırdı. Qolçomaqlar, "xalq düşmənləri" barədə Stalinə 4 milyon ərizə - donos göndərilmişdi və onlar çekistlərin fəaliyyətini xeyli yüngülləşdirirdi, donosla şübhəli bilinənlər ölüm hökmü də daxil olmaqla ağır cəzalara məhkum edilirdilər. Çekistlərin təmiz əl, hərarətli ürək və iti ağıl sahibləri olması barədəki təbliğat klişesi, onların eybəcər fəaliyyətlərini ört-basdır etmək məqsədini güdürdü. Bir qayda olaraq, onlar cəngavərlər kimi təsvir olunurdu, qurd cəmiyyətə quzu dərisində təlqin edilirdi.


Dövlətlər də insanlar kimidir, başçısının xarakterindən və idarəetmə üslubundan asılı olaraq onların da oxşar xarakteri formalaşır. Dövlət başçısı da insandır, onun tutduğu yol tabeliyində olanlara öz təsirini göstərir və azacıq zor tətbiq edildikdə adamlar itaətə öyrənirlər. Eybəcər imperatorların dövründə Kaliquladan, Klavdidən və ya Nerondan iyrənc davranış qaydalarını götürən romalıların əxlaqı daha da pozulmuşdu. Ambitio - hakimiyyət hərisliyi və avaritia - pul düşkünlüyü Romanı pozan, dağıdan, məhvə yaxınlaşdıran səbəblər idi. Böyük Katon isə xeyli əvvəl bunda yunanları günahlandırmışdı. Nəcib imperatorlardan olan Trayan isə acgözlüyü ilə romalıları cana doyduran, böhtan yolu ilə adamların mülkiyyətinin bir hissəsinə sahib olmaqla çox varlanan donosçuları dənizin quduz dalğalarının ixtiyarına ötürməklə, Romadakı bu biabırçı silkə son qoymuşdu. Mark Avreli təkcə yaxşı idarəetməsi ilə seçilmirdi, həm də 50 cildlik fəlsəfi əsərində nəcib xüsusiyyətləri təlqin edirdi.


Bismark Prussiyanı, Almaniyanı militarizm yoluna cəlb etmişdi, qələbələri almanlara böyük fayda vermişdi. Bu zəmində Hitler alman militarizmini son həddə çatdıraraq, Avropanı, bəlkə də, bütün dünyanı işğal etmək iddiasına düşmüşdü. Almanlar Hitlerə sədaqətlə xidmət göstərirdilər. Yalnız 1944-cü ildə ona uğursuz sui-qəsd cəhdi olmuşdu. Dövlətin təcavüzkar siyasəti uzun illər ərzində xalqın hansısa bir hissəsi tərəfindən müqavimətlə, təpki ilə qarşılanmamışdı.


XVIII əsrdə Avropada belə qayda mövcud idi ki, hökmdar hansı dinə sitayiş etsə, təbəələri də həmin dinə mənsub olurdu. Diktatorların hakimiyyətində isə xalq itaətlə onlara xidmət etməyə başlayır və konstitusiyaya məhəl qoymayaraq və ya onu dəyişdirərək, dövlət başçılarına "duçe", "fürer" kimi titullarla müraciət edirdilər. Xalq Mao Tsze-dunun dediyi kimi, ota bənzəyir, külək hansı tərəfə əssə, o tərəfə də əyilir. Dövlət başçısının Hitlerə məxsus olan əqli xəstəliyi bəzən xalqa da sirayət edir və bu, böyük bədbəxtliklərə yol açır.


Sosiologiya ilə məşğul olan bəzi alimlər insan cəmiyyətini, onun sosial quruluşunu, idarə edilmə qaydalarını, həyat tərzinin ayrı-ayrı sferalarını araşdırarkən, ona daha çox oxşar olan arı ailəsi və ya qarışqa dəstəsi ilə müqayisə edirlər. Onlar bu həşəratlara məxsus olan kamil qaydanı, intizamı, dəyişilməyə məruz qalmayan əmək bölgüsünü insan sotsiumunda da görməyi arzulayırlar. Lakin oxşarlığın təsdiqinə yönəlmiş öz cəhdlərinin səmərəsiz, əbəs olduğu qənaətinə gəlirlər. Çünki insanlarla arıların və qarışqaların davranışında mühüm fərqlər mövcuddur. Arılar və qarışqalar anadan gəlmə kodlarla, instinktlərinə görə hərəkət edirlər. İnsan isə şüura malik olduğundan ümumi qaydalara tabe olmaqdan da yayına bilir və əslində, həm özü, həm də cəmiyyət üçün problemlər yaratmağa da qadir olur. Bəşər övladı təbiətin qanunlarını pozmaqdan da çəkinmir, onlar isə arılar üçün sarsılmaz, az qala müqəddəs qanunlardır. İnsan təbiətin qanunlarına tabe olmamaq qabiliyyətinə malikdir və çox hallarda təbiəti özünə tabe etmək cəhdinə də girişir.


Arı, üzvü olduğu pətəyin, ailənin rifahı, təhlükəsizliyi, arxitekturası, iqtisadi və siyasi kamilliyi naminə özünün bütün şəxsi xoşbəxtliyindən imtina edir. Şanın qəribə arxitekturası təəccüb doğuran dəqiqliyə və həndəsi simmetriyaya malikdir. Bu dəqiqliyi yalnız qədim yəhudilərin daşı kəsib yonan "şamir" adlanan əfsanəvi qurdun gördüyü işlə müqayisə etmək olar.


Termit növü dəstə üçün hündür, şaquli bir yaşayış yeri, əslində, bina tikir, onlarda ilboyu hərarət və rütubət dəyişmir. Böyük memar Antonio Qaudi Barselonada yaratdığı məşhur "Saqrada Familia" kilsəsinin qüllələrini termit yuvalarına bənzətmişdi.


Arıdan fərqli olaraq insanın şəxsi marağını cəmiyyətə qurban verməsinə isə nadir hallarda rast gəlinir. Həm də belə güman edilir ki, insandan sonra arı daha böyük intellektə malikdir.


Bu qəribə kiçik varlıq mürəkkəb qanunların idarə etdiyi cəmiyyətdə yaşayır və qaranlıq mühitdə təəccüblü işlər görür. Arılar elə bil ki, fasiləsiz zəhmət üçün doğulmuşlar, onlardan heç biri istirahətin nə olduğunu bilmir. Arının coşğun və təmannasız əmək əxlaqı təəccüb doğurmaya bilməz. Arılar bir çiçəkdən o birisinə qonaraq öz ailə üzvlərinə lazım olandan da artıq bal yığırlar. Topladıqları balın insanların yeyəcəyindən də bixəbərdirlər.


Arının zəhmətinin bəhrəsi göz qabağındadır. İnsan isə bəzən öz zəhmətinin bəhrəsiz olduğunu görür və şübhə onu axtarışa cəlb etməklə müsbət dəyişikliklərə məruz qoyur.


Arı ailəsində bütün xalqın vahid anası olan çariça mövcuddur və o, aramsız olaraq həyata saysız-hesabsız övlad gətirməklə məşğul olur. Onu kamil olmayan, övladsız dişi arılardan ibarət olan qulluqçular əhatə edir. Çariça övlad əmələ gətirməyənə çevriləndə arılar onu başqası ilə əvəz edir, bu məqsəd üçün bir neçə printsessa təbiyə edirlər.


Arılar qarışqadan da artıq ictimai varlıqdır. Onlar öz cəmiyyətlərində,  nəsli, dəstəsi arasında olmasalar, yaşaya bilməzlər. Arı tək qalanda, bir neçə gündən sonra məhz bu tənhalıqdan da ölür. Arı pətəkdə bir individ olmaqla, nəslin qanadlı orqanı rolunu oynayır.


Qarışqa sürüsü də ciddi daxili idarə olunma qanunlarına malikdir. Onlarda ierarxiya bölgüsü pozulmaz və sərt xarakter daşıyır. Döyüşçü qarışqalar iri çənəyə malik olmaqla, öz sürüsünün təhlükəsizliyini müdafiə edir. Çariçaya qulluq edən qarışqalar isə xidmətdə elə canfəşanlıq göstərirlər ki, hətta öz şəxsi qidalanmalarını da unudur və nəticədə aclıqdan da ölürlər. Arılarda isə hər şey nizamlı qaydada gedir və əbəs yerə özünü fəda etmək halları da olmur.


Hələ qədimdən mütəkkirlər arıların həyat tərzi və davranışlarına böyük maraq göstərirdilər. Aristotel bu kiçik həşərata xüsusi diqqət verirdi. Qədim Roma şairi Vergili özünün "Georgika" əsərində onlardan söhbət açır.


Belçikanın görkəmli dramaturqu və şairi, Nobel mükafatı laureatı Moris Meterlink (1862-1949-cu illər) isə özündən əvvəl meydana gəlmiş əsərlədəki mühüm qeydləri əxz etməklə yanaşı, fransız dilində elmi xarakter daşıyan və həm də bədii səviyyəsi ilə seçilən çox məzmunlu "Arıların həyatı" kitabını yazmışdır. Müəllif arılara vurğunluğunu ifadə edən bir şəkildə onları "zəhmətkeş bakirə qızlar", "bizim günəş qızları" adlandırır. Onun qeyd etdiyi kimi, xarici müşahidədən elə görünür ki, arılar hansısa bir nizamnaməyə uyğun olaraq hərəkət edirlər. Lakin arı dəstəsində heç bir əmr və ya reqlament mövcud deyildir. Hər bir arı özünün daxili impulsuna tabe olaraq ya bal dalınca uçur, ya şan tikir, ya da qapını mühafizə edir. Kənar müşahidəçiyə elə gəlir ki, onların hamısını çariça sayılan ana arı idarə edir, lakin o öldürülsə, arılar o saatca yeni anaya xidmət edəcəklər, öz işlərini dayandırmayacaqlar. Arılardan biri nektarla bol olan yeni sahələr barədə xəbər verdikdə, onun qonşuları ləngimədən nektar arxasınca həmin sahəyə uçurlar. Onlardan kimlərin uçmalı olduğunu, kimlərinsə pətəkdə qalmalarını necə müəyyən etmələrini anlamaq çox çətindir. Görünür bu sirr yalnız onların özlərinə agahdır.


(Ardı var)

 





11.05.2020    çap et  çap et