525.Az

Sevgim, ağrılarım, ümidlərim...


 

Sevgim, ağrılarım, ümidlərim... <b style="color:red"></b>

Yaş nə tez gəlir, ömür nə tez ötür. Hər yaşda qəlbimə hakimdir: sevgim, ağrılarım, ümidlərim. May ayı ən çox sevdiyim aydır. Bu ay işıqlı dünyaya göz açmışam.


İllər keçib məni dünyaya gətirən müqəddəs anam- Şəkər xanım da may ayında əbədi dünyasına qovuşub. Ən çox sevdiyim, əziz ayım üzüntümlə qovuşub, hər ikisini sevmişəm. Uşaq ikən sevmək, sevgi sözü mənə gənc oğlanla qızın arasında yaşanan məhəbbət kimi gəlirdi, içimdə obrazlaşırdı, onların görüşləri, hiss və duyğuları, sevgi macəraları. Böyüdükcə sevgi anlamı da içimdə böyüdü, yeni məzmun və dəyər aldı.


Yeni yaşda bir az gəncliyə ekskursiya etsəm heç kəs məni qınamaz. Kənd uşağı idim. Hamı kimi mən də instituta girdim. Ancaq başqa bir ünvanda, Qarabağın dilbər güşəsi olan Xankəndi şəhərində və özü də pedaqoji instituta. Beynəlmiləl bir şəhər və beynəlmiləl bir ali təhsil ocağı idi. Azərbaycan, rus və erməni sektorlarında tələbələr təhsil alırdı. O illərin sevgi macəraları və yaşadığım ağrılar heç yadımdan çıxmır. Beynəlmiləlçilik pərdəsi altında millətçilik oyunları gedirdi. Biz bunu görürdük, içimizdə yaşayırdıq. Duyan və hiss edən, münasibət göstərən hər kəsi cəza gözləyirdi. Mövqeyimə görə başım nələr çəkmədi?  Müasir Azərbaycan dilindən Ararat Qriqoriyan adlı bir erməni dığası dərs deməyə gələndə etirazıma görə “başbilənlərin” təkidi ilə ondan üzr istəmək təklifi, millətçi kimi DQMV-nın prokurorluq və DİŞ orqanlarına gedib-gəlməyim və sonda institutdan xaric olunma əmrim yadıma düşəndə dəli olmağım gəlir. Nə isə bu başqa bir mövzudur. “ Qarabağ düşüncələri” silsilə yazılarım var və davamı da olacaq  ...Qəlbimdə bir təmizlik, paklıq, düzlük var idi. Bir dostum bunu duyan kimi mənə “kənd uşağı ” deyirdi. Küsmürdüm, əksinə qürurlanırdım. Qurban olub kənd həyatına, kənçinin əqidə-amalına, həyat tərzinə. O dostum hər gün bir qıza sevgi bildirirdi, eşq elan edirdi. Mən isə onun təbirincə öz “kəndçiliyimdəyiydim”. Sevgimi, eşqimi heç kəsə deməz, içimdə yaşardım. Kim bilir, bu daxili təmizlikdənmi, nədənmi kənd uşağına öz məhəbbətini, sevgisini, dostluğunu bildirənlər daha çox idi...


Gənclik illəri idi. Xatirələrdə yaşanan gənclik, ömrün ən gözəl günləri.


... O illər arxada qaldı. Mənə nəğmə kimi gəlir. Həzin və kədərli notları olan bir nəğmə kimi. Heç bilmirəm bu nə idi, sevgimlə üzüntümün qovuşuq ayında beynimdə çözələndi: Sevgim, ağrılarım, ümidlərim...Hər il yeni yaşımı kollektivdə, dostlar arasında, ailədə böyük sevgi ilə qeyd edirdik. Növbəti yaş- 2020-ci ilin 01 mayı bəs necə?! Təbii ki, pandemiya həyəcanı günlərində bir yerə toplaşmaq, kütləvi tədbirlər təşkil etmək olmazdı. Ancaq buna baxmayaraq ailədə hazırlıq getdi, kənddən Uğur nəvənin adından bir quzu da göndərdilər. Uşaqları başa saldım ki, tədbir, yaş yalnız ailə çərçivəsində qeyd oluna bilər. Koronavirus və onun yaratdığı bəla dünyanı iflic edib. Bu da bir ağrıdır. Bəşəri bir ağrı!...


Nə yaxşı ki, həyatda yaşamağa, yaxşı işlərə çox ümidliyəm. Və bir də məni yaşadan elə o ümidlərdir. İç dünyamda baş-başa qaldığım, heç kəslə bölüşə bilmədiyim ümidlər. İşıqlı, sonsuz ümidlər, mayasında xeyrxahlıq, yaxşılıq, nəcib əməllər dayanan ümidlər. Stimul mənbəyi əhatəm, ailəm, işlədiyim kollektiv və dövlətim olan ümidlər!...


... 2020-ci ilin 01 may günü! İcazəylə üç saatlıq evdən çıxdım. İlkinliyim və son mənzilim olacaq Əliqulular kəndinə yollandım. Ata-anamın əbədi dünyası olan kənd qəbirsanlığında onlara dua oxutdurub, ziyarət etdim... Sonra yenə ev, xatirələr, telefon zəngləri, təbriklərə cavablar və bir də sevimli facebook dünyası...Həyat sən nə qəribəsən?!

 
... İllər bir-birinə calanır, kamillik zirvəsinə qovuşuruq. Qəlbin sevgisi, ağrıları, ümidləri da boy atır içimizdə. Yaşa uyğun yeni forma və məzmun daşıyır. Kim bilir, o sevgi nə vaxt sönəcək, ağrı-acı, dərd-sər duymayacağıq, gözlərimiz əbədi yumulacaq?! Kmi bilir?! Əbədi dünyamız haqdır, qaçılmazdır. O elə bir dünyadır ki, bu dünyaya da işıq salır. Yetər ki, bu dünyan işıqlı olsun. Bu anlamda şükür edirəm ki, varam, yaşayıram. Ailəmə qayğılıyam, uşaqlarımı, qohum-əqrabamı,  tanışlarımı, ətrafımı, iş yoldaşlarımı, Vətənimi, xalqımı sevirəm. Sevgim tükənməzdir. Mənə dəyər və ucalıq gətirir! Ağrılarım, ümidlərim daha çoxdur. Birdən içimi üzür, məni boğur. Görünür insan doğulanda Ulu Tanrı sevgi ilə ağrını, ümidi insana birgə verir. Sevgi, ağrı, ümid ömrün bəzəyi, naxışlarıdır. Çox sevdiyim may ayında dünyanı cənginə almış pandemiya təhlükəsindən sovuşmaq arzusu ilə...

 





11.05.2020    çap et  çap et