525.Az

Jurnalist Roza Təhməzova dünyasını dəyişib


 

Jurnalist Roza Təhməzova dünyasını dəyişib<b style="color:red"></b>

Jurnalist Roza Təhməzova dünyasını dəyişib.

Roza Qaçay qızı Təhməzova 1950-ci ilin noyabrın 15-də Laçın rayonunun Ağoğlan kəndində, ziyalı ailəsində dünyaya göz açıb. Qarıqışlaq kənd orta məktəbini bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.

R.Təhməzovanın yaradıcılığa marağı hələ uşaq yaşlarından başlayıb. Onun 8-ci sinifdə oxuyarkən yazdığı “Yadigar” hekayəsi “Zəngilan” qəzetində çap edilib.

Elə o vaxtlar o, Azərbaycan radiosunda yayımlanan məşhur “Bulaq” verilişində bədii-puplisistik yazıları ilə qonaq olub.

Bundan başqa, R.Təhməzova tez-tez “Azərbaycan gəncləri” qəzetində keçirilən diskussiyalara, Respublika olimpiadalarına qatılıb. Tələbəlik illərində də fərqliliyi ilə seçilən R.Təhməzova “Qobustan” jurnalı, “Bakı” və digər qəzetlərdə ictimai-siyasi, bədii-puplisistik yazılarla çıxış edib. 

O, ali məktəbi bitirdikdən sonra Mədəniyyət Nazirliyinin “Mədəni maariş işi” jurnalında texniki redaktor kimi fəaliyyətə başlayıb. Eyni zamanda işlədiyi redaksiya ilə kifayətlənməyib, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Kommunist”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət” qəzetləri, “Qobustan”, “Ulduz”, “Azərbaycan qadını”, “Kirpi” və “Göyərçin” jurnalları üçün yazılar yazıb. R.Təhməzova SSRİ Jurnalistlər İttifaqının üzvü olub, ali məktəblərdə “Azərbaycan mətbuat tarixi”ni tədris edib.

Ömrünün son illərində R.Təhməzova mətbuatda yayımlanan yazılarının bir qisminin toplandığı “Cənnət dərəsi” adlı kitabını nəşr edib. Kitabın ön sözündə qeyd edilir ki, R.Təhməzova mətbuatdakı yazılarında qarış-qarış gəzdiyi Qaragöl yaylağında, qotazlı çadırlarda, məclis qurduğu bulaq başındakı duzlu-məzəli söhbətləri də xatirəyə çevirirdi. Kitab özü isə Laçın rayonunun Kosalar (Ağoğlan) kəndinin bu günə qədər yazılmayan tarixini işıqlandırıb. Bir sözlə, “Cənnət dərəsi” kitabı Kosalar (Ağoğlan) kəndinin ensiklopediyası kimi qiymətləndirilir. Ağoğlanın yaranma tarixi və haqqında söylənilən rəvayətlər, söz xiridarları, sənət sahibləri, həkimlər, hərbçilər və müdrik ziyalılar haqda faktlar, hətta maraqlı və gülüş dolu zarafatlar, lətifələr yer alıb.




R.Təhməzova müstəqil Azərbaycanın mətbuatı tarixində satirik qəzet naşiri və redaktoru olan ilk qadın jurnalistlərimizdən biri idi. O, 1992-ci ildə “Zənbur” qəzetini təsis edib. 1995-ci ildə “Futuroloq” qəzetinə rəhbərlik edib.

1997-ci ildə Respublika Jurnalistlər İttifaqının “Məhsəti Gəncəvi” adına diplomuna və “Qızıl qələm” mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

 

 

 





12.05.2020    çap et  çap et