525.Az

Tanıyaq və tanıdaq: Behruz Xələfi Zingir


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Behruz Xələfi Zingir </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.


Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...


Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.


Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.


Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...


Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!


Esmira Fuad
Filologiya elmləri doktoru


Behruz XƏLƏFİ ZİNGİR


27 iyul 1977-ci ildə Muğanın Germi şəhərinə yaxın olan Zingir kəndində dünyaya göz açıb. Uşaqlıq çağlarından ana dilində oxuyub-yazmağa böyük marağı olub. İlk başda atasının türkçə mərsiyə kıtablarını çoxlu oxuyub.

Sonralar bir sıra yoldaşlarının yol göstərməsi ilə türk dili və ədəbiyyatı ilə daha çox məşğul olub və əlindən gələn qədər öz ana dilində şeir, nəsr yazmaya başlayıb.


“Çıraq” adlı ədəbı-bədii yönlü dərgi ilə əməkdaşlıq edir.


Hazırda Tehran şəhərinın günçıxanında yerləşən Rudehen şəhərində yaşayır.


Sənə dar ağacından elçilik edəcəyəm,
Şəhərin sənsiz və mənsiz olan
meydanlarında...
Ölümümü kəbininə salmışam,
Qırmızı ürbəndin
Asıldığım kəndir olacaq
Və qırmızı ölümüm
Səssiz bir toy olacaq...
Ala qarğalar içində
Nisgilli gömüləcəm,
Sənin sənsizligində
Eyni keçmişdə olanlar kimi...
Əsla darıxma ha, sevənlərin az dəyıl,
İnanmırsan, dustaqdan xəbərin tut!
Bir gün dustaqlar zara gələcək
Bütün elçilərivin əlindən...
Elçilərin bir-bir yox,
Birlikdə gəlib
Səni dar baxışlı
Dar ağacı quranların əlindən alıb
Şəhərbəşəhər,
Meydan-meydan,
Xiyavan-xiyavan,
Səssiz yox,
Səsli-səsli
Səni çığıracaqlar...
Yazılarım
Yazsız qalmış duyğlarımın
Yaz uğrunda gilənənən yağışıdır.
oyun mənsizliyini
Geyın bizliyimizi
Gəl sız duyğularıma
Sən də biraz islan.
Və sonra
Nisgilə dolmuş diləklərimizi
Devrim qoxusuyla
Tumurcuq tumurcuq yansıtla.
Bax, onda sarsılmış alanlar
Qıpqırmızı olacaqlar.
Kölə-köpəklər quyruğun bulayıb
Sarıların utacaqlar.
Qurdlar isə özgürlüklərilə
Azad-azad
Aksiya keçirəcəklər.
Ancaq unutma,
Öncə hopmalısan yağışlı duyğularıma.


***


Bir gün mən ölürsəm
Sənə olan sevgim
Şeir dəftərimdən
Varaq varaq
Sənlə dərdləşəcək .
Heca-heca nələr çəkdigimin
Qoxusunu qoxula
Azadlığa dol
Və özgürlük simgəsini
Qəbrimin baş daş yerinə tax...
Qoy dalğalansın sevgimiz.
Bax onda mən ölməmişəm
Bəlkə azadlıqdan doğulan
özgür olacam.


***


Sənsiz geçən günlərim
Hanki divarların alçaqlığıdır?
Və hanki yaltaqların keflı çağıdır?
Oysa
Yaşasın gecələr
Səninlə ola biləcəyım günlərə
Yol işığı oldu ayı ulduzu...
Sən amma
Seçimində özgursən,
Ya qayğısız olub
Fırıldaq yaşam,
Ya da işıqlı yol seçib
Alını açıq...
Tələsik məhkum etmə
Acılı yazılarım
Acılı çağlarımdan çağlayar.
Bacarmadım
Qayğısız yaşamağı...


***


Darıxmalarımdan
Ağrılar bağırdı
Dilimdən yarpaq-yarpaq
Şeir göyərdi…
Gəl gir darıxmalarıma
Cizgi-cizgi yoxla
Sözcük-sözcük qoxula.
O zaman
Vətən qoxulu bir inam olubsan
Və addım-addım
Devrim qaynağına dolubsan.


***


Baxışlarım
Gərçək bir romandır
Tamamlanmamış
Adı sevda.
Muğayat ol
Barmağını bas qulağına
Günəş havalı
Sevdamı
Diktator səslərilə
Öncədən oxlama
Sadəcə bir az yoxla.
İçinə sız ,
Bacarıqlı bir aktor kimi,
Ancaq aktyor olma!
Bacarsan igid ol
Və bu tamamlanmamış
Romana
Dörd hicalı olan sevdamızın
İkinci hicasını bir ar kimi
Sən yaz "ər "
Mən və sən "az ər "
Bəlkə bir gün biz olduq
Və o an tamamlanıb romanımız
"Az ər bay can "
O zaman görəsən
Hanki adı daşıyacaq 
  

***


Səni elə sevəcəyəm,
Sevdamızın izi qala,
Palıdlarda püçür vura,
Özgürlüyə körpü sala.


Çıxılmaza qapı olam,
Yararsızı bir-bir yolam,
Xoş qoxulu gülə dolam,
Sənli dilim dola-bala.


Hər ocaqda hər duraqda,
Metrolarda və uçaqda,
Yazlanasan yasaq çağda,
Boy atasan dalbadala.


Sənə ölmək ilk andımdı
Azadlığa səs bandımdı
Sözcüklərim iç yanqımdı,
Ad ritminlə çıxdım yola...

 





12.05.2020    çap et  çap et