525.Az

“Psixoloq hərşeyşünas deyil, onun işi insanın ruhuyla məşğul olmaqdır” - Müsahibə


 

“Psixoloq hərşeyşünas deyil, onun işi insanın ruhuyla məşğul olmaqdır” - <b style="color:red">Müsahibə </b>

Bu pandemiya günlərində ən çox xatırlanan peşə sahiblərindən biri də, şübhəsiz, psixoloqlardır. Psixoloq Vəfa Əkbər ilə söhbətimizdə bu məsələlərdən də danışmışıq. Amma söhbətimizin mövzusu çoxşaxəli oldu - onun uşaqlığından, psixologiyaya olan marağından da söz açdıq, ailədaxili münasibətlərə, qadın-kişi problemlərinə də toxunduq.


Beləliklə, müsahibəni təqdim edirik.


"Müəllimim mənə psixoloq olmağı məsləhət görəndə çox pis olmuşdum"

 
- Vəfa xanım, peşənizə aid suallara keçməzdən öncə yaxşı olardı, özünüzdən başlayaq. Psixologiyaya sevginiz, marağınız necə yarandı?


- Bu peşəyə marağım ali məktəbə hazırlıq dövründə başladı. Bu marağı məndə sevimli biologiya müəllimim Rəfael müəllim yaratdı. Dördüncü qrupa, tibb universitetinə hazırlaşırdıq. Yadıma gəlir ki, may ayı idi, artıq hazırlıqların son mərhələsində idik. Bir gün hazırlıq zamanı müəllimimizin təcrübəsinə əsaslanaraq soruşduq ki, sizcə, biz ali məktəbə qəbul ola biləcəyikmi, bizdən neçə bal gözləyirsiniz və kimi hansı sahədə görürsünüz? Müəllim o zaman hər kəs üçün bir fakültə dedi, mənə gələndə dedi ki, səni psixologiyada görürəm. Düzü, bu, mənə çox pis təsir etdi. Çünki tibbə hazırlaşıram, həkimlik bizim üçün ali bir peşədir, amma müəllimim mənə psixologiyanı məsləhət görür. Hələ onda ilk dəfə eşitdim ki, psixologiya adında fakültə var. Açığı, heç bilmədim o nədir. Mənə elə gəlirdi ki, psixiatriya kimi bir şeydir. Sonra maraqlandım, elə müəllimin özündən soruşdum. O, mənə izahat verdi, dedi ki, çox istəyərəm hər birinizi öz xasiyyətinizə, xarakterinizə uyğun sahələrdə görüm. Beləcə, məndə çox böyük bir maraq yarandı ki, görəsən, necə bir fakültədir, orda nə edirlər, psixoloq olanda nə olur. Sırf o vaxtdan psixologiyaya böyük marağım yarandı.


- Dediniz ki, müəlliminiz xarakterinizdən çıxış edərək bu məsləhəti verib. Uşaqlığınızı, yeniyetməliyinizi xatırlasaq, insanlarla münasibətiniz necə idi? Onda da dinləməyi, nəticə çıxarmağı sevirdiniz?


- Uşaqlığım və yeniyetməliyim həqiqətən də çox gözəl keçib. Mən bunu psixoloq olandan sonra başa düşmüşəm ki, bu mərhələlər məndə çox sağlam keçib. Evin böyük uşağı, nənə-babanın ən sevimli nəvəsi olmuşam. Ona görə də daha sərbəst, fikrini daha rahat ifadə edə bilən uşaq idim. Çünki yanımda nənəm vardı, o, həmişə məni dəstəkləyirdi. Onun qayğısını, fikirlərimə hörmətini həmişə hiss eləmişəm. Üstəlik, anamın da böyük təsiri olub. Mən böyük uşaq olduğum üçün anam daima məni sirdaş kimi görürdü, hər şeyi mənimlə paylaşırdı, uşaq olmağıma baxmayaraq, mənimlə fikir mübadiləsi aparır, hətta yeniyetmə yaşlarımda ailə məsələlərini danışır, məsləhətləşirdi. Beləcə, məndə özümdən asılı olmadan, müşahidə qabiliyyəti yaranırdı. Daha iti müşahidə etməyə çalışırdım ki, gələn dəfə anam nəsə soruşsa, məsləhət eləsə, vəziyyəti daha aydın görə, şərh eləyə bilim. Mənə elə gəlir ki, bu xüsusiyyətim elə ailədən gələn bir şeydir. Yəqin müəllimim də xarakterimdəki bu cəhətləri görmüşdü deyə, məni o istiqamətə yönəltmişdi.  


- Özünüzün keçmişdə, hələ psixologiya elmini öyrənmədiyiniz zamanlarda keçirdiyiniz psixoloji gərginlik, travma halları olubmu və bunun öhdəsindən necə gəlmisiniz?


- Dediyim kimi, fərqli ruhda böyüdüyüm üçün xatırladığım qədəriylə elə bir ciddi uşaqlıq travmalarım olmayıb. Sadəcə, deyilənə görə, atam xaricdə işlədiyi üçün çox vaxt onun xiffətini çəkmişəm, darıxmışam. Amma görünür, bir müddət sonra bu vəziyyətə adaptasiya oldum. Ondan sonra isə biz də onun yanına getdik deyə, o travmanı kompensasiya edə bildim. Mənim xatırladığım isə bir qorxumdur. O qorxu da nədir? Uşaq vaxtı nənəmlə böyümüşəm, daha çox onun yanında qalmışam deyə, nənəmin gözümdə böyütdüyü xəyali bir qorxu obrazı var idi. Adı da Qaraqulaq idi (gülür). Bunu demək olar ki, heç yerdə deməmişəm. Çox insan bilmir. Mənim aləmimdə Qaraqulaq yekə divə bənzəyirdi, iri, qara qulaqları vardı. O qulaqlar o qədər yekə idi ki, harda da olsa, nadincliyimi, məndən olan şikayətləri eşidir və pis uşaqların qarşısına çıxıb, onlara barmaq silkələyir, bir də onlara hədiyyə verilməyəcəyini deyir, onları günorta yatmağa məcbur edir. Çünki mən günorta yatmağı sevmirdim (gülür). Yəni belə şeylər. "Vuracaq", "döyəcək", "yeyəcək" kimi şiddət xarakerli heç nə yox idi, amma bu, məni çox qorxudurdu. Hətta deyə bilərəm ki, ibtidai sinfi bitirənə kimi Qaraqulaq qorxum var idi, onun varlığına inanırdım. Çünki mən nəsə yaxşı bir iş görəndə nənəm deyirdi ki, yat, duranda görəcəksən ki, Qaraqulaq bunun üçün sənə hədiyyə gətirib. Yuxudan duranda görürdüm ki, doğrudan da o hədiyyə hazırdır, ona görə də inanmamaq olmurdu. Təbii, böyüdükcə anam başa saldı ki, belə şey yoxdur. Sadəcə, nənəm məni daha rahat idarə edə bilsin deyə, bunu uydurub. Travma dedikdə, ancaq bu olub. 
 

"Ailənin məsuliyyətini dərk etmirlər..." 


- Əsasən ailədaxili münasibət, erkən nigah və digər bu kimi mövzularla işləyirsiniz. Orta statistik Azərbaycan ailəsini necə xarakterizə edərsiniz? Cəmiyyətimizin, ailələrin qızlara, qadına münasibətindən razısınızmı?


- Bəli, əsasən bu cür mövzularla işləyirəm. Ümumiyyətlə, orta statistik Azərbaycan ailəsi dedikdə, mənim təsəvvürümdə olanlardan deyil, daha çox işlədiyim insanlarla bağlı danışa bilərəm. Gördüyüm konfliktlərin, problemlərin kökündə insanların evliliyə hazır olmadıqları bir yaşda evlənməsi, onların həyat yoldaşı seçimində daha az rol oynaması durur. Məsələn, ana oğlu üçün qız bəyənir, məsləhət bilir, evlənirlər - bir-birlərini tanımadan, xarakterlərinə bələd olmadan, mənfi və müsbət cəhətlərini öyrənmədən, hansı yükü götürə biləcəklərinı müzakirə etmədən. Çox zaman oğlan tərəfi hələ evə gəlməmiş gəlinə öz aləmlərində müxtəlif funksiyalar yükləyirlər və gəlin gələndə ondan həmin funksiyaları yerinə yetirməyi tələb edirlər. Alınmayanda isə qayınana-gəlin, gəlin-baldız problemləri başlayır. Bu üçbucaq zaman-zaman o qədər sərtləşir ki, ər-arvad münaqişələri qaçılmaz olur. Qadın daima əzildiyini, başa düşülmədiyini, dəyər verilmədiyini, kişi isə arada qaldığını hiss edir və beləcə, ailə labirintə düşür. Belə ailədə böyüyən uşaqlar isə çox vaxt qorxu içində, yenə dava düşəcək, nəyisə səhv edəcəklər, danlanacaqlar, kimlərləsə müqayisə olunacaqlar kimi düşüncələrlə səksəkədə yaşayırlar. Ailə o qədər bədbin ruhda olur ki, böyüklər özlərindən də narazı qaldıqları üçün bir ideal seçib, uşaqlarını o ideala uyğunlaşdırmağa çalışırlar. Olmayanda isə başlayırlar uşağa psixoloji təsir göstərməyə: niyə səndə alınmır, niyə sən uğursuzsan, niyə bacarıqsızsan kimi. Əgər əvvəl o uşaqda əhval-ruhiyyə yaxşı idisə, motivasiya yaranacaqdısa da, tez zamanda bu, ölməyə başlayır.


Bir subaydan ailəli olub-olmadığını soruşanda, qısca "yox" cavabı verir. Amma bunu evli bir insandan soruşanda "hə" deyir və ailə tərkibini belə sıralayır: atam, anam, yoldaşım və digərləri. Yəni o dərk etmir ki, ailə dediyimiz bizim özümüzün qurduğumuz ailədir. Bir var özümüz qurduğumuz ailə, bir də var ata ocağımız. Subayıqsa, ailə ata ocağımız hesab olunur, amma "ailəliyik" dedikdə, öz ailə vəziyyətimiz nəzərdə tutulur.


Eyni zamanda, evləndikdə də bunun məsuliyyətini dərk etmək lazımdır. Hər bir insanın öz gözləntiləri, qaydaları var. İki insan bir araya gələndə təbii ki, bundan vaz keçmirlər, amma əsasən ortaq cəhətlərini ön plana çıxarırlar. Bizdə isə təəssüf ki, iki insandan biri nəyəsə görə öz dəyərlərindən vaz keçmək məcburiyyətində qalır. Və keçmişə nəzər salsaq, bu mənada daha çox əzilən tərəf qadın olur. Qadının gördükləri, eşitdikləri, öyrəndikləri ata evində qalmalıdır, o, gəlib, neçə yaşı olursa olsun, yenidən bu biri ailədə sanki tərbiyə olunmalıdır. Belə çıxır ki, ona bu vaxta kimi verilən tərbiyə düzgün deyilmiş. Beləcə, dəyişən daha çox qadın olduğuna görə, bir dövrdən sonra o, deyinməyə, şikayət etməyə başlayır, uşaqlarına qarşı səbirsiz, əsəbi olur. Bu da böyük bir ailə dramına çevrilir.


- Sizcə, bir insan üçün ailə qurmaq mütləq şərtdir? Kimlər ailə qurmamalıdır?


- İnsan bio-psixo sosial varlıqdır. Tənha yaşamaq, əlbəttə, onu problemlərdən uzaq tutmayacaq. Belə bir fikir var ki, yaradıcı insanlar tək qalmalı, onlara əngəl törədilməməlidir. Çünki günün hansı saatında işləməsi onun əhvalına bağlıdır. Buna görə də elə insanlar evləndikdə yaradıcılıq keçir arxa plana, ailə-məişət problemləri onlara mane olur. Mən düşünürəm ki, ilk növbədə valideynlər təlim-tərbiyə dedikdə uşağı əhilləşdirməyə çalışmamalı, sözün əsl mənasında, ona tərbiyə verməyi bacarmalıdır. Bütün uşaqlar dəcəl olur, oynamağı, əylənməyi, dağıtmağı sevirlər. Amma fikir versəniz, bəzi ailələrdə him-cimlərlə, gözağartmalarla, adicə sözlərlə içinə qorxu salmaqla uşağı bu əyləncədən təcrid edirlər. İstər-istəməz uşaq öz sərhədlərini tanımır, özünü dərk etmir, potensialını bilmir. Bir növ həyatdan təcrid olunur. Tərbiyəsizlik elə burdan başlayır. Çünki burda uşaq tərbiyə olunmayıb, əhilləşib. Nə qədər ağır olsa da, bu, belədir. Həmin uşaq yeniyetməliyə gələndə iki istiqamət yaranır - ya üsyankar olur, ya da özünə qapanır. Gənclik dövründə valideynlərini qınayanda onlar deyir ki, biz səninçün hər şeyin yaxşısına çalışırıq, sən niyə bizə qarşı belə aqressivsən, ya da onu uğursuz olmaqda günahlandırırlar. Fərqinə varmırlar ki, ilkin dövr dediyimiz 0-3 yaşda onlar uşağı tərbiyə etməyib, əhilləşdiriblər deyə, bu vəziyyət yaranıb. Çox zaman valideynlər bunu "vaxtım az idi, yemək bişirməli, evə baxmalı, o biri uşaqlarla məşğul olmalı idim" və sair kimi bəhanələrlə əsaslandırmağa çalışırlar. Amma bu, səbəb deyil. Ona görə də həqiqətən də ailənin ciddiyyətini, məsuliyyətini dərk edən, özünü buna hazır hiss edən, ailədəki çətinlikdən bezən, tükənən yox, onun öhdəsindən gələrkən zövq ala bilən insan ailə qurmalıdır. 


- Son zamanlarda daha çox aktual olan məsələlərdən biri heç bir maddi imkanı, evi, işi, şəraiti və təhsili olmayan valideynlərin çox uşağa sahib olması, niyəsini soruşanda da bunu "Allah ruzisini yetirər" şəklində əsaslandırmasıdır. Sizcə, belə insanların psixologiyasında nə kimi problemlər, ya da travmalar var?


- Keçmişdə çoxlu mal-qarası, əkin-biçini olan insanlara köməkçi qüvvə lazım idi deyə, ailədə uşaq nə qədər çox olardısa, işləri bir o qədər də rahat gedərdi. Uşaqlar tarlada, evdə valideynə köməkçi olurdular. Valideynlər uşaqların gələcəyini də bu cür qururdular. Tez evləndirirdilər və yenidən işçi qüvvəsi artırdı. Amma indiki dövrümüzdə hər insan şəhərdə yaşamaq, gözəl həyat sürmək, inkişaf etmək arzusundadır. Hər ailə övlada sahib olmaq istəyir. Bir insanı dünyaya gətirmək şərt deyil, onun məsuliyyətini daşımaq, ehtiyaclarını qarşılamaq, ona uşaqlığını doyunca yaşatmaq, uşaqlıq dövrünü, ən azından, məktəbəqədər yaşını gözəl keçirməsinə şərait yaratmaq lazımdır. Əgər o dövr yaxşı keçibsə, uşaq həqiqətən doyubsa və valideynlər bunu bacara biliblərsə, buna sevgiləri və imkanları çatıbsa, o zaman ikinci uşaq haqqında düşünmək olar. Hər bir uşağın istənilməyə, ailəsində arzu olunmağa, birinci uşaq kimi gözlənilməyə haqqı var. Əgər  uşaq dünyaya bu cür gələrsə, xoşbəxt olar, öz uşaqlığını tam yaşayıb deyə, birinci uşaq ikincini qısqanmaz. Amma üçüncü və sonrakı uşaqları, məncə, daha ciddi şəkildə düşünmək lazımdır. Həqiqətən də enerjisi qalıbmı növbəti uşaqlara? Təəssüf ki, insanların fikrində hələ də keçmişin "işçi qüvvəsi" məsələsi qalıb. "Allah ruzisini yetirər" də elə bununla bağlıdır. Digər tərəfdən, düşünür ki, uşaq tək qalmasın, sanki ikincini birinciyə oyuncaq kimi alır. Bu da ikinci uşağın haqqına girməkdir. 
 

"Oğlanla qız uşağının tərbiyəsində ciddi fərq qoymağa ehtiyac  yoxdur" 


- Çox ailələr qız övladı olan gündən ona cehiz yığmağa başlayırlar. Bu, uşaqların psixologiyasına necə təsir edir?


- Bəli, qız uşağı dünyaya gələndə ona gəlincik, gəlinciyə araba, bu da yetmir, ağlayan gəlincik də alırlar. Beləliklə, qızı hələ o yaşdan analıq instinktinə öyrədirlər: sən ana olacaqsan, uşağa baxacaqsan. Uşaq bu ruhda böyüyür. Sonra qızlarla oğlanların psixologiyasını ta körpəlikdən öyrədərək ayırırlar: oğlanlarla dostluq eləmə, oynama və s. Beləcə, qızlara "oğlanlar təhlükəlidir"  siqnalını verirlər. Bir müddətdən sonra uşaq başa düşür ki, oğlan da fərddir, onunla da danışıb, kontakta girmək olar. Bu zaman onların arasında bir enerji, cərəyan yaranır ki, bunun adını da sevgi qoyurlar. Bunun ən pis vaxtı yeniyetməlik zamanıdır. Qızlar bu enerjiyə aldanaraq onun qurbanına çevrilirlər. Sevgi üçün evdə üsyan etmək, evdən qaçmaq, erkən evlilik və sair. Çünki qadağan olunmuş meyvə şirindir. Əslində, valideynlərin övladlarına qarşı uşaqlıqda etdikləri yatırtma cəhdi erkən oyanmağa təkandır. Əgər qız oyuncaq ayrımı, oğlan-qız fərqi bilməsəydi, oğlanlarla uşaqlıqdan oynasaydı, onda yeniyetmə çağında oğlan-qız dost, yoldaş ola bilər, hətta o, sizə dostcasına xoş söz də deyə bilər kimi şeyləri başa düşərdi. Bütün bunlara görə biz yeniyetmələrdə ağır dərəcədə keçirilmiş sevgi hekayələrinin şahidi oluruq.


Psixoloq Vafa Akber adlı şəxsin şəkli.


- Ailədə oğlan uşağıyla qızın yetişdirilməsində fərqlər olmalıdırmı?


- Uşaqlarda 3 yaşa qədər cins fərqi olmadığı üçün istənilən kimi tərbiyə alınır. Bu zamanda uşağa daha çox sevgi, güvən, qayğı verilməlidir. Onu danışaraq, dinləyərək öyrətmək lazımdır. O, həmin yaş dövründə səhvləri daha çox edəcək. Valideyn səbirli olmalı, təkrar etməkdən tükənməməlidir. 3 yaşından sonra oğlan uşaqlarına centlmenlik, alicənablıq öyrədilməlidir. Mən özüm də oğul anasıyam. Doğrudur, o, hələ 2 yaş yarımındadır, amma 6 ay sonra bizi də o proseslər gözləyir. Qız uşağına da 3 yaşdan sonra alicənablıq öyrədilir, amma əsasən ona zərbə yetirəcək kəskin hərəkətli oyunlardan mümkün qədər uzaq durmaq, yəni oğlan-qız gücünün fərqini öyrətməliyik ki, ehtiyatlı olsunlar. Ondan başqa isə ciddi fərq qoymağa ehtiyac yoxdur. Əgər uşağın oğlan-qız fərqiylə bağlı sualları olarsa, onda nisbətən dərinliyə getmək olar.


- Çox zaman deyirlər ki, insana, xüsusən qızlara 25 yaşa qədər təsir edib, lazım olsa güclə ərə vermək lazımdır. 25 yaşdan sonra ərə getmək istəmirlər çünki. Bu, həqiqətən belədir? Belədirsə, nədən qaynaqlanır?


- Nəzərə alsaq ki, insanın fizioloji yetişməsi, bədənin dəyişimi 25 yaşa kimi gedir, böyük ehtimal fizioloji baxımından tam formalaşmamış qızın 25 yaşdan qabaq ərə getməsi tez evlənmək hesab olunur. İkinci tərəfdən, 25 yaşadək artıq xarakter formalaşır, insan nə istədiyini, niyə istədiyini bilmirsə, necə bərpa edəcəyini öyrənir. 25 yaşadək standart ailə tipləri "gəlsin, mənim evimdə öyrənsin" psixologiyasında olduğuna görə, təbii, 25-dən yuxarı yaşlı qıza qəribə baxırlar ki, onun xarakteri var, bizə isə xarakteri hələ formalaşmamış qız lazımdır. Əslində, demək olmaz olmaz ki, o qızlar ərə getmək istəmirlər, o qızlar hər önünə çıxana getmək istəmirlər. Çünki onların xarakterləri, düşüncələri və istəkləri formalaşıb artıq.


- Bizim cəmiyyətimizdə kişilər oxumuş, karyera qurmuş qadından niyə qorxurlar?


- Bundan hər kişi yox, xarakteri formalaşmamış kişi qorxur. O kişilər ki, xaraktersizdirlər, özləri də ana-atalarının diktəsi və təkanıyla karyera qurublar, güc sərf etməyiblər və öz fikirləri yoxdur. Ona görə də öz fikri olan, sözünü demiş, cəmiyyətdə müəyyən statusa sahib qızı istəmirlər. Çünki o zaman onun üzərində ağalıq edə bilməyəcək. Onlar istəyir ki, qadın ona tabe olsun, nə desə inansın, bəzən yanlışları olsa belə, onu düzəldə bilməsin, onun statusunu aşağı salmasın. Bu da özünə güvənsizliyin nəticəsidir.


- Deyilir ki, ailədə uşağın tərbiyəsinin böyük hissəsi anadan asılıdır. Amma qadını ikinci dərəcəli, söz haqqı olmayan, onun köləsi olmağa layiq insan kimi qəbul edən və bu cür davranan kişilər heç də az deyil. Onlara anamı o cür tərbiyə verir, öz həmcinsinə qarşı potensial düşmən böyüdür?


- Əzginlik kompleksi deyə bir şey var. Bu cür insanlar həmişə əzilir, söz sahibi ola bilmir, doğmalarının gözündə ikinci, üçüncü dərəcəli insana çevrilirlər. Onlar qayınana olanda istəmir ki, növbəti bir insan da gəlsin və onun üzərində ağalıq eləsin. Onun üçün də özünə bağladığı oğulu bu cür tərbiyə edir: gəlin heç kimdir, mən anayam, ana əvəzolunmazdır. Beləcə, həmişə həyat yoldaşı ilə ananın müqayisəsi gedir. Əslində isə bu, heç müqayisə olunası bir şey deyil. Ana bizi dünyaya gətirən, yaşadan qadındır. Həyat yoldaşı isə bir ömür sizinlə yaşayacaq, pis-yaxşı günlərdə dayaq olacaq, övladlarınıza ana olacaq qadındır. Yəni hər iki qadın çox müqəddəs və əvəzolunmazdır. Onları müqayisə etmək axmaqlıqdır. Belə analar,  tutaq ki, anayla yola getmədiyi üçün yoldaşını götürüb ayrı evə çıxan oğulları qınayırlar ki, nankordur, ananı atdı, arvadı tutdu. Əslində isə ana deməlidir ki, halal olsun oğula, nə yaxşı çözüm tapdı, indi daha problem olmaz və zamanla onlar bir araya gələ bilərlər. Belə demədiyi və qınadığı üçün öz oğlunda qorxu yaradır və sabah oğlan oxumamış, yaşı az, zəif qızla evlənir ki, onu rahatlıqla əzə, sözünü yeridə bilsin. 


- Cütlüklər arasında rast gəldiyimiz bir hal da var: sənin.., mənim... kimi mövzular. Bu, nədən qaynaqlanır və münasibətlərə necə təsir göstərir?


- Bu, ondan yaranır ki, o iki nəfər hələ də "sən" və "mən"dən ibarətdir və "biz" ola bilməyiblər. Nə zaman ki "biz" ola, "heç bir problem münasibətimizə təsir edə bilməz" deyə, qız və ya oğlan öz ata ailəsinin problemini yoldaşıyla müzakirə edə bilirsə, bu zaman sağlam ailə olmağı bacarırlar. Amma heyf ki, ola bilməyənlər daha çoxdur. Nəticədə bu hallar ortaya çıxır. Hər kəsin evi sehirli bir şardır və o şarın içinə girdikdə başqa hər kəs kənarda qalır. Onlar çalışmalıdır bu şarın içərisində başqalarının problemlərini müzakirə etməsinlər. Bacarırlarsa, yardım etsinlər, bacarmırlarsa, evdə müzakirə edərək soyuqluq, gərginlik yaratmasınlar.


Ailədə ancaq hobbi, dostlar, düşüncə kimi mövzularda "sənin, mənim" məsələsi olmalıdır. Amma ümumi məsələlərdə olmaz. Büdcə də bura aiddir. "Sənin pulun, mənim pulum", "sənin qazancın, mənim qazancım" sözləri olmaz. "Bizim evin gəliri" ola bilər. O pulu başqa-başqa yerlərə xərcləyə bilərlər. Kimi kitab alar, kimi əyləncəyə gedər, fərq etmir. Əsas odur ki, o pulu bölməsinlər. Bir ailədə "sənin, mənim" problemi varsa, hər şeydə parçalanmalar gedəcək və o ailə heç vaxt bir ola bilməyəcək.

 
"Xəyanət hər iki tərəfdə travma yaradır" 


- Bəlkə də bütün zamanların ən aktual problemidir xəyanət. İnsanlarda bu xəyanət ehtiyacı nədən qaynaqlanır?


- Bu, əsasən, kişilərdə rast gəlinən problemdir. Xəyanətə daha çox kişilər meyllidirlər. Bu da ondan irəli gəlir ki, öz həyat yoldaşları ilə yetərincə intim söhbətləri apara bilmirlər, o qədər açıq deyillər. Bu mövzu onlar üçün o qədər qapalıdır ki, yoldaşları ilə bunu müzakirə etmək əvəzinə, xəyanəti üstün tuturlar. Halbuki belə olmamalıdır. Cütlük terapiyasında həmişə deyirəm ki, insanlar dəyərlərini, dünyagörüşlərini deyil, intim məsələləri də müzakirə edib bir-birlərinə nə qədər uyğun olub-olmadığını bilməlidirlər. Çünki ailənin duzu-istiotu intim məsələlərdir. O, həll olunsa, qalan məsələlərin də öhdəsindən gələ biləcəklər. Çətinliklər olsa da, fiziki bağ onları mənəvi cəhətdən də birləşdirəcək. Kişi tərəfindən xəyanət sırf bununla bağlıdır. Qadın tərəfdən  isə bu, əsasən, kişinin diqqət azlığı, sevgisizliyi, daha çox özü üçün yaşamasından irəli gəlir. Qadının bu ehtiyacları ödənmir deyə, tələbat yaranır və xəyanətə meyllənir. Təbii ki, bu, heç də yaxşı hal deyil və hər iki tərəfdə travmalar yaradır. İnsanlar nə xəyanət etmək istəyərlər, nə də xəyanətlə üzləşmək. Sadəcə, kişilərdə bir təsəlli var ki, mən kişiyəm. Onlar körpəlikdən bu cür yetişdiriliblər, sən kimi istəsən sevərsən, gündə bir qadın dəyişərsən, sən kişisən. Qadın isə sevə bilməz, oğlan dostu ola bilməz, ailə qurdusa, nə varsa, ona qane olmalıdır, heç nə tələb etməməli,  qismətinə boyun əyməlidir.


- Qısqanclıq nədir - özünə güvənsizlik, qarşındakına güvənsizlik, yoxsa cəmiyyətə güvənsizlik?


- Qısqanclıq sevginin duzu-istiotudur desələr də, bu, indi bizim danışdığımız qısqanclıq deyil. Hər bir sevgi hekayələrində kiçik qısqanclıq oyunları olur. Bu isə həddində, dərəcəsində olmalıdır. Əgər qısqanclıq qarşı tərəfin həyatını zindana çevirirsə, ona qadağalar qoyulursa, bu, insanın öncə özünə qarşı güvənsizliyidir. O düşünür ki, ondan daha ağıllısı, yaxşısı olar, yoldaşının, ya sevgilisinin diqqətini cəlb edər və partnyoru onu ata bilər. Bu düşüncə təbii ki, münasibətləri pərən-pərən edir, böyük travmalar, acılar yaşadır, hətta çox vaxt paranoya pozuntularına qədər gedib çıxır. Əksərən də bu pozuntular kişilərdə olur.


- Psixologiyada musiqiylə terapiya mümkündürmü? Siz tətbiq edirsinizmı?


- Bəli, belə bir terapiya növü var. Mən də işdə gərginlik, şəxsi həyatında konfliklər, kollektivlə problemlər və bu kimi streslər yaşayan insanlarla musiqi terapiya edirəm. Bir də elə insanlar olur ki, onlar dəyər sisteminin zəif olduğunu, məqsədlə hədəfin fərqləndiyini deyirlər, bu zaman biz onlara musiqi terapiyası ilə lövbər atırıq. 
 

"Bu karantin dövrü, məncə, bizə bir siqnal idi..." 


- Pandemiya və karantin şəraiti. Bu dövrdə ən çox hansı psixoloji problemlərdən şikayətlər olur?


- İzolyasiyanın ilk zamanlarında insanlar darıxmaqdan, sıxılmaqdan, məşğul olmağa, baş qatmağa nəsə tapmamaqdan şikayət edirdilər. Ən çox verilən sual isə "nə vaxt bitəcək bu vəziyyət?" olurdu. Sanki psixoloq bunların hamısını bilirmiş kimi (gülür). Əlbəttə, psixoloq hərşeyşünas deyil. Onun işi insanın ruhuyla məşğul olmaqdır. Bu mövzularda biz də hamı kimi Qərargahın məlumatlarıyla yetinirik. Əvvəl bu idi problem. Sonra ər-arvad, ana-bala arasında konfliktlər başladı. Ən çox da yeniyetmələr, gənclər çətin keçirdilər. Hamısı da konsultasiyaya "mən sıxılıram, darıxıram" sözləriylə başlayırlar.


- Bu dövrdə bu sual yəqin ki, çox verilib sizə, yenə də danışsaq pis olmaz: karantinin ailələrə təsiri. Məsələn, Çində boşanmaların sayı artmışdısa, bizdə nikahlar artıb, boşanmalar azalıb. Bu, nəyin nəticəsidir? Karantin sonrası statistika dəyişə bilərmi? Yəni boşanmalar artar?


- Bəli, bu, ən çox verilən suallardandır. Həmişə deyirəm ki, dəyər sistemləri möhkəm olan ailələr bu sınaqdan yaxşı keçəcəklər. Onlar üçün bu, qazancdır, birgə vaxt keçirməyin fürsətidir. Onlar bunu əyləncəyə, istirahətə çevirməyi bacaracaqlar. Amma bir-birindən xəbəri olmadan bir evdə yaşayan, ruhən uzaq olan ailələr isə bu dövrü çox ağır keçirəcəklər. Əsasən də burada daha çox uşaqlar əziyyət çəkəcəklər. Çünki ana-atanın konfliktinə şahid olacaqlar.


- Koronavirusa qarşı psixoloji immunitetin necə qaldırmasıyla bağlı səhifənizdə canlı yayımda tövsiyələrinizə rast gəldik. İstərdik ki, bununla bağlı fikirlərinizi ümumi şəkildə oxucularla da paylaşasınız.


- Bəzən insanlar fərqinə varmadan pis vərdişlərə əl atırlar: içki, siqaret, qəlyan və sair. Bəzi insanlar da vardı ki, özlərinə fikir vermirdilər, sağlamlıqlarını qorumurdular. Bu karantin, məncə, bizə bir siqnal idi ki, görün canımız nə qədər əzizdir. Virusa yoluxma dərəcəsi Azərbaycanda o qədər də sürətli deyil, amma bütün dünyada vəziyyət çox ağırdır. Bu virus insanı öldürür. Belə çıxır ki, bu gün biz evimizdəyiksə, nəfəs alırıqsa, bu, artıq xoşbəxtlikdir. Bunun üçün özümüzə və vaxtında bu şəraiti yaradıb pandemiyanın ölkəmizdə qlobal təhlükə halına gəlməsinin qarşısını alan dövlətimizə təşəkkür etməliyik. Bu vəziyyətdə şikayətlər etməkdənsə, bunu necə dəyərləndirə biləcəyimizi düşünək. Elə fərz edək ki, bir neçə ayı bu fələkdən özümüz üçün oğurlamışıq. Kitab oxumaq, film izləmək ümumidir, hər kəsin özünün sevdiyi, istəyib vaxt tapmadığı bir fəaliyyəti var. Onu kəşf etməliyik. Ümid edirəm ki, tezliklə bütün dünya bu pandemiyadan xilas olar və sonda biz bu günləri darıxdığımız vaxt kimi deyil, dəyərləndirdiyimiz zaman kimi xatırlayarıq. Yaşayırıqsa, sevdiklərimizin səsini eşidə biliriksə, nə xoş bizə. Onların dəyərini bildiyimiz təqdirdə bu pandemiya bizim üçün əzab olmaqdan çıxacaq.


Şahanə MÜŞFİQ

 





14.05.2020    çap et  çap et