525.Az

"Kimsənin danışa bilmədiyi dil kimiyəm" - Rəşad Türkoğlu ilə müsahibə


 

"MƏNİ YALNIZ OXUYANLAR ANLAYAR"

"Kimsənin danışa bilmədiyi dil kimiyəm" - <b style="color:red">Rəşad Türkoğlu ilə müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar...

Onu İnstaqramda tanıdığım ilk vaxtlarda izləyiciləri hələ o qədər çox deyildi. Amma inanırdım ki, paylaşdığı esse-statuslarla bir gün bu məkanda özünə yer edə biləcək. İnandığım kimi də oldu. Ötən günlər hesabını gözdən keçirəndə artıq müəyyən izləyici toplumuna mailk olduğunu müşahidə elədim. Və düşündüm ki, onun fəaliyyəti barədə tanımayanlara da məlumat versək, maraqlı olar. Beləcə, gənc yazar Rəşad Türkoğlu ilə bu söhbətimiz alındı. Rəşad olduqca maraqlı keçən söhbətimiz zamanı mənim üçün də yeni olan bir çox məlumatları bölüşdü. Dedi ki, Votsap və Feysbukdan istifadə etmir, tanınması üçün ən böyük vasitə isə İnstaqram olub.


"İnstaqram tanınmağımda ən böyük vasitəçi oldu"


- Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

- Bugünkü fəaliyyətimdə sosial şəbəkələrdən İnstaqramın yerini xüsusi qeyd etməsəm, olmaz. İşlərimin uğurlu alınmasında sosial medianın böyük bir payı var. Əgər bu imkanlardan istifadə etməsəydim, bəlkə də, bu qədər oxucunun rəğbətinə və sevgisinə sahib ola bilməyəcəkdim. İnstaqram tanınmağım üçün ən böyük vasitəçi oldu.


"Uşaq vaxtı hər kəsdən gizlətdiyim bir dəftərim var idi..."

- Belə bir səhifə açıb, fikirlərinizi qısa esse-statuslar şəklində yazmaq haradan ağlınıza gəldi?

- Məktəbli vaxtlarımdan yazmağı sevirdim. Hər kəsdən gizlətdiyim bir dəftərim var idi - üzüləndə, dərdlənəndə, kədərli olanda, kimsə qəlbimi qıranda bir küncə çəkilib yazmağa başlayardım. Düzdür, dərslərimdə o qədər də uğurlu olmamışam. Qiymətlərim 3-4 olardı. Sadəcə, yazmağa və fikirlərimi ifadə etməyə çalışırdım. Uzun sözün qısası, yazmaq mənim həyatımın ən önəmli hissəsidir. Yazdıqca rahatlanıram sanki. Bir gün düşüncələrimi yazıb mənim kimi düşünən insanlar üçün paylaşmaq qərarına gəldim. İstədim ki, onlar da yalnız olmadıqlarını bilsinlər. Məqsədim mənim kimi düşünən insanları bir araya gətirmək idi.

Sözün açığı, bu qədər izləyici kütləsinə sahib olacağımı düşünməmişdim. Şükürlər olsun ki, hazırda on səkkiz min beş yüzdən çox izləyicim var. Bunu, Allahın izni ilə bacardığım qədər yüksəldəcəyimi və davam etdirəcəyimi düşünürəm. Mən oxucularımın dəstəyi və sevgisi nəticəsində bu yerlərə gəlib çıxmışam. Oxucularım var olduqları müddətcə, yazmağa davam edəcəyəm. Nə yaxşı ki, onlar var. Allah hər birindən razı olsun.

- Deyirsiniz ki, orta məktəbdə qiymətləriniz elə də yaxşı olmurdu. Bəs, sonrakı təhsiliniz necə oldu?

- Dərslərimdə uğurlu olmadığımdan sonra təhsilimi davam etdirməyə marağım olmadı. Bu səbəbdən də ali təhsilim yoxdur.


"Başqa platformalarda aktiv olmamağımın səbəbi onlardan istifadə edə bilməməyimdir"



- Gördüyüm qədərilə digər sosial media platformalarında o qədər də aktiv deyilsiniz. Hətta ən çox istifadəçi auditoriyası olan Feysbuk və Votsapdan da istifadə etmirsiniz. Bu, nədən irəli gəlir?

- İnstaqramdan başqa heç bir sosial şəbəkədən istifadə edə bilmirəm. Başqa platformalar mənə sıxıcı və qarışıq gəlir. Bəlkə də yazmağa ilk başlayanda İnstaqramdan istifadə etdiyimdən, burada tanındığımdan, buraya öyrəşdiyimdən başqa sosial şəbəkədən istifadə etmədim.  Bunun əsas səbəbi başqa platformalardan istifadə edə bilməməyimdir.


"Tvitterdən yalnız məlumat almaq üçün istifadə edirəm"


- Tvitter hesabınız da bağlıdır, buna görə də izləyici sayı olduqca azdır. Hesabınızın bağlı olmağının xüsusi bir səbəbi varmı?

- Bu, Tvitteri sevmədiyimdən, ya da ona öyrəşə bilmədiyimdən irəli gəlmir. Tvitterə, sadəcə, lazım olanda, bəzi məlumatları almaq üçün daxil oluram. Bu səbəbdən də, hesabımı gizliyə almışam.


"İnsanların arasında olan, lakin görülməyən bir cisim kimiyəm"


- Bioqrafiyanıza yazdığınız "Yazaram, vətənimin bir küncündə" ifadəsi xüsusi diqqətimi çəkdi. Hansı mənbədən qaynaqlanır bu ifadə?

- O cümlə Rəşad Türkoğlunun qısa bir özətidir. Mənası da budur: insanların arasında olan, lakin görülməyən bir cisim kimiyəm. Kimsələrlə işim olmayan, kimsənin həyatına və işinə qarışmayan, insanları incitməkdən çəkinən və dərdlərə şərik bir yazaram mən. Mən, kimsənin danışa bilmədiyi bir dil kimiyəm, məni yalnız oxuyanlar anlayar.

- Görkəminizdə dəyişiklik etmisiniz, bu yeni saçlarınız ətrafınızdakılar və izləyiciləriniz tərəfindən hansı rəyləri gördü?

- Bu haqda dostlarımdan və ya oxucularımdan bir fikir almamışam. Bu, mənim öz seçimimdir.

- Deyəsən, türkçülük ənənələrinə və islama çox bağlısınız. Bu, paylaşımlarınızdan, hətta görkəminizdən də hiss olunur.

- Doğrudur, türkçülüyə və islama çox bağlıyam. Bu sevgi məndə uşaqlıqdandır. Millətim üçün, Allah üçün şəhadət şərbətindən içmək də ən böyük arzumdur. Türkoğlu soyadım deyil, ləqəbimdir. Dost-tanış içində mənə, "Türkoğlu" deyə xitab edilir. Əsl soyadım, Abdullayevdir. Türkçülüyə bağlı olduğum üçün bu ləqəbi seçmişəm.

- Karantin günlərini necə keçirirsiniz?

- Karantin günlərim demək olar ki, yaxşı keçir. Əvvəllər vaxtım olmayan işlərə indi rahat şəkildə vaxt ayıra bilirəm.


"Yazdıqlarımın çox hissəsində yaşadıqlarım əks olunur"


- Paylaşımlarınız daha çox sevgi notları ilə bağlı olur. Bunun xüsusi bir səbəbi varmı?

- Çalışdığım qədər fərqli paylaşımlar edirəm. Əlbəttə, yazdıqlarımın çox hissəsində yaşadıqlarım əks olunur. Bu mövzunu çox uzatmaq istəmirəm, daha doğrusu, şəxsidir deyə danışmağı lazım bilmirəm. Ümid edirəm ki, anlayışla qarşılayacaqsınız.

- Yazdığınız statuslarda insanlara çatdırmaq istədiyiniz əsas fikir nədir?

- Yazılarımla insanlara önəmli olduqlarını bildirmək, "mən yaşadım, sizlər də bu mövzulara diqqət edin" məsələsini çatdırmaq və ən vacibi, mənim kimi düşünən insanların yalnız olmadıqlarını göstərmək istəyirəm.


"Tənqidlər məni narahat etmir"


- Sosial şəbəkələrdə həm paylaşımlar baxımndan, həm də ayrı-ayrı şəxslər tərəfindən sizi narahat edən hansısa məqamlar olurmu?

- Əlbəttə, belə məqamlar olub və olmaqda davam edir. Bu, çox normal haldır. Hər kəsin düşüncəsi fərqlidir. Tənqidlər məni narahat etmir. Çalışdığım qədər insanlara incitmədən, qəlb qırmadan, xoş cavablarla qarşılıq verməyə çalışıram. Amma söyüşlə üzləşməmişəm. Elə bu cür davam etsə, düşünürəm ki, yaxşı olacaq.


"İnsanlar gördüklərinə və eşitdiklərinə uyğunlaşmağa başlayırlar"


- İnsanların korlanmış zövqünü hansısa vasitə ilə bərpa etmək olarmı?

- Bu, olduqca dərin bir mövzudur. Qısaca anlatmağa çalışsam, bu, həm də insanların mühitindən asılı haldır. İnsanlar nəyi görür və eşidirlərsə, ona da uyğunlaşmağa başlayırlar. Düşünürəm ki, bu, həmişə belə olacaq. Əgər biz kitabları, mədəniyyəti və ədəbi rəftarı əməllərimizlə, sosial şəbəkələrdə paylaşımlarımızla sevdirməyi bacarsaq, yəqin, bizim də ardımızca gələnlər olacaq. Zənnimcə, tək çıxış yolumuz budur.


"Gələcəkdə ailəmi məmnun etməkdən ziyadə arzum yoxdur"


- Gələcəklə bağlı hansı planlarınız var?

- Əslində, gələcəklə bağlı planlarım çox sadədir - ailə həyatı qurmaq, ailəmi təmin edəcək qədər pul qazana bilmək, onları soyuqdan, istidən qoruyacaq evimin və ömrümün sonuna qədər onlara verəcək sevgimin olması. Mənim üçün bunlar yetərlidir. Gələcəkdə ailəmi məmnun etməkdən ziyadə arzum yoxdur. Allah ruzi-bərəkəti süfrəmizdən, eşq və hörməti xarakterimizdən, iman və xoşbəxtliyi ailəmizdən əskik etməsin.

Günel ABBAS

 





14.05.2020    çap et  çap et