525.Az

Türkiyənin bor sərvəti


 

Türkiyənin bor sərvəti<b style="color:red"></b>

QİYMƏTLİ MİNERALIN DÜNYA ÜZRƏ EHTİYATLARININ ÜÇDƏ İKİSİNƏ SAHİB OLAN TÜRKİYƏDƏ BOR  MƏDƏNLƏRİNİN ƏCNƏBİLƏRƏ SATILACAĞI BARƏDƏ İDDİALAR DOLAŞIR

Türkiyə mediasında yer alan xəbərlərə görə, ölkə hökuməti zəngin bor mədənlərini xarici sərmayədarlara satmaq istəyir. Qiymətli mineral olan bor (zənginləşdirilmiş  xalis borun dünya bazarında 1 kiloqramı 2 min dollardır) ehtiyatlarının təxminən 70 faizi Türkiyə ərazisindədir. Türkiyə dünya bazarında bor satışının üçdə birinə nəzarət etməklə bu sahədə istehsalçı ölkə kimi ABŞ-dan sonra ikinci yerdədir. Eyni zamanda, bəzi məlumatlara görə, Türkiyənin Cümhuriyyəti 1923-cü ildə imzaladığı Lozanna sülh anlaşmasının gizli saxlanılan bir maddəsi yeraltı təbii qaynaqları 100 il ərzində xaricilərə satmamaq barədə öhdəlik götürüb. Bu üzdən də ölkənin Qara dənizdəki bor yataqlarını satışa çıxarması hələlik mümkün deyil və 2023-cü ili gözləmək lazımdır.  Bor yataqlarının satışa çıxarılacağı barədə xəbərləri yayanlar isə müqavilədə bu öhdəliyin 100 deyil, 90 il olduğunu və artıq 2013-cü ildə Ərdoğan hökumətinin bu barədə qərar verəcəyini iddia edirlər.

Bor mədənlərinin özəlləşdiriləcəyi və əcnəbi iş adamlarına satılacağı barədə müxalifət dairələri tərəfindən ortaya atılan iddiaları isə iqtidar rəsmiləri rədd ediblər. AKP hökuməti bu fikirləri müxalifət dairələrinin uydurması hesab edir. Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız bu barədə suallara belə cavab verib: “Bor qaynaqlarını özəlləşdirməyəcəyik, özəlləşdirməyi də düşünmürük. Belə bir niyyətimiz yox, gələcəkdə də olmayacaq”.

Bor müasir dövrümüzdə çox qiymətli təbii qaynaqdır. Hələ qədim dövrlərdə Babilistanda, Misirdə bordan müxtəlif növ  məqsədlər üçün  yararlanmışlar.  Babillilər boru zərgərlikdə qızıl əşyaların hazırlanmasında,  misirlilər bəzi xəstəliklərin müalicəsində, ölülərin mumyalanmasında, qədim Yunan və Romada isə dərmanların hazırlanmasında istifadə etmişlər. Dünyada ən önəmli bor yataqlarının Türkiyə, Rusiya və ABŞ ərazisindədir. Dünyadakı ən böyük bor istehsalçıları isə ABŞ-ın “U.S.BORAX” ilə Türkiyənin “ETİ Holdinq” şirkətləridir. Bununla yanaşı, Argentina, Çili, Çin, Rusiyada da bor istehsalçıları fəaliyyət göstərməkdədir.

Dünya bor bazarında gəlirlərin 60 faizi ABŞ-ın payına düşür, Türkiyənin bu sırada  təxminən 20-22 faiz paya malikdir. Türkiyədə bor mədənlərinin işlənməsi hələ Osmanlı dövründə 1861-ci ildə xarici sərmayədarlar tərəfindən başlanıb və bu vəziyyət Türkiyədə 1970-ci illərə qədər davam edib. 1978-ci ildə bor mədənləri milliləşdirilərək “ETİ Holdinq” tərəfindən işlətməyə verilib.
Ölkədəki bor yataqlarının uzun illər xarici sərmayəçilərin əlində olması dünya bazarında Türkiyənin söz sahibi olmasını əngəllədi. Ölkədə güclü dövlətçilik əsaslarının formalaşdığı, iqtisadiyyatın tamamilə milliləşdirildiyi 1930-cu illərdə bu mədənlərin nədən milliləşdirilmədiyi bilinmir. Üstəlik əcnəbi sərmayədarlarının idarəçiliyində olan mədənlər tədricən bərbad günə düşmüş, istehsal azalmışdı.

Nəhayət, bor sərvətinin dəyəri 1970-ci illərdə diqqətə alındı və dövlət bor istehsalını milliləşdirdi. Milliləşdirmə qısa zamanda öz bəhrəsini verdi. Bor filizi istehsalı 660 milyon tondan 2 milyard tona çatdırıldı. İxracat gəliri də buna paralel olaraq illik 83 milyon dollardan 250-300 milyon dollara çatdı.

İstismar olunan bor yataqları sahəsinin genişlənməsi ilə bor istehsalı da artmaqdadır. 2011-ci ildə 855 milyon dollar səviyyəsində reallaşan istehsal hazırda 1 milyard dolları aşmaq üzrədir, 2023-cü ildə isə bor istehsalının 10 milyard dollara çatdırılması gözlənilir. Bir sözlə, Türkiyənin gələcəyi bordadır.

Gülnarə ƏŞRƏFOVA

 





14.10.2012    çap et  çap et