525.Az

Qəfəs - Fidan Malikin yazısı


 

Qəfəs - <b style="color:red">Fidan Malikin yazısı </b>

Zoopark, ya sirk, fərq etməz,  adını nə deyirsiz, deyin, mənə görə hər ikisi qəfəsdir. Biri aşkar, o biri qeyri-aşkar.


Əslində, həyat da iki hissədən ibarətdir. Hər şeyin çox ideal göründüyü pərdənin bu tərəfi və real olan o biri üzü. Bir növ klounlar kimi. Dünyanın ən rəngarəng çalarlarında kostyum geyinsələr də, ağızlarından qulaqlarına qədər çəkilən gülüşlə üzün yarısını əhatə edən qəmli gözlər tamamilə bir-birinin əksidir. Bəlkə, buna görədir ki, balacalar klounları ilk dəfə görəndə qorxub ağlayırlar. Onların bu təzadlı görünüşləri balacaları diksindirir.

 
Biz böyüklər, bəzən balacaların ağlını lazımınca qiymətləndirmirik. Onlara reallıqdan uzaq həyat dərsləri veririk. Halbuki onlar bizi dinləmək məcburiyyətində olsalar da, nəticədə eynən bizim hərəkətlərimizi təkrarlayırlar.


Məsələn, sirkdə hər dəfə ayının necə velosiped sürdüyünü, itlərin və ya pələngin necə yanar halqanın içərisindən hoppandığını görəndə uşaqlarımızı onların necə ağıllı olduğuna və bu hərəkətləri necə sevinərək etdiklərinə inandırmağa çalışırıq. Lakin əgər balacalarımız pərdənin arxasında nələrin baş verdiyini bilsəydilər, onlar əsla bizə tabe olub ora gəlməzdilər. Çünki bizdən fərqli olaraq onlar hələ saf və mərhəmətlidirlər. Biz isə israrla şiddət göstərmək, özünə tabe etmək, ağlayarkən gülmək məcburiyyətində olmaq, kiminsə razılığını əldə etmək üçün onu güldürə bilmək kimi çirkin "həyat qanunlarını" onlara aşılamaq istəyirik. Demək ki, cəmiyyət üçün aqressiv, diktator, təlxək, müti insanları biz özümüz hazırlayırıq.


Bir də məsələnin balacalardan gizlədiyimiz başqa tərəfi də var ki, bu da "artist-heyvanlar"ın öz insan kolleqalarından fərqli olaraq peşələrini könüllü seçməmələridir. Kim bilir, onlar bala ikən nə əziyyət və acı ilə anasından ayrılıb gətirilib və azadlıqdan təmamilə məhrum edilib, tək halda qəfəs həyatına məhkum ediliblər. O qəfəs ki, orada nə tam qalxa, dönə, nə də hoppana bilirlər. Bu şəraitdə çox darıxdıqları üçün onlarda o şəraitə uyğun hərəkətlər formalaşır. Özlərini dişləyir, qəfəs boyu çırpınırlar və yorulub təslim olurlar.


Böyük ölçülü heyvanlarda isə heç çırpınmaq imkanı da olmur. Məsələn, fillər, ayılar və s. Bu qəfəsdə yaşamaqlarından başqa, daha doğrusu, yaşamaq məcburiyyətində olduqlarından başqa, bir də onların bu qəfəslərdə tamaşa üçün daşındıqlarını düşünək. Düşüncəsi belə ürəkaçan deyil. Bu daşınma-səyahət müddətində şəxsi ifrazat tələbatlarını ödəmək problemi yaratmamaları üçün onlar müvəqqəti yeməkdən məhrum edilir, aqressiyalarını göstərməmələri üçün bəzən onlara psixotrop vasitələr də tətbiq edilir. 


Səhnədə - manejdə əllərində qamçı ilə dayanan dressirovşiki - məşqçini görəndə uşaqları inandırmağa çalışırıq ki, onlar heyvanların dostlarıdır. Bəlkə istisna hallarda ola bilər. Lakin "dost və qamçı" qəribə bənzətmədi... Əslində, bu "yalançı dostluğu" qamçısız yaratmaq mümkün deyil. Çünki vəhşi heyvanlar üçün sirk hərəkətləri qeyri-təbiidir. Odur ki, onlar xoşluqla və ya kiçik ev heyvanlarında olduğu kimi, bir parça şirniyyatla razılaşıb tabe olmurlar. Onları tabe etməyin tək yolu onlara qorxu hissini aşılamaq və yeməkdən məhrum etməkdir. Beləcə, uzun sürən aclıqdan və döyülmək qorxusundan zavallı heyvan istənilən hərəkəti etməyə razılaşır. Məsələn, belə bir deyim var: "Fili necə bir ayaq üstdə durmağa ram etmək olar? Qalan üç dənəsini vuraraq".


Rəqs etmək üçün mismarlı taxtalar üzərində gəzən ayılar, tüfəngdən atılan atəş səslərinə vərdiş edilmiş göyərçinlər və daha nələr-nələr...


Zooparkda da həyat gül-çiçək içərisində keçmir. Düzdür, qaranlıq qəfəslərdəki sirk "məhkumlarından" fərqli olaraq onlar heç olmasa qəfəslərin arasından gün işığı görürlər. Lakin qəmli gözlərindən və nəticədə həyatlarıyla barışmış vəziyyətlərindən onların nə dərəcədə razı olduqlarını görməmək üçün ya kor, ya da zalım olmaq lazımdır.


Bu gün karantin müddətində olduqda bəlkə bu zavallı canlıları daha yaxşı başa düşərik. Məsələn, cəngəllikdə qaçmaq istəyən pələng, yerimək istəyən fil, uçmaq istəyən quşlar, üzmək istəyən timsahlar. Onlar təbiətin təbii gedişatında qida tapmaq, yaşamaq və ölmək istərkən, bu qaranlıq və natəmiz qəfəslərə məhkumdurlar. Biz evimizdə əyləşib bəzəkli qəfəsdəki quşlarımızdan və ya akvariumlarımızdakı rəngarəng balıqlardan və ya sirkdəki bizi məmnun etmək üçün min əziyyətə qatlaşan heyvanlardan zövq ala bilmək üçün onları azadlıqlarından məhrum edirik.


Bir də məsələnin başqa bir tərəfi var. Əgər o zavallı heyvanlar bilsəydilər ki, onların min cəfaya qatlaşıb göstərdikləri bu tamaşalara baxmaq üçün gələn balaca tamaşaçıları bütün tamaşa boyu çox az bir vaxtda onlara fikirlərini cəmləyir, qalan vaxt isə ya analarının aldıqları xırt-xuruşları yeyib bitirmək, ya tamaşadan öncə alınan işıldayan oyuncağıyla oynaya bilmək, ya da sadəcə qapalı məkanda oturmaqdan sıxılıb, ağlayaraq ananı təbii tələbatı olduğuna inandırıb zaldan çıxarmaqla keçir, bəlkə də heç o səhnəyə çıxmazdılar. Lakin onların heç bir halda seçim haqqı yoxdur...


Bu gün biz sağlamlığımız naminə evdə oturmaq məcburiyyətindəyik. Lakin bu fikir heç də ilin ən gözəl fəsillərindən birini pəncərədən baxaraq keçirməyə məcbur olduğumuza və nə qədər daxili böhran keçirməmizə rahatlıq vermir. Yəqin ki, bütün bu çətinliklərin sonunda bir-birimizə sağlamlıqla bərabər, hər zaman azad olmağı arzulayacağıq.


Bəlkə də, bu, təbiətin idarəetməsini ələ almaq istədiyimiz üçün bir ilahi ədalətdir. Kim bilir, bəlkə də...

 





17.05.2020    çap et  çap et