525.Az

İt kimi sevə bilməmək... - Səddam Laçının yazısı


 

İt kimi sevə bilməmək... - <b style="color:red">Səddam Laçının yazısı </b>

Laçının işğalından 28 il ötür
 

"İt kimi qorxmaq". Bu ifadə dilimizə hardan və necə keçib bilmirəm, amma demək olar, bütün bölgələrimizdə qorxunun ən yüksək həddi anlamında işlədilir. Hətta gənc nəsil şairləri bu yazıq, heç nədən xəbərsiz itdən fərqli məqsədlərə də istifadə edirlər. “İt kimi darıxmaq”, “it kimi susamaq” kimi ifadələri poetik hesab edib şeirlərinə də gətirirlər.


Əslində, sıradan, mənasız bənzətmədən başqa bir şey deyil. Biz uşaq olanda bu "it kimi qorxmaq" ifadəsinin nə zaman işlətsək, atam dərin köks ötürər, hətta elə ah çəkərdi ki, anam “ahın dağlara” demədən dura bilməzdi. Uşaq idik, bu mənasızlığa bir məna verə bilmirdik, sözün açığı, heç buna çalışmırdıq da. Günlərin bir günü nə olmuşdusa, bu söhbət yenidən açıldı və atam eyni səhnəni dərin üzüntü və təəssüflə yaşayanda dözmədim. Biz atamızı mərd kişi bilirdik. Qorxmaz, cəsur adam idi.


Hərdən düşünürdüm ki, belə cəsur biri bizim kimi hər şeydən qorxan, həm də it kimi qorxan oğulları var deyə, dağları-daşları sızladan ah çəkir, pis olur. Düşünmək isə içimi parçalayırdı. Səbəbin soruşmalı idim və soruşdum. Adi bir sözə verdiyi yersiz reaksiyanın, çəkdiyi ahın, tökdüyü göz yaşının səbəbini soruşdum. Kaş ki heç soruşmazdım. O günə kimi xəyallarımda canlandırdığım, hamının atasını döyər deyə, fikrəşdiyim adamın qorxaq olduğunu, hətta itdən belə qorxaq olduğunu öyrəndim.


Həmin gün atama da nəsə olmuşdu. Sanki, göz yaşlarına rəğmən danışmaq, danışdıqca qorxaqlığını hər kəsə bağıra-bağıra etiraf etmək istəyirdi. Atam  o gün yenidən bir ah çəkdi və sözə başladı:


Laçın MKS - Home | Facebook


- 1992-ci ilin may ayı idi. Laçına hər tərəfdən od yağırdı. Orduda xaos, dərəbəylik hökm sürürdü. Bu dərəbəylik bəyləri dərəyə yuvarlamış, gədələri təpəyə qaldırmışdı. Laçın laçınlıların sağalmaz yarasına çevrilirdi. Göz görə-görə dəbə-baba torpaqlarımız, doğulub boya-başa çatığımız bu yerlər əlimizdən ömür kimi süzülüb gedirdi. Heç nə edə bilmirdik. Əlimizdən heç nə gəlmirdi. Elə canımızı da yandıran bu idi – heç nə edə bilməmək. Amma yox, bir yol var idi. Ən asan yol da o idi, ən çətin də. Biz isə asanlqla ən çətin olanı seçdik, qaçdıq. Ana dediyimiz yurdumuzu, anamızı qoyduq qaçdıq. Elə qaçırdıq ki, Hocaz dağının başına qalxanda birdən yadıma düşdü ki, itləri açmamışıq. Geri qayıtmaqda tərəddüd edirdim. Lakin heç olmasa, son dəfə kişi olmalı idim, qorxmamalı, geri qayıdıb itlərinin zəncirini açmalı, elə özümü də onların yerinə zəncirləməli idim. Hərdən düşünürəm ki, kaş ki heç qayıtmayaydım. Bəlkə də qayıtmasam, mənimlə bərabər qaçan laçınlılara baxar, təsəlli tapardım. Amma mən qayıtdım. Hocaz yalının başından geri döndüm və itləri zəncirdən açdım. Elə nə oldusa, bundan sonra oldu. Nə illah elədimsə, o itlərdən biri də arxamca gəlmədi. İtlər bizdən cəsur çıxmışdı. Qaçmaq yerinə, ölməyi gözə almışdılar. Biz isə qorxmuşduq. Amma it kimi qorxa bilməmişdik. Biz heç it kimi ölə də bilmədik. Arxamıza belə baxmadan qaçdıq. Elə qaçdıq ki, adımızı qaçqın qoydular. O zirvəli dağlarda ən adi qonağına quzu kəsən, bir quzu ilə doymayan laçınlılar yardım növbəsinə düzüldülər. Siz siz olun, bir də mənim yanımda it kimi qorxmaqdan danışmayın. Danışırsınızsa, it kimi sevməkdən danışın, it kimi ölməkdən danışın, amma it kimi qorxmaqdan danışmayın. Qorxaq varsa, o da bizik, mənəm.

 

 





17.05.2020    çap et  çap et