525.Az

Şirməmməd Hüseynov 40 il əvvəlki məzunlara "açıq dərs" keçdi


 

Şirməmməd Hüseynov 40 il əvvəlki məzunlara "açıq dərs" keçdi<b style="color:red"></b>

Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakultəsinin 1973-cü il (612 - ci qrup) məzunları ötən istirahət günü yenidən bir yerdə olublar. Onlar əvvəlcə Fəxri Xiyabanda Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin və digər klassiklərimizin qəbirlərini ziyarət ediblər. Görüş paytaxt restoranlarının birində davam etdirilib. Öncə dünyasın dəyişmiş dostların xatirəsi yad olunub.

525.az-ın məlumatına görə, ziyafətin baş qonağı o illərdə fakultənin dekanı işləmiş professor Şirməmməd Hüseynov olub. 40 il əvvəlki məzunlar əvvəlki "acgözlüklə" öz sevimli müəllimlərini dinləməyə daha çox həvəs göstəriblər, nəinki ləzzətli təamlardan dadmağa. Professor da əvvəlki şövqlə, ehtirasla qarşısındakılara əməlli-başlı dərs keçib, hələ bir imtahana da çəkib. İki 45 dəqiqə dönüb olub 5 saat. Bundan isə nə professor yorulub, nə də onun seviml tələbələri.

40 il əvvəl universiteti bitirən jurnalistlər indi bir sıra media qurumlarında, dövlət orqanlarında, qeyri-hökümət təşkilatlarında çalışırlar. Məclisdə olanlar isə bunlar idi: Əlipənah Bayramov ("Xalq qəzeti"), İsrafil Qurbanov (Prezident Administrasiyası), Əli Şamilov (AMEA), Akif Cabbarlı (İTV), Rəhim Hüseynzadə (Azərbaycan Mətbuat Şurası), Əzizə Şamilova (AHİK), Maral Poladova ("Elm və həyat" jurnalı), Hidayət Elvüsal (müstəqil jurnalist), Asəf Məhərrəmov (müstəqil jurnalist), Rasim Amanov ("Respublika" qəzeti), Miri Rəhimov ("Qəbələ" qəzeti). Görüşdə fəxri qonaqlar da vardı: - Nigar Məhərrəmova, Tahir Aydınoğlu və Qənimət Səfərov.

Şirməmməd Hüseynovun çoxsaatlı açıq dərsi professorun da, tələbələrin də ürəyindən olub. Ağsaqqalın "Sizin aranızda özümü tələbə dostlarımla bir yerdə, öz çevrəmdə olduğu kimi hiss elədim." sözləri yəqin ki, heç vaxt yaddan çıxmayacaq.

 





16.12.2013    çap et  çap et